İlham ƏLİYEV: "Siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır”
Məşğulluq sosial siyasətin spesifik istiqamətidir
Respublikamız
qonşu ölkələrdən fərqli olaraq əlverişli demoqrafik şəraitə malikdir. Son 20 ildə
respublika əhalisi artmış və 10 milyon nəfəri ötmüşdür. Belə demoqrafik inkişaf
əmək qabiliyyətli insanların sayının artmasını şərtləndirir, lakin məşğulluqla bağlı
əlavə problemlər yaradır. Bu baxımdan məşğulluq, yeni iş yerlərinin yaradılması
ölkəmiz üçün daimi prosesdir. Bu problemin həlli ölkəmizin dinamik inkişafının strateji
amili kimi qiymətləndirilir və hökumətə bu istiqamətdə tapşırıqlar verir. Eynu zamanda
bu əmək ehtiyatları artmayan ölkələrdən fərqli olaraq yeni yanaşmalar tələb edir.
Ötən 17 ildə
Azərbaycanda həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq əhalinin məşğulluğunun
təmin edilməsi, iş dalınca xarici ölkələrə üz tutmasının qarşısının alınması istiqamətində
böyük uğurlar əldə olunub. Xüsusən regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən
tədbirlərin, bununla bağlı dövlət dəstəyinin istiqamətlərinin müəyyən edildiyi proqramların
təsdiqi ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcı olmuş və onun icrası
nəticəsində regionlarda çoxsaylı yeni iş yerləri yaradılmışdır. Beş ildən bir qəbul
olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin iqtisadi
inkişafının mühüm təkanvericisi amili kimi vətəndaşların sosial rifahının yüksəldilməsində
müstəsna rol oynamışdır. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin nəticəsi
kimi regionlarda tarazlı inkişafla yanaşı, sosial məsələlər də yoluna qoyulmuş,
əhalinin məşğulluğu və real gəlirləri artmış, yoxsulluğun səviyyəsi əhəmiyyətli
dərəcədə aşağı düşmüşdür. Xüsusilə qeyd etmək istərdim ki, 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab
İlham Əliyevin 600 min yeni iş yerinin yaradılacağı barədə vədi də sistemli şəkildə,
ardıcıl olaraq, ilbəil əhalinin məşğuliyyətinin təmin edilməsinə hesablanmışdı və
bu vəzifə də uğurla həll edildi.
Bu gün Azərbaycanda
yaradılan yeni iş yerlərinin sayı daha böyük rəqəmlərlə ifadə olunur. Təkcə cari
ilin birinci yarısında ölkədə 84,8 min yeni iş yerlərinin açılması da təsdiq edir
ki, yeni iş yerlərinin yaradılması ölkəmiz üçün daimi prosesdir. İşsizlik isə təxminən
5 faiz səviyyəsindədir. Ümumilikdə isə bu ilin avqust ayına olan məlumatlara əsasən,
Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 230 min nəfərdir. Onlardan 4 milyon
881,5 min nəfərini məşğul əhali təşkil edir.
Respublikanın
keyfiyyətli iqtisadi inkişafını, real sektorun quruluşunun şaxələndirilməsini təmin
etmək müntəzəm olaraq yeni, yüksək elm və texnoloji tutumlu istehsal sahələrinin
yaradılmasını zəruri edir. Lakin rəqəmsal iqtisadiyyatın sürətli inkişafı bir tərəfdən
iş yerlərini ixtisar etməklə müşayiət edilirsə, digər tərəfdən artan iqtisadi və
sosial tərəqqi əlavə işçi qüvvəsinə ehtiyac hiss edir. Bu baxımdan müasir elmi-texniki inqilabın yaratdığı
bu proseslər daim diqqət mərkəzində olmalı, müvafiq qurumlar investisiya siyasətinin
formalaşması, prosesində məşğulluq amilini nəzərə almalı, mütərəqqi əmək tutumlu
layihələrə üstünlük verməlidirlər. Dövlət başçısı məşğulluq problemlərindən danışarkən
işçilərin ixtisarı məsələsinə çox həssaslıqla yanaşılmasını vacib sayır. Təəssüf
ki, bir sıra hallarda bu həssas məsələyə lazımi diqqət verilmir.
