22 İyun 2025 08:00
1042
SİYASƏT
A- A+
Sevincdə də, kədərdə də - bir millət, iki dövlət

Sevincdə də, kədərdə də - bir millət, iki dövlət


Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin unikallığı, yüksək səviyyəsi ondadır ki, ölkələrimiz arasında mövcud olan əlaqələr dərin tarixə və mənəvi köklərə əsaslanmaqla yanaşı, həm də müasir dünyanın problem və çağırışlarından irəli gələn praqmatizm üzərində bərqərar olub. Elə ciddi, kompleks məsələlər var ki, onların həlli və ya uzlaşdırılması prosesində Bakı ilə Ankara dövlətlərimizin maraqlarını dünyada mövcud olan beynəlxalq geosiyasi mənzərəni nəzərə alaraq birgə fəaliyyətlə yoluna qoyurlar. Regionumuzda və onun hüdudlarından kənarda baş verən hadisələrə, yaxud ikitərəfli münasibətlərdə izlənən yenilik və perspektivlərə koordinasiya edilmiş həll yolu tələb olunur ki, dövlətlərimiz məhz bu məntiqi əsas tutub müvafiq addımları atırlar. Siyasi həmrəylik, iqtisadi əməkdaşlıq və hərbi tərəfdaşlıq kimi məsələlər belə yanaşma tələb edir.


Birliyimizin bünövrəsi: mənəvi bağlar


Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, öncə dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxır. Onlara yerini göstərir. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!

Xalqlarımız və dövlətlərimiz arasında elə mövzular da var ki, onların dərin mənəvi və humanitar əhəmiyyəti mövcuddur. Söhbət məhz o məsələlərdən gedir ki, onlara operativ reaksiya vermək, sanki öz problemin kimi qəbul etmək artıq fərqli müstəvinin müzakirə mövzusudur. Azərbaycanla Türkiyəni birləşdirən dərin bağlara malik tariximiz belə halların dəfələrlə şahidi olub. Ötən əsrin əvvəllərində, I Dünya müharibəsi dövründə minlərlə soydaşımız az qala bütün dünyanın qəsbkar hücumuna məruz qalmış qardaş ölkəyə kömək məqsədilə hərbi əməliyyatlarda iştirak edib və həlak olublar. Bizimlə tarixi, dili və dini bir olan insanlarımızın çətin anında onlara təkcə mənəvi deyil, həm də maddi dəstək durmaq üçün xalqımızın sıravi üzvləri, sadə camaatımız əlində-ovucunda olan son ehtiyatını toplayaraq cəbhəyə yardım məqsədilə Türkiyəyə göndəriblər.

Bundan çox qısa zaman sonra imperialist düşmənlə mübarizədə olmalarına baxmayaraq, Azərbaycanı yağı düşmən caynağından qurtarmaq üçün xüsusi hərbi korpus təşkil edib Qafqaza yürüş edən qardaşlarımız müstəqil dövlət quruculuğu arzumuzun çin olması üçün ölüm-dirim savaşına qalxıblar. Hətta ölkələrimizi ayıran sovet ittifaqı dövründə belə xalqlarımızın ürəyi bir-biriləri ilə döyünüb. Azərbaycan barədə istənilən xəbəri Türkiyədə xüsusi coşqu və həssaslıqla izləyiblər. Türkiyənin adı çəkiləndə hər bir azərbaycanlı qəlbində fərqli istilik, mehr, məhəbbət hiss edib. Bu səbəbdəndir ki, müstəqillik əldə edən Azərbaycanı ilk tanıyan dövlət də məhz qardaş Türkiyə olub. 

Bərpa olunan münasibətlərimiz, aramızda salınan yeni mənəvi körpülərimizin missiyası yalnız bununla bitməyib. Qardaş dövlət yenicə müstəqillik əldə etmiş, kövrək addımlarla irəliləyən Azərbaycanın həmişə yanında olub və ölkəmizin elə bir fəaliyyət sahəsi yoxdur ki, orada bizə dəstək göstərməsin. Ermənistan tərəfindən onillər boyu torpaqlarımızın işğal altında saxlanılmasını, dünya tərəfindən görməzdən gəlinməsini Azərbaycanda olduğu kimi, Türkiyədə də xüsusi ağrı-acı ilə qəbul ediblər. Təsadüfi deyildir ki, ərazi bütövlüyü və suverenliyimizin bərpası məqsədilə 2020-ci ilin payızında başladığımız ölüm-dirim müharibəsində də mənəvi dəstəyini əsirgəməyən dövlət məhz qardaş Türkiyə olub.

