Tarix insanların gördüyü işlərə, xeyirxah və nəcib əməllərinə qiymət vermək üçün əsl məhək daşıdır. Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində bir daha tarixə nəzər salarkən, bu böyük şəxsiyyətin saysız-hesabsız xidmətləri yada düşür. Bugünkü müstəqilliyimizin bünövrəsini qoyan, onu möhkəmləndirən və özündən sonrakı nəsillərə əbədiyaşar bir dövlət qoyub gedən bu qüdrətli siyasi xadimin, vətənpərvər və qeyrətli insanın haqqında nə qədər yazsalar, nə qədər danışsalar da onun elədiklərinin ən cüzi hissəsini belə əhatə etmək olmur.
Ulu öndər deyirdi: “İnsanlar həyatdan gedəndən sonra qiyməti daha da artır, obyektivləşir”. Bu baxımdan, Heydər Əliyevin ömür yolu əbədiyyətə qovuşmuş bir insanın həyatda qoyduğu izlərin ölməzliyinin canlı nümunəsidir. Onun Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti üçün həyatı boyu gördüyü işlər hələ bundan sonra da yüksək qiymətləndiriləcək və bu nəhəng şəxsiyyətin yaratdığı, qurduğu bünövrə əsasında Azərbaycan dövləti öz qüdrətini dünyaya göstərəcək, özünün dediyi kimi, “dünyaya günəş kimi doğacaqdır”.
Ümummilli liderin milli-mənəvi dəyərlərimizin qorunmasında, yaşadılmasında və zənginləşməsində xidmətləri əvəzsizdir. Onun istər yüksək dövlət vəzifələrindəki fəaliyyətində, istərsə də adi həyatda insanlara və ailəsinə münasibəti bu dəyərlərin parlaq təzahürüdür. Ulu öndər ailəni cəmiyyətin bünövrəsi, özəyi sayır, Azərbaycanda sağlam cəmiyyətin, güclü dövlətin qurulub möhkəmlənməsində onun son dərəcə vacib amil olduğunu dönə-dönə qeyd edir və daim göz bəbəyi kimi qorumasını tövsiyə edirdi. O, insanların ən müqəddəs arzularından olan məhəbbətin, mərhəmətin, biliyin və zəhmətsevərliyin ailənin bünövrəsi üçün vacib cəhətlər olduğunu deyirdi: “Hər bir kəsin arzusu ailə qurmaq və ailə sahibi olmaq, uşaq dünyaya gətirmək, uşaq atası, uşaq anası olmaqdır. Bundan böyük xoşbəxtlik yoxdur”.
Ulu öndər Azərbaycan dövlətinin keçmiş və müasir nailiyyətlərindən danışarkən hər zaman böyük fəxrlə qeyd edirdi ki, Şərqdə ilk dəfə olaraq, hətta Avropanın bəzi ölkələrindən də əvvəl Azərbaycan qadınına səsvermə hüququ, seçmək və seçilmək hüququ verilmişdir. Müstəqillikdən sonra ulu öndərin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan dövləti qadın və uşaq hüquqlarını müdafiə edən və qoruyan əksər beynəlxalq konvensiyalara və sazişlərə qoşulmuş, cəmiyyətdə qadınlar üçün bütün dünyada mövcud olan ən geniş hüquqlar təmin edilmişdir. Azərbaycan qadınının rolu təkcə ev qayğıları ilə, məişət qayğıları ilə məhdudlaşdırılmamış, həyatın bütün sahələrində öz istedad və bacarıqlarını nümayiş etdirməsi, elmin, sənətin, mədəniyyətin hər bir sahəsində öz qabiliyyətini göstərməsi üçün şərait yaradılmışdır.
Qadının cəmiyyətdə kişilərlə bərabər hüquqa malik olması, onun dövlət quruculuğunda fəal iştirak etməsi, cəmiyyətin inkişafına öz töhfəsini verməsi üçün ona şərait yaradılması uzaqgörən rəhbərin başçılığı ilə hazırlanıb qəbul edilmiş yeni Azərbaycan Konstitusiyasında da təsbit olunmuşdur. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasında göstərilir ki, ailə dövlətin xüsusi himayəsindədir. Konstitusiyanın “Ailə, uşaqlar və dövlət” adlandırılan 17-ci maddəsində həmçinin qeyd edilmişdir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur, bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir, valideynləri və qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədir, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Konstitusiyanın 34-cü maddəsi isə “Nikah hüququ” adlanır. Bu maddədə hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ olduğu, nikahın könüllü razılıq əsasında bağlandığı, heç kəsin zorla evləndirilə bilmədiyi, ailənin dövlət himayəsində olduğu, dövlətin çoxuşaqlı ailələrə yardım göstərdiyi, ər və arvadın hüquqlarının bərabərliyi, uşaqlara qayğı göstərməyin və onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olduğu təsbit edilir. Həmin maddənin V hissəsini də xüsusi vurğulamaq lazımdır: “Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar”.
