16 İyul 2025 09:20
703
Mədəniyyət
A- A+
Ürəklərdə sözü var

Ürəklərdə sözü var


Qızlara sözü olan, əsl kişilikdən danışan, işıq və məhəbbəti tərənnüm edən Nurəddin Babayev


O, ötən əsrin 70-80-ci illərində publisistikamızın ən tanınmış simalarından idi. Ucqar əyalətlərdəki evlərdə belə kitablarına rast gəlmək, bu kitabların necə böyük maraqla oxunduğunu, əldən-ələ, oxucudan-oxucuya ötürüldüyünü görmək olardı. Yaradıcılığına bu diqqət və sevginin çox səbəbləri vardı: cilalanmış qələm, peşəkar ifadə tərzi, bulaq suyu kimi saf dil-üslub… Ən böyük səbəbsə çox güman ki, onun toxunduğu mövzular, qaldırdığı məsələlər, irəli sürdüyü təkliflər, oxucuların onun yazılarından özləri üçün çıxardıqları nəticələr idi. 


Həyatın nəbzi döyünən sətirlər


Azərbaycanın görkəmli yazıçı-jurnalisti, tanınmış alim-pedaqoq, professor Nurəddin Babayev daim insanlar üçün doğma mövzuları qələmə alırdı, ictimaiyyəti hər gün düşündürən, narahat edən məsələlərə toxunurdu. Bütün yazılarında həyatın canlı nəbzini duyurdun, gündəlik həyat lövhələri gözlərin önündə canlanırdı. Eyni zamanda bu yazılar oxucunu mübhəmliyə aparmırdı, onu cəmiyyət həyatı ilə bağlı hansısa narahatlıqlardan düzgün yola doğru istiqamətləndirirdi. Bu da, təbii ki, Nurəddin Babayevin zəngin həyat təcrübəsinin, dərin təfəkkürünün, gənc yaşlarından kamillik məqamına yetişə bilməsinin və bu mərtəbəni yazılarında da hiss etdirmək bacarığının gücü idi.         

Nurəddin Həsən oğlu Babayev 23 mart 1921-ci ildə Gəncədə Həsən Babayevlə Zəhra Babayevanın ailəsində doğulmuşdu. Ziyalı ailə idi. Yəqin belə bir fakt da bu ailədəki mühit haqqında müəyyən təsəvvür yaradar - Nurəddin Babayevin əmisi çar ordusunun generalı olmuşdu. Gələcəyin görkəmli publisisti hələ uşaq ikən ailəsi ilə Bakıya köçür və o, orta təhsilini paytaxtda başa vurur. 

Böyüdükcə jurnalist olmağı, qələmi ilə tanınmağı arzulayırdı. Uşaq yaşlarından yaradıcılıq sahəsində müəyyən səriştəyə yiyələnmişdi. Ədəbiyyata böyük marağının formalaşmasında görkəmli şair Əhməd Cavadın da müəyyən rolu vardı. Şairlə valideynləri ailəvi dost idilər, tez-tez ünsiyyətdə olardılar və bu ünsiyyət gələcəyin publisistinin düşüncələrinə təsir göstərərdi. 


Alovlarda bərkimiş qələm


Nurəddin Babayev 1939-cu ildən mətbuatda ilk yazıları ilə görünməyə başlamışdı. 1940-cı ildən - 19 yaşından isə o vaxtlar Azərbaycan məktəblilərinin sevimli qəzeti olan "Azərbaycan pioneri" qəzetində artıq ədəbi işçi kimi fəaliyyət göstərirdi. Hər gün həvəslə işə gedir, qəzetin ustad imzalarından jurnalistikanın sirlərini mənimsəyir, qəzet səhifələrindəki hər yazısı ona bir dünya sevinc bəxş edirdi. Bu sahədə peşəkar kimi yetişmək üçün indiki Bakı Dövlət Universitetinə qəbul olunmağa can atırdı, artıq arzusunun bircə addımlığına gəlib yetişmişdi. Amma milyonlarla gənci öz arzularından uzaq salmış müharibə Nurəddin Babayevdən də yan keçmədi. 1941-ci ildə onu cəbhəyə apardılar. Ömrünün üç ili İkinci Dünya müharibəsinin ön cəbhələrində, faşizmə qarşı qanlı döyüşlərdə keçdi. Amma qələmlə dostluğu da unutmamışdı. Hər fürsətdə əlindəki kağız-qələmlə bir kənara çəkilər, əsgər məktublarında, gündəlik cəbhə mənzərələri ilə bağlı qısa qeydlərində ürəyindəki sözləri kağız-qələmlə bölüşməyə çalışardı. 

Nurəddin Babayev döyüşçü kimi də ad çıxarmış, rütbəcə irəliləmişdi. O, artıq baş leytenant rütbəsi daşıyırdı. 1943-cü ildə gərgin döyüşlərin birində ağır yaralanıb Bakıya döndü. Müəyyən müddət müalicə alaraq sağlamlığını bərpa etdikdən sonra ali təhsil arzusuna doğru irəlilədi. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olundu, fakültənin jurnalistika bölməsində təhsil almağa başladı.

O, universitetdə böyük ustadlardan dərs alırdı. Həmin illərdə BDU-nun Filologiya fakültəsində Nurəddin Babayevə dərs deyən müəllimlər Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, Muxtar Hüseynzadə, Abbas Zamanov kimi dövrünün görkəmli ədibləri, alimləri, mütəfəkkirləri idi. Onlarla hər ünsiyyət, əxz etdiyi hər yeni bilik və bacarıq gənc tələbənin həyat yollarına işıq salırdı. Belə ziyalıların əhatəsində olmaq Nurəddin Babayevə həyatın gözəl bir məramı idi. Onun daha bir uğuru isə bu idi ki, tələbəlik illərindən də praktik jurnalistika fəaliyyəti ilə məşğul olur, qələmi gündəlik iş proseslərində cilalanırdı. 


Jurnalistlərin müəllimi


O, 1943-1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan müəllimi" qəzetində redaktor müavini vəzifələrində çalışmışdı. 1953-cü ildə isə tale onu nəşriyyat sahəsinə gətirdi. "Uşaqgəncnəşr"də baş redaktor kimi çalışmağa başladı. Nurəddin Babayev bu vəzifəyə paralel olaraq, Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olurdu. O, universiteti bitirdikdən sonra 1951-ci ildə Jurnalistika şöbəsində elmi-pedaqoji fəaliyyətə başlamış, 1953-cü ildən Jurnalistika kafedrasının baş müəllimi olmuşdu. 1958-ci ildə "Azərbaycanda bədii oçerkin inkişafı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi, daha sonra filologiya elmləri doktoru alimlik dərəcəsini almışdı. 1962-ci ildə Jurnalistika kafedrasının dosenti, 1981-ci ildə isə professoru olmuşdu. 

Nurəddin Babayevin təhsil aldığı və sonralar müəllimlik fəaliyyəti ilə məşğul olduğu illərdə təhsil ocağında ayrıca Jurnalistika fakültəsi fəaliyyət göstərmirdi. Bu ixtisas Filologiya fakültəsi daxilindəki bölmədə öyrədilirdi. 1969-cu ildə həmin şöbə müstəqil fakültəyə çevrildi və Nurəddin Babayev həmin fakültənin ilk dekanı təyin edildi. Uzun illər ərzində Filologiya fakültəsinin tərkibində fəaliyyət göstərmiş kiçik bölmənin qısa müddətdə ayrıca fakültə kimi formalaşmasında, inkişafında dekan kimi Nurəddin Babayevin müstəsna xidmətləri vardı. Həmin illərdə fakültənin "Jurnalistika" elmi əsərlər seriyasının təməlinin qoyulması, "Jurnalist" tədris qəzetinin nəşrə başlaması bu görkəmli ziyalının ölkəmizdə peşəkar jurnalist kadrların hazırlanması sahəsində ən böyük xidmətlərindəndir. Bundan başqa, 1960-1970-ci illərdə Nurəddin Babayevin təşkilatçılığı və elmi redaktorluğu ilə ikicildlik "Jurnalistika məsələləri" adlı dərs vəsaiti işıq üzü görmüşdür. Bəzi bölmələrini Nurəddin Babayevin yazdığı bu kitablar jurnalistika ixtisası üzrə ana dilimizdə elmi ədəbiyyatın demək olar ki, olmadığı həmin illərdə tələbələr üçün bu sənətin incəliklərini mənimsəməkdən ötrü misilsiz vəsait olmuşdur. Bu gün də tələbələr həmin kitablardan faydalı bilik və bacarıqlar əxz edə bilirlər. Nurəddin Babayev həmin kitaba görə 1966-cı ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür. O, alim və pedaqoq kimi o qədər böyük nüfuz sahibi idi ki, müəyyən vaxtlarda Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində də mühazirələr oxumaq üçün dəvətlər alardı.


Oçerk janrının ustası


Nurəddin Babayevin tələbələrə ən mükəmməl dərsləri isə onun ustad qələmi ilə yazdığı ədəbi nümunələr, oçerk və məqalələri, kitabları idi. Görkəmli publisist çox məhsuldar çalışar, mütəmadi olaraq ölkə mətbuatında yazılarla çıxış edər, kitabları işıq üzü görərdi. Onun ilk kitabı 1945-ci ildə "Əbədi qəhrəmanlıq" adı ilə çapdan çıxmışdı. Azərbaycan ədəbiyyatında oçerk üslubunun nəzəri əsaslarını yaratmış, "Mübariz janr" adlı monoqrafiyasında oçerk sənətkarlığının incəliklərini araşdırmış Nurəddin Babayev praktik publisistika fəaliyyətində də bu üslubun ən gözəl örnəklərini yaradırdı. Onun oçerkləri ən müxtəlif mövzulara toxunar, təsirliliyi ilə oxucu qəlbini riqqətə gətirərdi. 

Onun xüsusilə gənclərin təlim-tərbiyəsi ilə bağlı qələmə aldığı əsərlər böyük rəğbət doğurur və günümüz üçün də aktualdır. Nurəddin Babayev bu əsərlərində zəngin həyat təcrübəsi, tərbiyəvi, əxlaqi söhbətləri, nəsihətləri ilə gənclərə ali dəyərlər aşılayır. "Oğluma məktublar", "Qızlar söz istəyir", "Qızlar, sözüm sizədir", "Gəlin kişilikdən danışaq", "İşıq və məhəbbət", "Ürəklər bir olanda", "Valideynlər, bizi dinləyin", "Biz Azərbaycandanıq", "İzləri itirmirik", "Açıq söhbət", "Elə yaz ki..." kitablarının bu gün də təbliğinə, geniş auditoriyada oxunmasına çox böyük ehtiyac var. Çünki bu kitabların hər biri zəngin mənəviyyat xəzinəsidir. İnsanlara həyatın keşməkeşlərində layiqli, düzgün qərarlar verməyi, qürurunu itirməməyi, başını uca tutmağı, Vətənə, ailəyə, milli-mənəvi dəyərlərə sədaqəti öyrədir. 

Nurəddin Babayevin "Oğluma məktublar" kitabı Bolqarıstanda "Ədəbiyyat" dərsliyinə daxil edilmiş, əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və s. dillərə tərcümə edilmiş, xüsusilə Moskvada böyük tirajla çap olunan "Zvezdı ne qasnut" ("Ulduzlar sönmür") və "Na doroqax jizni" ("Ömür yollarında") kitabları ölkə hüdudlarından kənarda da böyük oxucu marağı doğurmuşdur. 

O, çoxşaxəli yaradıcılığa malik idi. Müəyyən dövrlərdə Cəfər Cabbarlı adına Bakı kinostudiyasında baş redaktor işləmiş, "Azərbaycan elmi" (1969), "Bacarıqlı əllər" (1963), "Nizami yurdu" (1968), "Həyatın mənası" (1979), "Axtaran tapar" və başqa elmi-sənədli filmlərin ssenari müəllifi olmuşdur.

Nurəddin Babayev keçmiş SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar İttifaqının üzvü, ittifaqın Oçerk və publisistika şurasının sədri, Azərbaycan Jurnalistlər İttifaqının üzvü və İdarə Heyətinin katibi idi. Fransada, Kubada, Bolqarıstanda, Finladiyada, keçmiş SSRİ-nin ayrı-ayrı ölkələrində keçirilən tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişdi. 

Azərbaycanda Ədəbiyyat və İncəsənət Arxivinin təşkilində də onun böyük əməyi vardı. Nurəddin Babayev özü arxivə zəngin materiallar təhvil vermişdi və bu materiallar görkəmli publisistə aid 31 nömrəli fondda qorunmaqdadır. 

Nurəddin Babayev 1991-ci il sentyabrın 25-də uzun sürən xəstəlikdən sonra vəfat etmiş, II Fəxri xiyabanda torpağa tapşırılmışdır. 

Məzar daşında kitablarının birinin adından epiqraf verilib: "Ürəyimdə sözüm var". Belə yaradıcı simalar həmişə dünyadan ürəyində sözlə köçür, insanlara çatdıracaqları, deyəcəkləri söz heç zaman bitmir. Amma bu söz onların cismani yoxluğunda da deyilir, səslənir, hər kəsə çatır, daim canlı qalır. Nurəddin Babayevin kitabları, qələmə aldığı yazılar, yetişdirdiyi jurnalistlərin yaradıcılığı onun mənəvi ömrünün davamıdır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!