Azərbaycanın musiqi beşiyi, "Qafqazın konservatoriyası" sayılan Şuşanın görkəmli ziyalılarından biri idi Ağalar bəy Əliverdibəyov. 1880-ci il oktyabrın 15-də Şuşa qəzasının Pərioğlular kəndində dünyaya gəlmişdi. Tanınmış bəy nəslinin - Əliverdibəyovların övladı idi. Adını soyadı kimi daşıdığı babası Əliverdi bəy Hüseyn bəy oğlu Mehdiqulu xanın Ağdam üzrə darğası olmuşdu. Atası Kərbəlayi Ələkbər bəy isə Mehdiqulu xanın yeganə qızı Xurşidbanu Natəvanın süd qardaşıydı. Kərbəlayi Ələkbər bəy Qarabağda varlı, nüfuzlu bəylərdən biri kimi sayılıb-seçilirdi.
Ağalar bəy ana tərəfdən isə Vəzirovlardan idi. Anası Telli xanım Mir Abdulla bəy Vəzirovun qızıydı. Kərbəlayi Ələkbərlə Telli xanımın altı övladından böyüyü idi Ağalar bəy. Atasının birinci evliliyindən üç uşağı da vardı. Kərbəlayi Ələkbər bəy övladlarını öz nəsil-nəcabətinə layiq böyüdür, tərbiyə və təhsil almalarına səy göstərirdi. Uşaqların həm də gözəl səsləri vardı. Onlar musiqi alətində çalmağı bacarırdılar.
Mühəndis və musiqiçi
Olduqca ağıllı, fəhmli uşaq olan Ağalar bəy ilk təhsilini mollaxanada alıb. 1891-ci ildə isə Şuşa Real Məktəbinə daxil olub. Məktəbin əlaçı şagirdlərindən sayılıb.
Ağalar bəyin uşaqlığı Şuşa şəhərində keçib. Şuşada mədəniyyətin, ədəbiyyatın yüksək inkişaf etdiyi vaxtlar idi. Şuşa Real Məktəbinin şagirdi olan Ağalar bəy Əliverdibəyov da şəhərin ədəbi, mədəni, ictimai həyatında yaxından iştirak edirdi. O, Şuşada təşkil olunan konsertlərə, teatr tamaşalarına, şeir və musiqi məclislərinə gedirdi. Ağalar bəy böyük bacısı Şirin xanımla birlikdə Xurşidbanu Natəvanın "Məclisi-üns" ədəbi dərnəyinin məşğələlərində iştirak edirdi.
Şuşanın mədəni mühiti Ağalar bəyin də musiqişünas kimi yetişməsində böyük rol oynadı. O, muğamın sirlərini dayısı, Qarabağın tanınmış bəylərindən olan, yüksək təhsil almış Mirbaba Vəzirovdan öyrəndi. Mirbaba məşhur xanəndə Hacı Hüsünün də ustadı hesab edilirdi. Onun musiqiçi kimi yetişməsində, muğam vərdişlərinə tam yiyələnməsində, səsinin cilalanmasında xanəndə Muxtar bəy Bədəlbəyli, tarzən Cavad bəy Xazalanski və Şükür Aruşanzadənin də xidmətləri az olmadı.
Şuşanın musiqi bilicilərindən, böyük sənətkarlarından mənimsədiklərini o da sonsuz sevgi, böyük həvəslə başqa musiqisevərlərə öyrədib. Gələcəyin dahi bəstəkarı Üzeyir bəy Hacıbəylinin qəlbində xalq musiqisinə, muğam sənətinə tükənməz sevgini Ağalar bəy Əliverdibəyov oyadıb. Ağalar bəy bacısı Şirin xanımın oğlu Üzeyir bəy Hacıbəylinin ilk müəllimi olub. Araşdırmaçı jurnalist Vasif Quliyev yazıb: "Ağalar bəyin bacı-qardaşları, dostları, qohumları tez-tez axşamlar böyük bacısı Şirin xanımgilə toplanır, günlərini şən və mənalı keçirməyə çalışırdılar. Bura yığışanlar da ondan oxumamış əl çəkməzdilər. O da uşaqların xahişini həmişə məmnuniyyətlə yerinə yetirər, öz səsi ilə onların könlünü oxşayardı. Ağalar bəyi isə tarda kiçik qardaşı Bahadur bəy müşayiət edərdi. Bu gecələrdə onun bacısı uşaqları da həvəslə iştirak edərdilər. Xüsusən də Zülfüqar və Üzeyir bəy Hacıbəyov qardaşları dayılarının "konsert"lərini diqqətlə dinləyər, onlardan dübarə çalıb-oxumalarını dönə-dönə xahiş edərdilər".
