Bu, şəhidin anasına verdiyi təsəlli idi
Biz Çiyni kəndinə çatanda yavaş-yavaş qaranlıq çökürdü. Kəndi ikiyə bölən asfalt yol da bomboş idi. Getdiyimiz ünvanı dəqiqləşdirmək istəyirdik. Amma nə bir adam, nə də hərəkət edən bir maşın gözə dəyirdi. Adətən şəhidlər yaşayan evləri tapmaqda o qədər də çətinlik çəkmirik. Çünki evlərinin yaxınlığında ya şəhidin portreti, ya da Azərbaycanın Dövlət Bayrağı asılır. Bir qədər irəlilədikdən sonra növbəti tini burulan kimi yüksəklikdə dalğalanan müqəddəs bayrağımızı gördük. "Çatdıq" deyib maşından düşürük. Küçə qapısını döyüb "ay ev yiyəsi, ay ev yiyəsi" deyə səsləndik və çox gözləmədik. Qapını üzümüzə ağsaçlı, beli dərddən bükülmüş, gözləri çuxura düşmüş bir xanım açır.
"Xoş gəlmisiniz, buyurun keçin içəri, qapıda dayanmayın. Yəqin Hüseynimin qonaqlarısınız…"
Evin kişisini soruşuruq:
- Vahib evdə yoxdur, Hüseynə baş çəkməyə gedib. İndi gələn vaxtlarıdır, gəlin, evdə gözləyin…
Çiyni kənd qəbiristanlığı kəndin içindən keçən Bakı-Tbilisi dəmir yol xəttinin yaxınlığında, yolun kənarında yerləşir. Belə qərara gəlirik ki, qəbiristanlığa gedək, şəhidin atası ilə elə onun məzarı üstə görüşək.
Şəhid Həsənov Hüseynin məzarı qəbiristanlığın girəcəyində yerləşir. Maşınımızı saxlayıb irəliləyirik. Bizə elə gəlir ki, qarşımızda iki abidə dayanıb: kədər dolu gözləri məzara zillənib, dərd əlindən sanki daşlaşmış bir atanın, bir də ömrünü vətənə fəda edib məsum, gülümsər baxışlarla məzar daşından boylanan şəhid Hüseynin abidəsi…
Yaxınlaşıb dərddən qaməti əyilmiş atanın yanında dayanıram. Hər ikimiz susqun idik. Nəhayət, şəhid atası gözünü gözümdən çəkib üzünü qara məzar daşından boylanan Hüseynə tərəf çevirərək dillənir:
- Oğlum, igidim, gecən xeyrə qalsın. İcazə ver, mən gedim. Qonağımız gəlib. Qonağı evdə qarşılayarlar. Sabah tezdən yenə gələcəyəm. Rahat yat, qəhrəman balam.
Dağ cüssəli, boylu-buxunlu Vahib kişi oğlunun başdaşına sarılır. Ata dodağının altında asta-asta "sabah yenə gələcəyəm" kəlmələrini pıçıldayır…
"Hər sabah tezdən gəlib "Sabahın xeyir", hər axşam gəlib "Axşamın xeyir Hüseynim", "Gecən xeyrə qalsın" deməsəm, dözmərəm, ürəyim partlayar" deyir ata.
Şəhid Həsənov Hüseyn Vahib oğlu 13 aprel 2001-ci ildə Ucar rayonunun Çiyni kəndində anadan olub. Uşaqlıqdan Hüseynin sağlamlığında problem olduğu üçün ibtidai təhsilini evdə alıb. Beşinci sinifdən etibarən Çiyni kənd məktəbinə gedib. 2019-cu ildə Çiyni kənd məktəbini əla qiymətlərlə başa vurub. 2019-cu ildə müddətli hərbi xidmətə çağrılıb. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb. Xidməti vəzifəsini yaxşı göstəricilərlə yerinə yetirdiyinə görə baş əsgər hərbi rütbəsinə layiq görülüb, fəxri fərmanlarla təltif edilib. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan gün Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Həsənov Hüseyn Vahib oğlu "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Söhbətimizi evdə davam etdiririk. Dərdli ata Hüseynli günlərindən söz açır:
