10 May 2022 00:15
495
SİYASƏT

Uşaqlara sonsuz məhəbbətin Ulu Öndər nümunəsi

 

Heydər Əliyevin yaratdığı ənənələr bu gün dövlət siyasətinin prioritet istiqamətlərindəndir

 

"Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır".

Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyev uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı, diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur. Dahi şəxsiyyət müxtəlif zamanlarda, fərqli tədbirlərdə uşaqlarla görüşür, onlarla maraqlı dialoq qurur, gələcəyimizin onlardan asılı olduğunu dəfələrlə vurğulayırdı.

 

Uşaq hüquqlarının müdafiəsi təşəbbüsləri

 

Ulu Öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanda uşaq siyasəti mühüm yer tuturdu. 1993-cü ildən başlayaraq Ümummilli Liderin rəhbərliyi altında ölkəmizdə bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilib. Respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulub.

Bu sənədə qoşulduqdan sonra 1998-ci ildə Ulu Öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə "Uşaq hüquqları haqqında", 1999-cu ildə isə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında"  Azərbaycan Respublikasının qanunları qəbul edilib.

Azərbaycanda uşaq siyasətinin əsasını qoyan  Heydər Əliyev uşaqları çox sevir, onlarla hər görüşündə müxtəlif dövlət qurumlarına da səslənərək gələcəyimiz olan uşaqların təhsili, sağlamlığı, onlara qayğı göstərilməsi ilə bağlı çağırış edirdi. Uzaqgörən lider hətta uşaqlarla görüşündə müxtəlif sahələrdə istedadı olanları tez duyur, üzə çıxarır, onlarla ayrıca görüşlər keçirir, fəaliyyət və inkişaflarına dəstək verirdi.

 

Ulu Öndər tərəfindən əsası qoyulan ənənələrin davamı

 

Ulu Öndər Heydər Əliyev müstəqilliyinin ilk illərində böyük ictimai-siyasi problemlərlə üzləşmiş, ədalətsiz müharibəyə cəlb olunmuş, torpaqlarının 20 faizini itirmiş ölkəmizi düçar olduğu faciələrdən xilas edərkən uşaqların taleyini bir an belə unutmamış, böyük işlərdən vaxt taparaq həmişə onların görüşünə gəlmiş, problemlərinin həlli istiqamətində təsirli tədbirlər görmüşdür.

Məhz bu sonsuz diqqət və qayğının nəticəsi idi ki, Azərbaycan körpələri millət atası Heydər Əliyev ilə hər bir görüşdən sonsuz coşqu, böyük ilham alırdılar. Bu səmimi və kövrək görüşlər uşapların yaddaşında əbədi iz qoymuşdur.

Müdrik siyasi lider Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əilyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Bu mühüm kampaniya çərçivəsində respublikamızda uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilib. Əslində, təkcə 2009-cu ildə deyil, bütün sonrakı illərdə də uşaqların problemlərinin həllinə Azərbaycan dövləti öz diqqətini bir an belə azaltmamış, əksinə, daim artırmağa çalışmışdır.

 

Heydər Əliyev irsini yaşadan fond

 

Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılması prosesində Heydər Əliyev Fondunun əvəzsiz xidmətləri var.

Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına yönəlmişdir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər, görülən işlər ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanıb. "Yeniləşən Azərbaycana yeni məktəb" çərçivəsində yüzlərlə təhsil ocağı tikilib istifadəyə verilib. "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi çərçivəsində çoxlu sayda körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunub. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb.

Olduqca qürurvericidir ki, cəmiyyətin gələcəyi olan uşaqların sağlam və firavan böyüməsi, onların fiziki və mənəvi inkişafı ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bundan irəli gələrək uşaqların mənəvi və əxlaqi, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi üçün tədbirlər həyata keçirilir. Ən əsası isə odur ki, respublikamızda uşaqlara qayğının dövlət səviyyəsində, yüksək şəkildə təşkili beynəlxalq birlik miqyasında nümunəyə çevrilib.

Bütün bunlar göstərir ki, Azərbaycan dövlətinin yeritdiyi siyasət ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olacaq bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlib. Təbii ki, ölkəmizin iqtisadi imkanları artdıqca cəmiyyətin həssas və kövrək təbəqəsi olan uşaqlara diqqət və qayğı daha da yüksələcək.

Mehriban Əliyeva uşaqların xoşbəxtliyi, gələcəyi üçün bu sahəni daim diqqət mərkəzində saxlayır, tez-tez uşaqlarla görüşləri  baş tutur. Fond tərəfindən təhsil, səhiyyə ocaqları təmir və bərpa edilir. Müasir tələblərə cavab verən yeni uşaq evləri, bağçaları tikilir. Bütün bunlar isə Ulu Öndər Heydər Əliyevin ölməz ruhunu şad edir.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video