Azərbaycan Prezidenti İlham Əliyevin 15 avqust
2018-ci il tarixli sərəncamına əsasən görkəmli opera müğənnisi, xalq artisti Gülxar
Həsənovanın 100 illik yubileyi ölkəmizin mədəniyyət və incəsənət müəssisələrində,
elm ocaqlarında təntənə ilə qeyd edilir. Milli opera sənətimizin inkişafında böyük
xidmətləri olmuş Gülxar xanımın yaradıcılıq yoluna yenidən nəzər salınır, həyatının
maraqlı məqamları yad edilir.
Xalq artisti Gülxar Həsənova 1942-ci ildən
1980-ci ilədək Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur. Azərbaycan
operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən
obrazlar yaratmış, uzun illər ərzində aparıcı, solo partiyalardakı yaddaqalan ifaçılığı
ilə tariximizə yeni səhifələr yazmışdır. Sərəncamda qeyd olunduğu kimi, "Gənc opera
solistlərinin hazırlanmasında onun təqdirəlayiq xidmətləri var. Yüksək səhnə mədəniyyətinə
malik sənətkar muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi musiqisevərlərin
qəlbində dərin izlər buraxıb”.
Gülxar xanım 1918-ci il dekabrın 10-da Şəmkir
rayonunun Bayramlı kəndində bəy ailəsində anadan olub. Atası İbrahim ağa Bayramlının sayılan mülkədarlarından
olub, Xınna dərəsində torpaq sahəsi, Kürqırağı ormanlarda, Ceyrançöldə qoyun-quzu sürüləri, mal-qara ilxıları, kənddə
dəyirmanı və s. var idi. Anası Nabat xanım tanınmış bəy nəslindən olub. O, Peterburqda,
Nikolay hökuməti yanında xüsusi yeri olmuş, Azərbaycanda ən böyük torpaq ərazisinə
malik məşhur mülkədar, çar II Nikolayın yaxın dostu Allahyar bəy Zülqədərovun bacısı
Şeyda xanımın nəvəsi idi. Gülxar xanımgil ailədə iki bacı, üç qardaş olublar. Böyükxanım,
Gülxar, Həmid, Nazim və Səlim.
1920-ci ilin aprelində Azərbaycan XI ordu
tərəfindən işğal olunana kimi bu uşaqlara xüsusi dayələr baxıb və ev müəllimlərindən
dərs alıblar. Balaca Gülxar yeddi yaşında, yəni məktəbə getməzdən əvvəl sərbəst
oxumağı və yazmağı bacarırdı. Buna görə o, kənddəki yeddillik məktəbin birbaşa ikinci
sinfinə qəbul edilib.
Yeni quruluşun məmurları bəylərə, xanlara,
ağalara qarşı repressiyalara başlayanda Gülxar xanımın atası İbrahim ağaya "kulaksan”
deyə var-dövlətinə sahib çıxırlar. Bundan sonra NKVD-nin silahlı ordusu İbrahim
ağanı həbs etmək üçün Bayramlıya yeridiləndə kənd camaatı hamı bir nəfər kimi ayağa
qalxır, onu həbs etməyə gələn silahlı əsgərlərin qarşısını kəsir: "O, bu kəndin
pis günlərinin sahibi, ölümüzün-dirimizin yiyəsi olub, xeyirimizi-şərimizi o, yola
verib. Biz kəndlilər ondan narazı deyilik, onun həbs edilməsinə razı olmarıq”,
- deyərək İbrahim ağanı ələ vermirlər. Bundan sonra bolşevik məmurları qarşısında
böyük qardaşı, məşhur inqilabçı Həmid Sultanovun da xidmətləri nəzərə alınmaqla İbrahim ağa repressiyadan azad
olunur və Zəyəm dəmir yolu poçtuna rəis təyin edilir.
Yeddiillik məktəbi əla qiymətlərlə bitirən
Gülxarı valideynləri gələcəkdə həkim görmək istəyirdilər. Həm bu, həm də yeni quruluşun
özbaşınalığına tuş gəlməmək arzusu ilə onu Bakıya, xalasıgilə gətirirlər. Gülxar
imtahanlardan yüksək qiymət alaraq böyük üstünlüklə tibb texnikumuna qəbul olunur.
