12 Noyabr 2024 08:30
635
CƏMİYYƏT
A- A+
Şuşa azadlığın şəhəri

Şuşa azadlığın şəhəri


Düz dörd ildir ki, azadsan...

Zəfər yurdu...

Qürur qalası...

Şərəf rəmzi...

Vətən qibləsi...

Mədəniyyət paytaxtı...

Düşmənə gözdağı, qisas meydanı...

Ay-ulduzlu, üçrəngli bayrağımızın məğrur-məğrur dalğalandığı uca məkan...

Qəhrəman Azərbaycan oğullarının hünər, igidlik, şücaət, rəşadət sərgilədikləri qəhrəmanlıq şəhəri...

Əziz Şuşa!

Günün mübarək! 

Sənə bayram çox yaraşır!


Şuşanın ruhu da paklaşıb 


Düz dörd ildir ki, Azərbaycan xalqı Şuşalı günlərin fəxarəti içərisindədir...

Düz dörd ildir ki, Zəfər ünvanımız Şuşa düşmənin murdar aurasından təmizlənib, saflaşıb, durulub, paklaşıb...

Düz dörd ildir ki, Qarabağın büllur qəsri Şuşanın mənəviyyatı, mədəniyyəti də özünə qaytarılıb. Burada "Xarıbülbül" Musiqi Festivalı kimi beynəlxalq səviyyəli tədbirlər keçirilir. İndi müqəddəs Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı... məscidlərindən səslənən azan sədası Allah dərgahına ucalır...  

Düz dörd ildir ki, mədəniyyət paytaxtımız Şuşa xarabalıqdan abadlığa çıxıb. Quruculuq meydanına çevrilən qədim qalamız doğma sakinlərinə qovuşmağa başlayıb. Şuşalılar birqərinəlik ayrılığın ardından doğma şəhərlərinə dönərək yenidən burada xoşbəxt həyata qədəm qoyurlar...

Bütün bu fəxarətli günlərimizin başlanğıcı isə 2020-ci il noyabrın 8-də - qəhrəman Azərbaycan döyüşçülərinin rəşadətlə vuruşaraq, çarpışaraq əldə etdikləri Şuşa Zəfəri ilə qoyulub. 

Düz dörd il əvvəl Azərbaycan xalqı möhtəşəm Şuşa Zəfərinin  müjdəsini Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından verdiyi "Əziz Şuşa, sən azadsan!" müjdəsi ilə duyub. O gün qürurdan, fərəhdən, fəxarətdən ürəklərimiz dağa dönüb, gözlərimizdən axan sevinc göz yaşları sel olub...


Vətən qibləsində


Düz dörd ildir ki, azərbaycanlıların səyahət üçün çıxdıqları yolun ilk dayanacaq ünvanı məhz Şuşadır. Ölkəmizin hər tərəfindən insanlar böyük sevinc hissi ilə bu  şəhərimizə yollanır. İgid qazilərimizin, qəhrəman şəhidlərimizin qanları, canları ilə açdıqları Zəfər yolu ilə hər daşına, torpağına, ağacına, küçəsinə, döngəsinə, cığırına qələbə hopmuş Şuşaya getməyin xoşbəxtliyini yaşayırlar. 

Zəfər ünvanımızı ziyarət edən hər kəs burada baş verən anbaan dəyişikliyə heyranlıqla baxır, qədim şəhərimizin dirçəlişinin şahidi olur. 

Dolanbac küçələri ilə Şuşanı gəzərkən sözün əsl mənasında təbdən-təbə, fərqli əhvallara düşürsən. Bu şəhəri azad etmək üçün neçə-neçə qəhrəman oğlumuzun canından keçdiyini düşünüb qəhərqarışıq hisslərə bürünür, Şuşanın azadlığının qüruruna köklənirsən. Bir gözündən qüssə, bir gözündən sevinc yaşları axır... 

Qədim qala divarlarına baxanda istər-istəməz tarixin dərin qatlarına enirsən, cərgə ilə sıralanmış müasir binalar isə səni gələcəyə yönləndirir. 

Bir yanda düşmən vandalizminin izlərini daşıyan, digər yanda quruculuq işlərini əks etdirən tikililər görürsən. Bu təzadın fonunda düşmənin barbarlığı, azərbaycanlıların qurub-tikən xalq olduğu bütün incəliyi ilə gözlər önünə sərilir. 

 Ovuclarını qoşalayıb Natəvanın 30 ildən sonra yenidən çağlayan bulağının altına tutanda, buz kimi şirin sudan qurtum-qurtum içəndə sanki ruhuna da sərin su səpilir... 

Gedib İsa bulağını onilliklərin o üzündəki qonaq-qaralı günlərindəki əhvalda görəndə xoş duyğulara bürünürsən... 

Şuşaya baş çəkəndə birmənalı olaraq hər kəsin yollandığı məkanlardan biri də Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş heykəllərinin sıra ilə qoyulduğu meydan olur. Ağrı-acılı illərimizin yarasını hələ də üzərlərində daşıyan bu heykəlləri Vətən müharibəsindən heç bir il keçməmiş, 2021-ci il yanvarın 14-də Şuşaya Zəfər yolu ilə səfər edən qalib lider İlham Əliyev öz yerlərinə qaytarıb. Bununla da Şuşanın əzəli sakinlərinin əbədi olaraq məkanlarına qovuşdurulmalarının rəmzi işarəsini verib.  

Azadlığına qovuşdurulan Şuşa düşmənin çirkabından, zir-zibilindən də tamamilə təmizlənib, səliqəli şəhərə dönüb.

Bu şəhərin canlılar aləmi - it-pişiyi də aclıqdan, səfalətdən, xəstəliklərdən, özlərinə qarşı düşməndən gördükləri vəhşi münasibətdən qurtulub. İndi Şuşadakı bütün heyvanlar da qayğıyla əhatələnib. 


Şuşada toy çalınır, körpələr doğulur...


Düz bir qərinə ərzində adı gələndə belə ürəyimizdə qubarın baş qaldırdığı, gözlərimizin kədərdən nəmləndiyi Şuşa bu gün bayram sevinci yaşadığımız baş ünvana çevrilib. İndi onun küçələrindən ah-nalə, top-tüfəng səsləri deyil, şən gülüşlər, musiqi sədaları yüksəlir. 

Şuşada toy çalınır, körpələr doğulur...

Ata-analar övladları ilə birgə Şuşada gəzməyi dünyanın ən böyük xoşbəxtliyi sanırlar...  

İlin bütün fəsillərində əllərində ay-ulduzlu, üçrəngli Azərbaycan bayrağı olan insanlarımız üzərində "Şuşa" yazılmış qala qapılarının, xarıbülbülün məşhur simvolunun qarşısında foto çəkdirmək üçün sıraya düzülürlər.

Mədəniyyət paytaxtımızın qədim küçələrində üzərində "Şuşa" yazılmış avtobuslar şütüyür... 

Biz illər boyu azğın düşmənin Cıdır düzündə at oynatmasını, "yallı" getməsini görüb qəzəb hissi keçirmişik. Ancaq şanlı zəfərimiz sayəsində Şuşanın rəmzlərindən olan Cıdır düzü də yağı tapdağından azad olub. İndi xarıbülbülün oylağı olan bu düzdən qanadlanan Azərbaycan muğamının sədaları bütün Qarabağa, ölkəmizə, dünyaya səs salır... Şuşanın əsl sahiblərinin qayıtdığını duydurur... 

İşğal zamanı vandallığa tuş gələn Şuşanın məscidləri də bir-bir bərpa olunaraq fəaliyyətə başlayır. Bu müqəddəs məkanlarda namaz qılınır, "Şükür sənə, İlahi, bizə Şuşanın azadlığını görməyi nəsib etdin" deyə Tanrıya dualar edilir... 

Bəli, düz dörd ildir ki, azadlıq bayramını qeyd edən Şuşanın növrağı belədir və əbədiyyətədək də belə qalacaq. Elə əməkdaşımız İlham Babayevin mədəniyyət paytaxtımızdan hazırladığı fotoreportaj da qala şəhərimizin xoş, bayram əhvalını oxucularımıza əyani çatdırmağa başqa bir vəsilə olacaq.  

Hər kəs azadlığın, bayramın, təntənənin, Azərbaycan ruhunun Zəfər qalamıza, Qarabağın ürəyinə - Şuşaya necə yaraşdığını görür...


Yasəmən MUSAYEVA, 

İlham BABAYEV (foto), 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

DLƏR “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:36
13 Mart

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında

00:33
13 Mart

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:32
13 Mart

Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər  

23:50
12 Mart

İsveçrəli nazir: İrandan atılan dron hücumu ilə bağlı Azərbaycanla həmrəyik

23:18
12 Mart

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!