Fiziki məhdudiyyətli
insanlara qayğı dövlətin sosial siyasətinin tərkib hissəsidir
...Gəlişiylə,
gedişiylə, şirin-şirin gülüşüylə dünyanı qəmli nağıla bənzədənlər yalnız poeziya
ilə nəfəs alan qələm və söz adamları deyil, həm də fiziki sağlamlığa möhtac, əlil
arabasında yaşam uğrunda mübarizə aparanlar da bu fikirdədirlər.
Maraqlısı
budur ki, onlar sağlam insanlardan daha çox həyata bağlı olurlar. Çalışırlar ki,
cəmiyyətin bir parçası olduqlarını inandırsınlar, təsdiqləsinlər. Demək, onlar yalnız fiziki məhdudiyyətlidirlər. Həyat fəlsəfələri,
duyğu və düşüncələri əlil arabasına ehtiyacı olmayanlardan heç də geri qalmayıblar.
Dünyaya göz
açan hər kəs sabah onu nələr gözlədiyini heç zaman bilməyib. Buna görə də heç kim
qəfil qəzalardan ala biləcəyi xəsarətlərdən sığortalanmayıb. Fiziki məhdudiyyətlilər
isə sanki bunu daha dərindən dərk edirlər.
Onların sosial
müdafiəsi dünyanı narahat edən məsələlərdəndir. Ona görə də BMT 3 dekabr tarixini
Beynəlxalq Əlillər Günü elan edib. Aparılan sosial sorğuların nəticələrinə, beynəlxalq
təşkilatların hesabatlarındakı rəqəmlərə görə dünya əhalisinin təxminən 10 faizi
fiziki cəhətdən qüsurludur. Onların 20 faizi isə inkişaf etməkdə olan ölkələrin
vətəndaşlarıdır.
Azərbaycana
gəlincə, bu kateqoriyaya daxil olanların sosial rifahının yüksəldilməsi istiqamətində
mühüm addımlar atılır, təminatları ödənilir,
cəmiyyətə inteqrasiyaları üçün mühüm layihələr həyata keçirilir.
Xatırlatmaq
yerinə düşər ki, BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilən "Əlillərin
hüquqları haqqında” Konvensiyaya qoşulan Azərbaycanda əlillərin sosial müdafiəsi
ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev
tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin
Azərbaycana rəhbərliyinin hər iki dövründə əlillərin sosial müdafiəsi, onların reabilitasiya və cəmiyyətə inteqrasiyası ildən-ilə
gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı qəbul
edilib. Bakıda və regionlarda əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik
müəssisələr yaradılıb. Ulu Öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların
ailələrinə, fiziki sağlamlığını itirənlərin problemlərinə böyük həssaslıqla yanaşıb.
Əlillərin, şəhid ailələrinin, eləcə də müharibə veteranlarının mənzil şəraitinin
yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb.
Son illər
ölkədə əlilliyi olan şəxslərlə bağlı bərpa-müalicə sisteminin maddi-texniki bazasının
gücləndirilməsi və müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün məqsədyönlü layihələr
həyata keçirilir.
Avropa İttifaqının
"Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi
istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
dəstək” tvinninq layihəsi bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi ilə yanaşı,
fəal ekspert dəstəyinin göstərilməsinə də yardımçı olub.
Ölkəmizdə
əlilliyi olan şəxslərin etibarlı sosial müdafiəsinin təmin olunması Prezident İlham
Əliyevin yürütdüyü siyasətin uğurlu sosial
inkişaf kursunun mühüm komponentlərindən biridir. 2004-cü ildən sosial müavinətlərin,
o cümlədən əlilliyə görə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətlərin
3-10 dəfəyədək artırılması da bunun bariz nümunəsidir. Eyni zamanda müharibə əlillərinə
2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləği 100 faizə kimi artırılıb.
