Bu, atəşkəs deyil, bu, sülhdür. Böyük ehtimalla, məhz Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampın bu ifadəsi dünən Vaşinqtonda keçirilən sammitin əsas məqamlarından biri oldu. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu hesablayıb ki, sülh sazişlərinin yalnız təxminən üçdə biri davamlı sülhlə nəticələnir. Bunu bizdən yaxşı kim bilər ki, Azərbaycan öz sülhünü 30 ildən çox gözlədi. Amma indiki vəziyyətdə, fikrimcə, tammiqyaslı sülh şansı kifayət qədər yüksəkdir. Vaşinqtonda qısa, amma məzmunlu bir sənəd imzalandı. Görüşdə Azərbaycan Naxçıvana dəhliz əldə edir, Ermənistan isə suverenliyinə hörmət olunacağına dair zəmanət alır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.
O bildirib ki, D.Tramp özünün ikinci prezidentlik müddəti dövründə ilk strateji xarici siyasət uğurunu qazanır. “Tamamilə aydındır ki, bu uğuru ona, əslində, bu razılaşmaya gedən yolda işin 90 faizini görmüş Azərbaycan
Prezidenti bəxş edib. Ermənistanın bu gün manevr imkanları çox məhduddur və bu, məhz keçmiş səhvlərin nəticəsidir. Görüşdə D.Tramp vəziyyətdən duyduğu məmnuniyyəti gizlətmədi. O, faktiki olaraq, indiyə qədər Rusiya, İran və Fransanın meydan suladığı Ermənistana giriş imkanı əldə edir. Bununla belə, Azərbaycan suverenliyindən heç bir güzəştə getmir və strateji konsepsiyasına uyğun olaraq, öz ərazisini xarici qüvvələrə təqdim etmir”.
Deputat vurğulayıb ki, Vaşinqtonda daha bir mühüm amil Amerika Erməni Milli Komitəsinin (ANCA) və digər erməni diaspor təşkilatlarının diqqətdən kənarda qalması oldu. “ABŞ siyasətində erməni lobbisinin ənənəvi böyük çəkisini nəzərə alsaq, bu məsələni xüsusilə qeyd etmək olar. Səbəb – bütün iştirakçılar, o cümlədən Paşinyan, yaxşı bilirlər ki, ANCA və bənzərləri sülhü sabotaj etmək üçün hər şeyi edərdilər. Üstəlik, Azərbaycan heç vaxt münaqişənin başlıca təhrikçisinin arxasında gizləndiyi bir razılaşmaya getməzdi. Xoşdur ki, Prezident Tramp ANCA-nın fikrinin onu maraqlandırmadığını göstərdi. Ermənilərin lobbi qrupunun seçkilərdə Harrisi dəstəkləyib, ona qarşı çıxması bu məsələdə rol oynayıbmı? Ola bilər. Bu, şübhəsiz ki, dövrümüzün ən təcrübəli və uğurlu dünya siyasətçilərindən biri Prezident Əliyevin rəhbərlik etdiyi diplomatiyamızın tarixi nailiyyətidir - zərif və vaxtında atılmış addım", - deyə deputat əlavə edib.