Mayın 17-də Qazaxıstanın paytaxtı Nur-Sultan
şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin müvafiq işəgötürənlər
təşkilatlarının, o cümlədən Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə
Türk Ticarət və Sənaye Palatası (TTSP) təsis edilmişdir.
Mərasimdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev,
Qazaxıstan Respublikası Sahibkarlar Milli Palatası (QRSMP), Qırğız Respublikası
Ticarət və Sənaye Palatası (QRTSP), Türkiyə Palatalar və Birjalar Birliyinin (TƏMPB)
rəhbərləri iştirak etmişlər.
Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi, səfir Bağdat Amreyev, Qazaxıstanın Baş naziri Askar Mamin,
Qazaxıstanın Milli İqtisadiyyat naziri Ruslan
Dalenov, "Atameken” Qazaxıstan Milli Sahibkarlar Konfederasiyasının İdarə heyətinin
sədri Ablay Myrzahmedov, Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) prezidenti
Rifat Hısarcıklıoğlu, Qırğız Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti
çıxış edərək, yeni qurulan beynəlxalq palatının regionun və ümumən türk dünyasının
iqtisadi yüksəlişinə, əməkdaşlıq əlaqələrinin genişlənməsinə və dövlətlərimizin
güclənməsinə təkan verəcəyini bildirmişlər.
Hazırda Türk Ticarət və Sənaye Palatasında
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Qazaxıstan Respublikası Sahibkarlar
Milli Palatası (QRSMP), Qırğız Respublikası Ticarət və Sənaye Palatası (QRTSP),
Türkiyə Palatalar və Birjalar Birliyi (TƏMPB) təsisçi üzvlərdir. Yaxın perspektivdə
Türkmənistan, Özbəkistan Ticarət və Sənaye palataları, Macarıstanın müvafiq qurumu və digər qurumlar da təşkilata üzv ola bilərlər.
Palatanın yaradılması tezliklə region ölkələrinin biznes sektorundakı əməkdaşlığı inkişaf etdirəcək
və ölkələrimizin iqtisadi inteqrasiyasına şərait yaradacaqdır. İmzalanma mərasimində
Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və digər
qonaqlar iştirak etmişlər. Toplantıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının
Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana və Cholpon Ata şəhərlərində keçirilmiş sammitlərində
səsləndirilmiş önəmli təkliflərin reallaşdırılması üçün belə bir beynəlxalq
platformaya ehtiyac olması vurğulanmışdır.
Türkdilli dövlətlərin növbəti yubiley zirvə
görüşü bu ilin oktyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulub və bu görüş
üzv dövlətlərdə kiçik və orta biznesin inkişaf perspektivlərinə həsr ediləcəkdir.
Ümumiyyətlə, bölgə üzv dövlətlərinin biznes icmaları arasında iqtisadi əlaqələrin
gücləndirilməsi və türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas hədəflərdəndir.
Türk Ticarət və Sənaye Palatasının əsas vəzifəsi
kimi üzv ölkələr arasında mal və xidmətlərin mübadiləsinə mane olan amilləri, o
cümlədən nəqliyyat problemlərini aradan qaldırmaqla bölgədə ticarətin asanlaşdırılmasını
təmin etmək, xarici investisiya yatırımlarının artırılması məqsədilə investisiya
mühitinin inkişafına kömək göstərmək və türkdilli dövlətlərin şirkətləri arasında
yarana biləcək ticari mübahisələrin həllində qarşılıqlı yardım kimi məsələlər də nəzərdə tutulmuşdur.
Xatırladaq ki, Türkdilli Dövlətlərin Sənaye
və Ticarət Palatasının yaradılması barədə razılıq 14 dekabr 2018-ci il tarixdə Özbəkistanın
paytaxtı Daşkənd şəhərində Türkdilli Dövlətlərin Biznes Şurasının görüşündə əldə
olunmuşdu.
"Azərbaycan”