Ölkələrimiz arasında imzalanmış tarixi Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu tarixi sənədi iki qardaş ölkənin liderləri Şuşada imzaladılar. Həmin günün əhəmiyyəti bir də onda idi ki, ilk dəfə Azərbaycan qardaş ölkənin dövlət rəhbərini azad Qarabağda qarşılayırdı. Yüksək səviyyədə rəsmi qarşılanma mərasimi təşkil olunmuşdu. Şuşa Bəyannaməsinin imzalanması ilə bağlı tədbirin hər anı isə böyük bir tarix idi və rəmzi məna daşıyırdı. O anlarda, demək olar ki, bütün dünyanın nəzərləri Şuşaya yönəlmişdi. "Bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır", - deyən Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasındakı münasibətlərin daha geniş strateji səviyyəyə yüksəldiyini, bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlıq olduğunu xüsusi vurğuladı. Hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa səslədi.

Bu, böyük bir tarixi nailiyyət idi! Azərbaycan və Türkiyə liderlərinin ölkəmizin Vətən müharibəsindəki Zəfərindən sonra regionda yaranmış yeni tarixi reallığa atdıqları möhtəşəm imzalar idi! Azərbaycan-Türkiyə birliyinin gücü idi.


Suverenliyimizin bərpası - münasibətlərdə yeni mərhələ


Öz canı və qanı bahasına suverenliyimizi bərpa edən, minlərlə şəhid verən və qəhrəman döyüşçüləri yaralanan qalib Azərbaycan Ordusunun formalaşmasında və peşəkar biliklərinin artırlmasında qardaş Türkiyənin dəstəyi xalqımız tərəfindən həmişə xatırlanacaq. Azərbaycanın yeni nəsil hərbi kadrlarının böyük əksəriyyəti məhz Türkiyənin hərbi məktəblərində bu sahənin incəliklərinə yiyələniblər. Zabitlərimizin professional hərbçi kimi formalaşması və vətənə bağlılığının aşılanmasında Azərbaycanla Türkiyə arasında keçirilən və hazırda davam edən hərbi təlimlərin mühüm tarixi rolu var. İkinci Qarabağ savaşında parlaq qələbə əldə etməyimizdə müasir növ hərbi əməliyyatlar aparmağımızın taleyüklü əhəmiyyəti olub. Düşmənin geridə qalmış hərb fəlsəfəsinin ordumuzun önündə boyun əyməsində əldə etdiyimiz belə dərin hərbi biliklərin rolu danılmazdır. 

Bu əməkdaşlıq yalnız iki ölkənin milli maraqları çərçivəsində deyil, bütövlükdə regionun sabitliyinin, təhlükəsizliyinin təmin olunması baxımından da xüsusi önəm daşıyır. Hazırda hər iki dövlət müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT, NATO və İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq edərək, regional və qlobal təhlükəsizlik təşəbbüslərində birgə mövqe sərgiləyir. Xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Türkiyənin göstərdiyi birmənalı siyasi dəstək bu əlaqələrin sarsılmazlığını və qardaşlığın gücünü bütün dünyaya nümayiş etdirdi.

İndinin özündə də, müharibənin faktiki başa çatmasına baxmayaraq, Azərbaycanla Türkiyə arasında mövcud olan və gündən-günə dərinləşən hərbi əməkdaşlıq bölgəmizdəki sabitliyin başlıca qarantı rolunda çıxış edir. Bu kontekstdə Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsi iki dövlət və xalqın arasında mövcud olan, tarixin keşməkeşli mərhələlərindən sanki süzülərək zəmanəmizə qədər gəlib çatmış yazılmamış qanunun - sevincdə də, kədərdə də bir olmaq fəlsəfəsinin rəsmi hal almasıdır. Şuşa Bəyannaməsi dövlətlərimizi yerləşdiyimiz bölgənin aparıcı aktorlarına çevirən tarixi sənəddir. Bu gün Silahlı Qüvvələrimizin Türkiyə modelində yenidən qurulması prosesi düşmənlərimizə və ərazimizə hətta cüzi iddiası olan qüvvələrə gözdağıdır.


