Xamenei: "Amerikanın münaqişəyə sürüklənməsi ona zərər verəcək"
İsrail-İran qarşıdurması davam edir. İyunun 19-da İran İsrailə yeni raket zərbələri endirib. Ballistik raketlərdən biri ölkənin cənubundakı Beer- Şeva şəhərində yerləşən "Soroka" xəstəxanasına düşüb.
"The Times of Israel" xəbər verir ki, sosial şəbəkələrdə hadisə şahidlərinin raket zərbəsi nəticəsində xəstəxana binasının zədələndiyini göstərən çoxsaylı foto və videoları yayılıb. "ÆPost"un xəbərində deyilir ki, "Soroka" tibb mərkəzinin nümayəndəsi xəstəxanaya ciddi ziyan dəydiyini və yaralıların olduğu barədə məlumat verib.
İranın "Mehr" xəbər agentliyi isə bildirib ki, hücumun əsas hədəfləri İsrail ordusunun kəşfiyyat və komandanlığının qərargahı və xəstəxananın yaxınlığında yerləşən Gav-Yam texnoparkındakı kəşfiyyat düşərgəsi olub. İran tərəfinin məlumatına görə, tibb müəssisəsi yalnız partlayış dalğasına məruz qalıb və ciddi ziyan görməyib.
Həmçinin İranın raketlərinin Təl-Əviv, Ramat Qan və Holonu vurduğu barədə xəbər yayılıb. Holonda raket yaşayış binasına düşüb və bina qismən dağılıb. İranın raket zərbələri nəticəsində 65-ə yaxın insan yaralanıb. "Ynet" portalı yazır ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu hücuma görə qisas alacağını vəd edib.
İsrail ordusu dünən gecə saatlarında İrana yeni zərbələr endirib. Ordunun mətbuat xidməti bildirib ki, hədəflər Tehranda nüvə silahının inkişafı və raket istehsalı ilə bağlı obyektlər olub. Bundan əvvəl İsrail İranın Ərak və Xondab şəhərlərinin sakinlərini təxliyəyə çağırıb. İran televiziyası isə Ərakdakı ağır su nüvə reaktorunun vurulduğunu bildirib. Ərazinin əvvəlcədən boşaldıldığı və "radiasiya təhlükəsi olmadığı" iddia edilir. Əlavə edək ki, Ərakdakı ağır su reaktorunun yalnız bir hissəsi tikilibmiş və İran onu 2026-cı ildə istifadəyə verməyi planlaşdırıbmış.
Bu arada "The Wall Street Æournal" və "Bloomberg" mənbələrə istinadən bildiriblər ki, Donald Tramp İrana zərbə endirmək planını təsdiqləyib, lakin yekun əmri hələ verməyib. Qəzetin mənbələrinə görə, Amerika lideri öz köməkçilərinə hücum planlarını təsdiqlədiyini, lakin Tehranın nüvə proqramından imtina edib-etməyəcəyini bilmək üçün hələlik onun icrasını dayandırdığını bildirib. Amerikanın hücumu üçün mümkün hədəf kimi Fordo Uran Zənginləşdirmə zavodu qeyd olunur.
"Bloomberg" xəbər verir ki, ABŞ-nin yüksəkvəzifəli rəsmiləri yaxın günlərdə İrana zərbə endirmək ehtimalına hazırlaşırlar. Bəziləri bunun həftəsonu baş verə biləcəyini söyləsələr də, vəziyyətin hələ də dəyişə biləcəyini qeyd edirlər. "Bloomberg" mənbələrindən biri deyir ki, bir neçə federal agentliyin rəhbərləri də İrana zərbə endirməyə hazırlaşırlar.
Axios veb-saytının xəbərinə görə, Tramp bunker əleyhinə bombaların Fordo zavodunu məhv edə biləcəyi ilə maraqlanıb və bu barədə hərbi müşavirlərindən soruşub. Onlar buna əmin olduqlarını söyləyiblər. Lakin Tramp hələ tərəddüd edir. Prezident əmin olmaq istəyir ki, hücum həqiqətən zəruridir, o, ölkəni uzunmüddətli müharibəyə sürükləməyəcək və ABŞ İranın nüvə proqramını məhv etmək məqsədinə nail olacaq.
İran və İsrail arasında yeni qarşıdurma başlayandan bəri ABŞ ona qarışmayıb və Tramp Tehranla danışıqları davam etdirməyə ümid edib. Bu müddət ərzində Ağ Ev İrandan uranın zənginləşdirilməsindən və nüvə proqramından imtina etməyi tələb edib. İyunun 18-də jurnalistlərin İranın nüvə obyektlərinə ABŞ-nin zərbələr endirməyi planlaşdırıb-planlaşdırmadığını soruşduqda Tramp deyib: "Mən bunu edə də bilərəm, etməyə də. Heç kim nə edəcəyimi bilmir". O, daha sonra əlavə edib ki, Vaşinqton müharibəyə qarışmaq istəmir, lakin İran bir neçə həftə ərzində nüvə silahı hazırlaya bilərdi.
İranın ali dini lideri Ayətullah Əli Xamenei Vaşinqtona xəbərdarlıq edib ki, onun İsrail tərəfində münaqişəyə cəlb olunması ABŞ-yə ciddi ziyan vuracaq. Eyni zamanda Xamenei ABŞ-nin təslim olmaq çağırışlarını qəti şəkildə rədd edərək Vaşinqtona xəbərdarlıq edib: "Əgər Amerika bu münaqişəyə qarışsa, ona 100 faiz ziyan vurulacaq. Ona dəyəcək zərər İranın potensial olaraq çəkə biləcəyi zərərdən qat-qat çox olacaq. Əgər ABŞ hərbi əməliyyata qarışsa, Amerikaya dəyən zərər şübhəsiz ki, bərpaolunmaz olacaq".
ABŞ Milli Kəşfiyyat Xidmətində hələ də İranın nüvə silahı yaratmaq üzərində işlədiyinə dair heç bir dəlil yoxdur. Bunu Amerika Senatının Kəşfiyyat üzrə xüsusi komitəsinin sədr müavini Mark Uorner deyib. Demokratlar Partiyasının nümayəndəsi bu günlərdə komitənin senatorlara təqdim etdiyi Milli Kəşfiyyat Xidmətinin məlumatlarına istinad edib.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) də öz məlumatlarına əsaslanaraq hesab edir ki, İran nüvə silahı istehsalına cəhd etməyib. Bununla bağlı agentliyin baş direktoru Rafael Qrossi Sky News telekanalına deyib. "Bizim qənaətimizə əsasən, hazırda İranda nüvə silahı istehsalı üçün sistemli cəhdlərin olduğunu deyə bilmərik". Onun sözlərinə görə, MAQATE-nin İsrail tərəfindən geniş istinad edilən hesabatında bildirilir ki, İran uranı 60 faiz zənginləşdirir və bu, dünyada bunu edən yeganə ölkədir. Ona görə də "narahatlıq üçün əsaslar var idi". "Lakin biz onların nüvə silahı yaratdıqlarını və istehsal etdiklərini deməmişik", - deyə Qrossi vurğulayıb.
Eyni zamanda MAQATE İsrailin nüvə obyektlərinə davam etdirdiyi hücümların təsirindən narahatdır və qeyd edir ki, nüvə obyektlərinə zərbə endirərkən "nüvə materialının hissəciklərinin atmosferə yayılması" kimi radioloji fəsadların hər zaman başvermə ehtimalı var.
Rizvan CƏFƏROV,
"Azərbaycan"