13 May 2025 09:05
823
Mədəniyyət
A- A+
"Siz zəhmətinizə mükafat ummadan işləmisiniz"

"Siz zəhmətinizə mükafat ummadan işləmisiniz"


Bu istedadlı qrafika rəssamı Nadir Axundovun yaradıcılığına verilən ən doğru qiymətdir


Onun müəllifi olduğu təsviri sənət nümunələri daha çox düşündürücü və tünd çalarlarla zəngindir. Bəlkə də bu xüsusiyyət həyatın onu lap kiçik yaşlarından taleyin əzabları ilə üz-üzə qoymasından irəli gəlir. Söhbət Azərbaycan təsviri sənət tarixində öz yaradıcılığı ilə seçilən, bu il 100 illik yubileyi tamam olan, istedadlı rəssam Nadir Axundovdan gedir. 

Nadir Səfərəli oğlu Axundov Naxçıvan şəhərində anadan olmuşdur. 3 yaşından ata-ana nəvazişindən məhrum olan balaca Nadir xalası Münəvvər xanımın himayəsində böyümüşdür. Onun lap kiçik yaşlarından rəssamlığa xüsusi marağı olmuşdur. Bu maraqla o, 1938-ci ildə Bakıya rəssamlıq təhsili almağa gəlmiş, bir neçə ay paytaxtda qaldıqdan sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə getmiş və  Leninqrad Orta Rəssamlıq Məktəbinə daxil olmuşdur. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar N.Axundov təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanmışdır. 1945-ci ildə ordudan tərxis olunan Nadir doğma şəhəri Naxçıvana qayıtmış, orada yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Rəssam daha geniş yaradıcılıq mühitinə qovuşmaq üçün 1946-cı ildə yenidən Bakıya gələrək ömrünün sonuna kimi burada bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, təsviri sənətin qrafika və rəngkarlıq sahəsində uğurlu təsviri sənət nümunələri ərsəyə gətirmişdir. 

N.Axundov uğurlu pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, 1950-ci illərin ikinci yarısından 1960-cı illərin sonunadək Yuri Qaqarin adına Bakı Pionerlər Sarayında rəsm dərnəyinin rəhbəri olmuş və təsviri sənəti gənc nəslin nümayəndələrinə sevə-sevə tədris etmişdir. Rəssamın tələbələri arasından bir sıra tanınmış istedadlı rəssamlar yetişmişdir. Xalq rəssamı Arif Hüseynovla  söhbətimiz zamanı o, müəllimi N.Axundovu böyük hörmətlə xatırlamışdır. 

N.Axundovun sağlığında Bakı, Gəncə və doğulub boya-başa çatdığı Naxçıvan şəhərində əsərlərindən ibarət fərdi yaradıcılıq sərgiləri təşkil olunmuşdur. İstedadlı rəssamın "Kitab oxuyan qız" (1952), "Qarpız yeyən oğlan" (1955), "Mühəndisin portreti" (1970), "Birinci kurs tələbəsi" (1972) adlı rəngkarlıq, "Görüş" (1958), "Rəfiqələr" (1959), "Ana sevinci" (1959), "Suvaqçılar" (1960), "Arx kənarında" (1961), "Kitabxanada" (1963), "Təhsil" (1964), "Tələbə qız" (1964), "Düşüncələr" (1965), "Şlyapalı avtoportret" (1966), "Bakı qalası" (1966), "Fasilə" (1966), "Çadralı qadınlar" (1967), "Qədim kənd" (1967), "Kənd musiqiçiləri" (1967), "Qız portreti" (1970), "Qədim Bakı" (1973), "Azadlıq" (1975), "Dəniz kənarında" (1976), "M.Füzuli" (1976) adlı qrafika əsərləri rəssama böyük şöhrət qazandırmışdır. Onun əsərlərinə tamaşa edən seyrçidə xoş duyğularla yanaşı, həzinlik, düşündürücülük hissləri yaranır. Əzim Əzimzadə satirik, Ələkbər Rzaquliyev romantik, Nadir Axundov isə realistik prinsiplərlə öz yaradıcılıq dünyalarını təcəssüm etdirmişlər. 

Rəssamın yaradıcılığında bədii estetk təsir qüvvəsi maarifçi xətlə ahəngdar aparılmışdır. Bu xüsusiyyət rəssamın özünəməxsus yaradıcılıq üslubunu formalaşdırmışdır. N.Axundovun həyat və yaradıcılığı haqqında 1994-cü ildə nəşr olunmuş albom kitabda sənətşünaslıq namizədi Nadir Zamanov yazırdı: "Nadir Axundovun əsərlərində xalqının mədəniyyətini sevən, onun sənət irsi ilə fəxr edən rəssam ürəyinin çırpıntıları hiss olunur".

