Ukraynalı həmkarları ilə intensiv danışıqlardan sonra Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ilə Ukrayna arasında əsas ticarət çərçivəsi olan Dərin və Hərtərəfli Azad Ticarət Zonasının (DCFTA) yenidən işlənmiş variantı üzrə prinsipial razılığın əldə olunduğunu elan edib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen vurğulayıb ki, bu, "Ukraynanın bizim İttifaqımıza tam inteqrasiyasına aparan" yolun mərhələlərindən biridir.
"Euronews" telekanalının xəbərinə görə, 2022-ci ildən - Rusiyanın işğalından sonra ticarət müvəqqəti Muxtar Ticarət Tədbirləri (ATM) ilə tənzimlənirdi və Ukraynanın Aİ-yə kənd təsərrüfatı məhsullarının ixracına dair bütün tariflər və kvotalar ləğv edilmişdi. Bu sxemin müddəti iyunun əvvəlində başa çatıb. Aİ rəsmilərinin dediyinə görə, yeni saziş daha az iddialıdır, lakin "Ukraynaya dəstək və Aİ-nin kənd təsərrüfatı sektorlarının həssaslığı və bunun gətirdiyi problemlər arasında düzgün balansa" nail olmaq məqsədi daşıyır.
Əvvəlki razılaşmalar bir sıra Aİ ölkələrində, o cümlədən Fransa və Polşada əks reaksiyaya səbəb olub. Həmin ölkələrdə fermerlər ticarət maneələri aradan qaldırıldıqdan sonra Ukraynadan idxalın kəskin artmasına etiraz ediblər.
Avropa İttifaqının ticarət komissarı Maroş Şefçoviç yeni sazişi "balanslı, ədalətli və realistik" adlandırıb. Müqavilənin tam mətni hələ dərc edilməsə də, bəzi detallar artıq məlumdur. Aİ-yə daxil olmağı hədəflənmiş Ukrayna 2028-ci ilə kimi kənd təsərrüfatı məhsulları istehsalı standartlarını Aİ standartlarına uyğunlaşdırmaq öhdəliyi götürüb. Ukraynada Aİ bazarlarını qorumaq üçün "etibarlı müdafiə mexanizmləri" tətbiq ediləcək. Yumurta, şəkər və buğda kimi əsas məhsullar üçün kvotalar artırılacaq, lakin bazar sabitliyini qorumaq üçün bu kvotalar cari ticarət həcmlərindən aşağı qalacaq.
Bildirildiyinə görə, yeni kvotalar ATM-də mövcud olan faktiki tam liberallaşdırmadan daha məhduddur. Bununla belə, bəzi mallar, məsələn, süd məhsulları, göbələklər və üzüm şirəsi tam liberallaşdırılacaq. Ukrayna da öz növbəsində Avropadan donuz əti, quş əti və şəkər idxalına kvotaları əhəmiyyətli dərəcədə artırmağa, eyni zamanda digər məhsullar üçün rüsumları azaltmağa və ya ləğv etməyə razılaşıb. Komissiya hesab edir ki, bu, xüsusilə Ukrayna ilə həmsərhəd Avropa ölkələrində Aİ fermerləri üçün ixrac imkanlarını artıracaq.
İndi tərəflər sazişin texniki aspektlərini yekunlaşdırmaq üzərində işləyəcəklər. Yaxın günlərdə komissiya sazişi Aİ ölkələrinə və Avropa Parlamentinə təqdim edəcək.
Rizvan CƏFƏROV,
"Azərbaycan"