06 Aprel 2024 08:45
1401
İQTİSADİYYAT
A- A+
Təbiət canlı olduğu üçün...

Təbiət canlı olduğu üçün...

 

O da qayğıkeşlik və diqqət tələb edir

 

Antuan de Sent-Ekzüperi deyirdi: "Biz hamımız Yer kürəsi adlı gəminin sərnişinləriyik. Deməli, bizim minəcək başqa nəqliyyat vasitəmiz yoxdur".  Ötən əsrin birinci yarısında yaşamış yazıçının bu sözləri nə vaxt dediyini və hazırda ekosistemin hansı həddə olduğunu nəzərə alsaq, ekoloji təhsil və tərbiyənin vacibliyini dərk etmək çətin olmaz.
Bu gün Yer kürəsi elə bir inkişaf mərhələsinə çatıb ki, onun daha yaradıcı, daha məsuliyyətli və daha vicdanlı insanlara ehtiyacı var. Planeti qorumaq, onun məhvinə səbəb ola biləcək süni əngəlləri aradan qaldırmaq  üçün  vicdan və məsuliyyət ən təsirli "qalxan"dır.  İnsanın bu təsirli vasitəyə sahib olması uşaq yaşlarından başlayır. Təlim- tərbiyə prosesində ekoloji tərbiyəni önə çəkməklə onun yüksək səviyyəsinə nail olmaq mümkündür. 
İnsan təbiətlə kiçik yaşlarından üz-üzə gəldiyi üçün onun ilk müəllimi də təbiət olur. Bununla belə, ekoloji təhsil məktəbdə başlamalıdır. Uşaqlara erkən yaşlarından təbii  ehtiyatlardan ağıllı istifadə etməyi öyrətmək çox vacibdir. Çünki "Yer kürəsindən başqa minəcək nəqliyyat vasitələri olmadığından" planetin gələcək taleyi onların əlində olacaq. Uşaqlar bitki, ağac, çay, quş, heyvan və hətta həşarat haqqında, eyni zamanda çirklənmə, qaz tullantıları, enerji istehlakı, təkrar emal, sudan düzgün istifadə və digər vacib nəsnələri məktəbdə əxz etməklə yanaşı, təbiətdən də öyrənirlər. Nəticədə ekoloji təhsillə paralel ekoloji mədəniyyət formalaşır ki, bu da ekoloji maarifləndirmənin gücləndirilməsini tələb edir.
Azərbaycanda bu istiqamətdə  əlaqədar qurumlarla təhsil sistemi arasında indiyə qədər  kifayət qədər birgə iş görülüb və bu, indi də davam edir. Xüsusən  "Yaşıl dünya naminə həmrəylik ili"ndə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində bu, özünü daha qabarıq  göstərir.  Bu günlər Energetika Nazirliyi tərəfindən İctimai Şuranın iştirakı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bakı şəhəri, Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə "Gənc nəslin bərpaolunan enerji mənbələri haqqında maarifləndirilməsi" mövzusunda görüş keçirilib. Tədbirdə bərpaolunan enerji mənbələrindən istifadənin inkişafı istiqamətində Azərbaycanda görülən işlərdən bəhs edilib, həyata keçirilən layihələr, prioritetlər və gələcək hədəflər barədə məlumat verilib. Şagirdlərə gələcəkdə ixtisas seçimində "yaşıl enerji" və enerji səmərəliliyi kimi istiqamətləri də nəzərdən keçirmələri tövsiyə olunub. İctimai Şura üzvlərinin bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı, su və enerji kimi resurslara qənaət, ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması barədə çıxışları dinlənilib, "yaşıl enerji" sahəsinin inkişafı üzrə apardığı təbliğat və maarifləndirmə işləri diqqətə çatdırılıb. 
Məlumat üçün bildirək ki, məktəblərdə ekoloji təhsilin verilməsi Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən tələb olunur. UNESCO-ya görə uşaqlara ekoloji təhsil verilməsinin dörd səbəbi var. Bu, onlara ekoloji problemləri bildirmək, ətraf mühitə qayğını artırmaq,  mühiti öyrənmək qabiliyyətlərini genişləndirmək və  enerji, mənzərə, hava, su, təbii sərvətlər, canlı təbiət kimi mövzularda ekoloji biliklərini genişləndirməkdən ibarətdir. 
Təsadüfi deyil ki, hər il yanvarın 26-da Dünya Ekoloji Təhsil Günü qeyd edilir. Belə bir günün qeyd edilməsində əsas məqsəd ətraf mühit problemlərinə, onların həllinə ictimai fikri yönəltmək və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqda ekoloji təhsilin və ekoloji maarifləndirmənin vacibliyini gündəmə gətirməkdir. Yeri gəlmişkən xatırladaq ki, müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda İsveçin paytaxtı Stokholmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının "İnsanın ətraf mühiti" adlanan konfransında beynəlxalq status alıb. Konfransın 21-ci plenar iclasında Stokholm Sazişi qəbul edilib. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsip müəyyən olunub. Prinsiplərdən biri "Ətraf mühit üzrə təhsil vacibdir" adlanır. Həmin gün  dünyanın bir çox ölkələrinin  təhsil müəssisələrində, uşaq bağçalarında ekoloji təhsilin vacibliyi, ekoloji şüurun formalaşması və dövlətlərarası təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət çəkilir, ekoloji məsələlərə həsr edilmiş konfranslar və seminarlar keçirilir, "dəyirmi masa"lar təşkil olunur. 
Bütün bunlar ekoloji mədəniyyətin və ekoloji maarifləndirmənin genişləndirilməsidir ki, bu da məktəblidən təbiətə, ətraf mühitə qayğı göstərməyi, ekoloji cəhətdən mədəni davranmağı tələb edir. Ekoloji mədəniyyət  təkcə yerə zibil atmamaq deyil, həm də enerjidən, sudan, qazdan, ümumiyyətlə, təbii sərvətlərdən düzgün və qənaətlə istifadə etmək, təbiətdəki canlılara nəvazişlə yanaşmaqdır. Bu davranışları  ekologiya elmi ilə əldə etmək mükündür. Məktəblinin ekologiya elmini öyrənməsi  ekoloji təhsilə və mədəniyyətə bağlıdır. Bu məsələdə ekologiyaya aid yazılan kitablar,  dərs vəsaitləri onun yol yoldaşı olmalıdır. 
Akademik Həsən Əliyevin təbirincə desək, "Təbiətin keşiyini çəkməyə söz silahının gücü ilə geniş kütləni qaldırmaq lazımdır". Ötən əsrin 80-ci illərində Həsən Əliyevin "Həyəcan təbili" adlı kitabını orta məktəb şagirdləri sevə-sevə oxuyurdular. Hətta oxumağı sevməyən şagirdlər belə, "Həyəcan təbili"ni əldə etməyə çalışırdılar. Az qala hər kəsin masaüstü kitabına çevrilən "Həyəcan təbili"ndə Azərbaycanda "Qırmızı kitab"a düşən canlılar, qoruqlar və yasaqlar haqqında məlumatlar yer almışdı. Məhz bu kimi kitab və jurnallar uşaqların, gənclərin ekoloji tərbiyəsinə, təhsilinə və mədəniyyətinə "yaşıl işıq" yandırır və həm bu amillər, həm də COP29 kimi beynəlxalq tədbirlər "yaşıl dünya" yaratmağın ən optimal varint olduğunu təsdiq edir.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib  

14:29
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!