Tarix ən böyük dərsdir, onu öyrənmək və doğru qiymətləndirməyi bacarmaq lazımdır. Tarixi düzgün qiymətləndirmək həm perspektivlə bağlı daha doğru düşüncəyə sahib olmağa, həm də daha gözəl planlar qurmağa imkan verir. Məhz bu baxımdan diasporumuzun formalaşma tarixinə, xaricdəki icmalarımızın təşəkkülünə nəzər salanda görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin böyük bir tarixi əsəri - güclü Azərbaycan diasporu qarşımızda durur.
Tarixdən dərs götürmək
Diasporla İş üzrə Dövlət Komitəsi diaspor siyasətinin həyata keçirilməsinə məsul bir qurum kimi fəaliyyətinin istənilən məqamında məhz həmin tarixi dərsdən - Ümummilli Liderin yaratdığı konsepsiyadan, təməl prinsiplərdən faydalanır.
Ulu Öndər hər xarici səfərində müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla görüşüb, onlara tövsiyələrini verib və təşkilatlanmağın, Azərbaycanla bağlarını möhkəmləndirməyin yollarını göstərməklə yanaşı, bunun mühüm tarixi əhəmiyyətini izah edib. Görkəmli dövlət xadiminin hər bir tövsiyəsi bu gün də aktualdır, müasirdir və məhz bu səbəbdəndir ki, diaspor siyasəti sahəsində Azərbaycanda yaradılmış mexanizmi müxtəlif ölkələrin oxşar qurumları öyrənir, istifadə edir.
Diaspor hərəkatının inkişafı üçün sistemli iş
Ümummilli Lider xarici səfərlərinin birində soydaşlarımızla görüşərkən bu fikirləri ifadə etmişdi: "Siz bilirsiniz ki, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişik. Həmin gün mən Azərbaycan Respublikasının vətəndaşlarını Yeni il bayramı münasibətilə təbrik edərkən həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlıları Həmrəylik Günü münasibətilə təbrik etdim. Üzümü bütün dünya azərbaycanlılarına tutub müraciət etdim: bilin ki, sizin Vətəniniz var və hamınız öz Vətəninizlə əlaqədə olun".
Heydər Əliyev xaricdəki soydaşlarımızın hər nəslinə xitab edib, diasporun, sözün həqiqi mənasında, "hərəkət trayektoriyası"nı cızıb. Ulu Öndərin siyasi uzaqgörənliyi nəticəsində diaspor hərəkatının inkişafı üçün xüsusi sistem yaradılıb. Bu sistem xaricdəki azərbaycanlıların sıx birləşməsinə, öz bilik, bacarıq və təcrübələrini ana vətən üçün sərf etməsinə şərait yaradıb, milli birliyə mane olan bütün amillərin heçə endirilməsinə təkan verib. Diasporla hər görüşündə müstəqillik amilini xüsusilə vurğulayan görkəmli dövlət xadiminin "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" ifadəsinin bütün dünyada yaşayan soydaşlarımıza ideoloji təsiri danılmaz və ölçüyəgəlməzdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi dünya azərbaycanlıları arasında böyük rəğbətlə qarşılanıb və soydaşlarımız, diaspor təşkilatları bu ilə öz layiqli töhfələrini vermək üçün əllərindən gələni əsirgəməyiblər.
Xaricdəki Azərbaycan icmaları, diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan evləri, "Qarabağ" məktəbləri və həftəsonu məktəbləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Heydər Əliyev İli" çərçivəsində 200-dən çox tədbir təşkil edib, dekabrın 12-si Ümummilli Liderin anım günündə çoxsaylı kütləvi tədbirlər həyata keçiriblər. Tədbirlərdə Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açılıb, görkəmli dövlət xadiminin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən, əbədiyaşarlığından bəhs olunub. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız Azərbaycan xalqına və dövlətçiliyinə əvəzsiz xidmət edən dahi siyasətçini sonsuz sayğı ilə yad ediblər.
