Artıq neçə vaxtdır dünyada baş verən geosiyasi proseslər yeni reallıqlar yaradıb. İndiyədək Asiya ilə Avropa arasında olan iki beynəlxalq ticarət yollarında bu gün ciddi problemlər yaşanır.
Rusiya-Ukrayna müharibəsi üzündən Çinin şimal qonşumuzun ərazisi üzərindən Avropaya gedən yolu tam bağlanıb. Qırmızı dənizdən - Süveyş kanalından keçən dəniz ticarəti yolunda da Yəməndəki hüsilərin ticarət gəmilərinə hücumlarına görə vəziyyət yaxşı deyil.
Yaranmış reallıqdan yeganə çıxış yolu Orta dəhlizdən istifadə etməkdir. O üzdən yeni qlobal marşruta beynəlxalq səviyyədə maraq artmaqda davam edir. Dünyanın ümidlə baxdığı bu ticarət marşrutunun əsas tranzit ölkələri isə türk dövlətləridir. Bu o deməkdir ki, yaranmış geosiyasi durum dünya üçün türk dövlətlərinin əhəmiyyətini artırıb.
Budapeştdə Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyev bildirmişdir ki, Orta dəhlizin imkanlarını genişləndirmək üçün Azərbaycan nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəniz limanına, gəmiqayırma zavodlarına, hava limanlarına böyük həcmdə sərmayələr qoymuşdur və görülən işlər sayəsində Azərbaycan Asiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.
Rəqəmlərə müraciət edək: ölkəmizdə bu istiqamətdə icra edilən nəhəng layihələr sayəsində ötən il Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən keçən yüklərinin həcmi 11 milyon tona çatmışdır. Azərbaycanın və qonşu ölkələrin dəmiryol infrastrukturunun təkmilləşdirilməsi dəhliz vasitəsilə daha çox yükün daşınmasına imkan yaradır. Belə ki, Orta dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyəti keçən il 5 milyon ton olmuşdur.
Prezident İlham Əliyev Budapeştdə adıçəkilən Zirvə görüşündə Orta dəhliz üzərindən yüklərin daşınmasının artırılması və digər infrastruktur layihələrinin icrası ilə bağlı ölkəmizdə görülən işlərdən danışarkən demişdir ki, Orta dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.
Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə strateji məqsədin Orta dəhlizi Şərq və Qərb arasında nəqliyyat körpüsünə çevirmək olduğunu bildirmişdir. Qazaxıstan lideri tarif siyasətindəki dəyişikliklərlə əlaqədar ciddi transformasiya yaşayan qlobal ticarətdəki vəziyyəti xatırladaraq vurğulamışdır ki, bu cür hallar həm çağırışlar, həm də yeni imkanlar yaradır. O, çətinliklərin öhdəsindən gəlmək üçün sənaye, nəqliyyat və logistika, kənd təsərrüfatı və rəqəmsallaşma kimi əsas sektorlarda səyləri birləşdirməyi təklif etmiş, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələri "Şimal-Cənub" istiqaməti də daxil olmaqla, iri infrastruktur layihələrini birgə həyata keçirməyə çağırmışdır. Bu isə türk regionunun əsas tranzit mərkəzi kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verəcək.
Rüstəm KAMAL,
"Azərbaycan"