Bir məsələni
də unutmalı deyilik ki, hazırda bütün bəşəriyyət dördüncü sənaye inqilabı dövrünə
qədəm qoyur. Bu dövr yuxarıda qeyd edildiyi kimi, mühüm texniki yenilikləri ilə
bərabər həm də bir sıra sosial çətinlikləri də ehtiva edir ki, bunlardan ən mühümü
iş yerlərinin ixtisara salınmasıdır. Ona görə belə bir mərhələdə xüsusən sahibkarlar
özlərinin sosial məsuliyyətini dərk etməli, məşğulluq məsələlərinə, baş verə biləcək
ixtisarlara diqqətlə yanaşmalı, qanunvericiliyə riayət edilməsini əsas tutmalıdırlar.
Azərbaycan
dövləti tərəfindən aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə
yanaşı, onların aktiv əməyə cəlb edilməsinə, məşğulluğunun təmin olunmasına xüsusi
diqqət yetirilir.
Bu baxımdan
cəmiyyətimiz üçün nisbətən yeni hesab edilən Özünüməşğulluq proqramı barədə qısaca
bəhs etmək istərdim. Prezident İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin
olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli sərəncamı
ilə həyata keçirilən Özünüməşğulluq proqramı dövlət məşğulluq siyasətində keyfiyyətcə
yeni bir mərhələ açmaqla işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına,
əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin
kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.
Sosial sahədə
önəmli layihələrdən olan Özünüməşğulluq proqramı məhz maddi çətinliyi olan ailələrin
özlərinə yaxşı dolanışıq şəraiti yaratmağa imkan verir. Dövlət, yerli icra orqanları
və özəl qurumların bu istiqamətdə layihələr həyata keçirmələri qarşıya məqsəd kimi
qoyulub. Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər
ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə,
dövlətin köməyi ilə.
Qeyri-neft
sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında özünüməşğulluğun inkişafı üçün
xüsusilə geniş imkanlar var. Çünki bu sahə çoxşaxəlidir. Kənd yerlərində insanlar
ailələri ilə birlikdə heyvandarlıqla, quşçuluqla, arıçılıqla, bağçılıqla, tərəvəzçiliklə
məşğul olurlar. Dövlət də onlara maddi dəstək verir. Başqa sözlə, özünüməşğulluğa
diqqətin artırılması belə insanlara öz fəaliyyətlərini genişləndirmək üçün münasib
şərait yaradır. Elə buna görə də Heydər Əliyev Fondu bu istiqamətdə Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinə böyük dəstək verib.
"Sosial bağlar”
layihəsi çərçivəsində sosial cəhətdən həssas qruplar üçün meyvə bağlarının salınması,
tərəvəz və bostan məhsulları istehsalı üzrə ailə təsərrüfatlarının, arıçılıq təsərrüfatlarının
yaradılması ilə bağlı mühüm işlər görülüb. Bütövlükdə, aztəminatlı ailələrin özünüməşğulluğunun
təmin olunmasına və gəlirlərini artırmalarına imkan verən bu layihə belə ailələrin
ünvanlı dövlət sosial yardımı proqramından asılılığının aradan qaldırılmasına və
kiçik sahibkarlığa çıxış imkanlarına yiyələnmələrinə şərait yaradır. Eyni zamanda
layihə üzrə yeni bağçılıq sahələrinin yaradılması qeyri-neft sektorunun mühüm sahəsi
olan kənd təsərrüfatının inkişafına əlavə dəstəkdir.
Özünüməşğulluq
proqramına dəstək məqsədilə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi
ilə əməkdaşlıq da cari il üzrə davam etdiriləcək. Belə ki, 2020-ci ildə daha
250 ailə üçün bağçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub.
Cari il ərzində
12 min işsiz şəxsin proqrama cəlb edilməsi planlaşdırılır. Artıq Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4500-dən çox vətəndaş bu proqrama cəlb edilib.