Dərin mahiyyəti, çoxçeşidliliyi və əhatə dairəsi ilə diqqət çəkən, azərbaycanlılarla bərabər, əcnəbilərin də iştirak etdiyi bu tədbirlər xüsusi həssaslıqla hazırlanıb, dünya ictimaiyyətinin Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı geniş məlumatlandırılmasında əvəzsiz rol oynayıb. Diasporumuz bu il çərçivəsindəki uğurlu fəaliyyəti ilə Ulu Öndərin ideyalarına sadiq qaldığını bir daha sübut edib.
Ümummilli Liderin 100 illiyinə həsr olunan beynəlxalq-elmi konfranslar, forumlar, simpoziumlar, təntənəli konsert proqramları, fotosərgilər, beynəlxalq idman yarışları, açıq dərslər, festivallar, intellektual oyunlar, ağacəkmə aksiyaları, sərgilər və digər tədbirlər onlarla ölkəni, yüzlərlə şəhəri əhatə edib. Xaricdəki icma nümayəndələri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlərin hazırlanmasına, təqaüd proqramlarının təsis edilməsinə, videoçarxlar istehsal edərək geniş yayılmasına və bununla da dünyada Ulu Öndərin daha geniş təbliğ olunmasına nail olublar. Diasporumuzun səyi nəticəsində xarici KİV-də "Heydər Əliyev İli" çərçivəsində yüzlərlə məqalə dərc olunub. Bununla da diasporumuz görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu olduğunu, türk dünyasının birliyinə, xalqımızın milli həmrəyliyinə, milli kimliyimizin qorunmasına, tariximizin, elm və mədəniyyətimizin inkişafına verdiyi töhfələri, ölkəmizin regionda lider ölkəyə çevrilməsi sahəsindəki addımlarını dünya ictimaiyyətinə bir daha xatırladıb.
Azərbaycan diasporunun tədbirləri nəinki ABŞ, Avropa və Asiyanı, hətta Afrikanı da əhatə edib. Ümumiyyətlə, bu gün azərbaycanlıların məskunlaşdığı elə bir ölkə yoxdur ki, orada Heydər Əliyevin 100 illiyi ilə bağlı hər hansı tədbir təşkil olunmasın.
Həmrəylik
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ümummilli Liderin adı ilə bağlıdır və bu, Ulu Öndərin dünya azərbaycanlılarına bəxş etdiyi ən böyük bayramdır. Hər il məhz bu günü xaricdəki soydaşlarımız böyük coşqu ilə, birlik, bərabərlik ruhu içərisində qeyd edirlər.
Son illər komitənin təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən "Bir olaq, həmrəy olaq" adlı bayram tədbiri artıq ənənə xarakteri daşıyır və ildən-ilə tədbirdə daha böyük qələbəlik müşahidə olunur. Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən bayram tədbirinə 700 nəfərə yaxın soydaşımız qatılıb. Zoom-konfransda dünyanın hər yerindən azərbaycanlılar iştirak edib, icma üzvləri Ümummilli Lideri böyük ehtiramla yad edib, tövsiyələrini xatırlayıb və Ulu Öndərin təməlini qoyduğu diaspor siyasətinin bu gün böyük müvəffəqiyyətlə davam etdirilməsindən məmnunluq ifadə ediblər. Hər il olduğu kimi, bu il də bir çox soydaşımız "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə təltif olunub, təşəkkürnamələrə layiq görülüb. Konfransda komitənin təqdim etdiyi "Heydər Əliyev və Azərbaycan diasporu" sənədli filmi rəğbətlə qarşılanıb.