- Hüseyn uşaqlıqdan fiziki cəhətdən zəif idi, yeriyirdi, qıçları dizdən açılmırdı. Amma çox çalışqan, vətənpərvər idi. Oxumaq, yazmaq həvəsi güclü idi. Müəllimləri evdə dərs keçirdilər. Hətta deyirdilər ki, məktəbə dərsə gələn uşaqların içində Hüseyn qədər zəkalısı yoxdur. Allaha şükür ki, 5-ci sinfə gedən vaxt yeriyə bildi. Amma xəstəliyi canından tam çıxmamışdı. Məktəbə gedəndən sonra da həmişə müəllimləri Hüseyndən çox razılıq edirdilər. Yaxşı təşkilatçılığı vardı. Gözəl şeirlər yazar, rəsm əsərləri çəkərdi. Özünə dərd etmişdi ki, qıçındakı problemə görə əsgərliyə gedə bilməyəcək. Onuncu sinfi bitirəndə əsgərlik vaxtı gəldi. Komissiyadan keçəndə Ucarda həkimlər orduya yararsız olduğunu yazdılar. Dedilər ki, biz Hüseyni bu şəkildə əsgər göndərə bilmərik. Birmənalı olaraq xidmətə yararsızdır. Hüseynin təkidini görüb komissiyadan keçmək üçün Bakıya - hospitala göndərdilər. Hüseynlə birlikdə Bakıya getdik. Gözümlə görməsəydim, inanmazdım. Həkim Hüseynə oturub-qalxmağı xahiş etdi. İnanın, Allahın möcüzəsi baş verdi. Hüseyn "ya Allah" deyib oturub-qalxdı. Heç elə bil illərin xəstəsi deyildi…
Hüseyn o gün sanki göylərdə idi. Sevinirdi… Əsgər gedəcəkdi. Qıçları hərəkət edirdi. Deməli, Allah Hüseyni öz yanına almaq üçün ona yol açmışdı. Bunun başqa mənası yoxdur…
Anası Gülzadə xanım söhbətə qoşulur:
- Balama şəhidlik yolu əvvəldən görünürdü. Hələ 14 yaşı olanda deyərdi ki, siz məni çox axtaracaqsınız. O zaman nə demək istədiyini başa düşə bilmirdik. Demə, öz yolunu özü seçibmiş…
Allah ona qeyri-adi istedad vermişdi. Şeir yazardı, çox gözəl rəsm əsərləri çəkərdi. Maddi imkanımız olmurdu ki, yağlı boya ilə kətan üzərində işləsin… Qarabağı, dağları, Arazı vəsf edərdi… Həmişə də deyərdi ki, mən o taylı-bu taylı Azərbaycanı yox, bütöv Azərbaycanın rəsmini çəkirəm. Mənim üçün işğal olunmuş torpaqlar yoxdur, yolunda canımızı verəcəyimiz Qarabağ var… O murdarların ayağını o torpaqlardan kəsəcəyik. Hərbi forma, top, tank, əsgər maşınları, Qarabağa gedən hərbi kolonları çəkərdi. "Qarabağı biz azad edəcəyik" deyərdi. Heyif, o günü özü görmədi. Çox gözəl ritmik rəqs etməyi var idi. Kəndimizdə toy olanda hamı gözləyərdi ki, Hüseyn oynasın…
Müharibənin ilk günü Murovdağda gedən döyüşlərdə şəhid oldu balam. Müharibənin ilk günü… Sentyabrın 27-si axşamüstü balamı canından çox sevdiyi bayrağa bükülü gətirdilər. Bayraq da gözəl idi, par-par parıldayırdı. Sanki Hüseyn üstündəki bayrağın şəklini də özü çəkmişdi.
Qardaşı Səbuhi Həsənovun xatirələri:
- Ailədə iki qardaş idik. Hüseyn təkcə yaşca böyük deyildi, ürəkcə, diləkcə böyük idi. Gözəl qardaş idi. Allah onu bənzərsiz yaratmışdı. Çox mehriban, qayğıkeş idi. Diqqətcil idi. Ürəyində gözəl arzuları var idi. Heyif, hamısını özü ilə apardı.
Mənə həmişə deyərdi ki, çalış, hərbi məktəbə qəbul ol. Məndə hərb sənətinə marağı qardaşım yaradıb. Çox vətənsevər idi. Torpaqlarımızın erməni işğalında olması ilə barışa bilmirdi.
Mən hərbi akademiyaya qəbul olunanda çox sevinmişdi. 2020-ci il sentyabrın 14-də zəng etdim ki, dərsimiz başladı. Artıq mən kursantam. Çox sevindi. Dedi ki, "qardaşım, bundan sonra ikimiz birlikdə Vətəni qoruyacağıq". Arzusu əsgərlikdən sonra qalıb müddətdən artıq xidmət etmək, hərbçi olmaq idi.
Sentyabrın 24-də zəng edib atamdan, anamdan halallıq istəmişdi. Sanki şəhid olacağını bilirmiş. Əsgər gedəndə Ucara, Hərbi Səfərbərlik İdarəsinin qarşısına getmişdik. Anam çox ağlayırdı. Anamı sakitləşdirib dedi ki, "sən heç bilirsən oğlunu hara yola salırsan? Sən bir ömür mənimlə fəxr edəcəksən". İndi qardaşımla fəxr edirik. O, təkcə bizim yox, xalqımızın qüruru oldu.
Elşən QƏNİYEV,
"Azərbaycan"