Şuşanın digər musiqisevər, teatrsevər gəncləri ilə birlikdə Ağalar bəy teatr tamaşalarında kütləvi səhnələrdə çıxış edib.
Azərbaycan xalq musiqisi sənətinin fədakar təbliğatçılarından biri idi
Oxumaq, mükəmməl təhsil almaq arzusu bu zəkalı gənci Avropaya aparıb. Belə ki, Şuşa Real Məktəbini 1901-ci ildə bitirən Ağalar bəy Əliverdibəyov Peterburqa gedib, orada Texnoloji İnstituta daxil olub. Sonra isə Varşavaya yollanıb. Varşava İnşaat İnstitutunda təhsil alıb. İnşaat mühəndisi ixtisasına yiyələnən Ağalar bəy Əliverdibəyov 1913-cü ildə geri dönüb. Bakıya gəlib. Ömrünün sonunadək bu şəhərdə yaşayıb. Şuşada olduğu kimi, Bakıda da qabaqcıl ziyalılar arasında ön sırada dayanıb. Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Asəf Zeynallı, Səid Rüstəmov kimi musiqiçilər tez-tez Ağalar bəyin evinə yığışıblar. Azərbaycan xalq musiqisinin problemləri və inkişafı barədə maraqlı söhbətlər edib, əhəmiyyətli müzakirələr aparıblar.
Ağalar bəy Əliverdibəyov Bakı şosse və dəmir yolları idarəsində mühəndis vəzifəsində çalışıb. Ancaq Azərbaycan musiqisindən, muğam sənətindən uzaq düşməyib. Eyni zamanda Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs deyib. İstedadlı, musiqi sənətimizi, muğamlarımızı çox sevən və yaşadan yetirmələri olub.
O həm də "Söhbət saz ilə", "Yaxan düymələ", "Çalpapaq", "Kəklik", "Nəzr eyləmişəm", "Üçtelli durna", "Xumar oldum", "Neylərsən", "Dedim bir busə ver" və başqa mahnıların ifaçısı olub.
Azərbaycan musiqi sənətinin, muğamlarının bilicisi olan, Azərbaycanın musiqi tarixi üzrə materiallar toplayan Ağalar bəy Əliverdibəyov mülahizələrini, düşüncələrini böyük şövqlə qələmə alıb. Qarabağın musiqi salnaməsini yazmaqla bərabər, Şirvan, Bakı muğam məktəblərinin nümayəndələrini də qeyd edib, İrəvan, Lənkəran, Nuxa və Salyanın muğam ifaçıları haqqında dəyərli məlumatlar verib. Onun müxtəlif dünya xalqlarının mədəniyyətini əhatə edən "Musiqi tarixi" adlı kitabı zəngin musiqi xəzinəsini öyrənənlər üçün olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, Ağalar bəy Əliverdibəyovun irsi həm musiqi tarixçiləri, həm də folklor musiqiçiləri və biliciləri üçün dəyərli mənbədir.
Azərbaycan xalq musiqisinin fədakar təbliğatçılarından olan Ağalar bəy Əliverdibəyov 1853-cü il iyunun 7-də dünyasını dəyişib.
Ağalar bəyin övladları - Nazim bəy, Rasim bəy, Kazım bəy və Nüşabə xanım da musiqi sənətinə bağlı ömür yaşayıblar. Nazim bəy bəstəkar, Rasim bəy skripkaçı, Kazım bəy dirijor, Nüşabə xanım isə pianoçu olub.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"