10 İyul 2024 08:05
409
CƏMİYYƏT
A- A+
Siyasi partiyaların və siyasi partiyalar bloklarının Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirakının əsasları

Siyasi partiyaların və siyasi partiyalar bloklarının Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirakının əsasları

 

Siyasi partiyalar və siyasi partiyaların bloku ölkədə keçirilən seçkilərdə və referendumda özünəməxsus yeri olan çox mühüm seçki subyektlərindəndir. Seçki təcrübəsi göstərir ki, siyasi partiyaların seçkilərdə iştirak fəallığı, onların ictimai-siyasi proseslərə təsir imkanları ildən-ilə artmaqdadır. Bu, bir sıra amillərlə yanaşı, eyni zamanda siyasi partiyaların inkişafı, sıralarının artması, ictimai-siyasi proseslərə yaxından cəlb olunması üçün ölkədə onlara yaradılmış əlverişli mühitlə bağlıdır. Onu da qeyd edək ki, mövcud qanunvericilik seçkilər zamanı siyasi partiyaların öz məqsəd və məramına uyğun olaraq bloklarda birləşmək, vahid platforma ilə çıxış etmək, namizədlər irəli sürmək imkanlarını da tanıyır.
Seçki prosesinin iştirakçılarından biri kimi siyasi partiyalar blokunun yaradılma qaydası, fəaliyyət prinsipləri və digər mühüm məqamlar Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəqiq, aydın və lakonik şəkildə öz əksini tapıb. Qanunvericilikdə belə müəyyən olunub ki, siyasi partiyaların blokunu azı iki siyasi partiya yarada bilər və siyasi partiya blokun tərkibinə daxildirsə, seçkilərin keçirildiyi dövrdə müstəqil partiya kimi çıxış edə və ya digər bloka daxil ola bilməz. Siyasi partiyaların blokuna daxil olmaq barədə qərar isə bloka daxil olan hər bir siyasi partiyanın nizamnaməsinə uyğun qəbul edilməlidir. Yalnız yuxarıda qeyd edilən müvafiq qərar qəbul edildikdən sonra siyasi partiyaların səlahiyyətli nümayəndələri blokun yaradılması barədə birgə qərar imzalayırlar.
Siyasi partiyalar blokunun hüquqi status əldə etməsi üçün onun qeydə alınması zəruridir. Bunun üçün müvafiq siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (MSK) bir sıra sənədlər təqdim etməlidir. Bunlar bloka daxil olan siyasi partiyaların nizamnamələrinin notariat qaydasında təsdiq edilmiş surətləri, siyasi partiyaların bloka daxil olmaq haqqında qərarları, blokun yaradılması haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin partiyaların möhürləri ilə təsdiqlənmiş birgə qərardır. Sözügedən sənədlər Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq düzgün rəsmiləşdirildikdə, MSK 5 gün müddətində siyasi partiyalar blokunu qeydə almalıdır. Əks təqdirdə, MSK siyasi partiyalar blokunun qeydə alınmasından imtina edə bilər. Siyasi partiyalar blokunun qeydə alınması rəsmiləşdikdən sonra onun tərkibinə hər hansı digər siyasi partiya daxil edilə bilməz. 
Qeyd edək ki, siyasi partiyalar blokunun adı və emblemi ilə də bağlı konkret tələblər var. Siyasi partiyalar blokunun adı bloka daxil olmuş partiyaların nümayəndələrinin birgə iclasında müəyyənləşdirilməlidir. Blokun adlandırılmasında həmin bloka daxil olmayan (seçkilərdə iştirak edib-etməməsindən asılı olmayaraq) və əvvəllər seçkilərdə iştirak etmiş digər siyasi partiyaların adlarından istifadə edilə bilməz. Əgər yeni qeydə alınmış siyasi partiyalar blokuna əvvəlki seçkilərdə həmin bloku yaratmış siyasi partiyaların yarısından çoxu daxil deyildirsə, yeni yaradılan bloka əvvəlki siyasi partiyalar blokunun adı verilə bilməz. Siyasi partiyaların bloku fiziki şəxsin adından və ya soyadından yalnız həmin şəxsin yazılı razılığı əsasında istifadə edə bilər. Bütün bu sadalanan tələblərlə yanaşı, siyasi partiyaların bloku özünün tam və qısa adı barədə MSK-ya məlumat təqdim etməlidir.
Siyasi partiyaların bloku rəsmən təsdiq olunması üçün özünün emblemini də MSK-ya təqdim edə bilər. Bu zaman siyasi partiyaların bloku onun tərkibindəki hər hansı siyasi partiyanın qeydə alınmış emblemi, yaxud digər siyasi partiyalar və siyasi partiyalar bloklarının indiki və əvvəlki seçkilərdə istifadə etdikləri emblemlər istisna olmaqla, istənilən emblemi təqdim edə bilər. Bir şərtlə ki, siyasi partiyalar blokunun rəmzləri əqli mülkiyyət hüquqlarını, əmtəə nişanlarına olan hüquqları pozmasın, Azərbaycan Respublikasının və digər ölkələrin dövlət rəmzlərinə, dini rəmzlərə toxunmasın, ümumən qəbul edilmiş əxlaq normalarını pozmasın. Seçki kampaniyası dövründə siyasi partiyalar blokunun adının və embleminin dəyişdirilməməsi şərtilə blokun beş sözdən çox olmayan adından, habelə emblemindən seçki sənədlərində istifadə edilməsi MSK ilə razılaşdırılmalıdır. 
Siyasi partiyalar, siyasi partiyaların bloku seçkilərdə özlərinin rəsmi təmsilçiləri ilə iştirak edirlər. Qeyd edək ki, siyasi partiyaların, siyasi partiyalar blokunun təmsilçiləri hesab edilən səlahiyyətli nümayəndələr, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr müvafiq olaraq siyasi partiyanın, bloka daxil olan siyasi partiyaların və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı, yaxud onların qurultayı, konfransı və ya rəhbər orqanın iclasının qərarı ilə təyin edilirlər.
Siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli orqanının qərarı ilə yazılı formada xəbərdar etməklə nümayəndənin səlahiyyətlərinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti MSK-ya və dairə seçki komissiyalarına göndərilməlidir.
Siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti onların təyin edildiyi vaxtdan başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq bütün namizədlərin, habelə siyasi partiyaların, siyasi partiyalar bloklarının irəli sürdükləri siyahı üzrə namizədlərin statusunun itirilməsi vaxtı başa çatır.