Hələ ötən
əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində
əlilliyi olan şəxslərin istedad və bacarıqlarının dəstəklənməsi üçün respublika
səviyyəli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Ulu Öndərin "Biz əlillər üçün, onların yaşaması, əmək fəaliyyətinə
cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha
da geniş şərait yaradacağıq” fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən
biri kimi müəyyən olunub. Dövlət başçısı İlham Əliyevin yürütdüyü uğurlu sosial
siyasət digər sahələrdə olduğu kimi, bu məsələnin həllində də mühüm əhəmiyyət daşıyır.
Dövlət qurumları
və QHT-lər xüsusi layihələr əsasında istedadlı əlillərin cəmiyyətdə fəallıqlarını
artırmağa çalışırlar. Bununla bağlı bir sıra tədbirlər təşkil edilir: onların müxtəlif
sahələrdə qabiliyyətlərinin üzə çıxarılması üçün idman tədbirləri, yarışlar və müsabiqələr
təşkil edilir.
Yeri gəlmişkən,
2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan
3 dəfə çox olmaqla, 626 mənzil təqdim edilib. 2019-cu ildə isə şəhid ailələrinə,
ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi
ilə əlaqədar əlilliyi olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub. Onlardan
artıq 486 mənzil və fərdi ev öz sahiblərinə
təhvil verilib. Qalan mənzil və fərdi evlər də ilin sonuna qədər veriləcək.
Bununla da
indiyə kimi adıçəkilən nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə
7140 mənzil və fərdi ev verilib. Xatırladaq ki, ötən il 265 müharibə əlilinə nazirlik
tərəfindən minik avtomobili verilib ki, bu da cari ildə nəzərdə tutulduğundan
3,2 dəfə çoxdur. Ümumiyyətlə, bu kateqoriyaya aid olan ölkə vətəndaşlarına indiyədək
müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşlara 6400-dək minik avtomobili
verilib. Bununla yanaşı, reallaşdırılan sosial paketlərin tərkib hissəsi kimi, şəhid
ailələrinə, müharibə əlillərinə yönələn ödənişlər də əhəmiyyətli dərəcədə artırılıb.
Azərbaycan
Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun
yardımı ilə "Arabaçı” Əlillər Şəbəkəsi İctimai Birliyinin təşkil etdiyi tədbirlər
də bu mənada yaddaqalan olur. Dənizkənarı Milli Parkda təşkil olunan tədbirlərin biri fiziki məhdudiyyətlilərin reabilitasiya və
cəmiyyətə inteqrasiya layihəsi çərçivəsində keçirilib. İctimai birliyin sədri İlham
Məhərrəmov sağlamlıq imkanı məhdud olanların özünə qapanmaması, cəmiyyətə inteqrasiyası
məqsədilə belə bir təşkilata ehtiyac olduğunu
bildirib. O əlavə edib ki, ölkəmizdə 500 min
nəfərədən çox fiziki məhdudiyyətlilər var. "Arabaçı” onların bir hissəsini paralimpiya idman
növü olan boççia ilə məşğul olmağa həvəsləndirib.
Son illər
əlil idmançılar arasında boççia idman növünün yayılması sahəsində xeyli iş görülüb.
Bu idman növü nəinki paytaxtda, hətta bölgələrdə də özünə xeyli tərəfdar tapıb.
Ümumiyyətlə,
əlillərin sağlam həyata qaytarılması yalnız ailənin, hər hansı dövlət və ya qeyri-hökumət
təşkilatlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Bu problemin həllində geniş ictimaiyyət
iştirak etməli, onlara qayğı hər kəsin mənəvi borcuna çevrilməlidir. Axı, onların
da dünyaya gələn hər kəs kimi, yaşama haqqı var. Fiziki hərəkəti mədud insanlar, xüsusən də belə bəlaya
düçar olmuş uşaqlar da özlərini (istedad və qabiliyyətləri ilə) cəmiyyətin sağlam
ruhlu üzvləri kimi hiss etməlidirlər. Çünki öz dünyası, öz aləmi olan bu insanları
yaşadan bir özgə həyat eşqidir...
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”