Cəfər Cabbarlının
teatr sənəti ilə tanışlığı daha erkən yaşlarında başladı. O, 1915-ci ildə 3 saylı ali ibtidai məktəbdə təhsil
aldığı vaxtlarda ilk səhnə əsərini - "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”
pyesini qələmə aldı. Başqa bir pyesini - "Solğun çiçəklər”i də elə həmin il yazdı.
Bu əsərlərdə həyatın realist boyalarla təsviri, cəmiyyətdəki ədalətsizliyə, haqsızlıqlara
etiraz elə ustalıqla əksini tapdı ki, müəllifinin on altı yaşında olması hər kəsi
təəccübləndirdi.
Sonralar Azərbaycan
ədəbiyyatına, teatr sənətinə "Nəsrəddin şah”, "Trablis müharibəsi” ("Ulduz, yaxud
Trablis müharibəsi”), "Ədirnə fəthi”, "Aydın”, "Oqtay Eloğlu”, "Od gəlini”, "Sevil”,
"Almaz”, "Dönüş”, "Yaşar” və başqa dram əsərlərini bəxş edən, həmçinin uzun müddət
Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə müdiri işləyən Cəfər Cabbarlının uğurları
bədxahlarını pəjmürdə etdi. Ona maneələr yaratmaq üçün hər vasitəyə əl atdılar.
İddia etdilər ki, yazıçı Azərbaycan Dövlət Dram Teatrını monopoliyaya götürüb, nə
qədər ki, Cəfər teatrdadır və yazır, onlar ora pyes verməyəcəklər. Nəhayət, istəklərinə
çatdılar. Cəfər teatrdan getdi. O, Dövlət Kino fabrikində daimi işə keçdi.
Cabbarlı cəsarəti
Ancaq yoluna
daş qoymaq istəyənlər unudurdular ki, Cəfər Cabbarlı hara getsəydi, orada inkişaf
da, uğur da olacaqdı. Çünki o, hər işi ürəyinin odu, atəşi, heyrətamiz işgüzarlığı
və parlaq istedadı ilə görürdü. Kino sahəsində də çox ciddi fəaliyyətə başladı.
Və onun bu gəlişi Azərbaycan kinosunun böyük mənəvi qazancı oldu.
Səssiz kino
dövrü idi. 1920-ci il dekabrın 20-də Azərbaycan Xalq Maarif Komissarlığı "Kinematoqrafiya
filmləri fabrikinin açılışı haqqında” qərar qəbul etdi. 1923-cü ildə Azərbaycan
Foto-Kino İdarəsi nəzdində I Dövlət Kinofabriki yaradıldı. Bu, "Azərbaycanfilm”
kinostudiyası tarixinin başlanğıcı oldu. Kinofabrikdə ilk film 1924-cü ildə çəkildi.
"Qız qalası” adlı bu bədii film Cəfər Cabbarlının "Maarif və mədəniyyət” jurnalının
1923-cü il 4-5-ci saylarında dərc olunmuş poeması əsasında (ssenari müəllifi H.Breslav-Luvrev)
ekranlaşdırıldı. Amma onun adı titrlərdə qeyd edilmədi.
Nüfuzlu teatr
və mədəniyyət xadimi kimi tanınan Cəfər Cabbarlı kino sənətinə də nabələd deyildi.
1925-1927-ci illərdə aktyor və kinorejissor kurslarında oxumuşdu. Ən əsası isə kinonun
problemləri barədə yalnız ədib, mədəniyyət xadimi kimi deyil, həm də vətəndaş kimi
düşünürdü. Bu sahənin əhəmiyyətini nəzərə alan Cabbarlı qeyri-peşəkar rusların,
yəhudi və ermənilərin Azərkinoya gətirilməsindən narahat idi. O, "Azərkino hara
gedir?” məqaləsində yazırdı: "Azərkino rəhbərləri ssenari işini kimə desəniz inanıb
tapşırırlar, təki o adam azərbaycanlı-türk olmasın. İş burasındadır ki, Azərkino
yerli qüvvələrdən ssenariçilərin hazırlığı ilə məşğul olmur. Onların dəvət etdikləri
"gəlmələr” isə yerli həyatla tanış olmadıqlarından bizim türklərin həyatından ağlasığmaz
qondarmalar quraşdırırlar”. Belə fikirləri dilə gətirmək, bu barədə yazmaq böyük
cəsarət tələb edirdi. Vətəndaşlıq duyğusu, vətənə, millətə məhəbbət hissi ilə yazırdı
Cəfər Cabbarlı: "Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün sizdə fabrikin nəzdində
yerləşən mətbəədə dörd mürəttibdən (özü də onların ikisi yenicə işə götürülüb) biri
də türk deyil və türk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur
ki, "gözəl qızlar” - "gözəl qozlar” kimi yazılır, onlar cavab verirlər ki, türk
mürəttibləri yoxdur, burada isə türk mürəttibi özü üçün gəzir və nərd oynayır. Soruşanda
ki, nə üçün sizdə türk qadını rolunda türk qadını çəkilmir, dedilər türk qadınları
yoxdur. Lakin elə buradaca, fabrikdə türk qadını Orucova (Azərkinonun türk olmayan
125 işçisinin içərisində həmin 8-9 türkdən biri, gözəl aktrisa) makinaçı işləyir.