Azərbaycanda
özünüməşğulluğu inkişaf etdirmək üçün hərtərəfli şərait və imkan var. Artıq yerli
banklar da bu proqramın həyata keçirilməsinə fəal dəstək verməyə başlayıblar. Belə
ki, proqramın icrasına dəstək işlərinə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub.
Prezident İlham Əliyev "Şadam ki, Özünüməşğulluq proqramına bizim banklar da qoşuldu.
Bu, çox müsbət haldır. Biz bu proqrama Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
xətti ilə başlamışdıq. İndi həm Dünya Bankı qoşuldu - 100 milyon dollar həcmində,
eyni zamanda, bizim banklar qoşuldular” deyə - qeyd edib.
Onu da qeyd
edim ki, 2020-ci ilin yazında Milli Məclisin növbədənkənar sessiyasının iclasında
"Məşğulluq haqqında” qanunun 14 maddəsinə edilən dəyişikliklərdə məşğulluğun əlçatanlığının
təmin edilməsi, peşə hazırlığı, ictimai işlərə cəlb olunanların işsiz vətəndaşların
daha geniş təbəqəsini əhatə etməsi və digər məqamlar öz əksini tapdı.
Həyat səviyyəsi göstəricilərinin yüksəldilməsində yeni
keyfiyyət mərhələsi
2018-ci ilin
prezident seçkilərindəki qələbədən sonra Milli Məclisdə keçirilən andiçmə mərasimində
Prezident ciddi islahatların aparılacağını bəyan etmişdi. Nitqində sosial siyasətin
daim diqqət mərkəzində olduğunu deyən Prezident növbəti illərdə çox ciddi islahatların
aparılacağını və bütün bunların vətəndaşlarımızın yaşayış səviyyəsini daha da yaxşılaşdıracağını
bəyan edərək dedi: "Son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət
göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar
10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib
və təmir edilib, 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya
İdman Mərkəzi yaradılıb. Yəni sosial siyasət daim diqqət mərkəzindədir. Dəfələrlə
bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə
də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır”.
2018-ci ildə
Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar iqtisadiyyatda şəffaflığın
səviyyəsini artırdı, iqtisadi artımın yeni mənbələrinin tapılmasına imkan yaratdı,
qeyri-neft sektorunun sürətli inkişafını təmin etdi. Təbii ki, bütün bu nəticələr
özünü həm də dövlət büdcəsinin gəlirlərinin artımında, infilyasıyanın həcminin kiçik
olmasında, ixracın həcminin artımında və Azərbaycanın strateji valyuta ehtiyatlarının
həcminin artmasında göstərdi. 2018-ci ildə qəbul olunmuş 2019-cu ilin dövlət büdcəsində
nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri
hesabına cənab İlham Əliyevin sərəncamları ilə iki dəfə geniş sosial paket elan
edildi.
A) 2019-cu
ildən başlanan sosial islahatlar 4,2 milyondan artıq vətəndaşı əhatə etdi. Ötən
il həyata keçirilən sosial islahatlar öz miqyası və vətəndaşların maddi rifahının
yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 2019-cu ilin fevral ayında
İlham Əliyev təxminən 3 milyon vətəndaşı əhatə edən bir sosial paketi təsdiqlədi.
Bu paketdə minimum əməkhaqqının, əmək pensiyalarının minimum məbləğinin, sosial
müavinətlərin, tələbə, magistr və doktorantlara verilən təqaüdlərin, məcburi köçkünlərə
verilən müavinətlərin artırılması, problemli kreditlərə son qoyulması, yeni inşa
olunmuş binalardakı mənzillərin sənədləşdirilməsi kimi vətəndaş məmnunluğuna yol
açan məsələlər öz əksini tapdı.
Beləliklə,
iqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası dövlət
başçısının bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, ötən ilin
əvvəlindən etibarən ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə
artırdı. Həmin vaxt keçirdiyi müşavirədə Prezident İlham Əliyev vətəndaşların sosial
rifahının yüksəldilməsi ilə bağlı addımların bundan sonra da atılacağını bəyan etdi.