Bu müddəaların, Azərbaycanın milli-mənəvi dəyərlərinin Əsas Qanunda, Konstitusiyamızda da təsbit edilməsinin məhz Heydər Əliyevin ailə prinsiplərindən, ailə münasibətlərinə baxışlarından qaynaqlandığını cəsarətlə demək olar. Hər bir Azərbaycan ailəsi bu prinsipləri öz həyatında hiss edir və bundan sonra da hiss edəcəkdir.
Azərbaycan qadınları, bütövlükdə, Azərbaycan vətəndaşları ümummilli lider Heydər Əliyevin Azərbaycan ailəsi konsepsiyasına həmişə böyük hörmət və ehtiramla yanaşmış, bu tarixi şəxsiyyətin ailəyə və qadına münasibətini daim özləri üçün nümunə hesab etmişlər. Ulu öndər öz çıxışlarında Azərbaycan qadınlarının dövlətçiliyə sədaqətini, dövlətin çətin məqamlarında, xüsusilə müstəqilliyimizin ilk illərində dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında fədakarlıq göstərmələrini, Azərbaycanın iqtisadi və mədəni inkişafının təmin edilməsində xidmətlərini daim yüksək qiymətləndirmiş və qadınların hər bir işə daha məsuliyyətlə yanaşdığını, daha diqqətli və daha səliqəli olduqlarını vurğulamaqla bərabər xüsusi qeyd etmişdir: “Qadına həmişə hörmət olmalıdır, qadını həmişə sevmək lazımdır, qadına həmişə yaşamaq üçün şərait lazımdır. Bu, bizim cəmiyyətimizin borcudur, kişilərin borcudur, şübhəsiz ki, o cümlədən Prezidentin də borcudur”.
Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycanda ailənin dayaqlarını daha da möhkəmlətmək, onun hüquq və vəzifələrini müəyyənləşdirmək üçün 1999-cu ildə Ailə Məcəlləsi qəbul olunmuşdur. Bu Məcəllə Azərbaycanda ailə münasibətlərinin normal hüquqi əsaslar üzərində qurulması və davam etdirilməsi üçün hərtərəfli hüquqi baza yaratmışdır.
Məcəllədə göstərildiyi kimi, ailənin möhkəmləndirilməsi zəruri amildir, ailə münasibətləri qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmalıdır. Ailənin işlərinə kənar şəxslərin müdaxiləsi yolverilməzdir. Ailənin hər bir üzvü ailə qarşısında məsuliyyət daşıyır və onlar öz hüquqlarını maneəsiz həyata keçirə bilərlər.
Heydər Əliyev ailə dəyərlərinə hər zaman xüsusi əhəmiyyət verir, onları müqəddəs hesab edir və ailənin cəmiyyətdəki rolu haqqında deyirdi: “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. O hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusunu, qayda-qanunu, əlaqələri və prinsipləri gözləməyə borcludur. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyanı yerinə yetirməli, ailənin rifahı üçün bütün bacardığını etməli, hamıya hörmət və qayğı göstərməli, ümumilikdə mövcud olan ailə ənənələrinə və qaydalarına tam riayət etməlidir.
Ümummilli liderin ailə həyatı haqqında çəkilmiş sənədli filmə dəfələrlə baxsaq da, yenə də bu film nümayiş etdirildikdə ailə məhəbbətinin, ailə müqəddəsliyinin nə qədər böyük qüvvə olduğunu bir daha dərk edir və sədaqət, etibar, məhəbbət nümunəsi olan Əliyevlər ailəsinə böyük qibtə ilə yanaşırıq. Gənclərimiz özləri üçün nəticə çıxarır və bu ailəni özlərinə parlaq nümunə hesab edirlər.
Ulu öndər öz xatirələrində qeyd edirdi ki, gənc yaşlarından həyatı dövlət işi ilə bağlı olmuş və bütün həyatını dövlət işinə sərf etmişdir. O daha sonra deyirdi: “Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Doğrudan da, böyük dövlət xadimi və siyasi lider olan Heydər Əliyevin istər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edərkən gecəni gündüzə qataraq böyük fədakarlıqla Azərbaycan üçün gördüyü işlər heç bir ölçüyə və çərçivəyə sığmır və bu insanın əzminə, iradəsinə, tükənməz enerjisinə heyrət etməmək olmur və özünün etiraf etdiyi kimi, bu qüdrəti və gücü xalqına, Vətəninə, ailəsinə sonsuz məhəbbəti ilə yanaşı, həm də ailəsindən və xalqından gördüyü böyük etibardan, sədaqətdən və məhəbbətdən almışdır.
