O da qayğıkeşlik və diqqət tələb edir
Antuan de Sent-Ekzüperi deyirdi: "Biz hamımız Yer kürəsi adlı gəminin sərnişinləriyik. Deməli, bizim minəcək başqa nəqliyyat vasitəmiz yoxdur". Ötən əsrin birinci yarısında yaşamış yazıçının bu sözləri nə vaxt dediyini və hazırda ekosistemin hansı həddə olduğunu nəzərə alsaq, ekoloji təhsil və tərbiyənin vacibliyini dərk etmək çətin olmaz.
Bu gün Yer kürəsi elə bir inkişaf mərhələsinə çatıb ki, onun daha yaradıcı, daha məsuliyyətli və daha vicdanlı insanlara ehtiyacı var. Planeti qorumaq, onun məhvinə səbəb ola biləcək süni əngəlləri aradan qaldırmaq üçün vicdan və məsuliyyət ən təsirli "qalxan"dır. İnsanın bu təsirli vasitəyə sahib olması uşaq yaşlarından başlayır. Təlim- tərbiyə prosesində ekoloji tərbiyəni önə çəkməklə onun yüksək səviyyəsinə nail olmaq mümkündür.
İnsan təbiətlə kiçik yaşlarından üz-üzə gəldiyi üçün onun ilk müəllimi də təbiət olur. Bununla belə, ekoloji təhsil məktəbdə başlamalıdır. Uşaqlara erkən yaşlarından təbii ehtiyatlardan ağıllı istifadə etməyi öyrətmək çox vacibdir. Çünki "Yer kürəsindən başqa minəcək nəqliyyat vasitələri olmadığından" planetin gələcək taleyi onların əlində olacaq. Uşaqlar bitki, ağac, çay, quş, heyvan və hətta həşarat haqqında, eyni zamanda çirklənmə, qaz tullantıları, enerji istehlakı, təkrar emal, sudan düzgün istifadə və digər vacib nəsnələri məktəbdə əxz etməklə yanaşı, təbiətdən də öyrənirlər. Nəticədə ekoloji təhsillə paralel ekoloji mədəniyyət formalaşır ki, bu da ekoloji maarifləndirmənin gücləndirilməsini tələb edir.
Azərbaycanda bu istiqamətdə əlaqədar qurumlarla təhsil sistemi arasında indiyə qədər kifayət qədər birgə iş görülüb və bu, indi də davam edir. Xüsusən "Yaşıl dünya naminə həmrəylik ili"ndə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində bu, özünü daha qabarıq göstərir. Bu günlər Energetika Nazirliyi tərəfindən İctimai Şuranın iştirakı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bakı şəhəri, Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə "Gənc nəslin bərpaolunan enerji mənbələri haqqında maarifləndirilməsi" mövzusunda görüş keçirilib. Tədbirdə bərpaolunan enerji mənbələrindən istifadənin inkişafı istiqamətində Azərbaycanda görülən işlərdən bəhs edilib, həyata keçirilən layihələr, prioritetlər və gələcək hədəflər barədə məlumat verilib. Şagirdlərə gələcəkdə ixtisas seçimində "yaşıl enerji" və enerji səmərəliliyi kimi istiqamətləri də nəzərdən keçirmələri tövsiyə olunub. İctimai Şura üzvlərinin bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı, su və enerji kimi resurslara qənaət, ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması barədə çıxışları dinlənilib, "yaşıl enerji" sahəsinin inkişafı üzrə apardığı təbliğat və maarifləndirmə işləri diqqətə çatdırılıb.
Məlumat üçün bildirək ki, məktəblərdə ekoloji təhsilin verilməsi Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən tələb olunur. UNESCO-ya görə uşaqlara ekoloji təhsil verilməsinin dörd səbəbi var. Bu, onlara ekoloji problemləri bildirmək, ətraf mühitə qayğını artırmaq, mühiti öyrənmək qabiliyyətlərini genişləndirmək və enerji, mənzərə, hava, su, təbii sərvətlər, canlı təbiət kimi mövzularda ekoloji biliklərini genişləndirməkdən ibarətdir.
Təsadüfi deyil ki, hər il yanvarın 26-da Dünya Ekoloji Təhsil Günü qeyd edilir. Belə bir günün qeyd edilməsində əsas məqsəd ətraf mühit problemlərinə, onların həllinə ictimai fikri yönəltmək və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqda ekoloji təhsilin və ekoloji maarifləndirmənin vacibliyini gündəmə gətirməkdir. Yeri gəlmişkən xatırladaq ki, müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda İsveçin paytaxtı Stokholmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının "İnsanın ətraf mühiti" adlanan konfransında beynəlxalq status alıb. Konfransın 21-ci plenar iclasında Stokholm Sazişi qəbul edilib. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsip müəyyən olunub. Prinsiplərdən biri "Ətraf mühit üzrə təhsil vacibdir" adlanır. Həmin gün dünyanın bir çox ölkələrinin təhsil müəssisələrində, uşaq bağçalarında ekoloji təhsilin vacibliyi, ekoloji şüurun formalaşması və dövlətlərarası təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət çəkilir, ekoloji məsələlərə həsr edilmiş konfranslar və seminarlar keçirilir, "dəyirmi masa"lar təşkil olunur.
Bütün bunlar ekoloji mədəniyyətin və ekoloji maarifləndirmənin genişləndirilməsidir ki, bu da məktəblidən təbiətə, ətraf mühitə qayğı göstərməyi, ekoloji cəhətdən mədəni davranmağı tələb edir. Ekoloji mədəniyyət təkcə yerə zibil atmamaq deyil, həm də enerjidən, sudan, qazdan, ümumiyyətlə, təbii sərvətlərdən düzgün və qənaətlə istifadə etmək, təbiətdəki canlılara nəvazişlə yanaşmaqdır. Bu davranışları ekologiya elmi ilə əldə etmək mükündür. Məktəblinin ekologiya elmini öyrənməsi ekoloji təhsilə və mədəniyyətə bağlıdır. Bu məsələdə ekologiyaya aid yazılan kitablar, dərs vəsaitləri onun yol yoldaşı olmalıdır.
Akademik Həsən Əliyevin təbirincə desək, "Təbiətin keşiyini çəkməyə söz silahının gücü ilə geniş kütləni qaldırmaq lazımdır". Ötən əsrin 80-ci illərində Həsən Əliyevin "Həyəcan təbili" adlı kitabını orta məktəb şagirdləri sevə-sevə oxuyurdular. Hətta oxumağı sevməyən şagirdlər belə, "Həyəcan təbili"ni əldə etməyə çalışırdılar. Az qala hər kəsin masaüstü kitabına çevrilən "Həyəcan təbili"ndə Azərbaycanda "Qırmızı kitab"a düşən canlılar, qoruqlar və yasaqlar haqqında məlumatlar yer almışdı. Məhz bu kimi kitab və jurnallar uşaqların, gənclərin ekoloji tərbiyəsinə, təhsilinə və mədəniyyətinə "yaşıl işıq" yandırır və həm bu amillər, həm də COP29 kimi beynəlxalq tədbirlər "yaşıl dünya" yaratmağın ən optimal varint olduğunu təsdiq edir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"