Azərbaycanda liberal iqtisadiyyatın yüksəlişinə köklənmiş inkişaf strategiyası nəticəsində uğurların əldə olunması günümüzün reallığıdır. Müəllifi ulu öndər Heydər Əliyev olan bu siyasətin mahiyyətində ölkənin iqtisadi tərəqqisi, xalqa xidmət etmək, o cümlədən insanların sosial təhlükəsizliyinin təmini durur. Özünü təsdiq etmiş bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha geniş miqyasda aparılması ölkəmizin iqtisadi və sosial yüksəlişi ilə müşayiət olunur.
Bu baxımdan diqqəti çəkən əsas məqamlardan biri odur ki, ölkəmizdə vüsət alan iqtisadi inkişaf sosial sahəyə təsirsiz ötüşməyib. Azərbaycan iqtisadiyyatında həyata keçirilən köklü dəyişikliklər iqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb. Bu gün dönüb arxaya, çox da zaman keçməyən müstəqillik tariximizə nəzər salanda ölkəmizin həqiqətən də böyük sosial inkişaf yolu keçdiyini aydın görərik.
İqtisadi inkişaf sosial sferada çoxşaxəli islahatlar aparmağa, dünyada təcrübədən uğurla çıxmış təkmil mexanizmləri tətbiq etməyə imkan verir. Bu sırada xüsusən pensiya sahəsində həyata keçirilən islahatlar diqqəti cəlb edir. Bu islahatların prioritet istiqamətindən biri kimi pensiya təminatı sistemi ötən dövrdə mütərəqqi beynəlxalq təcrübə əsasında yenidən qurulub. Beləliklə, Azərbaycan hakimiyyətinin əmək pensiyaçılarının sosial müdafiəsini xüsusi diqqət mərkəzində saxlamasının nəticəsi kimi ölkəmizdə müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması ilə beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub.
Yaranmış yeni sosial-iqtisadi şəraitə uyğun pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığını hədəfləyən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda isə növbəti mərhələdə pensiya islahatının prioritet istiqamətləri təyin edilib. Konsepsiya ilə müəyyənləşdirilmiş vəzifələrin kompleks həlli üçün sığorta-pensiya sisteminin fəaliyyət düsturu kimi qəbul edilən pensiya formulunun inkişafın yeni mərhələsinə uyğun tələblər əsasında təkmilləşdirilməsi nəzərdə tutulur. Bu, sığorta-pensiya iştirakçılarının təminatı, həm də ümumilikdə sistem üzrə mövcud problemlərin həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni pensiya formulunun tətbiqi ilə ilk növbədə sosial sığorta prinsiplərinin daha da dərinləşdirilməsi sayəsində sistemin yeni maliyyə modeli qurulacaq. O cümlədən qeyri-sığorta ödəmələrinin məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsi minimuma endiriləcək və dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəlikləri fərqləndiriləcək. Bütün bunlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin ümumxalq mənafeyinə xidmət edən düşünülmüş siyasəti məqsədyönlü şəkildə vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə yönəlib.
Ölkəmizdə uğurla aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq 2015-ci ilin 9 ayında da yüksək nəticələr əldə olunub. Bu əsasda sığorta-pensiya sahəsində də cari ilin ötən dövrü müvəffəqiyyətlə yekunlaşıb. Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin fəaliyyətinin bu dövr üçün yekunları deyilənləri təsdiq edir. Şöbənin müdiri Fərasim Əliyevin sözlərinə görə, cari ilin 9 ayında nəzərdə tutulmuş proqnoz və tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulan bütün işlər görülub, əhaliyə pensiya ödənişlərinin qrafikə uyğun həyata keçirilməsi, vətəndaşların müraciətlərinə vaxtında baxılması və diqqətlə araşdırılaraq müvafiq tədbirlərin görülməsi təmin edilib. Şöbənin rəhbərliyi tərəfindən vətəndaş müraciətlərinə həssaslıqla yanaşılıb.
DSMF Biləsuvar rayon şöbəsi 12 min 55 nəfər pensiyaçıya xidmət göstərir. Onlardan 6 min 413 nəfəri yaşa görə, 4 min 552 nəfəri əlilliyə görə, 1090 nəfəri ailə başçısının itirilməsinə görə pensiya alanlardır. 2015-ci ilin 9 ayı ərzində şöbəyə yeni pensiya təyin olunması ilə əlaqədar 413 nəfər müraciət edib və onların ərizələrinə vaxtında baxılaraq pensiya təyinatı aparılıb. Yeni təyin olunmuş pensiya işlərindən 163 nəfəri yaşa görə, 175 nəfəri əlilliyə görə,
75 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alanlardır.
Azərbaycan Prezidentinin 2015-ci ilin 26 yanvar tarixli sərəncamına əsasən 1 yanvar 2015-ci il tarixə əmək pensiyalarının sığorta hissəsinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri 2015-ci il səviyyəsinə uyğun olaraq 1,4 faiz indeksləşdirilərək yenidən hesablanması təmin edilib.
Şöbədə söhbət etdiyimiz pensiyaçılardan Məmmədağa Əliyev, Əliheydər Abbasov, Gülsara Əkbərova, Çingiz Səfərov və başqaları ölkə Prezidenti İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində mütərəqqi beynəlxalq təcrübə əsasında yenidən qurulmuş pensiya təminatı sistemindən razılıq və minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, 2015-ci ilin 9 ayı ərzində DSMF Biləsuvar rayon şöbəsinin mədaxili 16 milyon 959,6 min manat təşkil edib. Bunun 14 milyon 325 min manatı mərkəzi aparatdan, 1 milyon 981.4 min manatı büdcə sektorundan, 653,2 min manatı qeyri-büdcə sektorundan daxil olub. O cümlədən, hüquqi şəxslərdən 372,3 min manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 268,2 min manat, pay torpaq mülkiyyətçilərindən 7,2 min manat, sair gəlirlərdən 5,5 min manat məcburi dövlət sosial sığorta haqqı toplanıb.
Ötən dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində borc yaradan hüquqi və fiziki şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülüb. Belə ki, debitor borcların alınması məqsədilə 6 nəfər hüquqi və 33 nəfər fiziki şəxs barəsində ümumilikdə 94,5 min manat borc məbləğinə məhkəmədə iddia qaldırılaraq iddialar təmin olunub.
İl ərzində şöbədə fərdi uçot sistemi üzrə 675 nəfər sığortaolunan qeydiyyata alınıb. Bunun 150 nəfəri hüquqi şəxslər, 335 nəfəri fiziki şəxslər, 15 nəfəri fərdi şəxslər, 175 nəfəri isə pay torpaq mülkiyyətçisidir. Çap olunmuş 675 ədəd sosial sığorta şəhadətnaməsi hazırlanaraq öz sahiblərinə təhvil verilib.
2015-ci ilin 9 ayında şöbənin hesabından 17 milyon 12,2 min manat vəsait məxaric olub. Bunun 16 milyon 456,8 min manatı pensiya ödənişinə, 285,9 min manatı məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilən müavinətlərin ödənişinə, 137,4 min manatı idarə aparatının saxlanması xərclərinə, 64,9 min manatı xəstəlik vərəqlərindən tutulmuş gəlir vergisinə və icra vərəqlərinə, 67,2 min manatı bank xidməti haqqına köçürülüb.
Fərasim Əliyev bildirdi ki, DSMF Biləsuvar rayon şöbəsinin kollektivi bundan sonra da Azərbaycan Prezidentinin fərman və sərəncamlarından irəli gələn tələblərin vaxtında icra edilməsinə, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün səylə çalışacaq.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”