Şəxsiyyətinin şöhrəti Balkan ölkələrindən
Hindistan və ərəb torpaqlarına qədər yayılan, bu böyük coğrafiyada söz ustalarının
özlərinə bir nümunə saydığı Seyid İmadəddin Nəsiminin adı çəkildikdə ilk olaraq
gözümüz önünə bir şair, sufi və mütəfəkkir gəlir. Amma Azərbaycanın bu dahi şairinin
şəxsiyyəti, indiyədək mövcud təsəvvürlərin hüdudlu çərçivəsindən fərqli olaraq,
çoxyönlüdür.
Nəsimi həm də Quran təfsirçisi, arif, nasir,
tərcüməçi, poetika və musiqi elminin bilicisi, şahmatın fəlsəfəsinə bələd olan nadir
şəxsiyyətlərdəndir. Bundan başqa, Nəsimi hürufilik təriqətinin şeyxi və fəaliyyətinin
ictimai-siyasi xarakterliliyi baxımından bir ictimai xadimdir. Mütəfəkkir şairin
şəhidliyi ona təkcə əzabkeş deyil, həm də bir qəhrəman statusu verdi. Biz bu yazıda
yalnız Nəsiminin ictimai xadim kimi fəaliyyətinin xarakteri və ədəbi şəxsiyyətinin
sultan şairlərə təsirindən qısaca bəhs edəcəyik.
Nəsimi Şah İsmayıl Səfəvidən daha öncə öz
mürşidi Fəzlullahın yolunu davam etdirərək, özəl səciyyəli dini-ideoloji əsaslar
üzərində bir dövlətin qurulması təşəbbüslərində olmuş, dövrünün hökmdar və siyasi
iqtidar sahibləri ilə sazişə can atmışdır. Şairin həyat yoluna dair azsaylı tarixi
və avtobioqrafik məlumatları təhlilimiz nəticəsində onun müttəfiq axtarışı zamanı
Sultan Əhməd Cəlayir, Qaraqoyunlu Qara Yusiflə danışıqlar aparması, Zülqədər bəyləri
(Nəsrəddin bəy, qardaşı Əli bəy) və Hələb hakimi Yaşbəklə dostluq münasibətləri
qurduğu qənaətinə vardıq. Orta çağın ərəbcə mənbələrində şairlə yaxın münasibəti
olan bəylər arasında Şah İsmayılın babası Ağqoyunlu Qarayölük Osmanın da adı çəkilir
və onun da hürufilik əqidəsini qəbul etdiyi bildirilir.
Bu bəylər içərisində Nəsimi ilə dostluğun
nəticəsində onun hürufilik əqidəsini qəbul edən Zülqədər bəyləri Nəsrəddin bəy və
Əli bəyin adları xüsusi vurğulanmalıdır. Nəsimi Misirin çərkəz-məmlük sultanı əl-Məlik
əl-Müəyyəd Şeyx əl-Mahmudinin hakimiyyətini türk hakimiyyəti ilə əvəz etmək yolunda
Zülqədər bəylərinin müttəfiqi idi. Onların siyasi gücü ilə Nəsiminin təriqət rəhbəri
kimi kütlələr üzərində nüfuzunun birləşməsi Misir sultanını ciddi təşvişə salır.
Nəsiminin edamı əslində Misir sultanının siyasi rəqiblərini qorxutmaq üçün icra
olunan siyasi bir akt idi və Şeyx əl-Müəyyəd bu məşum edam hökmü ilə istəyinə nail
olur: illər boyunca Misir sultanına qarşı vuruşan Əli bəy Zülqədər 1417-ci ildə
- məhz Nəsiminin edam olunduğu ildə sultana üzrxahlıq məktubu yazır, onun qardaşı
Nəsrəddin bəy isə 1419-cu ildə Ramazan oğullarına qarşı müharibədə sultanın müttəfiqi
olur...
Bir sıra tədqiqat əsərlərində Nəsiminin söz
sənətindən bəhrələnən şairlər içərisində onun müasirlərindən olan, mərkəzi Sivas
olan bəyliyin hökmdarı Qazi Bürhanəddin də yer alır. Tanınmış türkiyəli alim Z.V.Toqan
dil xüsusiyyətləri baxımından Azərbaycan ədəbiyyatının nümayəndəsi sayılan Qazi Bürhanəddin haqqında
yazır: "(Qazi Bürhanəddin - S.Ş.) ...olduqca çox olmaqla öz müasiri olan Nəsimini
yad edir. Nəsimi onun bəzi şeirlərinin vücuda gəlməsində ilham mənbəyi olmuşdur”.
V.M.Kocatürk və Ə.Səfərliyə görə isə, Nəsimi Qazi Bürhanəddinin xələfidir. Bu mübahisəli
bəhsə hər iki şairin yaradıcılıq üslubu və ədəbi zövqündəki yaxınlığı göstərən,
qafiyə baxımından da səsləşən eyni rədifli şeirlərin mövcudluğunu qeyd etməklə yekun
vururuq. Qazi Bürhanəddinin "Dedilər, gerçəkmi?” rədifli şeiri ilə Nəsiminin "Dedilər,
gerçəkmiş” rədifli qəzəlinin müqayisəsi belə bir təsəvvür yaradır ki, sanki Nəsimi
iqrar şəklində və hökm tərzində söylədiyi poetik düşüncələrini Qazi Bürhanəddinin
elə siyasət adamına xas dolayısı ilə verdiyi şairanə suallara cavab olaraq qələmə
almışdır.
Sağlığında şəxsi nüfuzu ilə siyasi iqtidar
sahiblərinin bir qismini özünün müttəfiqinə çevirməyi bacaran Nəsimi edamından sonra
poetik-fəlsəfi sözünün qüdrəti ilə siyasi güc sahiblərinin düşüncəsinə təsir etməyə
davam edir. Belə ki, hürufilərin müttəfiqi Qaraqoyunlu Qara Yusifin oğlu, Qaraqoyunlu
dövlətinin ən qüdrətli hökmdarı Cahanşah Həqiqi də atası kimi hürufilik düşüncəsi
və bu əqidənin daşıyıcıları ilə sıx əlaqəsini qoruyub saxlayır. Və zənnimizcə, bu
bağlılıq Nəsiminin sözü vasitəsilə mümkün olur. Çünki Cahanşahın məhz türkcə divanında
hürufiliklə yaxından səsləşmələr mövcuddur və şeirlərdə sələfin düşüncə tərzinə
o qədər bağlılıq vardır ki, bəzən onun bir sıra əsərləri yanlış olaraq Nəsiminin
divanına daxil edilmişdir. Ümumiyyətlə, Cahanşahın ana dilindəki divanının mütaliəsi
hökmdar şairin hürufilik təriqətinə mənsubiyyəti təsəvvürünü yaradır.
Ağqoyunlu dövlətinin hökmdar nümayəndələrinin
şeir yaradıcılığı ilə məşğul olub-olmaması barədə qaynaqlarda məlumat verilmir.
Amma artıq qeyd etdiyimiz kimi, Ağqoyunlu bəylərindən Qarayölük Osmanın da hürufilik,
xüsusilə Nəsimi ilə dostluq münasibəti olmuş, onun təsiri ilə hürufiliyə meyillənmişdi.
Qarayölük Osmanın bu təmayülü onun nəvəsi, Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl
Xətainin bədii yaradıcılığı və fəlsəfi görüşlərində yeni cilvədə üzə çıxdı. Söz
sənətində sələfinin ənənəsini yaşatmaqla ona müəyyən anlamda ikinci həyat qazandıran
Xətai Nəsimi ədəbi məktəbində xüsusi yer tutur. Onun şeirlərində Nəsimi "Hüseyni”
və "Seyid Nəsimi” təxəllüsləri ilə yad olunur. Xətainin:
Könlünə gətirmə şəkk ilə güman,
Seyid Nəsimiyə de, ol oldu şan,
Tanrı ilə min bir kəlam söyləşən
Əli Mədinədə, Musa Turdadır, -
kimi misralardan aydın olur ki, şairin nəzərində
Nəsimi mötəbər söz sahibidir. Xətai sələfinin "Kimsə gümanü zənn ilə olmadı Həqq
ilə biliş” misrasına istinadla "Könlünə şəkk, güman gətirmə, inanmırsansa, bunu
Seyid Nəsimidən soruş, o bu yolda şöhrət ("şan”) və nüfuz sahibidir”.
Qeyd etməliyik ki, hürufilər Fəzlullah həyatda
ikən can atdıqları siyasi himayəyə daha çox Şah İsmayıl Səfəvinin hakimiyyəti illərində
nail oldular və bu, hürufilik cərəyanının siyasi istiqamətli fəaliyyətinin uğurlarından
sayıla bilər.
XVI yüzillikdə Nəsimi sözünün təsiri təkcə
hürufiliklə yaxın görüşlərə malik Səfəvilərin ədəbi mühitində deyil, Şah İsmayılın
siyasi rəqibi, Şeybanilər sülaləsindən olan özbək xanı Şeybani xanın şeir yaradıcılığında
da nəzərə çarpır. Maraqlıdır ki, Nəsiminin ən cazibəli əsərlərindən olan "Sığmazam”
rədifli şeirinə az sayda nəzirə yazılmışdır və bu azsaylı şeirlər içərisində Şeybani
xanın eyni rədifli qəzəli də yer alır. Halbuki ondan sonra eyni ləhcə ilə divan
bağlayan Məşrəb (XVII əsr) artıq Nəsiminin təsiri ilə yazdığı şeirlərinin rədifini
cığatay türkcəsinin təbiətinə uyğunlaşdırır: "Sığmadim” və "Sığmamdur”.
Nəsiminin nüfuz sahəsinə XV-XVI yüzilliklərdə
Mavəraünnəhr və Xorasanda yaşayıb-yaradan söz ustalarının böyük əksəriyyəti (Lütfi,
Ətayi, Hafiz Xarəzmi, Səkkaki, Nəvai və b.) kimi Teymuri hökmdar şairlərindən Sultan
Hüseyn Bayqara da daxildir.
Misirin çərkəz əsilli məmlük sultanlarından
Qansuh əl-Quri (Qavri) (XVI əsr) də siyasi müttəfiqi Şah İsmayıl kimi, Nəsimi şəxsiyyətinə
dərin rəğbət bəsləmiş, türkcə divanında bir neçə dəfə onun poetik irsinə müraciət
etmiş, hürufi şairin şeir yaradıcılığını özünə örnək bilmişdir. Bu sultanın özünün
bir qələbəsi şərəfinə içərisində Nəsiminin məzarı da yerləşən məscidi bərpa etdirməsi
isə onun hürufiliyə meylindən artıq Nəsiminin şəxsiyyətinə ehtiramının göstəricisidir.
Nəsiminin hökmdar xələfləri silsiləsində
Osmanlı şahzadə və sultanları da yer alır. Ədirnəli Nəzminin "Məcməün-nəzair” adlı
məcmuəsində, M.F.Köksalın da qeyd etdiyi kimi, Nəsimiyə nəzirə yazanlar içərisində
"Ədni” təxəllüslü Mahmud Paşa, "Cəm” təxəllüslü Şahzadə Cəm (2 şeir), "Avni” təxəllüslü
Sultan Mehmed Fateh (2 şeir), "Muhibbi” təxəllüslü Sultan Süleyman (11 şeir) kimi
paşa, şahzadə və sultan şairlərin adlarına rast gəlinir.
Sultan Mehmed Fateh "ənəlhəq” nidasını eşq
ilə əlaqələndirərək onu Nəsiminin fədakarlığının da əsas təkanverici qüvvəsi olaraq
şərh edir: "Ol sədadır yüzdirən cildi-Nəsimi münkirə...” Sultan şairin Nəsiminin
dərisini soyduranı "münkir” (inkarçı, kafir) adlandırması da maraq doğurur. Belə
ki, fərmanda Nəsimini etiqadi görüşlərinə görə edam etdirdiyini qeyd edən sultanın
- əl-Məlik əl-Müəyyəd Şeyx əl-Mahmudinin Fateh tərəfindən bu tərzdə təqdimi onun
hürufi şairin tarixi şəxsiyyəti barədə məlumatlı olduğunu və hadisələrin iç üzündən xəbərdarlığını göstərir.
Qeyd etməliyik ki, türkcə divan şeirində
xitabi qəzəllərin ilk nümunələri Nəsiminin qələminə məxsusdur ("Nigarım, dilbərim,
yarım, ənisim, munisim, canım, Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım”)
və onun bu qəzəlləri bir çox şairlər kimi, Sultan Süleyman Qanuninin də diqqətini
cəlb etmişdir:
Cəlisi-xəlvətüm,
varum, həbibüm, mahi-tabanum,
Ənisüm, məhrəmüm, varum, gözəllər şahı sultanum.
Krımın məşhur xanı, şairi və qəhrəmanı Bora
Gazi Giray (XVI əsr) da Nəsimiyə bir neçə nəzirə yazmışdır və Sultan Süleyman kimi,
o da qəzəllərindən birinə Nəsiminin bəhsini etdiyimiz şeirini örnək olaraq seçmişdir:
Həbibim, munisim,
yarım, dərdə dərmanım,
Ənisim, yari-dilxahım, lətifim, məhrəmim,
canım.
Əslində çox mürəkkəb fəlsəfi düşüncə sahibi
olaraq əsrarəngiz mütəfəkkir, ənənəvi şeir qəlibində belə fərdiyyətin ifadəsi ilə
səmimi şair olaraq tanınan Nəsiminin bir tarixi və ədəbi şəxsiyyət kimi sözünün
təsir dairəsi daha geniş və çoxyönlüdür. Burada yalnız Nəsimi sözü və şəxsiyyətinə
müxtəlif dövrlər və coğrafiyalarda rəğbət və məhəbbəti yığcam xatırlatmalarla ifadə
etməyə çalışdıq.
Səadət ŞIXIYEVA,
filologiya
üzrə fəlsəfə doktoru, dosent, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun
aparıcı elmi işçisi