Tanınmış Azərbaycan rəssamı Aida Mahmudova Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş dünyanın aparıcı dizayn festivalı “Downtown Design Riyadh-2025”də iştirak edib.
AZƏRTAC xəbər verir ki, rəssam Aida Mahmudova festivala Azərbaycan incəsənətində ənənə və müasirliyinin vəhdətini vurğulayan valehedici sərgi-layihə ilə qatılıb.
Sərginin mərkəzini 2024–2025-ci illərdə yaradılmış “Elysium” silsiləsindən olan altı ədəd əllə toxunmuş xalçalar təşkil edib. Hər birinin ölçüsü 150×200 sm olan bu xalçalar, Azərbaycanın üç sənətkarlıq emalatxanasında (Nardaran, Şəmkir və Quba) misilsiz ustalıqla toxunub.
Azərbaycanın qədim və zəngin xalçaçılıq ənənəsi özünəməxsus estetik incəliyi və texniki virtuozluğu ilə dünya miqyasında şan-şöhrət qazanıb. Azərbaycan xalçaçılıq sənətinin əsasını müstəvi və təsviri quruluşu təşkil edir: burada naxışların ritmi, mərkəz ilə haşiyə arasındakı tarazlıq, eləcə də motivlərin dəqiq həndəsəsi bir-birini tamamlayaraq vizual baxımdan ahəngdar təsvir yaradır. Texniki baxımdan mürəkkəb olan bu xalçalar, müstəvi qismində vizuallaşır və əsas diqqəti məkanın dərinliyi yox, daha çox naxışların sehrinə yönəldir.
Aida Mahmudovanın material tədqiqatlarına sadiqliyi bu ənənəyə heykəltaraşlıq ölçüsü də əlavə edir. Çoxlaylı və üçölçülü formalar ilə sınaqlar aparan rəssam, tekstil sənətinin sərhədlərini cəsarətlə genişləndirir. Bu əsərlər xalçanı təkcə səth kimi deyil, həm də məkanla qarşılıqlı əlaqədə olan və konseptual dərinliklə yüklənmiş müstəqil heykəltaraşlıq forma kimi təqdim edir.
“Adsız” silsiləsi (2025) Aida Mahmudovanın uzun illər boyunca keramika, şüşə və təbii daşlarla apardığı sənət axtarışlarının parlaq kulminasiyasıdır. Keramika nümunələri Azərbaycan torpağının ətrini duyduran materiallar – neft, kül, balıqqulağı, qum, gil və daşdan istifadə edilərək, müəllif tərəfindən əllə hazırlanmış şirə qatı ilə örtülür – nəticədə həm təbii landşafta bağlı olan, həm də formaların özünəməxsusluğu ilə seçilən unikal bir proses yaranır. Şirələnmənin gözoxşayan vizuallığını və taktilliyini təqlid edən şüşə detallar, məsaməliliyi və səthi teksturanı vurğulamaq üçün üfürülmə texnikası ilə hazırlanır və hava qovuqlarının olması bilavasitə şirələnmədə olan materialın həssaslığını canlandırır. Beləcə, şüşə, keramik səthin davamı olaraq, onun teksturasını daha kövrək şəkildə əks etdirir.
Rəssam öz ilhamını qədimdən məzar, anım, xatirə və oriyentir kimi istifadə olunan, şaquli yığılmış sütunvari daş obyektlərdən götürüb. O, bu formaları yenidən kəşf edərək, onları şəxsi xatirələrin və duyğuların sığınacağına çevirir. Zamanın ritmini əks etdirən bu lokal strukturlar, rəssama istiqamət verən bir növ yaddaş nişanələri kimi çıxış edir və onun simvolik, eyni zamanda, dərin şəxsi məkanını formalaşdırır. Həmin heykəltaraşlıq silsiləsi Aida Mahmudovanın Azərbaycandakı studiyası və İspaniyanın “Worn Studio” arasında sıx əməkdaşlıq nəticəsində ərsəyə gətirilib.