Mənəvi Dəyərlərin
Təbliği Fondunun maliyyə dəstəyi və "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin
təşkilatçılığı ilə universitetlər arasında keçirilən "Azərbaycan naminə” adlı esse
yazı müsabiqəsində 1-ci yerə layiq görülən yazını sizlərə təqdim edirik.
Bu yazıya
başlarkən çoxlu suallar qarşıma çıxdı. Vətən nədir? Yurd nədir? Haradan, nədən,
kimdən başlanır Vətən?
Qəlbimdən
gələn sözlər sətirlərə düzüldü.
Vətən məndən,
səndən, bizdən başlanır. Vətən doğulduğumuz yuvadan, boy atdığımız torpaqdan, küçədən,
döngədən başlanır. Vətən qaçarkən yıxıldığımız, dizlərimizin sıyrıldığı, üz-gözümüzün
əzildiyi çınqıl daşından başlanır. Vətən kollarından böyürtkən yığıb yediyimiz,
bənövşələri dərib sinəmizə taxdığımız, çaylarında, göllərində uşaq kimi oynadığımız,
qarğı atımızı çapdığımız, ağaclarının budaqlarından sallandığımız ormanından başlanır.
Vətən əvvəlcə
evimiz, sonra küçəmiz, kəndimiz, şəhərimiz, ən sonda Vətənimiz dediyimiz andan başlanır.
O an ki, torpaq qoynunda böyütdüyü övladının qanı ilə - şəhid qanı ilə suvarılır.
Vətən şəhidimin qanının töküldüyü, qoynuna sığındığı yerdən başlanır. Vətən şəhid
qanının laləliyə çevirdiyi Lələtəpədə üçrəngli bayrağın sancıldığı yerdən başlanır.
Vətən şəhidlərimizin geridə qoyduqlarının həsrətli gözlərindən başlanır. Mənim üçün
Vətən şəhid xanımının dilindən süzülən "Vətənim sənsən” kəlməsindən başlanır. O
kəlmə ki, bir ömür boyu həsrətlə gözləyəcəyi əzizinin yanğısına su kimi səpiləcək.
O kəlmə ki, çətin gündə çiynini söykədiyi, sirrini bölüşdüyü əzizinin itkisinə mətanətlə
dözərək qəlbindəki ağrıları ovudacaq.
Hər qarışı
şəhid qanı ilə yoğrulan, şəhid qoxusu duyulan bu torpaq bizə ötürülən əmanətdir.
"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” demişlər babalarımız. Torpağı qoruyarsan,
əzizləyərsən, uğrunda fədakarlığa hazır olarsan, Vətən olar.
Bu yurdun
uğrunda, bu sevgili məmləkət naminə kimlər fəda olmadı ki... Şah babamızın miras
qoyduğu Azərbaycan üçün necə canlar şəhid oldular. Raquflar, Asiflər, Şirinlər,
Yaqublar, Pəncəlilər, Rasimlər, Ramizlər, Canpoladlar, Əbdülməcidlər, Müşfiqlər,
Ziyalar, Muradlar, Samidlər, Təbrizlər daha kimlər, kimlər... Necə hərbçilər, komandirlər,
oğullar, atalar, həyat yoldaşları... Hər biri bir elin, bir obanın arxa-dirəyi olan
igidlər... Geridə qoyduqlarını düşünmədən ölümə atılan fədailər... Körpə balalarının
gözündəki sevinci əbədi dondurub "Vətən sağ olsun” deyərək torpağın bağrına köçənlər...
Qəhrəmanlıq
nə yalnız bir yüksəliş deməkdir,
Nə də ulduzlar
kimi parlayıb sönməməkdir.
Ölməzliyi
düşünmək boşuna bir əməkdir,
Qəhrəmanlıq,
vuruşub, bir daha dönməməkdir!
Onlar vuruşub
dönməməyi seçdilər. Onlar bizə Vətəni sevməyi, sözdə yox, əməldə göstərdilər. Şəhidlər
bizə azadlığın verilmədiyini, alındığını sübut etdilər.
Bəlkə də,
borcundan çıxmadım, Vətən!
Ömür bahar
deyil, bir də qayıtsın.
Ölsəm də,
qoynunda qoy ölüm ki, mən,
Çürüyüm bir
ovuc torpağın artsın.
Şəhidlər tapdaladığımız
bu qara torpağın müqəddəs olduğunu bizə anlatdılar. Şəhidlər düşmən əlində inləyən
elin, obanın bağrı yaralı Qarabağın harayını bizə çatdırdılar. Şəhid komandir anasının
əsirlikdə olan qəbrini ziyarət etməklə ana sevgisinin ucalığını bizə göstərdi. Ana
olan yerdə ölümü də gözə almağın mümkün olduğunu bildirdi. Şəhidlər bizə ölümdən
sonra da həyatın var olduğunu, yaşamağın mümkünlüyünü göstərdilər. Sanki bizə dedilər:
Basdığın yerləri
"torpaq” deyərək keçmə, tanı,
Düşün altındakı
minlərcə kəfənsiz yatanı.
Ey vətənimin
mərd oğulları! Ey cənnət qoxulu şəhidim! Sizi düşünməmək olarmı? Sizi unutmaq olarmı?
Unutsaq, nələri unudaq gərək...
Keçmişimizi
- Zəngəzuru, Borçalını, 20 Yanvarı, Qarakənd faciəsini, Xocalını, Şuşanı, Laçını,
Kəlbəcəri, Ağdamı, Zəngilanı, Qubadlını, Cəbrayılı, Xankəndini, 2016-nın aprelini
unudaq gərək.
Haray çəkib
gücüm yetdiyi qədər bağırmaq istəyirəm, duymayanlara eşitdirmək istəyirəm: "Axı
mənim bütöv Vətənim vardı?! Parçalanmayan, hissə-hissə qoparılmayan məmləkətim vardı?!
"Səndən qeyri biz hər şeyi bölə bilirik, səndən qeyri biz hamımız ölə bilirik -
dediyimiz Azərbaycanımız, Qarabağımız vardı!”
Həyatına didərginlik
yazılmış analarımızın laylası qulaqlarımda cingildəyir, sanki Qarabağa ağı deyir:
Bir zamanlar musiqi beşiyi, gözəllər diyarı, mərd igidlər oylağı Qarabağım oy...
Bir vaxtlar
haqqında "Külli Qarabağın abi-həyatı, nərmə-nazik bayatıdır, bayatı” deyilən yurdum
oy...
Düşmən əlində
əsir qalan, nalə çəkən elim oy...
Övladları
pərən-pərən, uğuruna canını qurban verən Raqufum, Şirinim, Asifim, Muradım, Qabilim,
Vaqifim, Mehmanım oy, oy...
Yox... Yox...
Ağlama şəhid anası! Ağlama şəhid yadigarı! Bizə ağlamaq, unutmaq yaraşmaz. Bizim
"bu gün gərək hər anımız Vətən desin”. Vətən desin ki, onu qoruyaq, uğrunda fədakarlığa
hazır olaq. Düşmən sevinməsin ki, Qarabağımızı əsir alıb. Gec-tez biz Qarabağda
üçrəngli bayrağımızı sancacağıq. Məhz bu inam bizi yaşadır, yeni işlər görməyə vadar
edir.
Əgər bu gün
Qarabağın əlimizdə olan kiçik bir kəndində Şuşanın saflığını, təmizliyini əks etdirən
səslər - Qarabağ bülbülləri yetişirsə, demək ki, yol yaxındır. Tezliklə o bülbüllər
Cıdır düzündə, Topxana meşəsində cəh-cəh vuracaqlar.
Əgər şəhid
anası əlinə silah alıb, "mən də döyüşə hazıram” deyirsə, bu millətin qarşısında
kimsə dura bilməz. Aprel döyüşlərində ordumuzun ən adlı-sanlı komandirləri öndə
getmişdisə, əsgərlərini qorumaq üçün özünü qurban verən, əsgərini övladı kimi sevən
komandirlərimiz vardırsa, düşmən qorxsa yaxşıdır. Əgər bu gün şəhid komandirin kiçik
yaşlı oğlu yaralı oyuncaq əsgərini sağaltmaq üçün çalışırsa, deməli, bu millətin
qəlbinin sevgisi, mərhəməti tükənməzdir. Əgər bu gün dövlət başçımız siyasi arenada
mənfur erməniləri cavabı ilə çıxılmaz duruma salırsa, deməli, biz Varıq, yenilməzik.
Biz gənclər dövlətimizlə bir olmalı, "Hər şey Vətən üçün” deməli, gücümüzü göstərməliyik.
Ona görə də:
Sən ey mənim
mərd xalqım!
Qalx, qalx, qoy yer titrəsin məhvərindən!
Rəşad ƏHMƏDOV,
Bakı Ali Neft Məktəbinin Kimya Mühəndisliyi
fakültəsinin III kurs tələbəsi