Azərbaycanda həyata keçirdiyi sosial layihələrini öz əsas əməliyyatlarının ayrılmaz tərkib hissəsi sayan əməliyyatçı BP şirkəti bu qəbildən olan daha bir təşəbbüsünü başa çatdırıb. Bu, oxu mədəniyyətinin təşviqinə və mütaliə imkanlarının artırılmasına yönəlmiş sosial sərmayə layihəsidir.
Layihə çərçivəsində "Yoldaş" innovativ rəqəmsal mütaliə platforması yaradılıb. Platforma insanlara yolda olarkən və ya gözləmə müddətində qısa hekayə və məqalələri rahat və ödənişsiz şəkildə oxumağa imkan verir və gün ərzindəki boş vaxtları mütaliə fürsətinə çevirir.
Platformaya mobil tətbiq yükləməyə və ya qeydiyyatdan keçməyə ehtiyac olmadan xüsusi hazırlanmış QR kodlar vasitəsilə birbaşa daxil olmaq mümkündür. Kodu oxutduqdan sonra istifadəçilər mütaliə üçün ayırmaq istədikləri vaxtı qeyd edib həmin müddət ərzində oxuya biləcəkləri qısa məzmunlu materiallar arasından seçim edə bilərlər.
Yeni istifadəyə verilmiş platformada hazırda Azərbaycan ədəbiyyatı nümunələri və xarici müəlliflərin Azərbaycan dilinə tərcümə edilmiş əsərləri də daxil olmaqla təxminən 200 qısa hekayə və məqalə yer alır. Platforma eyni vaxtda çox sayda istifadəçiyə xidmət göstərmək üçün tam sınaqdan keçirilib.
Platformanın ilkin mərhələdə Bakı Metropolitenində, gələcəkdə isə ölkə ərazisində avtobus, taksi və qatarlarda, eləcə də klinikalarda, banklarda, xidmət mərkəzlərində və insanların sıx toplaşdığı digər ictimai məkanlarda istifadəyə verilməsi nəzərdə tutulur.
BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Azərbaycanın zəngin ədəbi irsi və dərin mütaliə ənənələri var. Bu layihə də gündəlik həyatımızda ədəbiyyatı hər kəs üçün daha əlçatan etməklə həmin ənənəni yaşatmağa və davam etdirməyə töhfə verir… Gün ərzində hamımızın yolda olarkən, yaxud nəyisə gözləyərkən bir neçə dəqiqə boş vaxtımızın olduğu məqamlar olur. "Yoldaş" platforması da məhz bu anları mütaliəyə ayırmağa imkan yaradır. Ümid edirik ki, bu platforma daha çox insanı, xüsusilə də gəncləri yeni müəlliflər və əsərlərlə tanış olmağa təşviq edəcək və onların ədəbiyyata marağını daha da gücləndirəcək".
Layihənin ümumi dəyəri rəqəmsal platformanın hazırlanması, məzmunun seçilməsi, redaktə və korrektə işləri, eləcə də xarici əsərlərin tərcüməsi daxil olmaqla 86 min 350 manatdır.
"Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəltməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük", - deyə BP aldığımız xəbərdə bir daha vurğulayır.
Xatırladaq ki, BP şirkəti Azərbaycanda 34 ildir neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır. Bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Şirkət bu vaxtadək öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 89 milyard dollardan çox sərmayə qoyub.
BP-nin ölkəmizdə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirib. Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib.
Fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 115 milyon dollardan çox vəsait xərcləyib.
Flora SADIQLI,
"Azərbaycan"