Tarixdən günümüzə


Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu "Bir millət, iki dövlət" şüarı ötən illərdə dəfələrlə olduğu kimi, bu gün də öz aktuallığını ən müxətlif səviyyələrdə sübut edir. Şübhə yoxdur ki, bu tezis gələcəkdə də istənilən sınaqdan üzüağ çıxacaq və nə qədər ki, müstəqil dövlətlərimiz var, hər iki xalq üçün həmrəyliyin prioritet dünyagörüşü qismində çıxış edəcək. 

"Bir millət, iki dövlət" prinsipi vaxtilə müasir Türkiyənin qurucusu Mustafa Kamal Paşa Atatürkün səsləndirdiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyimi kimi xalqlarımızın yaddaşına əbədi hopub. Bu şüarların əsas missiyası xalqlarımızın həm uğurlu anında, həm də çətin günlərində birlik nümayiş etdirməsinin nəzəri platformasını formalaşdırmaqdır. İnsanlar kimi daha geniş toplumlar, cəmiyyətlər və dövlətlər də kədərli anlara daha həssasdırlar. Dövlət və xalq da fərd kimi dosta və qardaşa ən çox çətin anlarda ehtiyac duyur. Çünki qardaşlıq məhz mürəkkəb anda sınanır. 

Məhz bu baxımdan əminliklə qeyd etmək olar ki, xalqlarımız öz liderlərinin rəhbərliyi altında iki böyük və tarixi şəxsiyyətin irəli sürdükləri həmrəylik fəlsəfəsindən qaynaqlanaraq qarşılıqlı yardımlaşmanı birliyimizin başlıca prinsipi sayırlar. Bu qənaəti təsdiqləyəcək onlarla misal var. Onlardan ən sonuncusu 2023-cü ilin fevralında qardaş ölkənin cənub-şərqində baş verən zəlzələdən dərhal sonra Azərbaycanın Türkiyənin yanında olmasıdır. Xalqımız və dövlətimiz qardaşlarımızın ağrısını azaltmaq və yardım göstərmək üçün əlində mövcud olan bütün imkanlardan istifadə etməklə itkiləri öz acısı kimi qəbul etmişdir. 

Bu günlərdə dövlət başçıları - cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə zəlzələnin baş verdiyi Kahramanmaraş şəhərində Azərbaycan tərəfindən inşa edilən və zəlzələdən əziyyət çəkmiş Türkiyə vətəndaşlarının əhəmiyyətli qisminin yaşayış problemini həll edən massivin açılış mərasimində birgə iştirakı tarixi bağlarımızın müasir mərhələdə möhkəmlənməsinin bir daha əyani təzahürü oldu. Zəlzələnin fəsadlarının aradan qaldırılmasından dərhal sonra Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin inşasına start verildi. Məhəllənin tikintisinə 100 milyon ABŞ dolları vəsait ayrıldı və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olundu. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradıldı.

Prezident İlham Əliyev "Azərbaycan" məhəlləsinin açılışındakı çıxışında xalqlarımızı bir-birinə bağlayan tellərin qarşılaşdığımız çətinliklərin birgə səylərlə aradan qaldırılmasındakı rolundan danışaraq bu birlik formulunun həmrəyliyimizin əsas rəmzi olduğunu bildirdi: "Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır... Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün "Azərbaycan" məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür". Azərbaycan Prezidenti daha sonra xüsusi vurğuladı ki, biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir.


"Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan!"


