Azərbaycan ədəbiyyatının beynəlxalq ədəbi məkanda tanıdılması, milli söz sənətinin müxtəlif xalqların oxucularına çatdırılması mədəni əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Lətifə Oruc ədəbi təxəllüsü ilə çıxış edən azərbaycanlı yazıçı, vəkil Lətifə Əliyevanın Almatıda keçirilən yaradıcılıq görüşü və onun "Sirli gedişlər" romanının təqdimatı təqdirəlayiqdir.
“Sirli gedişlər” əsərinin qazax dilindəki nəşri Erkinbek Turqunovun tərcüməsində "Құпия жүрістер" adı altında təqdim olunub.
Qazaxıstan Yazıçılar İttifaqının, ədəbi və mədəni ictimaiyyətin nümayəndələrinin iştirakı ilə gerçəkləşən tədbirdə əsərin əsas mövzuları, başlıca məqasədi, ədəbi əlaqələrin möhkəmlənməsində, xalqların yaxınlaşmasında bədii tərcümənin rolu, o cümlədən iki ölkə yazıçılarının əməkdaşlıq perspektivləri müzakirə edilib.
“Sirli gedişlər” romanı bu günədək bir sıra dillərə tərcümə olunub. Artıq kitab Azərbaycan oxucuları ilə yanaşı, rus, ingilis, türk, özbək, qırğız, qazax, başqırd, tatar və alman dillərində də əlçatandır. Yazıçı Lətifə Orucdan aldığımız məlumata görə, roman hazırda gürcü dilinə tərcümə olunur.
Qeyd edək ki, “Sirli gedişlər” romanı ilk dəfə 2021-ci ildə Bakıda, “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Romanın diqqətçəkən xüsusiyyətlərindən biri onun həyat gerçəkliyi ilə sıx bağlı olmasıdır. Müəllif sadə və zəhmətkeş bir ailənin timsalında insan iradəsinin gücünü, təhsilin əhəmiyyətini, ailə birliyini və çətinliklərə qarşı mübarizəni təsvir edib. Əsərin mərkəzində yeddi bacının həyat yolu dayanır. Zəhmətkeş ata və qayğıkeş ana tərəfindən böyüdülən bacılar maddi çətinliklərə baxmayaraq təhsil alır, müxtəlif peşələrə yiyələnir və öz həyat yollarını qururlar.
Müəllif bidlirir ki, “Sirli gedişlər” romanım bizim öz həyat hekayəmizdir: “Biz ailədə yeddi bacı olmuşuq. Atam səkkizinci sinifədək oxuyub. Anam isə məktəbə getməyib, yazıb-oxumağı bacarmırdı. Bu kitabda mən biz yeddi bacının ali təhsil almaq üçün hansı çətinliklərdən keçdiyimizi, kənddən necə gəldiyimizi, Bakıda hansı problemlərlə üzləşdiyimizi təsvir etmişəm. Çətinliklər bizi ruhdan sala bilmədi, arzularımızdan geri çəkilmədik, ümidlərimizi itirmədik. Nəticədə, hamımız Bakıda yüksək təhsil aldıq. Bacılarımdan ikisi Azərbaycan Tibb Universitetini bitirdi. Üç bacı Bakı Dövlət Universitetinin hüququ fakültəsində oxuduq. Bir bacım universitetin tarix, digəri isə filologiya fakültəsində təhsil aldı. Yəni hər birimiz bu cəmiyyətdə öz sözünü demiş şəxslərik”.
Yazıçı bir ailənin hekayəsini ümumiləşdirməyə müvəffəq olub. Əsərin qəhrəmanlarının həyat mübarizəsi, keçmişin sosial reallıqları, ailə tərbiyəsi və hər bir fərdin öz gələcəyini qurmaq, savad və zəhmət sayəsində irəliləmək, məqsədinə çatmaq əzmi oxucuya böyük təsir bağışlayır.
Yazıçının həyat təcrübəsindən və müşahidələrindən qaynaqlanan əsər oxucuya bir mühüm həqiqəti xatırladır ki, insanın gələcəyini yalnız doğulduğu mühit müəyyən etmir. İradə, elmə və biliyə bağlılıq, ailədən alınan mənəvi tərbiyə və düzgün seçimlər də həyat yolunda həlledici rol oynayır.
Qeyd edək ki, Lətifə Əliyeva uzun illər Azərbaycan Vəkillər Kollegiyasının üzvü kimi vəkil kimi fəaliyyət göstərib.
Müəllifin “Sirli gedişlər” romanını qələmə almaqda məqsədi təhsil hüququndan məhrum olmuş qız uşaqlarının hüquqlarını müdafiəsi, onları təhsilə yönəltmək və erkən nikaha “yox” deməkdir: “Mən otuz ilə yaxın vəkil işləmişəm. Həmin müddətdə çoxlu belə problemlərlə mənə müraciət edən gənc xanımlar olub. Bu romanla mən diqqətə çatdırıram ki, heç bir çətinlikdən qorxmaq lazım deyil. Hər bir gənc çalışmalıdır ki, qorxuları onu idarə etməsin. Əksinə, özü qorxularını idarə etsin, həyat yolunda mətanətlə addımlamağı, arzularını həyata keçirməyi bacarsın və gələcəkdə özünü cəmiyyətdə bir şəxsiyyət kimi təsdiq edə bilsin. Eyni zamanda, “Sirli gedişlər” romanının valideynlər üçün də tərbiyəvi əhəmiyyəti var. Bu əsər onlara da xatırladır ki, ailədə öz övladlarına mənəvi dəstək olmalıdırlar. Uşaqlarının həyatını düzgün qurmalarına maneə yaratmaq əvəsinə, onlara doğru yol göstərməli, əllərindən gələni əsirgəməməlidirlər. Ona görə də mən öz real həyat hekayəmizi yazıb başqa dillərə də tərcümə etdirirəm. Həmin ölkələrə gedib kitabımın təqdimatını keçirirəm. Təşəkkür edirəm ki, həmin ölkələrdə yüksək səviyyədə qarşılanıram, təhsil ocaqlarında, milli kitabxanlarda, Yazıçılar Birliyində, muzeylərdə kitabımın təqdimatını keçirirlər. Hər tədbirdə çıxış edən tələbələrin, məktəblilərin timsalında “Sirli gedişlər” romanımın oxuculara çox böyük təsir etdiyinin şahidi oluram”.
Lətifə Əliyeva qeyd edir ki, “Sirli gedişlər” kitabının indiyədək türkdilli dövlətlərdə - Türkiyədə, Özbəkistanda, Qırğızıstanda, Qazaxıstanda yüksək səviyyədə təqdimat mərasimləri keçirilib. Müəllif həmin tədbirlərdə iştirak edib: “Sirli gedişlər” yalnız qızlar üçün deyil, ümumilikdə gənclər üçün tərbiyəvi əhəmiyyətə malik romandır. Bu əsər gənclərə öz ayaqları üstündə dayanmağı, əzmkar, mətin olmağı aşılayır. Qazaxıstanda keçirilən görüşlərdə də bir müəllif kimi. mənim üçün görmək çox xoş oldu ki, əsərim oxuculara böyük təsir bağışlayır, onları düşündürür və məqsədlərinə doğru gedən yolda çətinlikləri aşmağa həvəsləndirir”.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”