Bu zaman 14-15 yaşlı Gülxarın musiqiyə olan istəyi, həvəsi bir an da olsun onu tərk
etmir. Qəlbinin istəyi ilə texnikumun nəzdində, habelə Əli Bayramov adına Qadınlar
Klubunda özfəaliyyət dərnəyinə üzv yazılır. Burada dövrünün məşhur tarzənlərindən
Məmmədxan Bakıxanovun "Qızlar ansamblı”na dəvət alır. Nəfəsli alətlərin ifaçılığı
ilə yanaşı, yaxşı səsi olduğu üçün xalq mahnıları da oxuyur, dram dərnəyində müxtəlif
rollar oynayırdı.
Gülxar tibb texnikumunu uğurla bitirdikdən
sonra N.Nərimanov adına Tibb İnstitutuna qəbul olunur, ancaq onun bu sevinci uzun
çəkmir. Respublikanı başına götürən repressiya dalğası onun da həyatında silinməz
izlər qoyur. Cəmi üç ay oxuduqdan sonra "xalq düşməni”nin ailə üzvü kimi onu institutdan
xaric edirlər. Səbəbi də o idi ki, Həmid Sultanov və onun həyat yoldaşı Ayna Sultanova
"xalq düşməni” kimi həbs edilmişdilər. Gülxarın qardaşlarını və atasını işdən qovmuşdular.
Beləliklə, ailə böyük məhrumiyyətlərlə üz-üzə qalmışdı.
Qızının gələcək taleyindən narahat olan İbrahim
ağa gizli şəkildə kənddən ona başqa bir doğum şəhadətnaməsi yazdırıb Bakıya göndərir.
Bu doğum şəhadətnaməsində ata babasının adı ona soyad kimi yazılır.
Gülxarın təhsilini davam etdirmək arzusu,
sənətə olan həvəsi bu dəfə onu Bakı Teatr Texnikumuna (1935) gətirir. Burada da
nümunəvi tələbə və dərs əlaçısı kimi tanınır. Texnikumda təhsil ala-ala Gənc Tamaşaçılar
Teatrında (1936) işə düzəlir. Az sonra Üzeyir bəyin təkidi ilə Opera Teatrına köçürülür.
Gülxar xanım 1942-ci ildən 1980-ci ilədək
Azərbaycan Opera və Balet Teatrının solisti kimi çıxış edir. Bu zaman gənc Gülxar
xanımın poeziyaya, şeirə, şairliyə olan duyğuları da bəyan olur. Yazdığı şeirlərin
ilk oxucusu o vaxt İsmayıl Şıxlı ilə Azərbaycan Pedaqoji İnstitutunun (indi Tusu
adına ADPU) Filologiya fakültəsində bir qrupda oxuyan qardaşı, tələbə-şair Nazim
Sultan olardı.
Gülxar xanım işinin çox, vaxtının az olmasına
baxmayaraq, yenidən qəbul imtahanlarına hazırlaşır. 1953-cü ildə imtahanlardan müvəffəq
qiymətlər alaraq üçüncü dəfə tələbə adını qazanır. 1959-cu ildə Azərbaycan Dövlət
Universitetinin (indi BDU) Filologiya fakültəsini uğurla bitirir. 1980-ci ildən
isə Gənc Tamaşaçılar Teatrının məşqçi-pedaqoqu kimi çalışır. Bununla yanaşı, "Leyli
və Məcnun”da Leyli və Leylinin anası, "Əsli və Kərəm”də Əsli, "Koroğlu”da xanəndə
qız, "Aşıq Qərib”də Şahsənəm, "Şah İsmayıl”da Ərəbzəngi, "Bahadur və Sona”da Təravət
xanım, "Arşın mal alan”da Telli, "Vaqif”də Qarı, "Gəlin qayası”nda Ana kimi yaddaqalan
obrazlar yaradır. Mütəxəssislər etiraf edirlər ki, Gülxar xanım opera sənəti tarixində
Azərbaycan qadınlarının simvolu olan bənzərsiz Ərəbzəngi obrazı ilə əbədiyaşarlıq
qazanmışdır.
Şərqdə ilk opera yazan qadın-bəstəkar, xalq
artisti Şəfiqə xanım Axundova mətbuata açıqlamalarında bildirir: "Bir dəfə tanınmış
şəxsiyyətlərlə bərabər Üzeyir bəylə mən də "Şah İsmayıl” operasına tamaşa edirdik.
