Hamıya məlumdur ki, sentyabrın gəlişi ilə şəhərin gündəlik ritmi də dəyişir. Məktəblərin, universitetlərin və iş yerlərinin eyni vaxtda fəaliyyətə başlaması ilə səhər saatlarında demək olar ki, yollar tamamilə yüklənir. Xüsusilə məktəbə gedən uşaqların valideynləri tərəfindən şəxsi avtomobillərlə aparılması bu sıxlığın ən mühüm səbəblərindən birinə çevrilir. Bir ailə üçün bu, övladının təhlükəsizliyini və rahatlığını təmin etmək kimi görünür. Lakin eyni qərarı minlərlə ailə eyni anda verdikdə şəhər miqyasında tamamilə başqa mənzərə yaranır.
Səhər saatlarında eyni istiqamətdə hərəkət edən avtomobillərin böyük hissəsini uşağını məktəbə gətirən valideynlər, universitetlərə şəxsi avtomobili ilə gedən tələbələr təşkil edir. Üstəlik, problem yalnız avtomobilin hərəkətdə olması ilə bitmir. Təhsil müəssisəsinin qarşısında dayanmaq, uşağı düşürmək, digər valideynin maşınının keçməsini gözləmək, geriyə dönmək, yolun kənarında ikinci cərgədə dayanmaq və bəzən bir neçə dəqiqəlik dayanacağı saatlarla axtarmaq ümumi nəqliyyat axınını daha da zəiflədir. Nəticədə bir məktəbin qarşısındakı kiçik dayanma bütün küçədə, hətta yaxın ərazilərdə belə tıxac yarada bilir.
Əslində, burada çox maraqlı bir paradoks var: valideyn övladını mümkün qədər məktəbin qapısına yaxın aparmaqla onun yol təhlükəsizliyini düşündüyünü hesab edir, amma yüzlərlə avtomobilin eyni anda məktəb qapısına yaxınlaşması uşaqlar üçün həmin ərazini daha təhlükəli də edə bilər. Avropa İttifaqının şəhər mobilliyi üzrə materiallarında da məktəblərin səhər və günorta saatlarında böyük sayda insanı qısa zaman ərzində hərəkətə gətirdiyi, valideynlərin uşaqları mümkün qədər girişə yaxın düşürmək istəməsinin isə təhlükəsizlik, səs-küy, hava çirklənməsi və nəqliyyat problemləri yaratdığı qeyd olunur.
Məsələyə inkişaf etmiş ölkələrin təcrübəsi ilə baxdıqda isə maraqlı yanaşmalar görmək mümkündür. Məsələn, İngiltərədə bir çox şəhərdə "School Streets" - yəni "Məktəb küçələri" modeli tətbiq olunur. Bu sistemdə dərsə giriş və çıxış saatlarında məktəbin qarşısındakı küçəyə adi avtomobillərin girişi məhdudlaşdırılır. Sakinlər, təcili yardım maşınları və xüsusi ehtiyacı olan şəxslər üçün istisnalar nəzərdə tutulur. Məqsəd valideynləri cəzalandırmaq deyil, məktəbin qarşısında qısa müddət ərzində yaranan avtomobil sıxlığını azaltmaq və uşaqlar üçün daha təhlükəsiz mühit yaratmaqdır. İngiltərə hökumətinin məlumatına görə, belə layihələrin tətbiq olunduğu ərazilərdə bir çox halda avtomobil sayı azalıb, piyada və velosipedlə məktəbə getmə artıb.
Əgər məktəb evdən 5-10 dəqiqəlik məsafədədirsə, hər səhər avtomobilə minib, həmin avtomobillə yolu daha da sıxlaşdırmaqdansa uşağı piyada aparmaq, əgər məsafə bir qədər uzaqdırsa, yaxınlıqdakı uyğun dayanacaqda avtomobili saxlayıb qalan yolu piyada getmək olmazmı? Eyni məhəllədə yaşayan iki-üç ailə növbəli şəkildə uşaqları məktəbə apara bilməzmi? Məktəbin servisindən istifadə etmək daha yaxşı olmazmı?
Bəzən bir avtomobilin şəhər üçün nə qədər böyük fərq yarada biləcəyini düşünmürük. Tutaq ki, bir məktəbdə 500 şagird var və onların yarısını valideynləri şəxsi avtomobillə gətirir. Bu, səhər saatlarında məktəbin ətrafına daxil olan yüzlərlə əlavə avtomobil deməkdir. Həmin valideynlərin yalnız müəyyən hissəsi alternativ nəqliyyat vasitəsindən istifadə etsə belə küçənin yükü əhəmiyyətli dərəcədə dəyişə bilər.
