Hər bir xalq yaratdıqlarına görə tarixə düşür. Hər bir tarixi şəxsiyyət də xidmətlərinə görə tanınır və dillər əzbəri olur. Azərbaycan xalqı da tarix boyu ədalətinə və tolerantlığına görə dünya xalqları içərisində böyük nüfuz qazanıb.
Dünyanın qədim dövlətləri sırasında yer alan Manna, Albaniya, Atropatena öz müstəqilliklərini qorumaq üçün düşmənə hər cür müqavimət göstərmiş və bu gün xalqımızın öyünməsi üçün şərəfli bir tarix miras qoyublar. Orta əsrlərin Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu və nəhayət, Səfəvilər dövləti Müsəlman Şərqinin qüdrətli dövlətləri sırasında yer ala biliblər. Səfəvilər bir az da irəli gedərək imperiya yaratmağa nail olublar. Azərbaycan xalqı bu dövlətin yaradıcısı Şah İsmayıl Xətaini min illərdir ki, tariximizin qəhrəmanı kimi anır və müstəqilliyimiz dövründə onun şərəfinə abidələr ucaldılıb.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan milli-demokratik ziyalılarımız Müsəlman Şərqində ilk parlamentli respublikanın bünövrəsini qoyaraq tarixə düşdülər. 23 ay yaşayan bu dövlət 350 ilkə imza atmağa müvəffəq oldu.
1920-ci ilin aprelindən sonra Azərbaycan müstəqil dövlət kimi yox, müttəfiq respublika kimi fəaliyyət göstərdi. Hər bir müttəfiq respublika nəhəng sovet dövlətindən yararlanmaq istəyirdi. Bu daha çox müttəfiq respublikaya rəhbərlik edən şəxsin bacarığından asılı idi.
Heydər Əlirza oğlu Əliyev 1969-cu il iyulun 14-dən Azərbaycana rəhbərlik etməyə başladı. Həmin ilin martında ittifaq mərkəzinin tapşırığı ilə Azərbaycan Ali Soveti Rəyasət Heyəti dörd min kvadrat kilometr Azərbaycan torpağının Ermənistana verilməsi haqqında qərar çıxarmışdı. Heydər Əliyev hakimiyyəti dövründə bu qərarın icra olunmasına imkan verməmişdi.
1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universitetinin 50 illik yubileyi 1969-cu ildə keçirildi. Yubiley toplantısında Heydər Əliyev öz nitqinə Azərbaycan dilində başladı. Bu o dövr üçün çox böyük siyasi hadisə idi. Heç kimin ağlına gəlmirdi ki, rus dilinin hökm sürdüyü bir dövrdə müttəfiq respublikanın rəhbəri öz doğma dilində məruzə edə bilər. Amma Heydər Əliyev bu çıxışı edərək xalqını inandıra bildi ki, anasının ona laylay çaldığı dil əzizdir, doğmadır, müqəddəsdir.
Azərbaycanı aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevirən respublika rəhbəri ölkədə hərbi məktəb yaratmaq üçün uzun illər mərkəzlə üz-üzə gəldi və nəhayət, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasına nail oldu.
Azərbaycanda mükəmməl ziyalı ordusu yaratmaq üçün hər il minlərlə Azərbaycan gəncini ölkənin ən nufuzlu ali məktəblərinə göndərdi.
1977-ci ildə SSRİ-nin növbəti Konstitusiyası qəbul edildi. Məqsəd ondan ibarət idi ki, müttəfiq respublikalar milli dil məsələsində israr etməsinlər. Heydər Əliyev mərkəzin bütün təzyiqlərinə baxmayaraq, 1978-ci il konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail oldu.
Heydər Əliyevə qədər Azərbaycan xalqının milli sərvəti olan neft və qaz qonşu respublikalara onların sərvəti kimi verilirdi. Heydər Əliyev mərkəzin bu siyasətini də respublikanın xeyrinə dəyişməyi bacardı.
