Yayın qızmar günlərində istər paytaxt Bakıda, istərsə də bölgələrdə səyahətə çıxmış turistlərlə tez-tez rastlaşmaq olur. Öyrəndik ki, bu ilin birinci yarısında Azərbaycana 178 ölkədən 1 milyon 217,4 min nəfər turist gəlib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 25,8 faizi Rusiya, 17,6 faizi Türkiyə, 9,4 faizi Hindistan, 8,2 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Pakistan, 2,1 faizi Çin, hər birindən 1,9 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1 faiz olmaqla Belarus və Küveyt, 12,6 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67,9 faizi kişilər, 32,1 faizi qadınlardır. Məmnunluq doğuran odur ki, dünyada 11 iqlim qurşağından doqquzunun Azərbaycanda olması, əsrarəngiz təbiəti və qədim tarixi özündə yaşadan abidələr səyahətçilərin, eləcə də müalicə məqsədilə ölkəmizə gələn əcnəbilərin diqqətini özünə daha çox çəkir.
Səyahətçilər yeni yaradılan turizm ünvanlarına xüsusi maraq göstərirlər
Müşahidələrdən məlum olur ki, turistlər min illər bundan öncə mövcud olmuş tarixi abidələrlə yanaşı, ölkəmizdə son illər yaradılan tarixi mədəniyyət abidələrini ziyarətə də böyük maraq göstərirlər. Turistlərin belə ünvanlar sırasında Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mərkəz, Hərbi Qənimətlər Parkı, Bayraq Meydanı, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, qəhrəman şəhidlərin uyuduğu Dağüstü park, tarixin minilliklərindən söhbət açan yerli memarlıq abidəsi hesab edilən mülklər, Qobustan qayaları, Beşbarmaq dağı, Şəki xan sarayı, Nuhun qəbri, Qubanın Xınalıq kəndi, Talış dağları və digərlərinin adını qürurla çəkə bilərik. Məmnunluq doğuran odur ki, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, yeni turizm məkanlarının da sayı ildən-ilə artmaqdadır. Nümunə üçün deyək ki, Qobustan rayonundakı "Diri Baba" türbəsi diqqətçəkən ünvanlardandır. Saf təbiəti və tarix-memarlıq abidələri ilə zəngin olan İsmayıllı rayonundakı qədim Basqal qəsəbəsini görmək çox qürurvericidir. Burada olan səyahətçilər rayondakı çoxsaylı gəzinti, yürüş və velosiped cığırlarından yararlana bilirlər.
Adı tarixin dərin qatlarından gələn Basqal qəsəbəsi 240 hektarlıq ərazidə yerləşir. Bunun 50 hektarı 1989-cu ildə yaradılan "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğuna aiddir. Qəsəbədə təxminən 1480 nəfər, onlardan təxminən 600 nəfəri qoruq ərazisində yaşayır. Tarixən Basqalın mərkəzi hesab olunan ərazidə Orta əsrlər yol mədəniyyətinə xas olan pilləkənvari və daş döşəməli yolları, ənənəvi hasarlar və qədim taxta qapı-darvazalarının qorunub saxlanılması daha maraqlı görünür.
Qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi əsaslı şəkildə bərpa edilib. Turistlər üçün maraq doğuran odur ki, muzeydə Azərbaycanda hamam mədəniyyətinin özəllikləri, inkişafı haqqında, eləcə də hamamla bağlı xalq adət və ənənələri, onun külxana adlanan döşəməaltı istilik sistemi haqqında maraqlı məlumatlarla tanış ola bilirlər.
Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl mənim tərəfimdən xüsusi sərəncam verilmişdir. Bu sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. İşlərin təxminən 50 faizi başa çatıb və bu gün hər kəs bunu görə bilər. Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Əlbəttə, mən çox istərdim ki, həm bu yerin tarixi siması qorunsun, eyni zamanda burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılsın - bunu da biz təmin etdik, - iş yerlərinin yaradılması üçün yeni imkanlar açılsın. Əminəm ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq. Yəni həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqlar, bildiyiniz kimi, indi Lahıca durmadan səfərlər edirlər. Əminəm ki, eyni aqibət Basqal qəsəbəsi üçün də olacaq. Bu məqsədlə bu tarixi yaşayış yerinin konservasiyası, bunun tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır".
Görünən odur ki, qədim tarixi və müasirliyi ilə gözoxşayan Basqal dünya turizm həvəskarlarına gəl-gəl deyir.
Turizmin inkişafına böyük töhfə
Erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur təkcə tarixi və siyasi əhəmiyyətinə görə deyil, həm də turizm potensialına görə səyahətçilərin arzu etdikləri ünvanlardandır. Füzuli rayonunda yerləşən kurqanlar, Azıx mağarası və digər arxeoloji abidələr təkcə Azərbaycan deyil, dünya miqyasında nadir tarixi irs nümunələridir. Azıx mağarası dünyanın ən qədim insan yaşayış məkanlarından biri hesab edilir. Burada aparılan arxeoloji qazıntılar nəticəsində 350-400 min il əvvələ aid insan qalıqları aşkarlanıb. Bölgədə arxeoparkların yaradılması, tədqiqatların davam etdirilməsi və turizm marşrutlarının açılması Qarabağın Daş dövrü irsinin geniş tanıdılmasına xidmət edəcək.
