Onu tanıyanlar, ifasını dinləyənlər sənətinin sehrinə düşürlər. Hər dəfə qara zurnanın ruhu riqqətə gətirən ecazkar səsini eşidəndə özünü başqa bir dünyada hiss edirsən. Kamal Babayev qara zurnanı dilləndirdikcə, havacatlar qanadlanıb səmaya yayıldıqca elə zənn edirsən ki, ruhun qanad açıb göylərdə uçur...
Bu el sənətkarını gözlərini yumub tarixin minillik yaddaşından xəbər verən qara zurnada qədim xalq musiqimizi ifa etdiyini görəndə elə zənn edirsən ki, Kamal ifa etmir, qara zurna qıy çəkib tarixi qəhrəmanlıqlardan söhbət açır...
Kamal Babayev 1954-cü il yanvarın 1-də Şərur rayonunun Billava kəndində anadan olub. Gözünü açandan evdə, həyətdə, el məclislərində, toy-düyündə eşitdiyi zurna səsinə aşiq olub. Bu sənətin sirlərini də uşaq vaxtlarından böyük qardaşı rəhmətlik Kamildən öyrənməyə başlayıb. Qardaşı - ustadı ilə birlikdə el şənliklərində ney, zurna, tütək çalıb. Yeniyetmə vaxtlarında - 16-17 yaşlarında tamaşaçı qarşısına çıxıb. 1970-ci illərə təsadüf edən bu vaxtdan etibarən doğulub boya-başa çatdığı Şərurun adıyla bağlı olan yallıların ifaçısı kimi gündən-günə püxtələşərək sənəti ilə könülləri fəth edib, ürəklərdə taxt qurub, xalqın, elin, ölkənin hörmətini, sonsuz məhəbbətini qazanıb. Ömrünü-gününü nəfəsli alətlərə bağlayan Kamal Babayev tütək, balaban və qara zurnada milli rəqslərimizi, el havalarını, yallıları xüsusi məhəbbət və məharətlə ifa edib. 45 il nəfəs alətləri ifaçısı kimi Azərbaycanın milli sərvəti olan "yallı"ların qorunub saxlanmasına, ölkədə və xaricdə təbliğinə xidmət edib.
Hələ gənc yaşlarında öz sənətinin mahir ifaçısına çevrilən Kamal Babayev 1975-ci ilin may ayında "Şərur yallıları" haqqında ümummittifaq səviyyəsində nümayiş olunan 35 dəqiqəlik sənədli televiziya filminə çəkilib. Kamal Babayev 1977-ci ildə Ümumittifaq festivalında laureat medalı ilə təltif olunub. 1980-ci ildə Macarıstanda, 1984-cü ildə Polşada, 1988-ci ildə isə Moskvada keçirilən Beynəlxalq festivallarda iştirak edib. Həmçinin müxtəlif illərdə Türkiyənin İstanbul, Ankara, Antalya, Gümüşhanə, Zonquldak və digər onlarla şəhərində "Şərur" Xalq Yallı Ansamblı ilə birlikdə çıxışlar edib. 2001-ci ildə Misir Ərəb Respublikasında keçirilən XII Beynəlxalq Folklor Festivalında milli folklorumuzu - yallılarımızı nümayiş etdirib.
"Şərur" Xalq Yallı Ansamblı ilə birlikdə müxtəlif ölkələrdən Naxçıvana mükafat kimi "Qızıl açar", "Qızıl balta" nişanları, medallar, diplomlar gətirib. Qobustan qayaüstü rəsmlərində, Gəmiqaya ətəklərindəki daşlarda ulu əcdadlarımızın təsvir etdiyi, ata kitabımız olan "Kitabi-Dədə Qorqud" dastanında yallıların elə nadir növləri var ki, bu gün onların hamısını çox az insan bilir. Belə qənimət adamlardan olan Kamal Babayev "Şərur yallıları"nı özündən əvvəlki nəsillərdən alıb özündən sonrakı nəsillərə ötürməyi bacaran sənətkardır.
Kamal Babayev uzun illər Şərur rayonunda fəaliyyət göstərən yaşlılardan ibarət "Nurani", uşaqlardan ibarət "Şərur qönçələri", yeniyetmələrdən ibarət "Şərur" Xalq Yallı ansambllarını qara zurnada, balabanda, tütəkdə müşayiət edib.
Ustad sənətkar Kamal Babayev 2014-cü ildə Polşanın Krakov şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar keçirilən "Naxçıvan günləri"ndə "Şərur" Xalq Yallı Ansamblı ilə birlikdə çıxış edib.
Həmin günlərdə ermənilər Polşada Azərbaycan yallılarını özününküləşdirərək təqdim etməyə cəhd etdilər. Kamal Babayevin ifasında səsləndirilən qədim yallılarımız Şərur Xalq Yallı Ansamblının təqdimatı ilə ermənilərin bu məkrli niyyətlərini puça çıxartdı.
Mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yallılarımız UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" UNESCO-nun Təcili Qorunma siyahısına daxil edilib. Şübhəsiz, bu uğura nail olunmasında "Şərur yalılları"nın qara zurnada ifaçısı kimi Kamal Babayevin də rolu az olmayıb.
Milli musiqi mədəniyyətimizin, folklorumuzun inkişafında xidmətlərinə görə, istedadlı sənətkar 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar mədəniyyət işçisi fəxri adına və 2012-ci ildə Prezident mükafatına layiq görülüb.
Bu günlər Kamal Babayevin 70 yaşı tamam olur. Fikirlərə dalıb Kamal Babayevin ifasında "Cəngi" havasına köklənirik. Elə bilirik ki, Azərbaycan xalqının son illərdə, son aylarda, son günlərdə bütün ruhu elə "Cəngi" havasına köklənir.
Asif ORUCOV,
amea-nın Naxçıvan bölməsi, şöbə müdiri