30 Yanvar 2026 08:25
385
SİYASƏT
A- A+
Sülhə və barışa xidmət etməyən addım

Sülhə və barışa xidmət etməyən addım


Aİ-nin Ermənistana maliyyə yardımı revanşistləri ruhlandırır


Avropa İttifaqına üzv dövlətlər Ermənistana Avropa Sülh Fondundan 20 milyon avro yardım ayrılmasını təsdiqləyib. Qərar Aİ Şurasının iclasında qəbul edilib. Xatırladaq ki, Ermənistan fonda yardım üçün müraciət etsə də, Budapeşt onu bloklamışdı. Daha sonra Macarıstan Avropa Sülh Fondu çərçivəsində Ermənistana vəsait ayrılmasına razılıq verib. 

Bu, Ermənistanın Avropa Sülh Fondundan ikinci dəfə dəstək alması deməkdir. Birinci dəfə Ermənistana 10 milyon avro vəsait ayrılıb. Bu dəfə isə məbləğ ikiqat artırılıb. Yardım Ermənistan silahlı qüvvələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müasir tibbi avadanlıqlarla təminat və şəxsi heyətə texniki təlimlərin keçirilməsinə yönəldiləcək. 

Qeyd edək ki, Avropa Sülh Fondu 2021-ci ildə yaradılıb. Fondun bəyan edilmiş məqsədləri dünya miqyasında münaqişələrin qarşısını almaq, tərəfdaş ölkələrin təhlükəsizlik imkanlarını artırmaq və qeyri-hücum xarakterli hərbi avadanlıqların tədarükünü maliyyələşdirməkdir. 

Avropa İttifaqının Ermənistana yardımı Qərbin dəstəyinin yeni mərhələsi kimi qiymətləndirilir. Sülh danışıqlarının intensivləşdiyi, sərhədlərin müəyyənləşməsi (delimitasiya) prosesinin başladığı bir vaxtda Avropa İttifaqının Ermənistana hərbi yardım ayırmasının arxasında Brüsselin bir neçə strateji və geosiyasi məramı dayanır. Avropa İttifaqı üçün əsas hədəf sülhdən daha çox, Ermənistanın təhlükəsizlik arxitekturasını Rusiyanın təsirindən çıxarmaqdır. Ermənistan ordusu onilliklər boyu Rusiya silahından və təlimlərindən asılı olub. Aİ Sülh Fondu vasitəsilə maliyyə ayırmaqla İrəvana mesaj verir ki, Ermənistanın təhlükəsizliyinin qarantı Moskva yox, Brüssel ola bilər. Bu yardımlar Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşma prosesini sürətləndirmək üçün "mükafat" rolunu oynayır. Ermənistanın Baş naziri Nikol Paşinyanın ordunun yaranmasının 34-cü ildönümü ilə əlaqədar bu məsələlərə toxunması təsadüfi deyil. Paşinyan ordunu gücləndirməyə davam edəcəklərini deyib və bildirib ki, ordunun müdafiə qabiliyyəti gündən-günə artır: "Son illərdə ordumuzun heç vaxt sahib olmadığı keyfiyyət və parametrlərdə böyük miqdarda müasir silah və hərbi texnika alınıb". Paşinyan orduya böyük sərmayələr qoyulduğunu təsdiqləyib. Baş nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tənqid etməyi də unutmayıb. Bildirib ki, KTMT Ermənistana silah satmaqdan imtina edib.

Aİ-dəki bəzi dairələr, xüsusilə Fransa kimi ölkələr fərqindədirlər ki, Azərbaycanın hərbi qüdrəti Ermənistandan qat-qat üstündür. Onların məntiqinə görə, sülh yalnız tərəflər "bərabər gücdə" olduqda qalıcı olur. Yəni Aİ-nin yardımı Ermənistanın müdafiə qabiliyyətini bir qədər artıraraq, onu danışıqlarda daha "dayanıqlı" etmək məqsədi daşıyır. Amma Aİ Ermənistan ordusuna logistika və tibbi avadanlıq verirsə, deməli, gələcəkdə bu avadanlıqlara xidmət edəcək mütəxəssislər, təlimçilər və məsləhətçilər də regiona gələcəklər. Bu isə göstərir ki, Aİ bölgədəki hərbi-siyasi rıçaqlarını gücləndirmək niyyəti güdür. Digər məqam odur ki, sülh sazişi imzalanarsa, Ermənistan cəmiyyətində "nə qazandıq, nə itirdik?" sualı yaranacaq. Aİ bu cür yardımlarla Paşinyana daxili auditoriya qarşısında bir arqument verir. Baş nazir deyəcək ki, "baxın, biz Rusiya ilə məsafə saxladıq və qarşılığında Avropadan hərbi və maliyyə dəstəyi aldıq". 

Lakin Azərbaycanın mövqeyi budur ki, bu cür yardımlar Ermənistandakı revanşist qüvvələri ruhlandırır və sülh prosesini ləngidir. İrəvandakı radikal qruplar bu yardımı "Qərb bizim arxamızdadır, hələ heç nə bitməyib" kimi qəbul edə bilərlər. Yəni silahlanma və hərbi yardım sülhə deyil, gərginliyə xidmət edir. 

Mühüm məqamlardan biri Aİ-nin maliyyə yardımı məsələsində Ermənistan və Azərbaycan arasında açıq-aşkar ayrı-seçkilik etməsidir. Azərbaycan hələ də minalardan əziyyət çəkdiyi halda, Aİ-nin diqqəti Ermənistanın "müdafiə qabiliyyətinə" yönəltməsi bariz tərəfkeşlikdir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hələ ötən ilin yekunlarına dair dekabrın 26-da keçirilən mətbuat konfransında Aİ tərəfindən Ermənistana 20 milyon avro ayrılacağını demiş, eyni məbləğin ölkəmizə də ayrılmasının vacib olduğunu vurğulamışdı. 

Bu disbalans Bakı tərəfindən haqlı narazılıqla qarşılanır. Aİ üçün Ermənistan hazırda Rusiyanın təsir dairəsindən qopmağa çalışan "tərəfdaş" profilindədir. Brüssel hesab edir ki, Paşinyan hökumətinə maliyyə və hərbi dəstək verməklə, Ermənistanın Qərbə inteqrasiyasını sürətləndirir. Aİ-dəki bəzi qüvvələr absurdcasına düşünürlər ki, Azərbaycana hərbiyönümlü yardım göstərmək balansın pozulmasına səbəb ola bilər. Halbuki minatəmizləmə humanitar məsələdir və sülhə birbaşa xidmət edir. Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir və bu ərazilərin təmizlənməsi sülhə və insanların təhlükəsiz qayıdışına xidmət edir. 

O da bir həqiqətdir ki, Aİ daxilində qərarlar heç də həmişə yekdil deyil. Avropa Komissiyası və Şurasından fərqli olaraq Avropa Parlamenti və AŞPA tez-tez ermənipərəst qüvvələrin təsiri altında Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edirlər. Qeyri-obyektiv baxış icraedici orqanların Azərbaycana irimiqyaslı vəsait ayırmasını siyasi baxımdan çətinləşdirir. Nəticə etibarı ilə Avropa İttifaqı rəsmən Bakı ilə əlaqələrin normallaşdırılmasında maraqlı görünməyə çalışsa da, real addımlar fərqli mənzərə yaradır. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq ildən-ilə daha da genişlənir  

10:42
30 Yanvar

Çempionlar Liqası: Bu gün “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi bəlli olacaq  

10:41
30 Yanvar

Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olunub  

10:40
30 Yanvar

Nazirlik: 2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayı 12 dəfə artıb  

10:39
30 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb  

10:39
30 Yanvar

Dünya bazarında qızıl 98 dollaradək ucuzlaşıb  

10:36
30 Yanvar

“Sea Breeze” layihəsi Londonda təqdim olunub  

10:01
30 Yanvar

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib  

09:24
30 Yanvar

ABŞ Prezidenti: Hazırda İrana doğru üzən çoxlu sayda gəmimiz var  

09:23
30 Yanvar

Cənubi Qafqaz üzrə “3+3” formatında üçüncü görüşə hazırlıq davam edir  

09:22
30 Yanvar

Ukrayna Prezidenti qış yardım paketi üçün Almaniya Kanslerinə təşəkkür edib  

09:21
30 Yanvar

Almaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb  

09:20
30 Yanvar

Zelenski enerji infrastrukturuna hücumların dayandırılması səylərinə görə ABŞ-a təşəkkür edib  

09:19
30 Yanvar

Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib  

09:18
30 Yanvar

Millət atası - Hacı Zeynalabdin Tağıyev

09:10
30 Yanvar

Konsepsiya böyük tarixi əhəmiyyətə malik proqramdır

09:05
30 Yanvar

Müasir əkinçilikdə aqrokimya: reallıqlar, problemlər

09:00
30 Yanvar

Keçən il 53 ölkənin 17 mindən çox vətəndaşı müalicə üçün Naftalanı seçmişdir

08:55
30 Yanvar

Mingəçevir: ötən ili uğurla, yeni ilə ümidlə

08:50
30 Yanvar

Qobustan qayaları - ilk memarlıq nümunəmiz

08:45
30 Yanvar

Azərbaycanın investisiya coğrafiyası genişlənir

08:40
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!