Təbiətin və tarixin əsrarəngiz ansambl, harmoniya yaratdığı Şəki şəhərində dünyaya göz açan Bəxtiyar Vahabzadə yaradıcılığında bu qədim yurda xas mozaik gözəllik və xüsusiyyətləri əks etdirmişdir. Dünyayla tanışlığı hər fəsildə bir rəng alan dağlar və meşələrlə əhatələnmiş, tarixi tikili, saray və abidələr, daş döşəmələrin kompozisiyasından ibarət olan füsunkar məkanda başlayan Vahabzadə həm vətəndaş, həm şair, həm alim, həm ictimai xadim statusunu öz şəxsində uğurla birləşdirmişdir. 100 yaşını qeyd etdiyimiz şairin yaradıcılığı ilə yaxın tanışlıqdan sonra gəlinən qənaət budur ki, Bəxtiyar Vahabzadə daha çox fikir, təfəkkür, idrak şairidir, həm də istiqlal şairidir. O, təbiətdəki hər hansı varlıqdan - dağdan, təpədən, çaydan, vulkandan, yarpaqdan danışanda belə fəlsəfi fikirlərini ifadə edib. Duyğularını və duyğularından doğan düşüncələrini bölüşüb. Sevgi haqqında olan şeirlərinin əksəriyyətində də sevdiyi ona onun üçün maraqlı və ecazkar olub ki, özündə sirr və məna gizləyib, həmişə sehrini saxlaya bilib, belə deyək, sevgilinin cazibəsi gizlədə bildiyi məna, sahib olduğu hikmət qədər olub. Bəxtiyar Vahabzadə tarixin cəmi bir əsrinə şahidlik edib. Amma sanki o, tarixlə yaşıddı, insan oğlunun həyat var olandan çəkdiklərinə, yaşadıqlarına bələddir. Onun şeirində Nəsiminin fəlsəfəsi Füzulinin kədəri ilə qovuşuqdur, amma müasir insanın öz fəlsəfəsi hesab edəcəyi qədər sadə və eyni zamanda dərindir. Onun poeziyasında Nizami və Vurğunun hikməti də bir dalğadadır. Anlaşılan və həmişə aktual.
Bəxtiyar Vahabzadənin poetik "mən"i daim ikinci səsi ilə savaşdadır. Oxucuya elə gəlir ki, şair içindəki səslə heç vaxt barışıq mövqeyində olmayıb. Daim tənbeh, ittiham və tənqid... Elə bu məqamda şairin məşhur "təkcə ondan razıyam ki, özümdən narazıyam", - misrası yada düşür. Şairin iç dünyası iki zidd qütbün - şadlıqla kədərin, qorxuyla sevginin mücadilə meydanına bənzəyir. Əminliklə demək olar ki, Bəxtiyar Vahabzadəni heç kim özü qədər sorğu-suala çəkməyib. O, özünün ən yaxşı həmsöhbəti, ikinci səsi ilə dialoqlarında maraqlı tərəf-müqabili olub.
Bəxtiyar üçün gözü görməyən insan hələ kor deyil, onun üçün özü kor olanla gözü kor olanın fərqi var. Göz baxmaq üçün yox, görmək üçündür və bu qənaət poetik qənaət olmayıb, şairin bütün yaradıcılığında görünən tendensiyadır. Bəxtiyarın poetik "mən"i həmişə mahiyyəti görə bilib. Ümid, xəyal, inam və sevgi Bəxtiyar şeirinin əsas qəhrəmanlarıdır.
İşığın gücünün zülmətdə, elmin gücünün cəhalətdə bilindiyini deyən şair zəncir olmasa azadlığın, qəm olmasa şadlığın bilinmədiyini deyir, Allahı ruhunda tapandan bihudə düşüncələrdən uzaq olduğunu yazırdı. Bütün ziddiyyətlərin insanın daxilində qoşa olduğunu yazan şair "Bütövlük" şeirində poetik "mən"inin obrazını XIII əsrdəki sələfi kimi oxucuya təqdim edirdi:
Matəm də mənəm,
Toy da mənəm, mən.
Arif də mənəm,
Kor da mənəm, mən.
Dünya da mənəm,
Gor da mənəm, mən.
Şadlıq da mənəm, qəm də mənəm, mən.
Cənnət də, cəhənnəm də mənəm, mən.
Mehrab da mənəm, səcdə edən də.
Dünya özü əksiylə də vəhdətdədi məndə.
Nəşəm də doğur dərdi-qəmimdən.
Ziddimdə tamam, bir bütövəm mən.
"Dağda şəlalə kimi" şeiri də şairin qayəsini açıqlayan şeirlərdəndir. Ömründə bir neçə dəfə "ölənlər"in ölümünün səssiz olduğunu yazır, orta yol seçənlərin, gah səhərə, gah axşama, gah qışa, gah bahara dəm tutanların mövqeyinə təəssüflənirdi. Ağlayanda hönkürən, güləndə qəh-qəh çəkən, atlarını daşlığa səyirdənlər idi onun dəstəklədikləri. Dənizin xəfif sakitliyinə yox, qasırğalı dalğasına aşiq olan şair əslində bununla öz həyat və yaşam, insanlıq və kişilik meyarlarını açıqlayırdı. "Dağ şəlaləsi" onun istəklərinin hüdudlarının bəyanı idi. Bir rəngi yox, göylərin min rəngini sevirəm, bir gülü yox, güllərin çələngini sevirəm, - deyən şairin sevgisi sərhəd tanımır, o öz yaradıcılığında insanın və zamanın, tarixin və təbiətin, barışın və savaşın palitrasını yaradırdı.
Bəxtiyar Vahabzadə Koroğlunun dəlilərindən ehtiyatlı, savadlı "ağıllılar"ın törəməsindən narahat idi.
Bizi ehtiyata çağıran ağlı
Bir çimdik qeyrətə dəyişdirərdim -
deyən şair dünyanın siyasi xəritəsini dəyişdirən, yeni yollar açan, cığırlar salanların ağıldan çox qeyrət və cəsarətə söykəndiyini düşünür və ağıllı başlardan həm də "dəlilik" umurdu. Şair hesab edirdi ki, qollardakı kilidləri, ayaqdakı zəncirləri, təfəkkürdəki qandalları əzmkarlıq və cəsarətlə açmaq mümkündür.
Şairin istər ana dili, istər istiqlaliyyət, milli azadlıq təfəkkürü uğrunda mücadiləsi fəaliyyətinin bütün istiqamətlərində özünü göstərirdi. Həm pedaqoq, həm alim, həm şair, daha sonra millət vəkili olan Vahabzadənin bütün fəaliyyət istiqamətləri eyni hədəfə xidmət edirdi: haqqını dərk edən, millət olaraq öz hüquqlarını qoruya bilən, tarixinə sahib çıxan, cəsarət və əzmkarlıq nümayiş etdirən xalqın var olması üçün ona verilmiş bütün tribunalardan layiqincə istifadə edirdi. Bütün yaradıcılığında: şeir, poema, pyes və publisistikasında, həm elmi tədqiqatlarında milli və bəşəri dəyərləri əks etdirirdi. Onun əsərlərində xalqın bütöv obrazı var, desək, yanılmarıq. Şərəfli keçmişə malik, zaman-zaman taleyin acı sınaqları ilə üz-üzə qalan, amma hər dəfə külündən yenidən törəyən xalq obrazı.
Bəxtiyarın poetik "mən"i başqalarını özünə yox, özünü hər kəsə, hər şeyə borclu hesab edir. Əyilib gözündən su içdiyi bulaqdan tutmuş, xalq qarşısında, Vətən qarşısında özünü borclu bilən şair düşünür ki, hər kəs öz borcunu anlasa, Vətən bağını şeytan alağı basmaz. Şair sələfi Füzuli kimi kədərdən qorxmur. Qəm onun üçün fikirlərə açar, dərin düşüncələrə ustaddır.
Bəxtiyar Vahabzadənin şeirində əşyalar var ki, onun ətrafında bir fəlsəfi kompozisiya qurulur. Beşik, saat, ayaqqabı, siqar, zindanda döyülən dəmir və sairə. Şair "Beşik" şeirində beşiyi insanın ilk mənzili, ilk yuvasının simvolu kimi təqdim edir. Beşik insanın dünyayla ilk tanış olduğu evdir. Yaddaşı var, ata da, baba da yırğalanıb bu beşikdə. Şair beşiyin üzərindən asılan "Quran", üzərlik, şax-şaxı elə canlı təsvir edir ki, oxucu özünü o beşiyin ətrafında hiss edir. Beşik evdir, ocaqdır. Anaların laylayla ruha Vətən içirdiyi bir yurd yeridir. Laylanın davamı kimi şairin yaradıcılığında bir fəlsəfi missiyası dəqiqliklə ifadə olunan səs muğamdır. Muğam Vahabzadə üçün təkcə "daş ürəkləri sındıran", "Kürü qurudan", kinli ürəklərə su çiləyən, buzu yandıran, qəzəbi söndürən, vicdanı oyadan səs deyil. Muğam ananın laylayla ruha süzdüyü Vətən sevgisini canlandıran, tarixin guşəsinə işıq tutan, yaddaşı oyadan sədadır.
Saat da maraqlı obrazlaşdırılıb şairin əsərlərində. Saatsaz emalatxanasında olan müəllif zamanı göstərən, vaxtın itkisini bildirən bir əşyanın bu qədər bəzənib süsləndiyini, müxtəlif formalarda təqdim olunmasını anlaya bilmir. Saat şairin sevmədiyi əşyalardandır, onun fikrincə saatın səsini ancaq məhkumlar sevə bilər. Zamanı biçdiyi üçün, onları azadlığa yaxınlaşdırdığı üçün. Bütün saatların səsinin eyni, çıqqıltısının eyni olsa da, hökmlərinin fərqli və müxtəlif olduğunu bildirən şair saata həm də fəlsəfi məna yükləyir.
Yaxud dəmirin öz dəmir həmcinsi ilə döyülməsinə dözməyib fəryad etməsini görən qızılın, - məni də sənin kimi döyüb əzirlər, amma mən sənin qədər incimirəm, - iradına, səni döyən özgə, məni döyən özümünküdür, deyə cavab verir. Ümumiyyətlə, gördükləri, şahid olduqları hər hansı həyat hadisəsini mənalandırmaq yaradıcı şəxsiyyətlərə xas xüsusiyyətdir. Bəxtiyar Vahabzadə də müşahidə etdiyi hadisələrin, yaşantıların qələmlə tablosunu yaradıb oxucusuna göstərə bilir. "Qocalar" şeirindəki kimi,
Çənə əl üstündə, əl çomaq üstə,
Qocalar əyləşir tin başlarında.
Sinə bayatılı, könül şikəstə,
Ömür varaqlanır yaddaşlarında.
Yaxud, Qədir Rüstəmovun yanıqlı ifasını seyr edən şair Qədiri Şuşasız yetim uşağa, Qədirsiz Şuşanı adi torpağa bənzədir.
"Taleyimiz qələm verdi əlimizə" - deyən şair əlində qələm olmağın, əliqələmli olmağın, şair olmağın məsuliyyətini bilir, bu adın haqqını həm vətəndaş kimi, həm yaradıcı insan kimi sonunacan ödəməyə çalışırdı. Taleyimiz qələm verdi əlimizə, - deyəndə təkcə özünü, şəxsi taleyini yox, xalqın, vətənin taleyini də nəzərdə tutur, onun bütün ağrılarından, yaralarından yazmağı, çarə düşünməyi özünə borc bilirdi. Şair bütün bunları həm poeziyasında, həm dramaturgiyasında, həm publisistikasında eyni həyəcan və eyni duyğuyla ifadə edirdi. Dar otağına bütün cahanı sığdıra bilən, yazı masasına söz ordusunu toplayan şair dünyanın harasında bir ocaq varsa ürəyinin, fikrinin orda olduğunu yazır, söz adamını, düşüncə adamını dünyanın bütün dərdlərinə məsul hesab edirdi. Bəxtiyar Vahabzadə üçün:
Şair - fikirlərin çırpınan seli,
Şair - həqiqətin müğənnisidir.
Şair - təbiətin danışan dili,
Şair - cəmiyyətin üsyan səsidir.
Şair - zəmanənin, əsrin vicdanı,
Şair - tarixlərin şərəfi, şanı.
Şair - bu dünyada zamanın sözü,
Şair - həqiqətin, haqqın güzgüsüdür.
Aygün BAĞIRLI,
filologiya üzrə fəlsəfə doktoru, dosent
ÖZÜMDƏN NARAZIYAM
Təbiətin könül açan
Min rəngi, min səsi var.
Hər könülün min arzusu,
Min səsli nəğməsi var.
Bu arzular, bu nəğmələr,
Bu səslər bir saz kimi
Mənim solğun sözlərimdə
Heç dil aça bildimi?
Hissim dərin, sözüm solğun,
Qəlbim geniş, sinəm dar.
Məndən əvvəl doğulubdur
Sinəmdəki duyğular.
Səhv atılan addımları
Sonradan anlayıram.
Baxıb vicdan güzgüsünə
Özümü danlayıram.
Siz ey yanlış addımlarım,
Məni dərdə saldınız.
Mən sizinlə döyüşdükcə,
Gün-gündən çoxaldınız.
Mən haqq-hesab istəyirəm
Gecələr gündüzümdən.
Narahatam, narazıyam
Ömrüm boyu özümdən.
Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə ondan razıyam ki,
Özümdən narazıyam.
ANA HƏDİYYƏSİ
Anam namaz üstə əl açıb göyə
Allaha yalvarır "ya rəbbim! - deyə:
- Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!
Bu nədir? Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?
Çoxdur bu dünyada hədiyyə... ancaq
Ömürdən hədiyyə görməmişəm mən.
İstərəm, bir ana, bir bala sözü
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü
Ucadır, böyükdür hədiyyəsi də.
Çoxdur hədiyyələr insan adına:
Qiymətli ziynətlər, qiymətli daşlar.
Ana həyat verir öz övladına,
Həm də öz ömründən ömür bağışlar.
BƏXTİYARAM MƏN
Ömrün payızında sevdim, sevildim,
Elə bilirəm ki, ilk baharam mən.
Arxanca sürünən kölgənəm sənin,
Harda qərar tutsan, orda varam mən.
Mey olsan, yanında bir qədəh ollam,
Gül olsan, çətrini öpən meh ollam.
Ot olsan, bir anda dönüb şeh ollam.
Dağ olsan, zirvənə yağan qaram mən.
Başımı qoyaram gündə yüz kərə
Bir yol ayağını basdığın yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.
Sevgiyə hədd qoymaq, düzü günahdır,
Cahilin hər işi, sözü günahdır.
Eşqi günah saymaq özü günahdır,
Kim deyir, eşqimdə günahkaram mən?
Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm!
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada bəxtiyaram mən.
SƏN GETDİN
Sən getdin, elə bil dünya boşaldı
Yaz da köçüb getdi, yeri boş qaldı,
Bahar ürəyimi sənsiz qış aldı,
Mən yaza vurğunam, qışı neylərəm?
Eşqimi aparıb sən getdin demək,
Eşqsiz bir könül nəyimə gərək?
Soyuq daşa döndü o gündən ürək
Sinəmdən asılan daşı neylərəm?
Həmişə ayrıyıq, gecə-gündüzük,
Birimiz təpəyik, birimiz düzük.
Üstünün qaşıyla tanmar üzük,
Əgər üzük yoxsa, qaşı neylərəm?
Niyə yaşayıram, mən niyə sənsiz?
Nə yerə baxmaram, nə göyə sənsiz.
Mən ki, kor olmuşam hər şeyə sənsiz,
Kor gözün üstündə qaşı neylərəm?
QƏZƏLLƏR
Daş ürəklərdə yanıb daşları sındırdı muğam.
Haqqa düşmən olanı haqqa tapındırdı muğam.
Nə güman eyləmisən ondakı tilsimləri sən,
"Kürü ahıyla qurutdu", "salı yandırdı" muğam.
Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
Keçilən yolları hərdən bizə andırdı muğam.
Su çilər kinli ürəklərdə qəzəb tonqalına,
Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.
O - ürək yanğısı, göz yaşları, bir çəngə bulud,
Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.
Dəfn edin siz məni Zabul segahın mayəsinə,
Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam.
Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.
***
Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,
Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.
Zaman dönməz öz hökmündən... Biz ayrıldıq, tez ayrıldıq,
Dilim bar verməz, ay dostlar, deyəm ki, sevgilim yoxdur.
Çiçəklərdən, küləklərdən mən allam ətrini yarın,
Dilək ölməz, ürək ölməz, sevənlərcin ölüm yoxdur.
Gülüm əğyar qılıncıyla sevərkən ayrı düşdük biz,
Bu həsrətdən, bu möhnətdən daha müdhiş zülüm yoxdur.
Sevib yandım, külək qalxdı, külüm sovruldu əflakə,
Məni gərmə bu dünyada odum söndü, külüm yoxdur.
Ağac yansa, fəğan eylər, deyər öz dərdini aşkar,
Deməkçün dərdimi yarə, bəmim varsa, zilim yoxdur.
Səninlə Bəxtiyaram mən, ayım sənsən ilim sənsən,
Bu dünyada mənim sənsiz ayım yoxdur, ilim yoxdur.