Heydər Əliyevə qədər hərbi xidmətə çağırılan azərbaycanlı gənclərin demək olar ki, əksəriyyəti tikinti batalyonlarına göndərilirdi. Heydər Əliyev bu sahədə də dönüş yarada bildi. Azərbaycanlı gənclər də müasir silahlarla təchiz edilən hərbi hissələrdə xidmət etməyə başladılar.
Azərbaycan neftinin gələcək taleyini uzaqgörən siyasəti ilə müəyyən edən Heydər Əliyev Dərin Özüllər Zavodunun tikilməsinə nail oldu. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin bu sahədə uzaqgörən siyasətinə heyran olmamaq mümkün deyil.
Azərbaycanı uğurlu və bacarıqlı siyasəti ilə müttəfiq respublikalar arasında birincilərdən edən Heydər Əliyev sovet dövlətinin idarəçiliyində də böyük xidmətləri olmuşdur. Heydər Əliyev yeganə türk-müsəlmandır ki, 70 ildən çox fəaliyyət göstərən bu dövləti idarə edənlərdən biri oldu. Əgər imkan versəydilər, bu dövləti idarə edən birinci şəxs də ola bilərdi.
Sovet dövlətinin süqutundan sonra Heydər Əliyev Moskvada yox, Azərbaycanda öz xalqının yanında olmaq istədi. 1990-cı il 20 Yanvar qırğını göstərdi ki, Azərbaycan xalqı köməksiz vəziyyətdədir. Xalqın tələbi ilə hakimiyyətin istəyi üst-üstə düşmürdü. Erməni tərəfi öz havadarlarına arxalanaraq Azərbaycanın tarixi torpaqlarına sahib olmaq istəyirdi. Hakimiyyət buna biganə idi. Digər tərəfdən də Heydər Əliyevin Azərbaycana dönüşünü əngəlləmək üçün planlar hazırlayırdı.
Azərbaycandan uzaq düşən Naxçıvan ağır blokada həyatı yaşamaqda idi. Heydər Əliyev Naxçıvanın harayına çatdı, bütün çətinliklərə sinə gərərək, bölgəni işğal təhlükəsindən qurtara bildi. Muxtar respublikanın əhalisini inandırdı ki, Naxçıvanın bir qarış torpağını da düşmənə güzəştə getməyəcək. Bakıda hakimiyyət uğrunda mübarizə qızışan vaxtda Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərinin bərpası haqqında Naxçıvan Ali Məclisinin qərarını qəbul etdi, sovet sosialist ifadəsindən imtina etdi.
1991-ci ilin oktyabrında dövlət müstəqilliyinin bərpası haqqında qəbul edilən Konstitusiya Aktı ağır bir dövrə təsadüf edirdi. 1993-cü ilin yayında yenicə müstəqilliyini qazanmış ölkəmiz çətin günlərini yaşayırdı. Düşmən Şuşanı, Laçını, Kəlbəcəri işğal etdi, Qarabağ və ətraf rayonlar üçün böyük təhlükə yarandı. 20 Yanvar qırğınının mahiyyətini dünyaya çatdırmamış, Xocalı soyqırımını yaşamağa məcbur edildik. Vətəndaş müharibəsinin ilk işartıları Azərbaycanı təhdid etməyə başladı. Hakimiyyət hərisləri ölkəni parçalamaq və işğal təhlükəsi ilə üz-üzə qoydular. Belə bir məqamda hamı, hətta siyasi hakimiyyət də ümidini Naxçıvana bağlayır və nicatını Heydər Əliyevin Bakıya dönüşündə görürdü.
Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanı parçalanmaq və yox olmaq təhlükəsindən qurtarmaq üçün Bakıya gəldi. Azərbaycan Xalq Cümhuriyyətinin acı taleyini yaşamamaq üçün güclü dövlət başçısına, cəsarətli Ali Baş Komandana ehtiyac var idi. Naxçıvanda yenidən qaldırılan və bütün Azərbaycana şərəf gətirən üçrəngli bayrağı əbədi etmək üçün xalqın Heydər Əliyevə hava və su qədər ehtiyacı var idi. Heydər Əliyev də Bakıya gəldi, illərlə rəhbərlik etdiyi xalqının ən çətin günlərində onun yanında oldu. Heç bir təhlükə və təhdid onu yolundan döndərə bilmədi. Heydər Əliyev parçalanmaq təhlükəsi ilə üz-üzə dayanan dövlətimizin başına keçdi və bu yolda əngəl olan bütün qüvvələri öz zəngin dövlətçilik təcrübəsi və bacarığı ilə aradan qaldırdı.