Xocavənd rayonunun Tuğ kəndi, tarixi memarlığı, təbiəti və şərabçılıq ənənələri ilə kənd turizmi üçün ideal məkandır. Tuğda aqroturizm, ekoturizm və mədəni turizmin paralel inkişafı mümkündür. Burada keçmiş şərab istehsalı ənənələrinin bərpası, festivalların təşkili və tarixi memarlığın qorunması kimi layihələr həyata keçirilə bilər. Şuşa şəhəri və ətraf ərazilər, xüsusilə Turşsu və Dəmirsu kimi müalicəvi suların olduğu bölgələr sanatoriya və sağlamlıq turizminin yenidən inkişafı üçün əlverişli şərait yaradır. Bu mineral sular vaxtilə mədə-bağırsaq və revmatik xəstəliklərin müalicəsində təsirli olub, sovet dövründə minlərlə insanın müalicə aldığı yerlər idi. İndi onlar əvvəlki kimi xalqa xidmət edəcək.
Ağdam, Suqovuşan, Hadrut, Talış, Kəlbəcər və Laçın kimi ərazilərdə kənd turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu bölgələrdə həm dağ, həm meşə, həm də düzənlik relyeflərinin bir araya gəlməsi təbiətlə təmas istəyən turistlər üçün ideal şərait yaradır. Şuşaya çəkilən dəmir yolu və nəqliyyat infrastrukturunun yenilənməsi isə turist axınını artıracaq.
Hazırda bu rayonlarda geniş bərpa-quruculuq işləri həyata keçirilir. Tarixi, mədəni və dini abidələrin bərpası ilə yanaşı, kənd təsərrüfatı sahələrinin canlandırılması da kənd turizminin inkişafı üçün əsas baza rolunu oynayır. Bölgəyə həm yerli, həm də xarici turistlərin marağını artırmaq üçün kompleks turizm infrastrukturları yaradılır. Bundan əlavə, Qusar, Xaçmaz, Şamaxı, Qəbələ, Zaqatala, Balakən, Tovuz, Gədəbəy, Yardımlı, Masallı, Ordubad və digər bölgələr də yüksək potensiala malikdir. Hər rayonun özünəməxsus təbiəti, tarixi abidələri, mətbəxi və mədəniyyəti onu fərqli bir turizm məkanına çevirə bilər.
Yaradılan turizm marşrutları geniş imkanlara malikdir
Ölkəmizdə təhlükəsizlik və sabitlik hökm sürür. Günün tələblərinə cavab verən infrastruktur yaradılıb, 9 beynəlxalq aeroport, müasir magistral yollar, dəmir yolları, hotellər, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm və s. inkişaf edir.
Bölgədə səyahət turizmi, kənd turizmi, müalicə turizmi, eləcə də dağ turizmi üçün geniş imkanlar mövcuddur. Bu mövcudluğun sırasında səyahətçi qonaqların bir qismi tarixi abidələrə və inanc yerlərinə daha çox maraq göstərirlər. Qarabağın tacı hesab edilən Şuşa şəhəri və onun ətrafındakı əzəmətli dağlar, Xankəndi, Laçın, Kəlbəcər və digər rayonlar turizm baxımından unikal məkanlardır. Belə cənnətməkan ərazilərdə yeni turizm ünvanlarının yaradılması dövlətimizin prioritet istiqamətlərindəndir. Cari il iyun ayının əvvəllərində Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü ərəfəsində bölgə turizminin inkişafında diqqətçəkən məqamlardan olan Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb. Uzunluğu 6 min metrə yaxın olacaq kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.
Bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasında mühüm rol oynayacaq.
Xatırladaq ki, Azərbaycanda artıq bir neçə bölgədə kanat yolları fəaliyyət göstərir. Qəbələdə, Şahdağ və Tufandağ turizm mərkəzlərində yerləşən kanat yolları hər il minlərlə turist cəlb edir. Kanat yolları dağlıq ərazilərdə turizmin inkişafı üçün vacib infrastruktur elementlərindən biridir. Bu, nəqliyyat baxımından əlverişli olmaqla yanaşı, həm də insanlara təbiətin gözəlliklərini daha yaxından görmək imkanı yaradır.
Kəlbəcər isti suları, füsunkar dağ mənzərələri və meşələri ilə seçilir. Bu bölgə yaxın gələcəkdə dünyanın əsas turizm məkanlarından birinə çevrilmək potensialına malikdir. Bir müddət əvvəl Kəlbəcərin turizm resurslarının mövcud vəziyyəti, resurslarının qiymətləndirilməsi, turizm dəhlizləri, turizm inkişaf potensialı və prioritet turizm məhsulları sahələri üzrə araşdırılmalar aparılıb.
Artıq "Kəlbəcər Turizm İnkişaf Konsepsiyası" sənədi hazırlanıb. Sənəddə Kəlbəcərin 2040-cı ilədək ilboyu turizm fəaliyyətlərinin təşkili və Cənubi Qafqaz regionunda ən çox səfər edilən turizm məkanlarından birinə çevrilməsi hədəflənir.
Rəhman SALMANLI,
"Azərbaycan"