Seçki təcrübəsi göstərir ki, digər seçkilərdə olduğu kimi, Milli Məclisə seçkilərdə də siyasi partiyalar və ya onların blokları fəal şəkildə iştirak edirlər. Seçki Məcəlləsinin 54-cü maddəsi namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsinin ümumi prinsiplərini müəyyən edir. Həmin maddənin tələblərinə əsasən namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Belə qərar kollegial qaydada səsvermə yolu ilə qəbul edilməlidir. Bununla belə, siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilməli, siyasi partiyaların blokları tərəfindən namizədin irəli sürülməsi haqqında qərar isə siyasi partiyaların nümayəndələrinin iclasında (qurultayında, konfransında, rəhbər orqanının iclasında) qəbul edilir. Siyasi partiyaların bu səlahiyyətli nümayəndələri partiyaların qurultayında (konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir. 
Namizədin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilməlidir və həmin protokolda iclasda (qurultayda, konfransda, rəhbər orqanın iclasında) iştirak etmiş iştirakçıların sayı, siyasi partiyalar blokunun yaradılması haqqında sazişdə nəzərdə tutulan qərarın qəbul edilməsi üçün lazım olan iştirakçıların sayı, namizədin irəli sürülməsi barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri və qərarın qəbul edilməsi tarixi göstərilməlidir. Yeri gəlmişkən, qeyd edək ki, siyasi partiya, siyasi partiyaların bloku bu bloka daxil olan partiyaların üzvü olmayan şəxsləri də namizəd kimi irəli sürə bilərlər.
Namizədin adı ilə birlikdə siyasi partiyanın səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasına siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətini, siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surətini, namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı və müvafiq iclasın protokolunu,  siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələrini də təqdim etməlidir.
Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi isə namizədin adı ilə birlikdə müvafiq dairə seçki komissiyasına siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanının iclasının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclaslarının  protokollarını,  siyasi partiyalar blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin iclasının (qurultayının, konfransının) siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarını və müvafiq iclasın protokolunu, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və ya notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələrini təqdim etməlidirlər.
Müvafiq seçki dairələri üzrə irəli sürülmüş namizədlərə aid sənədlər isə müvafiq seçki komissiyasına siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilir. Bu zaman namizədlərin adları MSK-nın müəyyənləşdirdiyi formada təqdim edilir, çap üsulu ilə və ya maşınla oxunmasına imkan verən başqa üsulla tərtib olunur.
Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi yuxarıda qeyd olunan sənədlərlə birlikdə namizədin seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam veriləcəyi barədə öhdəliyi də göstərilməklə, namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə ərizəsini də təqdim edir. Bu ərizədə namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, o cümlədən tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), namizədin arzusu ilə siyasi partiyaya mənsubluğu göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin qanununun adı göstərilməlidir. Ərizədə namizədin vətəndaşlığı və ya xarici ölkə vətəndaşlığına mənsubluğu, başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması haqqında məlumatlar daxil edilir.
Seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizədin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edir və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə bu barədə məlumat verir. Müvafiq dairə seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.
Namizədin qeydə alınmasından imtina edilməsi üçün əsas yalnız tələb olunan sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədin irəli sürülməsi qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlər edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi bu haqda xəbərdar edir, müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsi təsdiqlənir.
Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə azı 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı müraciət edərək, seçki dairəsi üzrə irəli sürülmüş və qeydə alınmış deputatlığa namizədi geri çağırmaq hüququna malikdir.
Bundan başqa, qanunvericilik imkan verir ki, deputatlığa namizədlər irəli sürmüş siyasi partiya, siyasi partiyalar bloku səsvermə gününə azı 10 gün qalmış müvafiq dairə seçki komissiyasına yazılı müraciət etməklə, namizədləri irəli sürmüş orqanın qərarı ilə seçkilərdə iştirak etməkdən imtina etsin. Bu halda, siyasi partiya, siyasi partiyaların bloku deputatlığa namizədləri geri çağıra bilər.
Seçki Məcəlləsinin tələbinə uyğun olaraq siyasi partiya, siyasi partiyalar bloku namizədin irəli sürülməsi barədə dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş bildirişi və digər müvafiq sənədləri təqdim etməklə müvafiq bankda xüsusi seçki hesabı da açmalıdırlar. Bu zaman siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi xüsusi seçki hesabı aça bilər. 
Azərbaycan Respublikasının hazırki qanunvericiliyi, o cümlədən Seçki Məcəlləsi siyasi partiyaların və siyasi partiya bloklarının seçkilərdə iştirakı üçün geniş imkanlar açır. Bununla belə, sözügedən Məcəllədə siyasi partiyaların və siyasi partiya bloklarının seçkilərdə və referendumda iştirakına dair bir sıra ümumi və xüsusi şərtlər vardır ki, onlara əməl olunmaması bir çox hallarda hüquqi məsuliyyət yaradır. 

Mikayıl RƏHİMOV, 
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!