Biz onların əməyini hər gün, hər saat görür, hiss edirik. Piyada səkisi ilə yol getdiyimiz yerdə, maşınla küçələrdən keçdiyimiz zaman yollarda təmizlik işləri aparan, meydan və parklarda təmizliyi qoruyan, səliqə-sahman yaradan qardaş-bacılarımızı görəndə ürəyimizdə onlara minnətdarlıq hissləri oyanır.
Şəhərimizin abad, yaraşıqlı, səliqə-sahmanlı, təmiz görünməsində, ümumən rayonumuz haqqında xoş təəssüratın yaranmasında bu adamların əməyi ölçüyəgəlməzdir. Onlar səhər saatlarından küçələrimizdə təmizlik işləri görür, şəhər sakinlərinə nümunəvi xidmət göstərirlər.
Söhbət Hacıqabul Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçilərindən gedir. Birliyin fəhlələrindən Rahil İslamov, Ruslan Məmmədov, Səlmi Cabbarova, Ziyafət Mikayılova, Şəfaqət Məmmədova, Seymur Mikayılov, Nəcibə Alışova, Gülzar Quliyeva və Məmməd Məmmədovun şəhər ərazisində təmizliyin olmasında əməkləri çoxdur. Son aylar Hacıqabul şəhərinin Asif Abdullayev, İsmət Qayıbov, Məhəmməd Əsədov, Əliağa Vahid və Məmməd Əmin Rəsulzadə küçələrində onların apardığı təmizlik işləri təqdirəlayiqdir. Zibildaşıyan maşınların sürücüləri Asif İsmayılov, Anar İbrahimov da işlərində diqqətlidirlər, çalışırlar ki, küçələrdən zibilləri vaxtında yığışdırıb daşısınlar.
Hacıqabul Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin müdiri Aqil Aslanov deyir ki, şəhərimizin ərazisində ekoloji tarazlığın bərpa olunması, sakinlərimizin təmiz hava udması, sağlamlıqlarının qorunması və s. məsələlərin həlli işçilərimizin işə məsuliyyətlə yanaşmalarından asılıdır: "Odur ki, küçələrdə, meydan və parklarda təmizlik işlərini vaxtında, yubanmadan yerinə yetirirlər. Şəhərimizin ərazisini daim təmiz saxlamaq, şəhərin havasının saflaşdırılmasına xidmət edən digər zəruri tədbirlər görmək bizim əsas vəzifəmizdir və çalışırıq ki, həmin vəzifənin öhdəsindən layiqincə gələk".
Nazim ZEYNALOV,
"Hacıqabul" qəzetinin əməkdaşı