Artıq XXI əsrdə, elm və texnikanın gündən-günə inkişaf etdiyi bir dövrdə yaşadığımızı nəzərə alsaq, ölkəmizin ən ucqar bölgəsində belə telefon, kompüter, internet kimi kommunikasiya vasitələrinin olmasını təəccüblə qarşılamamalıyıq. İnternet deyilən qlobal şəbəkədən isə balaca uşaqlar belə lazımınca istifadə edib istədikləri məlumatı əldə edə bilirlər.
Əvvəllər müəllim ədəbiyyat fənnindən, eləcə də digər dərslərdən ev tapşırığı verəndə istər məktəb, istər digər kitabxanalarda saatlarla, günlərlə vaxt keçirər, tapşırığı vaxtında və layiqincə yerinə yetirmək üçün canı-dildən çalışardıq. İndi isə sinifdə hər hansı bir tapşırıq veriləndə şagirdlərin hamısı bir ağızdan deyirlər: "Müəllim, ondan asan nə var ki? Google-da axtararıq".
Bir dil-ədəbiyyat müəllimi olaraq şagirdlərin kitabdan, mütaliədən bu qədər uzaqlaşmaları məni narahat etməyə bilməz. Hər zaman özümə sual verirəm ki, niyə günümüzün şagirdləri kitab oxumağa maraqlı deyillər?
Öz dövrümüzü indiki dövrlə müqayisə edəndə ciddi fərq olduğunu görürəm. Biz Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasındakı Xosrov-Fərhad deyişməsini və yaxud S.Vurğunun "Vaqif" dramındakı Vaqif-Qacar dialoqunu əzbər bilirdik və ən çox parçanı əzbərləyən özü ilə öyünərdi.
Bəs bugünkü şagirdlər neçə bədii əsər adı bilirlər? Ədəbiyyat fənninə, bədii ədəbiyyata marağın birdən-birə azalmasına səbəb nədir?
V sinif "Azərbaycan dili" dərsliyində belə bir mətn var: "Qızının tətildə saatlarla kompüterin başından qalxmadığını görən ata ona asudə vaxtlarında kitab oxumağı sevdirmək məqsədilə M.Tvenin "Şahzadə və dilənçi" əsərini verib deyir:
- Bu kitabı bir həftəyə oxuyub qurtara bilsən, sənə 10 manat pul verəcəyəm.
Qız təbii ki, texnologiya əsrinin uşağıdır. Oturub kitabı oxumaq əvəzinə tez açır kompüteri, əsərin qısa məzmununu öyrənir. Atası şübhələnməsin deyə, bir həftə gözləyir. Həftə sonu ata soruşur:
- Qızım, kitabı oxudun?
Qız cavab verir:
- Bəli, ata, oxudum.
- Danış, görək nədən bəhs edir?
Qız başlayır internetdən oxuduqlarını üyüdüb tökməyə. Qurtardıqdan sonra atasından 10 manatı istəyəndə atası təəssüf hissi ilə deyir:
-Yox, qızım, sən bu kitabı oxumamısan. Əgər oxusaydın, kitabın son səhifəsindəki pulu görərdin..."
Bu ibrətamiz hekayədən kitab mütaliəsinin nə dərəcədə ciddi problem olduğu göz önünə gəlir. Əlbəttə ki, məsələnin kökünə baxmaq lazımdır. Hələ ibtidai sinifdən şagirdlərdə sinifdənxaric oxuya, mütaliəyə həvəs oyatmaq lazımdır. Bu gün müxtəlif bədii ədəbiyyat nümunələri kifayət qədərdir. Elə ibtidai siniflər üçün "Ana sözü" (sinifdənxaric oxu üçün) dərsliyi buna bariz nümunədir.
İstər Azərbaycan, istər xarici şair və yazıçıların yaradıcılığına səyahət etsək, orada uşaqlar üçün yazılmış ən azı bir şeir və hekayəyə rast gəlmiş olarıq.
Fikrimizcə, yay tətili başlamamışdan əvvəl hər bir ədəbiyyat müəllimi uşaqların yaşını nəzərə alaraq onlara kitablar tövsiyə etməli, tətildə asudə vaxtın səmərəli keçirilməsinə nail olmalıdır. Bundan əlavə, oxunan əsərin adı, müəllifi, hansı xalqa aidliyi, janrı, ideyası, mövzu və məzmunu, mənfi və müsbət qəhrəmanları haqqında, əsərdən çıxan nəticə kimi yay tapşırıqları verməklə bədii ədəbiyyatı sevdirmiş, onun insan həyatındakı tərbiyəvi əhəmiyyətini uşaqlara anlatmış olarıq.
Aytəkin MİRZƏYEVA,
Naxçıvan MR Babək rayonunun Şıxmahmud kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi