28 Aprel 2023 10:15
1520
CƏMİYYƏT
A- A+

Vətənin zərif rəmzi

 

"...Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər, mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir". 
Tanrının dünyaya göndərdiyi seçilmiş və xoşbəxt insanlardan olan akademik Zərifə Əziz qızı Əliyeva haqqında oğlu, Prezident İlham Əliyevin kövrək hisslərlə dilə gətirdiyi fikirlərində olduğu kimi, bu zərif xüsusiyyətli qadın əsl alim ömrü yaşamış, həyatını peşəsinin sirlərini dərindən öyrənməyə həsr etmişdi, amma onun yaşam fəlsəfəsinin əsasını, heç şübhəsiz, yurduna, torpağına bağlılıq, vətəndaşlıq  mövqeyi təşkil edirdi. 
Humanizmi, mərhəməti, şəfqəti daim həyat bələdçisi sayan, usanmadan insanlara kömək əli uzadan, zülmət dünyalara nur bəxş edən Zərifə xanım heyrətamiz əzmlə bu qədər çətin və məsuliyyətli işlərin öhdəsindən mükəmməl şəkildə gəlirdi. Zərif çiyinlərində bir qadın, həyat yoldaşı, həkim, alim, ictimai xadim məsuliyyətini şərəflə daşımağı bacaran bu nəcib azərbaycanlı xanım həm də qayğıkeş ana idi. Zərifə xanım əsilzadə bir ailənin üzvü olmasından, karyerasında fəth etdiyi zirvələrdən, ən ümdəsi dövlətə rəhbərlik edən Heydər Əliyev kimi bir şəxsiyyətin həyat yoldaşı, yəni ölkənin birinci xanımı olmaq kimi yüksək statusundan asılı olmayaraq, evində sadəcə uşaqlarının qayğıkeş və tələbkar anası idi. Həm də bu kübar qadın təkcə övladlarına qayğı göstərməklə kifayətlənmir, onlara əsl vətənpərvərlik hisslərini aşılayır, Azərbaycanın layiqli övladları kimi tərbiyə edirdi.
Hər zaman xalqının xoşbəxtliyini tükənməz sərvəti sanan Zərifə xanım bir vətəndaş kimi bu xalqa ən böyük töhfəsinin də məhz gələcəkdə vətəninə can-başla xidmət edəcək övladlar yetişdirmək olduğunu bilirdi. Necə ki Zərifə xanımın özünü ailəsi vaxtikən belə vətənpərvər yetişdirmişdi. 

 

Ot kökü üstündə bitər 

 

Görkəmli ictimai-siyasi və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım yüksək vətəndaşlıq mövqeyini atasından əxz etmiş, anası ləyaqətli Leyla xanımdan əsl Azərbaycan qadınının nəcib xüsusiyyətlərini götürmüşdü. 
Prezident İlham Əliyev də Zərifə xanım haqqında xatirələrində vurğulayır ki, anasının ailəsi ovaxtkı cəmiyyətin ən ziyalı hissəsinə mənsub olub. Bu ailədə uşaqların tərbiyəsinə böyük əhəmiyyət verilirdi və musiqi dərslərindən başqa, onlara öz biliklərini inkişaf etdirmələri də aşılanırdı: "Atasının - Əziz Əliyevin həyatı Zərifə xanım üçün doğma xalqının tarixinin ayrılmaz hissəsi idi.
...Ailədə mənim nənəmin, Leyla xanımın təsiri güclü olub. Zərifə xanım ondan çox şey öyrənmişdi. O, hər şeyi bacarırdı: əla aşpaz kimi xörək hazırlayır, elmi işlə məşğul olurdu; qəlblərə təsir edən oxumağı vardı; zərif və sadə olmağı bacarırdı".
Belə ziyalı, vətənpərvər ailədə yetişən Zərifə xanımın da bu cür yüksək mənəvi dəyərlərə malik bir şəxsiyyət kimi yetişməsi heç də təəccüb doğurmur, əksinə, ot kökü üstündə bitər, atalar sözünün təsdiqi misalı öz soy-kökünə bağlılığını bir daha nümayiş etdirir. 
Tale yolu Heydər Əliyev kimi nəhəng siyasətçi, dünyaşöhrətli dövlət xadimi ilə birləşən Zərifə xanım ömrünü xalqının səadətinə, rifahına həsr edən Ulu Öndərə daim mənəvi dayaq, əsl dost olub. Doğmalarının, onu tanıyanların xatirələrində də yer aldığı kimi, Zərifə xanım bir həyat yoldaşı, ana olaraq hər zaman fədakarlıqla çalışırdı ki, elmlə, ictimai işlərlə məşğul olması ailəsinə də kifayət qədər zaman ayrımasına mane olmasın. Necə deyərlər, həm ictimai məsuliyyətini zərgər dəqiqliyi ilə yerinə yetirərərək vurğunu olduğu peşəsi üzərində daim çalışır, auditoriyalarda tələbələrinə mükəmməl dərs verir, pasiyentlərini sağaldır, həm də eyni zəhmət, çalışqanlıq və qayğıkeşliklə ailəsinə diqqət yetirir, uşaqlarının tərbiyəsinə, onların vətənpərvər ruhda yetişməsinə xüsusi həssaslıqla yanaşırdı.  

 

Qəhrəman ana, igid oğul

 

İlham Əliyevin timsalında müasir Azərbaycanı tarixindəki ən yüksək zirvəyə daşıyan, ölkəsinin nüfuzunu dünya səviyyəsinə yüksəldən, ən ümdəsi xalqına şərəfli zəfər qazandıran bir oğul yetişdirən qəhrəman ana Zərifə xanımın çəkdiyi zəhmətlərin hədər getmədiyinin qürurlu şahidi olduq. 
Lakin acı təəssüflə qeyd edək ki, zalım tale  Zərifə xanımı çox erkən bu dünyadan qopardı və o, müstəqilliyimizi, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident 
İlham Əliyevin ölkəmizin inkişafı, rifahı üçün gördüyü nəhəng işləri görə bilmədi. Böyüdüb boya-başa çatdırdığı, tərbiyə verdiyi, Azərbaycana layiqli vətəndaş kimi yetişdirdiyi oğlu 
İlham Əliyevin qazandığı uğurları dünya gözü ilə görüb sevinə bilmədi... 
Amma əminik ki, bu gün böyük alimimiz Zərifə xanımın da ruhu şaddır, Azərbaycan xalqına tarixinin ən şanlı zəfərini bəxş edən İlham Əliyev kimi oğul böyütdüyü üçün. 
İlham Əliyev tariximizin iki böyük şəxsiyyətinin - Ulu Öndər Heydər Əliyevin və  böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın yetişdirdiyi layiqli Azərbaycan vətəndaşı olaraq ölkəmizin, xalqımızın taleyüklü məsələlərində oynadığı misilsiz rolla  həm də valideynlərinin arzularındakı zirvəyə yüksəlib.
Məhz İlham Əliyevin sayəsində torpaqlarımızın 30 illik işğalına, yüzminlərlə keçmiş məcburi köçkünümüzün yurd həsrətinə son qoyulub. Bir zamanlar yalnız top-tüfəng səsləri gələn Qarabağdan və Şərqi Zəngəzurdan quruculuğun xoş sədaları yüksəlir. Bir sözlə, qalib lider İlham Əliyevin Şuşada dalğalandırdığı Zəfər bayrağı xalqımızın qəlbini xoşbəxtlik hissi ilə riqqətləndirir. 

 

Bu həyatda yalnız yaxşılıqdır əbədi bərqərar olan 

 

Bəli, Zərifə xanımın da həyat amalı elə bu idi...
Bilavasitə, yaxud da dolayısı yolla insanlara yaxşılıq etmək, onları xoşbəxt etmək. 
Bu iki amal uğrunda, sözün əsl mənasında, bir pərvanə kimi ömrünü şam kimi əridirdi, ölüm belə onu qorxutmurdu, çünki, bu fani dünyada yalnız yaxşılığın əbədi bərqərar olduğunu bilirdi böyük alim. 
"Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi", - deyə xatirələrində Prezident İlham Əliyev unudulmaz şəxsiyyət Zərifə xanımın qürurlu yaşam amalından bəhs edib.
Azərbaycan xalqının hər bir üzvünün xoş sözlərlə, minnətdarlıq hissi ilə andığı, qəlblərdə əbədi abidə ucaldan, Tanrının sevimli bəndəsi akademik Zərifə Əziz qızı Əliyeva ilə həm də xalqımıza zəfər qazandıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin anası, obrazlı ifadə etsək, "Zəfərin anası" kimi  qürur duyur, fəxr edirik.
Ruhun şad olsun, elimizin vətənpərvər qızı Zərifə xanım!

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video