Əlbəttə, tamamilə valideynləri günahlandırmaq da düzgün olmaz. Çünki hər ailənin vəziyyəti eyni deyil. Uşağın yaşı, məktəbin evdən uzaqlığı, yolun təhlükəsizliyi, ictimai nəqliyyatın keyfiyyəti, hava şəraiti və valideynin iş qrafiki kimi amillər nəzərə alınmalıdır. Bəzi uşaqların avtomobillə aparılması həqiqətən zəruridir. İnkişaf etmiş ölkələrdə tətbiq olunan modellərdə də bu reallıq nəzərə alınır: xüsusi ehtiyacı olan uşaqlar, sakinlər və zəruri xidmətlər üçün istisnalar saxlanılır.
Ona görə məsuliyyət təkcə valideynin üzərinə düşmür. Məktəblərin, universitetlərin və nəqliyyat qurumlarının da burada rolu böyükdür. Məktəblərin qarşısında təhlükəsiz piyada keçidləri, düzgün dayanma-düşmə zonaları, nəqliyyatın tənzimlənməsi, servis avtobusları üçün xüsusi yerlər, velosiped və skuter infrastrukturu inkişaf etdirilməlidir. Lazım gəldikdə məktəb ətrafındakı küçələrdə dərs saatlarında müvəqqəti nəqliyyat məhdudiyyətləri tətbiq edilə bilər. Burada başqa bir vacib məsələ də var: məktəbə piyada və ya ictimai nəqliyyatla getmək yalnız şəhərin nəqliyyat probleminə aid məsələ deyil. Uşağın gündəlik hərəkəti onun fiziki aktivliyi, müstəqilliyi və şəhər mühitinə münasibəti baxımından da əhəmiyyətlidir. Bizdə çox vaxt "uşağı məktəbə özüm aparmasam, yaxşı valideyn deyiləm" kimi düşüncə formalaşır. Halbuki yaxşı valideyn olmaq uşağı mütləq avtomobillə məktəbin qapısına qədər aparmaq demək deyil. Yaxşı valideyn övladının təhlükəsizliyini düşünən, eyni zamanda onun müstəqilliyini, sağlamlığını və yaşadığı şəhərə münasibətini də formalaşdıran valideyndir.
Əlbəttə, bunun üçün şəhər də valideynə alternativ təqdim etməlidir. Piyada yolları təhlükəsiz deyilsə, dayanacaqlar məktəbdən uzaqdırsa, avtobuslar həddindən artıq doludursa, məktəb qarşısında nəqliyyatın idarə olunması yoxdursa, valideyndən sadəcə "maşın sürmə" tələb etmək real yanaşma deyil.
Lakin valideyn olaraq bizim də kiçik seçimlərimiz böyük nəticələr yarada bilər. Bəzən bir ailənin "bu gün maşınla yox, piyada gedək" qərarı şəhər üçün əhəmiyyətsiz görünür. Amma bunu minlərlə ailə etdikdə artıq bu, şəhərin nəqliyyat mədəniyyətinə çevrilir.
Yeni tədris ilinin başlanğıcında hər bir valideyn özünə sadə bir sual verə bilər: "Övladımı məktəbə aparmaq üçün avtomobil həqiqətən vacibdirmi, yoxsa bu, sadəcə, vərdişdir?"
Əgər məsafə uyğundursa, piyada gedək. Mümkündürsə, məktəb servisindən istifadə edək. Uyğundursa, ictimai nəqliyyata üstünlük verək. Heç olmasa avtomobili məktəbin qapısının qarşısında saxlamayaq, uşağı bir qədər kənarda təhlükəsiz şəkildə düşürüb yolun qalan hissəsini piyada getməsinə şərait yaradaq.
Çünki şəhərin tıxacını təkcə yol polisi, dövlət qurumları və yeni yollar həll edə bilməz. Şəhər nəqliyyatı milyonlarla fərdi qərarın nəticəsidir. Hər birimiz sükan arxasında öz qərarımızı veririk və həmin qərar yalnız bizim günümüzə deyil, arxamızda dayanan yüzlərlə insanın gününə də təsir edir.
Uşaqlarımız üçün daha rahat şəhər istəyiriksə, bəlkə də onlara yalnız yaxşı məktəb seçmək yox, yaxşı şəhərdə necə yaşamağı da öyrətməliyik.
Nərminə ƏSGƏROVA,
"Azərbaycan"