Kişi rollarında aktyorlar nə üçün Moskvadan, Leninqraddan, Xarkovdan dəvət olunur
sualına isə heç kəs aydın cavab verə bilmir və direktor rejissorun, rejissor operatorun,
operator rejissorun üstünə yıxır və s.i.a. Azərkinonun öz siması yoxdur. O, özünün
şəxsi yaradıcılıq simasını tapmalıdır”.
Kinoya Sevil axtarışı...
O, təşkilatçılıq
bacarığını bu sahədə də göstərirdi. Amma azərbaycanlı kadrların azlığı vəziyyəti
qəlizləşdirirdi. Kinoda milli kadrların yetişdirilməsinə böyük əhəmiyyət verən Cəfər
yorulmaq bilmədən çalışırdı.
Kino sahəsində
işləri canlandırmaq üçün həm ssenarist, həm də rejissor kimi fəaliyyət göstərirdi.
Yazdığı ssenari Cəfər Cabbarlını Azərbaycanın ilk milli kino ssenaristi kimi tanıtdı.
1928-ci ildə Dövlət Kino fabrikində Mirzə Fətəli Axundzadənin vəfatının 50 illiyi
münasibətilə "Hacı Qara” əsərinin motivləri əsasında onun ssenarisi ilə "Sona” adlı
film çəkildi.
Azərbaycan
qadınlarını siyasi, iqtisadi və ictimai həyatda fəal görmək istəyən Cəfər Cabbarlı
1929-cu ildə "Sevil” filmində bu arzusunu daha geniş ifadə etdi. Həyat yoldaşı Sona
xanımın xatirələrindən öyrənirik ki, Cəfər Cabbarlı filmin çəkilişində həm ssenari
müəlliflərindən biri, həm də ikinci rejissor kimi iştirak etmişdi. Sevil rolunu
ifa etmək üçün azərbaycanlı qızı tapmaq çətin olsa da, Cəfər Cabbarlı israr edir,
inadkarlıq göstərirdi. Şəhərin küçələrini gəzir, evlərin, idarələrin qapılarını
döyür, ali məktəblərə gedirdi. Sonralar "Gülər” hekayəsini həmin axtarışların təəssüratı
ilə qələmə aldı.
Nəhayət, arzusuna
çatdı, Sevil rolunu Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun tələbəsi İzzət
Orucova oynadı. İzzət Orucova o günləri belə yada salırdı: "C.Cabbarlı çox tələbkar
idi. Bəyənmədiyi kadrın dəfələrlə yenidən çəkilməsini israr edirdi”.
Bu filmin
böyük uğurundan vəcdə gələn Cəfər Cabbarlı "Sevil”dən dərhal sonra "Almaz”ın çəkilişlərinə
başladı. Həyat yoldaşı Sona xanım xatırlayırdı: "Burada da qəhrəman rolunu, yəni
Almazı İzzət xanım oynayırdı. Təəssüf ki, Cəfər bu quruluşu başa çatdıra bilmədi.
Amansız ölüm onu bu işindən də vaxtsız ayırdı. Cəfərin sənət dostları "Almaz” filmini
Cəfərsiz çəkib qurtardılar və 1935-ci ilin axırında, onun ölümünün birinci ildönümündə
işi müvəffəqiyyətlə qurtardıqları haqqında məzarı üstündə raport verdilər”.
Yarımçıq qalan işlər...