Heydər Əliyev 15 iyuna gələn yolu xilas etdiyi kimi, 15 iyundan sonra da şərəfli bir tarixin əsasını qoydu.
Ölkədə daxili sabitliyə nail oldu, dövlət çevrilişləri cəhdlərini zərərsizləşdirdi, təcavüzkar Ermənistanla atəşkəsə nail oldu. Daha sonra Bakı neftini dünya bazarına çıxarmaq üçün "Əsrin müqaviləsi" imzalandı, Azərbaycanı təhdidlərdən qorumaq üçün Müstəqil Dövlətlər Birliyinə üzv qəbul olunmasına razılıq verdi. 1990-cı il 20 Yanvar və Xocalı soyqırımına siyasi qiymət verməyə, 31 martın azərbaycanlıların soyqırımı günü kimi təsbit olunmasına, Azərbaycanda ölüm hökmünün və senzuranın ləğv edilməsinə, ATƏT-in Lissabon Sammitində bu beynəlxalq təşkilatın 54 üzvündən 53-nün (Ermənistandan başqa) Qarabağ probleminin həllində Azərbaycanın milli maraqlarına uyğun prinsiplərin açıq şəkildə müdafiəsinə, Azərbaycanın Avropa Parlament Şurasına üzv qəbul olunmasına, müstəqil dövlətin ilk Konstitusiyasının yaradılmasına və ilk parlament seçkilərinin keçirilməsinə, aqrar islahat həyata keçirməklə torpaqların təmənnasız olaraq kəndlilərə verilməsinə nail oldu. Eyni zamanda qonşu dövlətlər, o cümlədən dünyanın nüfuzlu dövlətləri ilə balanslaşdırılmış siyasət həyata keçirilməyə başlandı. Dünyanın, o cümlədən BMT-nin ali tribunasından Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa olunmasına, ordu quruculuğu sahəsində uğurlar qazanmaq və düşməni torpaqlarımızdan çıxarmaq üçün ali hərbi məktəblərin yaradılmasına, azərbaycançılıq ideologiyasının və "Bir millət, iki dövlət" konsepsiyasının həyata vəsiqə almasına, Azərbaycanın müstəqilliyini əbədi etmək üçün bütün gücünü və bacarığını bu işə yönəltməyə nail oldu.
Ümummilli Lider Heydər Əliyev özündən sonra Azərbaycan xalqına dörd əmanət qoydu: Müstəqil Azərbaycan dövlətini; Yeni Azərbaycan Partiyasını; Müstəqil Azərbaycan dövlətinin Konstitusiyasını; Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi yenilməz insanı.
Ermənistanın Azərbaycana təcavüzünə qarşı mübarizə Heydər Əliyev siyasətinin ardıcıl davamçısı, dövlət başçısı İlham Əliyevin hakimiyyəti illərində öz uğurlu nəticəsini verdi. Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi, Azərbaycanın haqq işinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunması, güclü orduya və müasir silahlara malik olmağımız, xalq tərəfindən dövlətin siyasətinə hərtərəfli dəstək 2020-ci il sentyabrın sonlarında Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün əks-hücuma keçməklə Vətən müharibəsini başlamağı zəruri etdi. Müzəffər Ali Baş Komandan və qəhrəman Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, düşməni darmadağın edərək onu danışıqsız üçtərəfli Bəyanata imza atmağa məcbur etdi.
2023-cü ilin sentyabrında Azərbaycanın bütövlüyü üçün 100 il ərzində təhlükə olan muxtar qurum ləğv edildi və dövlət suverenliyimiz bərpa olundu.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası, o cümlədən Qarabağda bərpa və quruculuq işləri bu gün Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin xatirəsini həmişə uca tutur və onu böyük ehtiramla yad edir.
Anar İSGƏNDƏROV,
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri