Səhnə çətin, qarmaqarışıq və dərs verən bir məkandır. Burada kimləri tapmaq olar: yaxşıdan pisə, qəddardan alicənaba, dayaz təfəkkürdən ağıllı mənsəbə, yadlardan tutmuş özümüzə qədər olan insan toplumu necə də maraqlı görünür. Dünəndən bu günə uzanan tale yolunun zərrə-zərrə şölələrini canlandırdığı bir boxçadır səhnə. Açılır, içində kimlər və nələr var, İlahi! Kiminin taleyinə acıyır, bəzilərini qınayır, bəzən də mat-məəttəl qalırıq. İçimizdəki məni səhnədə görəndə çaşırıq. Ya ibrət götürür, ya da qürurlanırıq.
Yəqin ki, söhbətin teatrdan getdiyini bildiniz. Bu teatr ki var, onda hər şey bütövdür. Tale, insan, təbiət, şəxsiyyət, cəmiyyət və onları birləşdirən tellər bir-birinə o qədər bağlıdır ki, ayrılması mümkün deyil. Amma bütün tamaşalar səslənən zənglərlə başlayır.
Birinci zəng
XX əsr dünyada böyük dəyişikliklər dövrü olub. İki dünya müharibəsi yaşayan həmin əsr xəritə dəyişkənlikləri ilə seçilir. Ötən əsrin respublikamızdakı ən böyük nailiyyətlərindən biri Sumqayıt şəhərinin yaradılmasıdır. İkinci Dünya müharibəsindən sonrakı dövrdə sənayenin daha da inkişafı üçün belə bir şəhərin salınması vacib hesab edildi. Sovet dövlətinin çağırışı ilə birliyin hər tərəfindən insanlar bura axışdı. Gənclər onların içində çoxluq təşkil etdiyindən, yeni yaradılan Sumqayıtı "Gənclər şəhəri” də adlandırdılar.
Bütün çətinliklərə baxmayaraq məhz insan zəhmətinin bəhrəsi nəticəsində boz çöllər simasını dəyişdi. İnsan məskən salmaq üçün özünə yaşam şəraiti düzəltdi. Az bir zaman kəsiyində salınan şəhərdə həyat axarına düşdü.
İnsan bütün mədəni dəyərlərin yaradıcısıdır. Nə olur-olsun, orada mədəniyyət olmalı, insanlar ondan bəhrələnməlidirlər. Sumqayıtda ilk belə mədəniyyət müəssisəsi kimi teatrın yaradılması və onun üçün binanın tikintisi də vacib əhəmiyyət kəsb edirdi. Ötən əsrin əllinci illərində təhlükəsizlik orqanında yüksək vəzifədə çalışan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə belə bir teatr binasının tikinti işlərinə başlandı. Ulu öndər Heydər Əliyev sonralar belə xatırlayırdı: "Bu böyüklükdə şəhərdir, 300 minə yaxın əhalisi var. Əgər mədəni istirahət üçün bir yerə getmək imkanı yoxdursa, teatr dağılıbsa, sarayın bu birisi də istifadə olunmursa, bu insanlar nə etməlidirlər? 1969-cu ildə biz Ərəblinski adına teatrı yaratdıq. O teatrdan bir çox gənc artistlər Azərbaycan Milli Dram Teatrına, başqa teatrlara gəldilər. Çox yaxşı kadrlar yetişdirdi. Bu birincisi, ikincisi də bu Sumqayıt əhalisinə xidmət edirdi”.
Ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində bu şəhər təkcə respublikamızda deyil, dünya miqyasında tanınan yaşayış mərkəzinə çevrildi. Ulu öndər respublikaya rəhbərlik etdiyi dövrdə Sumqayıtın strukturunun yaradılmasında, mədəniyyət və ictimai binaların salınmasında şəxsən özü göstəriş vermiş, onlara nəzarət etmişdir.
Ümummilli lider tikinti obyektlərinin, yolların, qəsəbələrin salınmasını necə yüksək dəyərləndirirdisə, mədəniyyətə, istirahət guşələrinə, insanların mənəviyyatının qorunmasına və inkişafına da o cür diqqətlə yanaşardı. Sumqayıtın mədəniyyət ocaqlarına şəxsən nəzarət edən ulu öndər şəhərdə mənəvi məsələlərin yüksəlməsini, milli adət-ənənələrimizi əks etdirən memarlıq xüsusiyyətlərinin qorunmasını tövsiyə edərdi.
Təxmini hesablamalara görə, şəhərin yarısı həmin dövrdə inşa edilib. Onların içində mədəniyyət saraylarından biri də Sumqayıt Dövlət Dram Teatrının (həmin dövrdə H.Ərəblinskinin adını daşıyırdı) binasıdır.
Daha çox yaşayış binasının tikintisinə yer ayrıldığı bir zamanda ulu öndər belə bir binanın inşasına başlanmasını vacib bildi. Hətta bina üçün ərazini ulu öndər özü seçmişdi. Yarım əsrlik bir zaman kəsiyində şəhər sola və sağa genişlənsə də, həmin bina ərazi əhəmiyyətini itirmir.
1969-cu ildən fəaliyyətə başlayan teatrın səhnəsində əvvəllər dünya mütəfəkkirlərinin əsərləri tamaşaya qoyulardı. Bu da əsasən rusdilli əhalinin maraq dairəsini təmin edərdi. Şəhərə səfərə gələn ulu öndər ilk dəfə olaraq yerli yazıçıların əsərlərini tamaşaya qoymağı təklif etdi. Bəzən Heydər Əliyev məşqlərə baxmağa gələr, aktyorların oynuna şəxsən baxardı. Bu, teatrın aktyorlarına bir stimul verərdi.
Teatrda 1981-ci ildə tamaşaya qoyulan əsərlərdən biri də Nəriman Həsənzadənin "Bütün Şərq bilsin” idi. Vətənpərvərlik, yenilik, sabaha inam ideyaları ilə köklənmiş bu tamaşanın premyerasında ümummilli lider Heydər Əliyev də iştirak edirdi. Tamaşa sona çatdıqdan sonra səhnəyə qalxan Heydər Əliyev teatrın yaradıcı heyəti ilə görüşdükdən sonra üzünü zala tutub dedi: "Baxın, bizim necə gözəl əsərlərimiz var. Belə əsərlərdən çox yazılmalı, onların çoxu tamaşaya qoyulmalıdır. Təkcə Şərq deyil, bütün dünya Azərbaycan mədəniyyətinin nəyə qadir olduğunu görməlidir. Özü də unutmayaq ki, bu gözəlliyin, mədəniyyətin yaradıcısı Azərbaycan xalqıdır, onun bir hissəsi olan sumqayıtlılardır”.
Həmin tamaşadan sonra məhz Heydər Əliyev mədəniyyət ocağının tam şəkildə Hüseyn Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrına verilməsini təklif etdi. Lakin həmin dövrdə ulu öndərin bu tapşırığı yerinə yetirilməmiş qaldı. 2003-cü ildə Sumqayıta səfər edən ümummilli lider neçə illər öncə irəli sürdüyü təklifin reallaşdırılması üçün göstəriş verdi. Həmin ildən teatrın binası tam şəkildə kollektivin ixtiyarına verildi. Sumqayıt Dövlət Dram Teatrının səhnəsindən onlarla sənətkar pərvazlanmış, teatr məktəbinin korifeylərinə çevrilmişlər. Muxtar Dadaşov, Barat Şəkinskaya, Afaq Bəşirqızı, Valeh Kərimov və onlarla digərləri bu mədəniyyət ocağının yetirmələridir.
İkinci zəng
Bu gün şəhərdəki yeniliklər sırasına daxil olanlardan biri də teatr binasına göstərilən qayğıdır. Üstündən xeyli zaman keçməsinə baxmayaraq, bina baxımsızlıq ucbatından öz dəyərini itirmişdi: istifadəyə verildiyi zamandan bugünədək bir dəfə də olsun əsaslı təmir edilməmişdi. İstilik sistemi köhnəlmiş binada normal qaydada tamaşaların məşqini aparmaq mümkün deyildi.
Ötən ilin əvvəllərində burada təmirə start verildi. Əsaslı təmir və yenidənqurma tədbirləri sayəsində binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən qurulub. 500 yerlik tamaşa və akt salonu ən müasir avadanlıqlarla təchiz olunub. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika, işıqlandırma sistemləri və digər avadanlıqlar quraşdırılıb.
Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərlə üzlənib. Bu gün teart binası tam şəkildə təmir edilərək sumqayıtlıların öhdəsinə verilib.
Teatrın binasının təmirdən sonrakı açılışında Prezident İlham Əliyevin iştirakı Sumqayıta və sumqayıtlılara verilən diqqət və qayğının nəticəsidir. Dövlət başçısı mədəniyyət ocağının yüksək şəraitinə, səhnə tərtibatına görə inşaatçılara razılığını bildirmiş, teatrın aktyorlarına uğur diləmişdir.
Üçüncü zəng
Teatr yerləşdiyi şəhərin mədəniyyət göstəricisidir. Bu gün sumqayıtlılar bayram və istirahətlərini möhtəşəm Sumqayıt bulvarında, Nəsimi adına parkda keçirirlər. İnsanın təkcə gəzmək deyil, həm də mədəni tədbirlərdə iştirak etməyə marağı olur. Gözəl bir mədəniyyət ocağında tamaşaya baxmağın nəyi pisdir ki?! Sumqayıt Dövlət Dram Teatrı bax, belə bir mədəni missiyanın daşıyıcısıdır.
Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrının yaradılmasının 50 illiyi münasibətilə sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, respublikamızın zəngin ənənələrinin davamçısı kimi Sumqayıt Dövlət Dram Teatrı fəaliyyətə başladığı ilk vaxtlardan səmərəli yaradıcılıq axtarışları ilə daim diqqəti cəlb etmiş, klassik və müasir dramaturgiya xəzinəsinin bir sıra nümunələrinə ustad sənətkarların iştirakı ilə yeni quruluşlarda uğurlu sənət həyatı vermiş və ötən dövr ərzində tamaşaçı rəğbətini qazanmışdır. İstedadlı aktyor və rejissorlar yetişdirən Sumqayıt Dövlət Dram Teatrı bu gün ölkənin tanınmış sənət ocaqlarından olub, milli mədəniyyətin ümumi tərəqqisi işinə töhvələr bəxş etməkdədir.
Bütün bu deyilənlər ölkə rəhbərinin kollektivin əməyinə verdiyi böyük qiymətdir. Hazırda teatrın kollektivi həmin möhtəşəm tədbirin keçirilməsinə hazırlaşır.
Teatrın kollektivi 150 nəfərdən çoxdur. 1 xalq və 10 Əməkdar artist, 2 nəfər respublikanın Əməkdar mədəniyyət işçisi və 7 "Tərəqqi” medalçısı çalışır.
Hər teatr mövsümünə yeni tamaşalarla gələn Sumqayıt Dövlət Dram Teatrının repertuarı zəngindir. Tamaşalarda gənc aktyorlara rollar verilir. Onların yetişdirilməsi üçün tamaşaların sayı artırılır. Bu da onların püxtələşməsində xüsusi rol oynayır.
Teatrın repertuarı genişdir. M.F.Axundzadənin "Hacı Qara”, İsi Məlikzadənin "Soltanqulu körpüsü”, Hüseynbala Mirələmovun "Vicdanın hökmü”, Rəhman Əlizadənin "Sabah çoxdan başlayıb”, dünya ədəbiyyatından Əziz Nesinin "Öldür məni, can-ciyər”, Con Patrikin "Qocanı öldürməli”, Marsel Bertye Marinyenin "Oğru”, Turgut Özakmanın "Ocaq”, Emanuel Smitin "Tanrıya on dörd məktub”, Əfqanın "Atilla”, "Dədə-Qorqud” dastanları əsasında hazırlanmış "Dəli Domrul” tamaşaları sumqayıtlıların maraqla qarşıladıqları səhnə əsərləridir. Vidadi Məmmədov, Namis Şahməmədov, Növrəstə Həşimova, Fəranə Musayeva, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Cəlal Məmmədov, Oktay Mehdiev, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, Habil Xanlarov, Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı, Amil Babayev kimi səhnə fədailəri tamaşanın keyfiyyətli alınmasında böyük xidmətlər göstərirlər.
Teatr özünün 50-ci mövsümünə hazırlaşır. Nizami Muradoğlunun "Zülmətdə nur” əsəri ilə başlayacaq mövsümdə daha bir neçə ədibimizin yaradıcılığına müraciət edilib. Dünya ədəbiyyatı nümunələri də kollektivin repertuarında yer alıb. Hazırda bir neçə tamaşanın məşqləri gedir.
Yeni mövsüm üçün hazırlanan əsərlərin Sumqayıtın bütün mədəniyyət saraylarında oynanılması nəzərdə tutulub. Sumqayıt Dövlət Dram Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov bildirdi ki, bəzən insanlar yaşadıqları ərazidə olan mədəniyyət saraylarında oynanılan tamaşalara daha həvəslə gəlir. Ümumiyyətlə, görülən və görüləcək işlərlə bağlı teatrın elektron saytında məlumat yerləşdirilib.
Beləcə, pərdələr açılır. Səhnədə aktyorlar öz yerlərini tutaraq hansısa bir xoşbəxtin, ya da bədbəxtin, yaxşının, pisin obrazında cəmiyyətin içinə baş vurur, bizi nəyəsə inandırmağa çalışırlar. Beləcə tamaşa gedir.
Mənəvi dəyər insanın iç dünyasının qazancıdır. Hər kəsin borcu mənəvi dəyərlə ölçülür. Onu isə qazanmaq yaratdığın obrazın dəyəridir. Butün tamaşalarda sonda hamı ayağı qalxır və bir də ətrafı silkələyən alqışlar eşidilir. Tamaşanın ən böyük dəyərini verən isə həmin alqışlardır. Sumqayıt Dövlət Dram Teatrından alqış sədaları hələ çox eşidiləcək. Çünki mənəvi borcun dəyəri qiymətsizdir.
Akif ƏLİYEV,
"Azərbaycan”