Müxtəlif vaxtlarda Leninqrad, Daşkənd və Tbilisidə təşkil olunmuş sərgilərdə rəssamın "Çay süfrəsi" (1961), "Çoban qız" (1961), "Kənd musiqiçiləri" (1966), "Dəniz kənarında qala" (1966), "Köhnə Bakı" (1967), "Dənizdə neft buruqları" (1969), "İçərişəhər" (1971), "Dəniz kənarında" (1976) və digər əsərləri nümayiş olunaraq yüksək tamaşaçı rəğbəti qazanmışdır. Onun əsərləri həmçinin Fransa, İtaliya, Almaniya, Finlandiya, Macarıstan, Kuba, Əlcəzairdə təşkil olunmuş sərgilərdə uğurla nümayiş etdirilmişdir. Rəssam kitab qrafikası sahəsində də diqqəti cəlb edən yaradıcılıq fəaliyyəti göstərmişdir O, T.Ş.Simurqun "Qayçı" (1966), S.S.Axundovun "Qaraca qız" (1966) hekayələrinə  illüstrasiyalar çəkmişdir.  

N.Axundovun əsərlərinin reproduksiyaları və yaradıcılığı haqqında Azərbaycan incəsənət tarixi ilə bağlı nəşr olunmuş albom, kitab və  monoqrafiyalarda dəfələrlə dərc edilmiş, tədqiqatçı sənətşünas alimlər tərəfindən yüksək qiymətləndirilmişdir. 2007-ci ildə Azərbaycan dəzgah qrafikası mövzusunda müdafiə olunmuş dissertasiya işində rəssamın yaradıcılığı haqqında yazılır: "Nadir Axundov əsərlərində sadə kompozisiyalar qurmuş, istədiyi fikri, məqsədi dolğun vermək üçün canlı xətlər, ştrixlər tapmış, bunların vasitəsilə müxtəlif formalarda sənətkarlıq nümunələri göstərmişdir. Birinci növbədə rəssam həyat həqiqətlərinə sadiq qalmışdır, reallığa, təbiiliyə geniş yer vermişdir".  

İstedadlı rəssam N.Axundovun 1978-ci ildə Bakıda təşkil olunmuş fərdi sərgisinə tamaşa edən Xalq şairi Bəxtiyar Vahabzadə rəy kitabında qeyd etmişdir: "Siz zəhmətinizə mükafat ummadan işləmisiniz. Xırda, cılız təriflərə ehtiyacınız olmayıb. Buna görə də siz əsl sənət örnəkləri yarada bilmisiniz... Qoy sizin qiymətinizi zamanın özü versin". Bu dəyərləndirmə rəssam haqqında vaxtında deyilmiş ən doğru və layiq fikirlərdir. Bəli, zaman o zamandır ki, rəssamın yaradıcılıq dünyası və yaratdığı sənət nümunələri müasirdir, öz bədii dəyəri ilə sənət adamlarının diqqətini cəlb edir, marağına səbəb olur və dəyərləndirilir. Bir sözlə, Nadir Axundov özünün bədii yaradıcılıq fəaliyyəti və yaratmış olduğu təsviri sənət nümunələri ilə Azərbaycan təsviri sənət tarixində həmişə yaşayacaq istedadlı rəssamdır.  


Əsəd QULİYEV,

Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BBC: Beş ölkə İsrailə görə “Avroviziya”nı boykot edib

09:57
12 May

Sorğu: Fransızların 91 faizi ölkənin iqtisadi gələcəyi ilə bağlı bədbin mövqedədir

09:44
12 May

Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  

22:58
11 May

Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

22:23
11 May

Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub  

21:43
11 May

 WUF13 öncəsi mühüm tədbir: “Eco-Art” Festivalı

21:06
11 May

BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub  

20:21
11 May

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır 

20:08
11 May

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb  

19:35
11 May

Ukrayna Prezidenti Vladimir Putinlə görüşün formatının ABŞ ilə müzakirə olunduğunu bildirib  

19:03
11 May

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır

18:53
11 May

Ulu Öndərin əziz xatirəsi Heydər Əliyev zirvəsində anılıb  

18:37
11 May

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar  

18:13
11 May

Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub

17:48
11 May

Makron Fransa və Britaniya hərbçilərinin Hörmüz boğazına yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib  

17:38
11 May

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib  

17:29
11 May

Sahib Ələkbərov: "Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir  

17:21
11 May

Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal

16:57
11 May

Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilib

16:49
11 May

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

16:33
11 May

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

15:41
11 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!