2019-cu ilin iyun ayının 18-də isə dövlət başçısı imzaladığı 17 sərəncamla əhalinin
müdafiəsini gücləndirmək məqsədilə növbəti sosial paketi təsdiq etdi. Beləliklə,
sosial sahədə bu ilin əvvəlində atılan inqilabi addımların yeni mərhələsinə start
verildi.
Qeyd edək
ki, birinci paket 3 milyon vətəndaşı əhatə etdi. Bu sosial islahat paketi tam şəkildə
icra olundu və həm pensiyaçılarımızın, həm də işləyən vətəndaşlarımızın əməkhaqları
artırıldı. Minimum əməkhaqqının məbləği martın 1-dən 50 manat (38,4 faiz) artırılaraq
130 manatdan 180 manata çatdırıldı. Əmək pensiyasının minimum məbləği isə 160 manat
məbləğində müəyyən olundu.
İkinci sosial
paketin icrası nəticəsində isə sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqı
250 manata çatdırıldı, həmçinin oktyabr ayından əmək pensiyasının minimum məbləği
200 manat təşkil etdi. Ümumilikdə isə iki sosial paketin 4,2 milyon vətəndaşı əhatə
etməsi göstərdi ki, ölkədə həyata keçirilən siyasət məhz insan amilinə xidmət edir.
Minimum əməkhaqqının, əmək pensiyalarının minimum məbləğinin, sosial müavinətlərin
artırılması həm vətəndaş məmnunluğuna, həm də sosial rifahın yüksəldilməsinə xidmət
edən addımlar kimi ictimaiyyətin dərin rəğbətinə səbəb oldu.
Bu ilin əvvəlindən
isə pensiyaların indeksasiyası ilə bağlı dövlət başçısının qəbul etdiyi qərara uyğun
olaraq 1,2 milyon pensiyaçının pensiyaları 16,6 faiz artırılıb. Bu ilin ötən dövründə
orta pensiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 300 manata yaxınlaşıb.
Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti üzrə MDB-də
birinci, orta pensiyanın alıcılıq qabiliyyətinə görə isə ikinci yeri tutur.
Bununla belə
Prezident İlham Əliyev bildirmişdir ki, bu artım böyük olsa da, bizi qane edə bilməz,
maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq.
Bütün bunlarla
yanaşı, çoxmənzilli binanın sənədləşməsindəki problemlərə son qoyulması, fiziki
şəxslərin problemli kreditlərinin həlli ötən ilin ən mühüm hadisələri kimi sosial
siyasətin mütərəqqi nümunələridir. Çünki bütün hallarda vətəndaşı narazı salan və
narahat edən problemlər həll olunmalıdır.
B) Sosial
xidmətlərə yeni nəfəs verən DOST. Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ
açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu
təmin etmək məqsədilə yaradılan DOST layihəsi Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün
nəticəsidir. Agentliyin missiyası Azərbaycan əhalisinin dövlət tərəfindən təklif
edilən əmək və sosial müdafiə xidmətlərinə Xidmət mərkəzləri şəbəkəsi vasitəsilə
müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin etməkdir.
Layihə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin
keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin
tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.
DOST xidmətlərinin
fəaliyyətə başlaması sosial xidmətlərlə bağlı dövlət orqanlarına müraciət zamanı
həm vaxt itkisinin qarşısının alınması, həm də vətəndaşların bu səbəblərdən keçirə
biləcəyi əsəb və stresə son qoyulması baxımından mühüm hadisədir. Bütün bunlarla
yanaşı, DOST xidmətinin həm cəmiyyətin ümumi mədəni, həm dövlət-vətəndaş münasibətlərinin
səviyyəsinin yüksəlməsində, həm də korrupsiyaya ciddi zərbənin vurulmasında böyük
rolu var.
Respublikada
bütövlükdə 30-dan çox mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulur. Ümid edirəm
ki, yaxın bir neçə il ərzində Bakıda və bütün ölkə üzrə DOST mərkəzləri fəaliyyətə
başlayacaq. Onlarda da 130-dan çox xidmət göstəriləcəkdir.
Prezidentin vətəndaşlarla görüşləri sosial siyasətin təkmilləşməsi
üçün yeni imkanlar açır
Cəmiyyətdə
sosial ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyil. Sosial
ədalət Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə, ruhuna uyğundur.
Ta qədimdən Azərbaycan xalqı ədalətə tərəfdar olub, ədaləti müdafiə edib. Sosial
ədalətlilik prinsipi bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə
daha inkişaf etmiş formada özünü göstərir. Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından
ədalətli şəkildə xalqa pay düşməsi, Azərbaycan dövlətinin milli sərvətlərdən əldə
olunan gəlirlərin insanlarımıza ədalətli şəkildə çatdırılmasıdır.
Dövlət başçısı
dəfələrlə bəyan etmişdir ki, Azərbaycan hökuməti sosialyönümlü bazar iqtisadiyyatının
qurulmasında məqsəd və vəzifələri, hədəfləri dəqiq müəyyənləşdirməli, əsaslandırılmış
strateji proqramlardan istifadə etməli, sosial tərəqqini, keyfiyyəti, inkişafı xarakterizə
edən göstəricilərin daim yaxşılaşmasını özünün vacib vəzifələri kimi diqqət mərkəzində
saxlamalıdır. Qlobal maliyyə böhranı, neftin qiymətinin aşağı düşdüyü dövrdə Azərbaycan
dövləti strateji proqramların, layihələrin heç birini dayandırmadı. Büdcə-maliyyə
resurslarının bölüşdürülməsində müəyyən dəyişikliklər etdi, inflyasiya risklərinin
qarşısını almaq üçün qabaqlayıcı tədbirlər gördü.
Azərbaycanda
həyata keçirilən sosial siyasətdən danışarkən bir məsələni də qeyd etməliyik ki,
bu siyasətin ayrı-ayrı istiqamətləri məhz Prezident İlham Əliyevin ölkə vətəndaşları
ilə görüşləri zamanı formalaşır. Dövlət başçısının fəaliyyətinin ən mühüm tərəflərindən
biri müxtəlif tədbirlər və regionlara səfərlər zamanı vətəndaşlarla təmaslara, söhbətlərə
daim vaxt ayırması, belə görüşləri fəaliyyətinin mühüm istiqamətlərindən birinə
çevirməsidir. Bu görüşlər sosial siyasətin daha da təkmilləşməsi üçün yeni imkanlar
açır. Ən əsası isə odur ki, belə görüşlər ictimai nəzarətin ən optimal nümunəsidir.
Bütün bunların
nəticəsi olaraq Prezident İlham Əliyev mövcud gerçəklikləri operativ və obyektiv
şəkildə qiymətləndirərək cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul
edir, insanları, cəmiyyəti narahat edən problemlər zamanında öz həllini tapır. Respublikamızda
sosial siyasətdə mütəmadi olaraq baş verən keyfiyyət dəyişiklikləri də bu görüşlərin
məntiqi nəticəsidir. Bu onu göstərir ki, vətəndaşların rifahı ilə bağlı qəbul edilən
qərarların təməlində insanlarla görüşlərdə qaldırılan məsələlər xüsusi yer tutur.
Çünki cəmiyyətin tərəqqisi ilə yanaşı, sosial həmrəyliyini təmin edən əsas şərtlərdən
biri vətəndaşı düşündürən problemlərin vaxtında həll edilməsi, hər bir insanın qayğısına
çevik və ədalətli münasibətin ortaya qoyulmasıdır. Ələlxüsus söhbət sosial dövlətdən,
sosial cəmiyyətdən gedirsə, burada vətəndaşı narahat edən məsələlərə daha diqqətlə
yanaşılması olduqca vacibdir. Çünki məhz bu kimi məsələlərin kökündə insanların
dövlət orqanlarına inamının və etimadının formalaşması dayanır.
(Ardı var)
Ziyad SƏMƏDZADƏ,
AMEA-nın həqiqi
üzvü,
Milli Məclisin
deputatı