Ərəbzəngini Gülxar oynayırdı. Böyük həvəslə baxırdıq. İnandırım sizi, zalda o qədər
sakitlik var idi ki, elə bil salon boş idi. Tamaşadan sonra Üzeyir bəy başını bulayaraq
dedi: "Bu qız Ərəbzəngini necə oynayırsa, mən yadımdan çıxarıram ki, bu, Gülxardır.
Elə bilirəm ki, hansısa bir kişi müğənnidir. Halaldır ona”.
Böyük sənət eşqi ilə yaşayan Gülxar Həsənova
soprano səs tembri ilə parlaq koloritli obrazlar yaratdı, muğam, xalq mahnı və təsniflərimizi
xüsusi gözəlliklə ifa edərək milyonların rəğbətini qazandı. Gülxar Həsənova bu yaradıcılıq
uğurları ilə öz məktəbini yaradaraq səhnəyə yeni qədəm qoyan neçə-neçə gəncə yol
göstərib, onlardan öz bilik və bacarığını əsirgəməyib. Uzun illər Gülxar xanımla
tərəf-müqabili olmuş xalq artisti Canəli Əkbərovun dediklərindən: "Sənətkar üçün
vacib olan bir neçə amil var. Bunlardan ən başlıcası istedad, məsuliyyət və zəhmətdir.
Bu keyfiyyətlər Gülxar xanımda üstünlük təşkil edirdi. Odur ki, o, nümunəvi bir
sənətkar idi. Xoşbəxtəm ki, belə sənətkarla bir yerdə çalışmaq mənə də nəsib olub.
M.Maqomayevin "Şah İsmayıl” operasında mən Şah İsmayıl, o isə Ərəbzəngi rolunda
çıxış edirdik. Gülxar xanım bu obrazı o qədər canlı oynayırdı ki, bəzən mən səhnədə
olduğumu unudub onun sənətinin sehrinə düşərək az qala tamaşaçıya çevrilirdim. Bu
obraz ona çox yaraşırdı. Unudulmaz sənətkarımız Həqiqət Rzayevadan sonra Ərəbzəngi
obrazının ən mahir ifaçısı məhz Gülxar Həsənova idi. İllər keçdikcə mən ona baxıb
düşünürdüm, heyif ki, səhnəmizin Ərəbzəngisi qocalır. Görən, onu kim əvəz edəcək?
Amma açığını deyim ki, doğrudan da, hələ ki, Gülxar xanımı xatırladan Ərəbzəngi
yoxdur.
Onun bütün keyfiyyətləri gözəl və səmimi
idi. Sənət dostlarından, xüsusən də gənclərdən bilik və bacarığını əsirgəməzdi.
Gülxar Həsənova lazım gəldikdə gənc ifaçılarla hətta evində məşğul olurdu. Bunu
sənətimizin inkişafı naminə edirdi. Odur ki, Gülxar Həsənova bu gün yaddaşlarda
mahir bir sənətkar və gözəl insan kimi qalıb”.
Bəli, Gülxar Həsənova daim xatırlanacaq.
Çünki onun sənəti bugünkü nəsil üçün də örnəkdir. O öz səsi və ifaçılıq xüsusiyyətləri
ilə həm zamanında, həm də bu gün qiymətləndirilir. Sənətdə öz dəst-xəttini qoymuş
Gülxar xanım Həsənova həmişə dövlətin diqqətində olub. 1954-cü ildə əməkdar artist,
1982-ci ildə xalq artisti fəxri adlarına, "Şöhrət” və "Şərəf nişanı” ordenlərinə, fəxri fərman və digər mükafatlara
layiq görülüb.
Azərbaycan teatr tarixində yaddaqalan obrazlarla
həmişə tamaşaçıların diqqətində olan tanınmış aktyor Hamlet Qurbanov da anasının
sənət yolunu davam etdirərək milli teatr sənətinin inkişafına öz töhfəsini vermişdir.
Müasir gənclik hələ uzun illər hər iki sənətkarın
yaradıcılığından bəhrələnəcəkdir. Böyük sənətkar, Azərbaycanın Ərəbzəngisi kimi
tarixin yaddaşına həkk olunan Gülxar xanım Həsənova 2005-ci il martın 31-də 87 yaşında
dünyasını dəyişib. Azərbaycan xalqı bu gözəl sənətkarı daim ehtiramla xatırlayır
və yad edir.
Rəhman SALMANLI,
"Azərbaycan”