Berlində "Gallery Berlin" rəsm qalereyasında təşkil olunan "Heydər Əliyev və Azərbaycanın mədəni irsi" adlı fotosərgi, Almaniyanın Maqdeburq şəhərində Heydər Əliyev adına Dünya Boks Komitəsinin, Diaspor Boks Liqasının idman zalının və "Ana dili" məktəbinin açılış mərasimi, Rusiyanın Sankt-Peterburq şəhərindəki Tavriya sarayında keçirilən qala-konsert və onlarla digər tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən, tarixi xidmətlərindən danışılıb, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Azərbaycan Diasporuna Dəstək Fondunun ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin övladlarının iştirakı ilə baş tutan "Qardaşlaşmış Qarabağ Məktəbləri" layihəsi bu il Ümummilli Liderin 100 illiyinə həsr olunub və layihə gənclər arasında böyük rəğbətlə qarşılanıb.
Xaricdə yaşayan və böyük uğur qazanan xeyli sayda soydaşımız var ki, onlar məhz Ulu Öndərin təhsil məqsədilə xaricə göndərdiyi azərbaycanlılardır. Dövlət proqramı xətti ilə bu gün də xaricdə təhsil alan azərbaycanlılar diasporumuzun inkişafına, güclənməsinə əvəzsiz xidmətlər göstərir. Bu baxımdan "Heydər Əliyev İli" çərçivəsində Berlində keçirilən Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu ölkəmiz və diasporumuz üçün tarixi hadisə idi.
Diqqəti diaspor gənclərini əhatə edən bəzi başqa layihələrə də cəlb etmək yerinə düşər. Diaspor Gənclərinin IV Yay Düşərgəsi, Gürcüstanın Borjomi şəhərində qonşu ölkədə yaşayan azərbaycanlı gənclərin "Regional Gənclər Şəbəkəsi Borjomi-2023" Yay Düşərgəsi, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan icması tərəfindən təşkil olunan azərbaycanlı gənclərdən ibarət birgünlük Yay Düşərgəsi yeni nəsil diasporun şəbəkələşməsi və müasir platformalar üzərindən daha güclü fəaliyyət göstərməsi üçün ciddi zəmin yaradıb. "Heydər Əliyev İli" çərçivəsində Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsi xaricdə yaşayan azərbaycanlı gənclərin və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələrinin məhz Naxçıvana gələrək dünya miqyasında ən nüfuzlu siyasətçilərdən olan Heydər Əliyevin irsi ilə tanış olmalarına, dahi şəxsiyyətin ideyalarının, siyasi kursunun bu gün də uğurla davam etdirildiyini müşahidə etmələrinə şərait yaradıb. Bu, bənzəri olmayan bir layihədir və yeni nəsil diasporun təşkilatlanmasında, onların azərbaycançılıq ideyası ətrafında birləşmələrində mühüm rola malikdir.
Ümumilikdə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlər diasporumuzun yumruq kimi birləşməsində ölçüyəgəlməz təsirə malik olub.
Bu mühüm tədbirlər həm də onu göstərir ki, xaricdəki Azərbaycan icmalarının daha sıx birləşməsi, ölkəmizdən kənardakı elmi potensialımızdan həm də Azərbaycanın inkişafı üçün səmərəli istifadə olunması Ümummilli Liderin siyasi kursunu müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir.
Ana dili
Hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini milli mənliyin ən mühüm məsələsi kimi diqqət mərkəzində saxlayıb. Hələ 1978-ci ildə Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil edib. Sonralar bu təhlükəli tarixi məqamı belə xatırlayırdı: "Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük".
Heydər Əliyev diasporumuzla hər görüşündə onların Azərbaycan dilini unutmaması, yeni nəsil diasporun dilimizi öyrənməsi üçün tövsiyələrini verib. Prezident İlham Əliyevin ötən il Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayındakı tarixi çıxışında da ana dili məsələsi xüsusi qeyd olunub: "...Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu o qədər də asan məsələ deyil. Burada onlar ilk növbədə Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir".