1933-cü ildə
Cabbarlı "Mən "Almaz” ssenarisini nə üçün yazdım?” adlı məqaləsində bildirirdi:
"İstəyirik ki, qızlarımızda ictimai işə həvəs oyadaq, onların mübarizlik iradəsini
və cürətini artıraq. Hamı Almazı sevəcək və onunla ayaqlaşmağa çalışacaq. Almazın
cəsarəti, möhkəmliyi ağır dəqiqələrdə belə qızlar üçün təskinlik və ilham mənbəyi
olacaqdır”.
Kinostudiyada
elə ürəklə çalışırdı ki, istirahəti tamamilə unutmuşdu. 1933-cü ilin 29 avqustunda
Cəfər Cabbarlı həyat yoldaşına məktubunda yazırdı: "Moskvada qət olunub ki, kinoda
"1905-ci il”in pastanovkasını ancaq mən verməliyəm. Özgə adamın verməsinə razı olmayıblar.
Moskvada həll olunub ki, hansı kinolar gedə bilər və hansını hansı rejissor qoymalıdır.
"1905-ci ildə” filminin rejissorundan söhbət gedəndə demişlər ki, Braginski-mraginski
tanımırıq, Cəfər özü qoymalıdır. Özü də bu il olmalıdır. Və teatrdan kinoya keçməlidir.
Mən dedim: teatrdan getmərəm. Sonra dedilər ki, teatrda da, kinoda da işlə. İndi
gərək rejissor ssenarisinə başlayaq. Ayın 1-dən kinoda qulluqdayam. Sonra, "Səfa”nın
ancaq bircə 4-cü pərdəsi qalıb. 1-ci, 2-ci, 3-cü pərdələrini qurtarmışam. Tamam-kamal.
Bu yandan da Qliyer gəlib Narkomprosda deyir: gərək bir həftəyə "Şahsənəm”i qurtarasan,
operada oynayaq. Deyirəm vaxtım yoxdur. Deyirlər, özgə adam eyləyə bilməz. Bu yandan
da Şillerin "Qaçaqlar”ı, o yandan da "Əfqanıstan” ...Xülasə, işlərim çox dolaşıqdır,
haraya gedib çıxsa, sənə yazaram... Sonra, Türk teatrında "1905-ci ildə”ni quruluşda
verməliyəm. Rus teatrında da "1905-ci ildə” gedir. Mayorov deyir, gərək ikili işləyək,
tək qoya bilmərəm. Operada da "Səfa”nın pastanovkasını gərək mən verəm. Bizim teatrda
da "Otello”nu təzələmək boynuma qalmışdır. Onlardan bir cür ilə boyun qaçırmışam.
Hamısı da deyir bir vaxtda. Xülasə, aləm çaxnaşıb bir-birinə, heç bilmirəm nə edəcəyəm.
Hə, "Od gəlini”ni də gərək Mayorov ilə mən işləyəm”.
Öz pyesi üzrə
"1905-ci ildə” ssenarisini yazan Cəfərə rejissor
kimi bu filmi çəkmək qismət olmadı... Kinematoqrafiya tariximizin "qızıl fondu”na
"Sevil”, "Almaz” kimi filmlər bəxş edən, milli kinomuzun yaranmasında, bu sahədə
milli kadrların yetişməsində, kino işinin yeni, milli əsaslar üzərində qurulmasında
əvəzsiz xidmətlər göstərən Cəfər Cabbarlı bir zamanlar:
Coşğun Xəzər oynar ayaqlarında,
İşıq saçan nefti torpaqlarında,
Tarixlərin qızıl yarpaqlarında
Dadlı-dadlı sözləri var ölkəmin.
deyə öydüyü
Azərbaycanın yenidən müstəqilliyinə qovuşduğu günləri görməyin həsrəti ilə bu dünyaya
gözlərini yumdu. Kino sahəsində tükənməz enerji, böyük təəssübkeşliklə, canıyananlıqla
gördüyü işlər unudulmadı. 1960-cı ildə kinostudiyaya onun adı verildi.
Ürəyi ona
vəfasızlıq etdi. Cəfər Cabbarlı bu dünyada heç vaxt itirmədiyi arzularını, sarsılmayan
ümidlərini qoyub getdi. Arzuları ağ buludlara döndü. Heç zaman məmləkətinin göylərindən
çəkilmədi. Və o günlər gəldi. Bu gün Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında
peşəkar milli kadrlarımızın iştirakı ilə yeni filmlər çəkilir, millətin vətənsevər
övladlarının qəhrəmanlıq salnamələri ekranlaşdırılır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”