02 Noyabr 2024 09:30
1616
Mədəniyyət
A- A+
Taleyin seçdiyi Salman Mümtaz

Taleyin seçdiyi Salman Mümtaz


O, xüsusi orqanların daim izlədiyi adam idi


Azərbaycan xalqı minilliklərlə ölçülən böyük bir tarixi yol keçib. Bu yolun sınaqları da, nailiyyətləri də çox olub. Taleyimizə minnətdarıq ki, bu tarix heç bir mərhələsində bizi ömrünü də, zəkasını da, maddi imkanlarını da inkişafımız naminə səxavətlə sərf edən şəxsiyyətlərdən heç zaman xali etməyib. Belə ziyalı şəxsiyyətlərimizdən biri də bu il anadan olmasının 140-cı ildönümü tamamlanan Salman Mümtazdır. 

O, zəmanəsinin parlaq şairlərindən olduğu qədər də, görkəmli ədəbiyyatşünas, mətnşünas və biblioqraf, Orta əsr əlyazmalarının kolleksiyaçısı kimi tanınırdı. Bu istiqamətlərdəki xidmətlərinin hər biri bu insanın ictimai fikir tariximizdə əbədi xatırlanması üçün yetərlidir.

Salman Mümtaz həm də repressiya qurbanlarından idi. Xüsusi orqanlar tərəfindən daim izlənirdi.


Ədəbiyyat tariximizin fədakar tədqiqatçısı


Salman Məmmədəmin oğlu Əsgərov 1884-cü ildə Şəki şəhərində dünyaya gəlmişdi. Atasının işi ilə əlaqədar uzun illər ailələri Aşqabadda yaşamış, orta təhsilini bu şəhərdə almışdı. Fars, ərəb, urdu dillərini mükəmməl öyrənmişdi. Məktəb illərində rus dilinə də eyni mükəmməlliklə yiyələnmişdi.

1893-cü ildə - hələ 9 yaşında ikən Salman həmin vaxt Aşqabadda olan Mirzə Ələkbər Sabirlə görüşür. Bu görüş onda ədəbiyyata böyük maraq yaradır. O, xüsusilə klassik şairlərin şeirlərini çox sevir, güclü hafizəsi sayəsində onları əzbərləyirdi. Özü də Mümtaz təxəllüsü ilə ara-sıra şeirlər yazırdı. Mümtaz ərəbcədən tərcümədə "seçilmiş", "fərqlənən" demək idi. Tale onu sanki mənsub olduğu xalqın ictimai fikir tarixinə xidmət üçün seçmişdi.  

1906-cı ildə Tiflisdə "Molla Nəsrəddin" jurnalının nəşrə başlaması Salman Mümtazın həyatında çox böyük dəyişiklik yaradır. O, jurnalda yazılarla çıxış etməyə başlayır. Aşqabadda özü kimi ədəbiyyata maraq göstərən gənc dostları ilə birgə ədəbi məclis yaradır. 1908-ci ildə onun Əbdürrəhim bəy Haqverdiyev və Qurbanəli Şərifzadə ilə birgə yazdığı "Mozalan bəyin səyahətnaməsi" əsəri "Molla Nəsrəddin" jurnalında işıq üzü görür və çox böyük maraqla qarşılanır. 1910-cu ildə Mirzə Ələkbər Sabirlə keçirdiyi ikihəftəlik ikinci görüş Salman Mümtazın ədəbiyyata bağlılığını daha da gücləndirir. Sabirin tövsiyəsi ilə  gənc yazar "Molla Nəsrəddin" jurnalında əsərlərini "Xortdan bəy" təxəllüsü ilə dərc etdirməyə başlayır. 

Tiflisdə Cəlil Məmmədquluzadənin Ömər Faiq Nemanzadə ilə birgə yaratdığı "Qeyrət" mətbəəsində 1913-cü ildə onun ilk kitabı nəşr olunur. Kitab "Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı" adlanırdı. 

