20 Sentyabr 2022 00:41
1944
Mədəniyyət
A- A+
Şuşada Bülbülün ev-muzeyini bir ildə 30 mindən çox insan ziyarət edib

Şuşada Bülbülün ev-muzeyini bir ildə 30 mindən çox insan ziyarət edib

 

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə tarixi mədəniyyət abidələrinin və muzeylərin bərpası, habelə yenidən qurulması işləri sürətlə davam edir. Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan ediləndən sonra bu sahədə işlərə xüsusi diqqət yetirilir.
Dövlət başçısı hər dəfə Şuşaya səfər edəndə bu şəhərdə bərpa-quruculuq işlərinin miqyası daha da genişlənir. Təxminən bir il bundan əvvəl Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya növbəti səfəri zamanı Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün ev-muzeyinin və büstünün açılışı olmuş və bu, ictimai rəydə rəğbətlə qarşılanmışdır.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin tapşırığına əsasən 1983-cü ildən Bülbülün Bakı Muzeyinin Şuşa filialı yaradılıb. İki otaq, bir eyvandan ibarət bu evdə Bülbülə aid məlumatlar, müxtəlif eksponatlar olub.  Bülbül həmin evdə anadan olub və uşaqlıq illərini keçirib. Təəssüf ki, bu ev-muzeyi 1992-ci ildə Şuşa şəhəri işğal edildikdən sonra ermənilər tərəfindən talan edilib, hər şey dağıdılıb. Bəzi mənbələrə görə, muzeyin əvvəlki dövründə 6000-dən çox eksponat olub. Bəzi mənbələrdə isə eksponatların sayının 9000 olduğu deyilir. Şuşanın qəfil işğalı imkan verməyib ki, muzeyin eksponatları binadan çıxarılsın. Onların içərisində çox dəyərli fotoşəkillər, qrammofon valları olub. Milli-mənəvi dəyərlərimizi ehtiva edən bu kimi bütün əşyalar ermənilərin əlinə keçib və onların vandalizminin qurbanı olub. Bülbülün büstü də ermənilər tərəfindən tanınmaz hala salınıb. Muzeyi bərbad günə qoyan ermənilər işğal dövründə binadan anbar kimi istifadə ediblər. 
Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən unudulmaz sənətkarın ev-muzeyində təmir-bərpa və yenidənqurma işləri yüksək zövqlə, böyük sənətkarlıqla aparılıb. Bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır. Şəhər ermənilər tərəfindən işğala məruz qalarkən ev yararsız hala salınmış, yükdaşıyıcı divarlarında çatlar əmələ gəlmiş, bəzi hissəsi isə çökmüşdü. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində bərpa işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələr istismara yararsız halda olduğundan binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib. Muzeyin həyətyanı sahəsinin ilkin görkəmi saxlanılmaqla əlavə yay konsert salonu yaradılıb, müəyyən dizayn işləri görülüb. Həyətdə Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb. 
Muzeyin ekspozisiyasının qurulmasında, eksponatların düzümü, nümayişi üçün müvafiq yerlərin seçilməsində, Bülbülün 1982-ci ildən Bakıda fəaliyyət göstərən ev-muzeyinin direktoru Fərqanə xanım Cabbarova və onun rəhbərlik etdiyi muzey bələdçiləri əllərindən gələni ediblər. Muzey bir ilə yaxındır ki, öz fəaliyyətini yenidən davam etdirir. Bülbülün uşaqlıq illərindən bəhs edən foto-şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı ziyarətçilərdə maraq doğurur. Təsadüfi deyil ki, ötən müddət ərzində muzeyi 30 mindən çox insan ziyarət edib. Muzeydə ziyarətçilərin ürək sözlərini özündə əks etdirən 2 xatirə kitabı var. Kitabın biri fəxri qonaqlar üçün, digəri isə adi vətəndaşlar üçün nəzərdə tutulub.  Xatirə kitabından göründüyü kimi, dünyanın hər yerindən Bülbülün ev-muzeyini ziyarətə gəlirlər: Amerikadan, Avropa ölkələrindən, Orta Asiyadan, Rusiyadan, Gürcüstandan, Yaponiyadan, Çindən, ərəb ölkələrindən...
Xatırladaq ki, Şuşada ötən bir il ərzində bir sıra tədbirlərə məhz Bülbülün muzeyi evsahibliyi edib. İlk tədbir dahi sənətkarın 125 illik yubileyi münasibətilə Bülbül adına Beynəlxalq VIII Vokal Müsabiqəsi çərçivəsində reallaşıb. Münsiflər heyətini Azərbaycanın tanınmış bəstəkarları, ictimai xadimləri ilə yanaşı, Rusiyadan, Gürcüstandan gəlmiş  görkəmli şəxsiyyətlər təmsil ediblər. Müsabiqə Bülbülün doğulub-böyüdüyü evdə təntənəli şəkildə yekunlaşıb. Yekun konsertdə dünyanın hər yerindən gəlmiş qonaqlar iştirak ediblər. 
Diplomatların Şuşada keçirilən konfransının rəsmi hissəsi Gövhər ağa məscidinin yanında, bədii hissəsi isə Bülbülün ev-muzeyinin yay konsert zalında keçirilib. Konsertdə xarici işlər naziri Ceyhun Bayramov başda olmaqla 200 nəfərdən çox diplomatımız iştirak edib.
Bülbülün ev-muzeyinin açılışının birilliyi bu yaxınlarda bir tədbirlə qeyd olunub. Muzeyin direktoru müxbirimizə bildirib ki, açıq havada baş tutan tədbir xoş təəssüratlarla yadda qalıb. İldönümü ərəfəsində Azərbaycan Gənclər Fondunun dəstəyi, "Böyük Qayıdış" Gənclər Təşkilatının və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Xarıbülbül" şəhid və qazi övladlarının yay düşərgəsinin rəsmi açılışı olub. Elə həmin gün muzeyin açılışının birilliyi rayon rəhbərliyi və bir sıra digər qonaqlarla birgə qeyd edilib. Səhnəmizin Məcnunu, sevilən xanəndə Səbuhi İbayev, Milli Konservatoriyanın tələbəsi Mirəli Sarızadənin ifaları səsləndirilib. Növbəti ay da tədbirlər planı ilə zəngin olacaq.
Muzey kollektivi çalışır ki, öz işlərini elə qursun ki, yaxın gələcəkdə bu müqəddəs ünvan qədim Şuşanın adına layiq musiqi ocağına çevrilsin, burada vaxtaşırı ustad dərsləri keçirilsin, konsertlər, görüşlər, müsabiqələr təşkil olunsun. Görünən odur ki, Şuşada mədəniyyət müəssisələrinin və tarixi abidələrin bərpa olunaraq yenidən fəaliyyətə başlaması Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə necə böyük qayğı göstərdiklərinin bariz nümunəsidir.

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!