111 il öncə okeana qərq olan əfsanəvi gəmini görmək istəyənlərin də həyatı faciəvi sonluqla bitdi
Atlantik okeanının 3800 metr dərinliyinə qərq olmuş "Titanik"i ziyarət etmək üçün səfərə çıxan turistləri daşıyan "OceanGate" şirkətinin "Titan" adlı sualtı gəmisi günlərdir yoxa çıxmışdı. Dünya mediasının gündəmində olan hadisədə səfərə yollananların 5 nəfər olduğu bildirilirdi. İyun ayının 18-dən yoxa çıxan gəminin axtarışlarına başlanılmışdı.
"Titan" saat 08:00-da dənizə enmiş və onun saat 15:00-da qayıdacağı gözlənildiyi halda, gəmi ilə əlaqə enişdən 1 saat 45 dəqiqə sonra, təxminən 09:45-də kəsilmişdi. Problem barədə sahil mühafizəsinə təxminən saat 17:45-də - 8 saat sonra məlumat verilmişdi.
250 min dollarlıq "ölüm" macərası
Bir nəfər üçün qiyməti 250 min dollar olan səyahətə qatılan macərapərəstlərin kimliyi təbii ki, hər kəs üçün maraqlı idi. Gəminin yoxa çıxmasından sonra günlərlə araşdırmalar davam etsə də, onların sağ qalıb-qalmaması ilə bağlı fərziyyələr də müxtəlif idi. Bu zaman gəminin təhlükəsizlik tədbirlərinin hansı səviyyədə olduğu sual doğururdu ki, elə bununla bağlı müxtəlif xəbərlərə rast gəlmək mümkündür.
"OceanGate"nin gəmisi ilə dəfələrlə "Titanik"ə səfərlər təşkil edilsə də, şirkətin əvvəlki əməkdaşının onun 3000 metr dərinliyə enməyə qadir olmadığı ilə bağlı iddialar səsləndirdiyi üçün işdən çıxarılması xəbərlərdə yer aldı. Los-Ancelesdəki Kapitanlı Sualtı Vasitələr Komitəsinin sədri Uilyam Kohnen bildirdi ki, əvvəllər "OceanGate" şirkətinə gəmisinin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını bildirən məktub yazıb. O, "fəlakətin qarşısı açıq şəkildə alına bilərdi" sözlərini işlədib.
Batmış "Titanik"ə turistləri daşıyan sualtı qayığın cəmi 96 saatlıq oksigen ehtiyatı olduğu bildirilmişdi. Bunun 10 saatdan çoxu "Titanik"ə gedib-gəlmək üçün sərf edilsə də, təxminən 4 günlük ehtiyatın olduğu açıqlanmışdı.
Beləliklə, gün keçdikcə, araşdırmalar nəticə vermədikcə, gəmi heyətinin sağ qalması ilə bağlı ümidlər də itirdi. Tarixinin ən böyük sərnişin gəmisi, bir əsrdən çoxdur haqqında, fəlakətlə bağlı müxtəlif hekayələr eşitdiyimiz əfsanəvi "Titanik"i görmək üçün okeanın dərinliyinə baş vuranlar da elə möcüzəvi şəkildə yoxa çıxdılar.
Partlayışla bağlı səsin öncəki günlərdə eşidildiyi qeyd edilsə də, ABŞ Sahil Mühafizə Xidməti bunu təsdiqləməmişdi. Xidmət ayın 22-də sualtı qayıqda daxili partlayış baş verdiyini və hər kəsin öldüyünü açıqladı. Bildirildi ki, Şimali Atlantikada yerləşən dağıntı sahəsi sualtı gəminin fəlakətli partlayışa məruz qaldığını göstərir.
Bu, ABŞ, Kanada və Fransa agentliklərinin rəhbərlik etdiyi beşgünlük geniş axtarış-xilasetmə əməliyyatına səbəb oldu. Cümə axşamı axşam saatlarında sahil mühafizəsi "Titan"ın beş əsas hissəsini tapdı və bildirdi ki, gəminin mühafizə qurğusunun sıradan çıxması fəlakətə səbəb olub. Qeyd edildi ki, həlak olanların cəsədlərinin nə vaxtsa çıxarılıb və ya çıxarılmayacağı bilinmir.
"OceanGate" şirkəti də bəyanatında 5 nəfərin öldüyünü bildirmiş və həyatını itirənlərin ailələrinə başsağlığı vermişdir. Şirkət bəyanatında qeyd etmişdir ki, bu insanlar fərqli macəra ruhu və dünya okeanlarını kəşf etmək üçün dərin entuziazmi olan əsl kəşfiyyatçılar idilər.
Hadisə ilə bağlı mütəxəssis rəyləri də mövcuddur. Sualtı qayıq mütəxəssisi Ofer Ketter bildirib ki, "Titan"da baş verən partlayış bütün ekipaj üzvlərini öldürüb. O vurğulayıb ki, partlayış baş verən zaman gəmidəki beş nəfər nə baş verdiyini anlamağa belə vaxt tapmayıb.
"Titan"da həyatını itirən milyonçu macəraçılar
"Titan"da "Titanik"ə görə səfərə çıxan 5 nəfərin kimliyi açıqlanıb. Onlardan ikisi Pakistanın zəngin ailələrindən olan Britaniya vətəndaşı, "Dawood Hercules Corp" şirkətinin rəhbəri 48 yaşlı Şahzadə Dawood və onun 19 yaşlı oğlu Süleymandır.
Bundan başqa, ölənlər arasında britaniyalı milyarder iş adamı Hamiş Hardinq də var. O, okeana dalmağa başlamazdan əvvəl sosial media hesabında paylaşım edərək Nyufaundlenddə son 40 ilin ən pis qışı səbəbindən bu missiyanın "Titanik"ə 2023-cü ildə ilk və yeganə insanlı missiya olacağını yazmışdı.
Həlak olanlar arasında Fransa donanmasının keçmiş dalğıcı Paul-Henri Narqeolet də var. 73 yaşlı dalğıc, həmçinin "Titanik"in tədqiqatçılarından olub. 1987-ci ildə "Titanik"ə görə okeana dalan Narqeoletə "Mr Titanic" ləqəbi verilib. O, 37 dəfə suya enərək 800 müxtəlif obyekti sahilə çıxarıb.
Ölən 5-ci şəxs isə gəminin pilotu və "OceanGate"nin qurucusu Stokton Raşdır. Şirkətin təsisçisinin ölümündən sonra yayılan məlumatlara görə, onun qohumları 1912-ci il "Titanik" hadisəsinin qurbanlarından olublar. Belə ki, Raşın həyat yoldaşının ulu babası və nənəsi batan gəmidə birinci dərəcəli sərnişin heyətində yer alıblar.
Beləliklə, 111 ildən sonra daha 5 nəfər "Titanik"ın qurbanı oldu. Onların ölümünün təfərrüatları bilinməsə də, görünən odur ki, "Titanik" onu görmək istəyənlərin faciəvi sonluğu ilə daha 100 il də dillərdə dolaşacaq.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"