Salman Mümtaz o dövrdə Azərbaycanda sürətlə inkişaf edən teatr fəaliyyətinə də maraq göstərir. 1916-cı ildə Aşqabadda Cəlil Məmmədquluzadənin "Ölülər" əsərini dostları ilə birgə səhnələşdirmək istəyir. Amma yerli hakimiyyət buna mane olur. 

1918-ci ildə gənc yazar ailəsi ilə birlikdə Bakıya köçür. Onda Azərbaycan Xalq Cümhuriyyəti yeni qurulmuş, cümhuriyyətin rəsmi mətbu orqanı olan "Azərbaycan" qəzeti də yenicə nəşrə başlamışdı. Salman Mümtaz "Azərbaycan" qəzeti ilə əməkdaşlıq edir, jurnalistlik fəaliyyəti ilə yanaşı, Azərbaycan klassiklərinin əlyazmaları ilə ciddi şəkildə maraqlanır və onları toplamağa başlayır. 

S.Mümtaz Bakıya gəldiyi ilk aylarda Qafqaz İslam Ordusunun əsgər və zabitləri hələ burada idilər. Onun Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya, Osmanlı İmperiyasının hərbi naziri Ənvər paşaya böyük sevgisi vardı. 1918-ci ildə Salmanın Nuru paşa ilə görüşü olur. Şair onun şərəfinə "Öyün, millət!" adlı qəzəl yazır. 


Axtarışlar, tapıntılar


1920-ci ildə o, Azərbaycan ədəbiyyatının bərpası üzrə komissiyanın təşkilatçısı və sədri kimi fəaliyyət göstərməyə başlayır. Qısa bir dövrdə Xalq Maarif Komissarlığında  işləyir. Amma hansı işlə məşğul olursa-olsun, Azərbaycan ədəbiyyatı nümunələrinin toplanmasını, tədqiqini, dəqiqləşdirilməsini, nəşrini və yayılmasını diqqətdən kənarda qoymur. Azərbaycan şairlərinin və aşıqlarının əsərlərinin naməlum əlyazma nümunələrini üzə çıxarır. 

1920-1925-ci illərdə Salman Mümtaz Azərbaycan ədəbiyyatı və incəsənəti ilə bağlı 200-dən çox kitab, məqalə və əlyazma toplamışdı. O, əldə etdiyi qiymətli xəzinənin incilərini o vaxt yeni nəşrə başlamış "Kommunist" qəzetində "Unudulmuş yarpaqlar" rubrikası altında məqalələrlə təqdim edirdi. Bu fəaliyyəti ilə Salman Mümtaz Azərbaycan ədəbiyyatına dair 15, xalq ədəbiyyatına aid 2 əsəri, eləcə də Məhəmməd Füzulinin üç cilddə əsərlərini, "250 şair" toplusunu, "Xətai" divanı və digər əsərlərini oxuculara təqdim etmişdi. 1925-1926-cı illərdə İmadəddin Nəsimi, Qövsi Təbrizi, Nişat Şirvani, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh də daxil olmaqla, 24 şairin ilk toplu nəşrinin təqdim olunması məhz Salman Mümtazın fədakar əməyinin nəticəsidir. 

Onun nəşrə hazırladığı "Qövsi Təbrizi" (1925), "Qasım bəy Zakir" (1925, 1936), "Molla Pənah Vaqif" (1925, 1937), "Nəsimi" (1926), "Mirzə Şəfi Vazeh" (1926), "Vidadi" (1936) və s. adlı kitablar bu şairlər barədə nəşr edilmiş ilk külliyatlar idi. Salman Mümtaz aşıq poeziyasına həsr olunmuş "El şairləri" kitabını  və Sarı Aşığın bayatılarını da nəşr etdirmiş, bu kitabların hər biri sonralar təkrar-təkrar buraxılmışdır. 


Ədəbiyyat tariximizdə bir ilk


1921-ci ildə Salman Mümtaz ədəbiyyat tariximizdə ilk dəfə olaraq Azərbaycan şairi Həbibinin həyat və yaradıcılığı ilə bağlı faktları təqdim etmişdi. Həbibi haqqında farsdilli mənbələrdə olan məlumatları Azərbaycan dilinə köçürmüş və məqaləsinə şairin məşhur qəzəllərindən birini və Füzulinin onun bu şeirinə yazdığı təxmisi də daxil etmişdi.  Görkəmli ədəbiyyat nəzəriyyəçisi ilk dəfə olaraq Həbibinin doğum tarixi haqqında da məlumat vermişdi.

Salman Mümtaz 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın iştirakçılarından idi. O, qurultayda "Nəsimi" adlı yeni kitabını təqdim edir. Birinci Türkoloji Qurultay ona akademik Mehmed Fuad Köprülüzadə, "Füyuzat" jurnalının yaradıcısı Əli bəy Hüseynzadə, tatar ədəbiyyatçısı Əziz Qubaydullin, tanınmış şərqşünaslar Vasili Bartold, Sergey Oldenburq və başqa ziyalılarla tanışlıq, ünsiyyət imkanı yaradır. Salman Mümtaz topladığı əlyazmaları "Kitabxaneyi-Mümtaziyyə" adlandırdığı şəxsi kitabxanasında qoruyurdu, Bartoldla Oldenburq qurultayda iştirak edərkən onun şəxsi kitabxanası ilə də tanış olur, buradakı əlyazmaların zənginliyinə və elmi tərtibatına heyranlıqlarını gizlədə bilmirlər. 

Onu da qeyd edək ki, Salman Mümtaz bu fonddakı əsərləri toplamaqdan ötrü böyük bir coğrafiyanı dolaşmışdı. Bakıdan Qaxa, Dərbənddən Lənkərana, Qazaxdan Qubaya, Şəkidən Astaraya kimi əlyazmaların axtarışında olmuş, hətta bir çox qədim kitab üçün Dağıstana, Gürcüstana, Ermənistana, Rusiyaya, Orta Asiya ölkələrinə getmişdi. Görkəmli tədqiqatçı İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" əsərinin sorağı ilə Vladiqafqaza səfər etmişdi. O, əlyazmaları bəzən qızıl pulla alırdı. 

Salman Mümtaz çox böyük əziyyətlə topladığı əlyazmalardan misilsiz və geniş bir kitabxana yaratmışdı. "Kitabi-Dədə Qorqud" eposunun Vatikan və Drezden şəhərlərində olan nüsxələrindən sonra üçüncü nüsxəsi, Məhəmməd Füzulinin divanının dünyada ən qədim və ən mükəmməl əlyazması, Şah İsmayıl Xətainin "Dəhnamə" və "Nəsihətnamə" əsərlərinin elm üçün anlaşılan ilk nüsxələri, Azərbaycanın yüzlərlə məşhur, qüdrətli şairlərinin 23 əlyazması yalnız onun kitabxanasında toplanmışdı. Tədqiqatçılar zənginliyinə görə Salman Mümtazın kitabxanasını təkcə Əbdülqəni Nuxəvi Xalisəqarızadə və Məhəmmədəli Tərbiyət kimi ədiblərin şəxsi kitabxanaları ilə müqayisə edirlər. Salman Mümtazın kitabxanasının əsas üstünlüyü onda idi ki, buradakı əlyazmaların əksəriyyəti türk dilində idi.


Qırmızı terrorun daha bir qurbanı


Görkəmli tədqiqatçı alim 1929-1932-ci illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Kapitalizmə qədərki Azərbaycan ədəbiyyatı bölməsinin müdiri, 1932-ci ildən isə Azərbaycan Dövlət Muzeyinin elmi işçisi kimi çalışır. 1933-1936-cı illərdə "Azərnəşr"də Klassik irs şöbəsinə rəhbərlik edir. 1933-cü ilin fevralından SSRİ EA Azərbaycan filialının Ədəbi irs bölməsinin elmi işçisi, 1937-ci ilin aprelindən isə filialın Ədəbiyyat şöbəsinin rəhbəri olur. 1934-cü ildə o, SSRİ yazıçılarının Moskvada keçirilən birinci qurultayında iştirak edir. Həmçinin Firdovsinin 1000 illik yubiley tədbirində  də Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil olunur. 

Əfsuslar olsun ki, 1937-ci ilin repressiya burulğanı belə bir ziyalının da taleyini qaraldır. Həmin ilin iyununda "ideoloji səhvlər" bəhanəsi ilə onu Azərbaycan Yazıçılar Birliyindən çıxarırlar. Salman Mümtaz tezliklə bütün digər vəzifələrindən də azad edilir. 8 oktyabr 1937-ci ildə isə Bakıdakı evində həbs olunur. 

Ona qarşı müxtəlif ittihamlar irəli sürürlər. Həmin dövrdə Salman Mümtaz  "Azərbaycanın milliyyətçilik dastanı" kimi göstərilən "Koroğlu" üzərində işləyirdi. Bir qədər əvvəl isə Mahmud Kaşğarinin "Divanı"nın nəşrə hazırlanmasında fəal iştirak etmişdi. Ona qarşı əsas ittihamlar əks-inqilabi millətçi mövqedə dayanması, pantürkist fikirləri ilə bağlı idi. Salman Mümtaz bu iddiaları rədd etsə də, qırmızı terroru həyata keçirən cəlladlar ondan əl çəkmədilər. Azərbaycanın görkəmli ziyalısına Sinman, Qalstyan, Avanesyan və Borşev tərəfindən 3 ay dəhşətli işgəncələr verildi. 7 dekabr 1937-ci ildə Qalstyan Salman Mümtazın işi üzrə istintaqı bitirir. Dekabrın 8-də kapitan Avanesyan onun ittiham aktını təqdim edir. Bu ittihamda qeyd olunur ki, Salman Məmmədəmin oğlu Əsgərov Azərbaycan əks-inqilabi burjua təşkilatının üzvüdür. O, Azərbaycan Sovet  Respublikasını SSRİ-dən ayırmağa çalışan və 1936-cı ildə Elmlər Akademiyasında əsası qoyulan əks-inqilabçı pantürkist mərkəzinin fəal üzvüdür. O, akademiyada fəal əks-inqilabi işlər aparmışdır. Ona görə də S.Mümtaz Azərbaycan SSR Cinayət Məcəlləsinin 69, 70, 72, 73-cü maddələri ilə təqsirli bilinmişdir. 

Bir faktı qeyd edək ki, 1926-cı ildə keçirilən I Türkoloji Qurultayın vahid türk əlifbası və imlası barəsindəki qərarlarını, həmçinin yaranmaqda olan türk mənəvi birliyini aradan götürmək məqsədilə qurultayın demək olar ki, bütün iştirakçıları "pantürkist", "millətçi", "əks-inqilabçı" elan edildi, repressiyaya məruz qalaraq qətlə yetirildi. Türk adı qadağan edildi. Tarixin tam öyrənilməməsi üçün qədim türk əlyazmaları və ərəb əlifbasında qələmə alınmış bütün kitablar yandırıldı. Salman Mümtaz və onun kitabxanası da bu siyasətin qurbanı oldu. 1937-ci ilin oktyabrında Mümtaz NKVD əməkdaşları tərəfindən həbs edilərkən onun iki böyük maşına yüklənmiş əlyazmalarının hamısı müsadirə edildi.

Hərbi kollegiyanın cəmi 30 dəqiqə çəkən iclasında ömrü ilə əsrlərə işıq salan ziyalı 10 il azadlıqdan, 5 il bütün siyasi hüquqlarından məhrum edildi. Məhkəmə onun bütün əmlakının müsadirə olunmasına qərar çıxardı. O, 24 fevral 1938-ci ildə Sol-İletsk həbsxanasına, daha sonra Oryol şəhərinə cəza çəkmək üçün göndərildi. 

Salman Mümtazın ölümü ilə bağlı iki fərziyyə var. Bunlardan biri onun Oryol həbsxanalarındakı başqa siyasi dustaqlarla birgə 6 sentyabr 1941-ci ildə güllələnməsi ilə bağlıdır. Digər mənbələrdə isə görkəmli ziyalımızın həbsdə xəstəliyə tutularaq vəfat etdiyi göstərilir.

Uzun illərdən sonra isə haqq öz yerini tutur, 16 noyabr 1956-cı ildə SSRİ Ali Məhkəməsi tərəfindən onun haqqında yazılan ittihamnamə ləğv edilir, 17 noyabr 1956-cı ildə Salman Mümtaza bəraət verilir. Amma bu, artıq sadəcə təsəlli idi. Xalqın keçmişi ilə bu günü və gələcəyi arasında bağ yaradan işıqlı ömür bir daha geri dönməyəcəkdi. 

"Qırmızı terror"un ən böyük zərbəsi həm də Salman Mümtazın illərin əziyyəti hesabına topladığı xəzinəyə dəydi. Bəzi mənbələrə görə, onun həbsindən sonra kitabxanasındakı 270 əlyazma məhv edildi. Onun topladığı əlyazmaların bir qismini də başqaları ələ keçirib öz adlarından təqdim etməyə başladılar. Bütün bunlar Mümtazın ədəbiyyatımıza verdiyi qiymətli töhfələrin itirilməsinə, onun misilsiz irsinin gələcək nəsillərə çatdırılmasına müəyyən çətinliklər yaratsa da, xalq üçün yanan işıq heç zaman itmir. Necə ki Salman Mümtaz adı indi də şam kimi alovlanır, keçmişdən bu günə, bu gündən gələcəyə nur saçır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

00:24
07 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

00:23
07 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

00:22
07 Dekabr

“Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları”nın təsdiq edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında

00:21
07 Dekabr

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 may tarixli 114 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:19
07 Dekabr

Azercell korporativ abunəçilərin nəzərinə

00:18
07 Dekabr

Azercell korporativ abunəçilərin nəzərinə

00:17
07 Dekabr

Asim Xudiyev UEFA-dan təyinat alıb

23:13
06 Dekabr

Makron "ortaq maraqlar höküməti" qurmağa ümid edir

23:11
06 Dekabr

KXDR parlamenti ölkə Konstitusiyasına dəyişiklikləri müzakirə edəcək

23:11
06 Dekabr

Türkiyə əcnəbi tələbələrin sayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır

23:10
06 Dekabr

Dünyanın ən sürətli 2 qramlıq robotu

23:09
06 Dekabr

Qazaxıstan əhalisinin sayı 20 243 981 nəfərə çatıb

23:07
06 Dekabr

Olimpiya mükafatçımız 2024-cü ili reytinqdə ikinci pillədə başa vurdu

23:05
06 Dekabr

Dünyanın ən böyük VI avtomobil istehsalçısı “BYD” olub

23:04
06 Dekabr

Taekvondoçular ilin son yarışında bir araya gələcəklər

23:02
06 Dekabr

Klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib

23:01
06 Dekabr

Minlərlə il çalışa bilən batareya hazırlanıb

22:58
06 Dekabr

Cənubi Koreya prezidentinin reytinqi 13 faizə düşüb

22:46
06 Dekabr

“Dualı Sultan köynəkləri” sərgisinin açılışı olub

22:43
06 Dekabr

Beynəlxalq parlament konfransının iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

22:40
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!