Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, hökumətlər uşaqları zorakılıqdan qorumaq istiqamətində fəaliyyətlərini gücləndirirlər. Filippinin Manila şəhərində keçirilən "Uşaqlara qarşı zorakılığa son qoyulması üzrə İkinci Qlobal Nazirlər Konfransı"nda 230-dan çox yeni öhdəlik elan olunub.
Yeni öhdəliklərə aşağıdakılar daxildir: Tanzaniyanın uşaqların müdafiəsi sahəsinə 190 milyon ABŞ dolları məbləğində investisiya yatırmaq planı, Nepalın 2030-cu ilə qədər məktəblərdə zorakılıq hallarını yarıbayarı azaltmaq və bununla 4,2 milyon uşağa müsbət təsir göstərmək vədi, Çilinin 3,4 milyondan çox uşağı məktəb zorakılığından və kiberbullinqdən (internet üzərindən təqib və təzyiqdən) qorumaq öhdəliyi və Meksikanın 2030-cu ilə qədər onlayn mühitdə müdafiəni gücləndirmək öhdəliyi. Burundi 2028-ci ilə qədər fiziki cəzaları qadağan edəcəyini, Fil Dişi Sahili isə 2030-cu ilə qədər uşaqlara qarşı zorakılığı 30% azaltmağı qarşısına məqsəd qoyub.
30 ölkənin ilk dəfə qoşulduğu bu öhdəliklərlə birlikdə Kolumbiyanın Boqota şəhərində keçirilən ilk konfransdan bəri 140 ölkə tərəfindən götürülən öhdəliklərin ümumi sayı 630-u ötüb. Bu öhdəliklər hər il dünyada 1 milyarddan çox uşağa təsir edən uşaqlara qarşı zorakılıq problemi ilə mübarizədə qlobal səylərin əhəmiyyətli dərəcədə gücləndiyini göstərir.
ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, uşaqlara qarşı zorakılığın qarşısını almaq mümkündür, bu, qaçılmaz hal deyil: “Buna baxmayaraq, bir çox uşaq hələ də elə zərərlərə məruz qalır ki, bu, onların bütün ömürləri boyu sağlamlığına və rifahına mənfi təsir göstərə bilər. ÜST uşaqlara qarşı zorakılığa son qoymaq öhdəliyi götürən hökumətləri alqışlayır və onları bu öhdəlikləri yerinə yetirməyə çağırır. Bu, zorakılıq baş verməzdən əvvəl uşaqları qoruyan, sübut olunmuş həll yollarına sərmayə qoymağı, eyni zamanda, zorakılığa məruz qalmış uşaqların zəruri qayğı və dəstəklə təmin olunmasını əhatə edir”.
Uşaqlar hər gün fiziki, cinsi və ya psixoloji zorakılığa məruz qalırlar, əksər hallarda özlərini təhlükəsiz hiss etməli olduqları yerlərdə – evdə, məktəbdə və icmalarda. Beş yaşdan kiçik təxminən 400 milyon uşaq müntəzəm olaraq valideynlər və qəyyumlar tərəfindən fiziki cəza və ya psixoloji zorakılığa məruz qalır. Hər beş qadından biri və hər yeddi kişidən biri uşaqlıq dövründə cinsi istismara məruz qaldığını bildirir.
Uşaqlara qarşı zorakılıq sağlamlıq üçün ömürlük, zərərli nəticələrə səbəb ola bilər və dərhal fiziki, zehni və emosional zərərə səbəb ola bilər, eyni zamanda, həyatın sonrakı dövrlərində xroniki xəstəlik, əlillik və yüksək riskli davranış risklərini artırır. Zorakılığa təkrar məruz qalma bu təsirləri daha da artıra bilər.
Sübutlar göstərir ki, uşaqlıq dövründə zorakılıq yetkinlik dövründə depressiya riskini 66%, yeniyetməlik dövründə hamiləlik ehtimalını iki dəfə, HİV infeksiyası riskini 34% və alkoqol istifadəsi pozğunluqları, ürək xəstəlikləri və diabet risklərini artırır. Hər il təxminən 141 000 intihar hadisəsi uşaqlıq dövründə cinsi istismarla əlaqələndirilir.
ÜST ölkələri qarşısının alınmasına davamlı investisiyaları artırmağa, hesabatlılığı gücləndirməyə və zorakılığa məruz qalan uşaqların vaxtında və müvafiq dəstək almasını təmin etməyə çağırır. Səhiyyə sistemləri zorakılığın müəyyən edilməsində, təhlükəsiz, uşaq mərkəzli qayğının təmin edilməsində və uşaqları qoruma xidmətləri ilə əlaqələndirilməsində mühüm rol oynayır. Öhdəliklərin həyata keçirilməsi uşaqların qorunmasında və daha sağlam, daha təhlükəsiz cəmiyyətlər qurulmasında vacib olacaq.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”