Milli-mənəvi dəyərlər sistemində ailənin rolunu müstəsna dəyərləndirən böyük siyasi xadim Heydər Əliyev xalqın genefondunun qorunmasında, cəmiyyətin birləşməsində və vahid məqsəd uğrunda səfərbər olunmasında ailəni daim müqəddəs bir örnək hesab edir, bütövlükdə cəmiyyətin azadlığını, xoşbəxtliyini və səadətini hər bir ailənin xoşbəxtliyində və səadətində görürdü. Ailənin dəyəri o zaman yüksək olur ki, o, cəmiyyətə öz töhfəsini verir, ona layiqli övladlar, əsl vətəndaşlar bəxş edir. Bu baxımdan da ulu öndərin gördüyü bütün işlər kimi qurduğu ailə də Azərbaycan xalqına daim nümunə olmuş və olmaqdadır.
Bu gün Azərbaycan dövlətinə böyük uğurla rəhbərlik edən, onu regionun ən qüdrətli dövlətinə çevirən, dünya liderləri sırasında söz sahibi olan hörmətli Prezident İlham Əliyevin ulu öndərin ənənələrinə sadiqliyi, onun miras qoyduğu müqəddəs ailə ənənələrini şərəflə yaşatdığı göz önündədir. Azərbaycan dövlətinin bu gün dünyaya tanıdılmasında, onun iqtisadi qüdrəti ilə yanaşı, mənəvi qüdrətinin də artırılmasında, respublikanın paytaxtı Bakının böyük siyasi tədbirlərin, qlobal forumların keçirildiyi bir məkana çevrilməsində, Azərbaycanın mənəvi sərvətlərinin beynəlxalq aləmdə geniş təbliğ olunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə Prezidenti ilə çiyin-çiyinə çalışması, bütün taleyüklü məsələlərin həllində onunla birgə olması, əslində, ulu öndərin ailə ənənələrinin ləyaqətlə davam etdirilməsidir.
Ailə dəyərlərinə xüsusi diqqət yetirən Prezident İlham Əliyev deyir: “Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və ailə dəyərləri bizim milli dəyərlərimizdir. Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün, milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır”.
Ulu öndərin Azərbaycan ailəsinə qayğı və diqqət ənənələri bu gün də Azərbaycan dövləti, onun Prezidenti İlham Əliyev, respublikanın birinci xanımı Mehriban Əliyeva, həmçinin öz humanist layihələri ilə bütün dünyada şöhrət qazanmış Heydər Əliyev Fondu tərəfindən ardıcıl və ləyaqətlə davam etdirilir. “Azərbaycan ailəsi dövlətin daimi qayğısı və himayəsi altındadır prinsipi” ardıcıl həyata keçirilir. Bunu Vətən yolunda canını qurban vermiş milli qəhrəmanlarımızın, əsgər və zabitlərimizin ailələrinə, valideyn qayğısından məhrum olmuş uşaqların təhsilinə və yaşayış şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət sübut edir. Artıq neçə ildir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikanın əksər şəhər və rayonlarında məktəb tikintisi, uşaq evlərinin və bağçaların inşası geniş vüsət almış, dövlət uşaq müəssisələrində yaşayan və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün “Məzun evi” sosial müəssisəsi yaradılmış, bu müəssisədə dövlət vəsaiti hesabına yaşayış üçün normal şərait yaradılmış, müasir kiçik mənzillər inşa edilmiş və həyata yeni atılan gənclərin öz yerini tapması üçün onlara şans verilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa olunan bu binalar məhz Heydər Əliyev ənənələrinin davamı və inkişafı sayıla bilər. Bircə faktı qeyd etmək kifayətdir ki, hazırda dövlət uşaq müəssisələrində 10 minə yaxın belə uşaq yaşayır. Onların heç biri öz sabahı üçün narahatlıq keçirmir və inamla demək olar ki, bu insanların hər biri Azərbaycan üçün layiqli vətəndaşlar olacaq və Azərbaycanın ailə dəyərlərini əxz edərək onları yaşadacaqdır.
Azərbaycan əhalisinin son illərdə sürətlə artması, dünyada bu sahədə baş verən geriləmə prosesinin əksinə olaraq demoqrafik vəziyyətin gündən-günə yaxşılaşması dediklərimizə əyani sübutdur.
Azərbaycanın bütün sahələrdə uğurları artmaqda, iqtisadi və hərbi qüdrəti yüksəlməkdədir. Bu, özünü son vaxtlar torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə köklənmiş xalqımızın qətiyyətli addımlarında və çağırışlarında aydın göstərir. Heç kəsin şübhəsi yoxdur ki, qısa müddətdə düşmən tapdağı altında olan torpaqlarımız azad ediləcək, ölkəmiz dinc həyatını daha böyük əzmlə davam etdirəcək, işğaldan azad edilmiş ərazilərimizdə düşmənin dağıtdığı kənd və şəhərlərimiz yenidən qurulacaq, onların hər birindən toy-büsat səsləri, körpə sədaları eşidiləcək və ulu öndərin ruhu bundan daha da şad olacaqdır.
Səadət İSMAYILOVA,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov rayon Qeydiyyat şöbəsinin rəisi, hüquq elmləri üzrə fəlsəfə doktoru