Həm Ulu Öndərin, həm də cənab Prezidentin bu tövsiyələri DİDK-nin, eləcə də diasporumuzun fəaliyyət planının tərkib hissəsidir. Azərbaycan Respublikasının vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə açılan həftəsonu Azərbaycan məktəblərində minlərlə azərbaycanlı uşaq təhsil alır. Komitə məktəbləri zəruri vəsaitlərlə, xüsusi dərsliklə təmin edib. Bu gün xarici ölkələrdə 100-ə yaxın həftəsonu məktəbi var və həmin məktəblərdə də "Heydər Əliyev İli" çərçivəsində bir sıra tədbirlər baş tutub, bu tədbirlər dilimizin inkişafı və gələcək nəsillərə ötürülməsi, ana dilinin diaspor arasında geniş təbliği istiqamətində az əhəmiyyət daşımır.
Diasporun daha da güclənməsinə aparan yol
Ulu Öndər Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışı zamanı demişdi: "Biz çox iş görməliyik ki, güclü Azərbaycan diasporu yaransın və müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər".
Azərbaycanın hüdudlarından kənarda məşkunlaşmış milyonlarla soydaşımızın vahid bir amal ətrafında birləşərək güclənməsi, bu sahədə atılan ilk addımlar Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, onun müəyyənləşdirdiyi ümummilli inkişaf strategiyasını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diasporumuzun formalaşması sahəsindəki nailiyyətləri yeni mərhələyə qaldırıb. Xaricdəki icmalarımız dövlət başçısının siyasi kursunu daim dəstəkləyir və fəaliyyətlərinin əsas prioriteti sayırlar.
Xaricdəki Azərbaycan icmaları həm müharibə dövründə, həm də "Heydər Əliyev İli"ndə ana vətən üçün əllərindən gələni əsirgəmədilər. 44 günlük Vətən müharibəsi dövründə xaricdə yaşayan soydaşlarımız həm maddi olaraq, həm də mənəvi müstəvidə Azərbaycanın yanında oldular, əsgər və qazilərimiz, onların ailələri üçün bacardıqlarını etdilər. Diaspor təşkilatları Ümummilli Liderin 100 illiyi münasibətilə reallaşdırdığı layihələrlə dünya ictimaiyyətinin məlumatlandırılmasına, qələbəmizin mahiyyətinin təbliğinə, işğalçının ifşa olunması və dezinformasiyaların qarşısının alınmasına böyük töhfələr verdilər. Bu, vətənə böyük xidmət idi. Ölkə daxilində müharibə bitib, amma diasporumuz informasiya müharibəsini hər zaman davam etdirməlidir.
Azərbaycan dövləti diasporun daha güclü, daha mütəşəkkil olması üçün lazım olan bütün dəstəyi göstərir, diasporumuz maddi və mənəvi müstəvidə vətənin gücünü tam mənası ilə hiss edir. Komitənin nəzdində yaradılan Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının çoxistiqamətli layihələrinin həyata keçirilməsinə ciddi dəstək verir. Məhz düşünülmüş, uğurla həyata keçirilən diaspor siyasətinin nəticəsidir ki, Azərbaycan icmalarının güclərini birləşdirməsi və fəaliyyətlərini təmərküzləşdirməsi üçün yaradılan koordinasiya şuralarının, Azərbaycan evlərinin əhatə dairəsi daha da genişlənir. Diasporumuzun məqsəd və istəyi bu gün fəaliyyətdə olan 20 Azərbaycan Evinin sayının yaxın gələcəkdə daha da artırılmasıdır.
Güclənən Azərbaycan diasporu gələcəkdə "yumşaq güc"ə məxsus olan bütün təsirli vasitələrdən istifadə etməli, özü hər bir öhdəliyi yerinə yetirməyi bacarmalıdır. Fəaliyyətimizin mühüm bir hissəsi də məhz bu zəminin hazırlanmasına yönəlib. Dövlət başçısının tapşırıq və tövsiyələrini əsas götürərək bu zəminin yaranması, daha etibarlı olması üçün əlimizdən gələni edirik və bunu fəaliyyətimizin əsas prinsipinə çevirmişik.
Fuad MURADOV,
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri