Cənubi Qafqazın gələcəyi baxımından tarixi əhəmiyyət daşıyan Azərbaycan-Ermənistan sülh prosesi yeni mərhələyə qədəm qoyur. Artıq regionda münasibətlərin mahiyyətini qarşıdurma və münaqişə deyil, dialoq, əməkdaşlıq və qarşılıqlı faydaya əsaslanan yeni reallıqlar müəyyənləşdirir. Bu reallıqların formalaşmasında Azərbaycanın siyasi iradəsi, prinsipial mövqeyi və ardıcıl sülh siyasəti həlledici rol oynayır. Ən əsası, sülh gündəliyinin əsas prinsipləri qüvvədədir və proses Azərbaycanın müəyyən etdiyi siyasi çərçivə daxilində normal məcrada davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də bu baxımdan mühüm siyasi əhəmiyyət kəsb edir. Görüş bir daha nümayiş etdirdi ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində dialoq davam edir, əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün praktiki addımlar atılır. Liderlərin müzakirələrinin 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammitinin nəticələrinə və imzalanmış Vaşinqton Birgə Bəyannaməsinə əsaslanması xüsusi diqqətəlayiqdir. Bu, sülh prosesinin təsadüfi siyasi təmaslardan deyil, konkret razılaşmalardan, müəyyən edilmiş prinsiplərdən və ardıcıl fəaliyyət mexanizmindən qaynaqlandığını göstərir. Başqa sözlə, tərəflər artıq sülhün ümumi prinsiplərini müzakirə etməklə kifayətlənmir, onun real məzmununu formalaşdıran məsələlərin həllinə diqqət yetirirlər.
Liderlərin görüşü zamanı nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirlərinin müzakirəsi sülh gündəliyinin praktiki istiqamətlərinin getdikcə aktuallaşdığını təsdiqləyir. Bu məsələlərin hər biri regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dayanıqlı sülh yalnız siyasi sənədlərlə deyil, həm də iqtisadi əlaqələrin, qarşılıqlı maraqların və əməkdaşlıq mexanizmlərinin formalaşması ilə möhkəmlənir.Bu kontekstdə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı ilə bağlı müzakirələr xüsusi əhəmiyyət daşıyır. Marşrutun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsi istiqamətində əldə olunan irəliləyişlər regionun nəqliyyat xəritəsində yeni imkanların yaranmasından xəbər verir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə formalaşan yeni kommunikasiya arxitekturası Cənubi Qafqazın beynəlxalq nəqliyyat və logistika sistemində rolunu daha da gücləndirə bilər. Bu layihə yalnız iqtisadi deyil, həm də siyasi baxımdan regionda qarşılıqlı asılılıq və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.
Yüklərin Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılması və əks istiqamətdə tranzit daşımalarının həyata keçirilməsi sülh gündəliyinin real iqtisadi nəticələrinin artıq özünü göstərdiyini təsdiqləyir.Ötən ilin noyabrından etibarən Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yükün daşınması Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfənin konkret ifadəsidir. Bu fakt həm də Azərbaycanın sülhə münasibətinin bəyanatlardan ibarət olmadığını, praktiki fəaliyyətlə təsdiqləndiyini nümayiş etdirir.
İqtisadi və ticari əlaqələrin genişləndirilməsi, gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi imkanlarının nəzərdən keçirilməsi də münasibətlərin normallaşması prosesinə yeni məzmun qazandırır. Eyni zamanda, ətraf mühit və transsərhəd su əməkdaşlığı məsələlərinin gündəmə gətirilməsi tərəflərin ortaq problemlərin həllində əməkdaşlıq imkanlarını dəyərləndirdiyini göstərir. Transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasının alqışlanması bu istiqamətdə konstruktiv yanaşmanın mühüm göstəricisidir.Bütün bunlar o deməkdir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində proses davam edir və sülh gündəliyinin əsas tezisləri dəyişməz olaraq qalır. Azərbaycan öz milli maraqlarına, suverenliyinə və ərazi bütövlüyünə əsaslanan prinsipial mövqeyindən geri çəkilmədən regionda davamlı sülhün bərqərar olmasına çalışır. Bu siyasətin mahiyyətində qarşıdurmanın davam etdirilməsi deyil, yeni əməkdaşlıq imkanlarının yaradılması dayanır.
Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqlar formalaşır. İndi əsas məsələ əldə olunmuş müsbət dinamikanı qorumaq, razılaşmaları ardıcıl şəkildə reallaşdırmaq və dialoqu konkret nəticələrlə möhkəmləndirməkdir. Dublin görüşü də məhz bu baxımdan mühüm mesaj verir: sülh prosesi qüvvədədir və Azərbaycanın müəyyən etdiyi çərçivədə irəliləyir. Regionun gələcəyi isə bu reallıqların qorunmasından, siyasi iradənin praktiki addımlarla tamamlanmasından və sülhün dönməz xarakter almasına yönəlmiş səylərdən asılıdır. Azərbaycan sülhü yalnız siyasi məqsəd kimi deyil, regionun gələcəyini müəyyənləşdirən strateji seçim kimi görür.
Elşən QƏNİYEV,
“Azərbaycan”