Azərbaycan Prezidenti İlham Əliyev kimi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın da çıxışı bir daha göstərdi ki, ölkələrimiz arasında olan münasibətlərin dünyada ikinci bir nümunəsi yoxdur. Bakı-Ankara əlaqələri elə bir həddə çatıb ki, istənilən hadisəyə göstərilən reaksiya sanki bir dövlətin daxilində baş verirmiş kimi sürətlə və operativ şəkildə həyata keçirilir. Məhz bu səbəbdəndir ki, Azərbaycan həm zəlzələnin baş verdiyi andan dərhal sonra ən müxtəlif istiqamətlərdə yardım aksiyasına başladı, həm də olduqca qısa zamanda türkiyəli qardaş və bacılarımızın yaşayış yeri ilə təminatının bir qismini həll edərək vacib problemin çözümünə öz töfhəsini vermiş oldu. Türkiyə lideri bu reallığı yüksək qiymətləndirir və qardaşlığımızın təcəssümü hesab edir: "Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan", - deyən şairlərin sözlərə hərfbəhərf nəqş etdiyi qardaşlığımızın nə məna daşıdığını bu gün bütün dünyaya yenidən göstəririk. Rəbbim aramızdakı bu sarsılmaz həmrəyliyi, bu məhəbbəti daimi etsin... Burada, ilk növbədə, bunu vurğulamaq istəyirəm: Türkiyə ilə Azərbaycan arasındakı tale birliyinin ən konkret nümunələrindən biri açılışını etdiyimiz mənzillərdir... Əlbəttə, əziz qardaşlar, bu çətin dövrdə ölkəmizin köməyinə ilk gələnlərdən biri Can Azərbaycandır. Fəlakət xəbərini alar-almaz "Səninləyəm, Türkiyəm!" deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. Xüsusilə, İlham qardaşımızın və hörmətli həyat yoldaşı Mehriban xanımın yardım səfərbərliyimizə verdiyi böyük töhfənin könlümüzdə daim ayrı bir yeri var".

Zəlzələdən zərər çəkmiş Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin salınması Azərbaycan dövlətinin qardaş Türkiyəyə bir yardımı, yaxud hədiyyəsi olmaqla yanaşı, həm də müştərək tariximizin növbəti şanlı səhifəsidir. Biz bir-birimizin yanında bundan əvvəl də olmuşuq, bundan sonra da olacağıq. Təki dövlətlərimizin gələcəyi xeyir, xoş xəbərlərlə bol olsun. Birliyimiz istənilən halda sarsılmazdır - liderlərimizin əzmi, xalqlarımızın dəstəyi ilə. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

16:16
14 İyul

Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib

16:14
14 İyul

Diplomatik korpusun nümayəndələri üçün “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə dair təqdimat keçirilib  

16:01
14 İyul

Köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb

15:58
14 İyul

Xocalının Təzəbinə kəndində 28 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

15:56
14 İyul

Kreml: Rusiya Ukrayna ilə danışıqların üçüncü raunduna hazırdır

15:55
14 İyul

Ukrayna Prezidenti hərbi vəziyyətin müddətinin uzadılması və səfərbərlik haqqında qanun layihələrini Ali Radaya təqdim edib  

15:54
14 İyul

Xocalı sakini: Kədər və göz yaşları ilə tərk etdiyimiz torpaqlara qürur və sevinclə qayıtmışıq  

14:52
14 İyul

Avropa liderləri Rusiya aktivlərinə çıxış planı üzərində işləyirlər

14:23
14 İyul

İndoneziyanın cənub-şərq sahillərində 6,7 maqnitudalı zəlzələ qeydə alınıb  

14:22
14 İyul

İran XİN: ABŞ-la danışıqların bərpası barədə razılaşma yoxdur  

14:19
14 İyul

“CNN Türk”: İnvestorların yeni ünvanı - Azərbaycan

14:13
14 İyul

Formula 1: Bakı trası yenidən dünya səhnəsində 

14:12
14 İyul

Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 45 qanun və qərar qəbul edilib  

14:10
14 İyul

Sabah havanın temperaturu Bakıda 34-38, bölgələrdə 36-40 dərəcə isti olacaq

14:02
14 İyul

2024-cü ildə ali məktəblərə qəbul baxımından ən aşağı nəticələr İsmayıllı və Naftalan üzrə qeyd alınıb 

13:38
14 İyul

Ən yüksək və ən aşağı keçid balı olan ixtisaslar açıqlanıb

13:31
14 İyul

I–IV ixtisas qrupları üzrə dövlət sifarişi ilə ali məktəblərə qəbul olanların 53.31 faizi 300–500 bal aralığında nəticə göstərib  

13:23
14 İyul

Donald Tramp Ukraynaya silah tədarükü ilə bağlı plan hazırlayıb

13:16
14 İyul

Fəlakət və hərbi əməliyyat nəticəsində məhv olmuş evlərlə əlaqədar Torpaq Məcəlləsinə dəyişiklik olunur  

13:05
14 İyul

“Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib  

13:01
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!