07 Mart 2026 08:35
163
CƏMİYYƏT
A- A+
Şəfqət bacımız

Şəfqət bacımız


O, Mərkəzi Neftçilər Xəstəxanasına qədəm qoyanda çox gənc idi. Ağ xalatın məsuliyyətini çiyinlərinə götürərkən bəlkə də qarşıda onu necə uzun və şərəfli bir yolun gözlədiyini özü də tam təsəvvür etmirdi. Elə ilk günlərdən xəstələrə diqqəti, həssaslığı ilə seçildi, həmkarlarının və pasiyentlərin ürəyində məskən saldı.

41 ilini insanların sağlamlığı keşiyində dayanmış şəfqət bacısı Elmira Xasmətova ömrünün gənclik illərini, xəyal dövrünü belə xatırlayır: "1983-cü ildə Qaradağ rayonu Sahil qəsəbəsindəki 228 nömrəli orta məktəbi bitirib, Tibb Texnikumuna qəbul oldum. Texnikumu fərqlənmə diplomu ilə başa vurmuşam. Müəllimlərim mənə təhsilimi davam etdirməyi, həkim olmağı məsləhət görürdülər. Arzum isə hələ uşaqlıqdan şəfqət bacısı olmaq idi. Ruhuma hakim kəsilən qəribə bir  hiss mənə deyirdi ki, sən vəzifə borcunu yerinə yetirən adi bir tibb işçisi yox, əsl şəfqət bacısı olmalısan. Biz təhsil alan vaxt belə bir qayda vardı - xəstəxanaların baş həkimləri təhsil müəssisələrinə gedib bilikli, bacarıqlı kadrlar axtarırdılar. İndi işlədiyim xəstəxananın ozamankı baş həkmi, mərhum Həsənağa Əliyev də bizim məktəbdən məni seçdi. Həmin illərdə Neftçilər Xəstəxanası ölkədə birnömrəli səhiyyə ocağı idi. Burada işləyəcəyimi eşidəndə çox sevindim. Atam da neftçi idi. Neftçilərin necə fədakar, zəhmətkeş olduqlarını atamın qabarlı əllərindən bilirdim. Mənə doğma olan insanların sağlamlığının qayğısına qalmağı özüm üçün həm də mənəvi borc hesab edirdim. O zaman bura qapalı xəstəxana idi. Yalnız neftçilər müalicə olunurdular. Bir il işlədikdən sonra məni baş  tibb bacısı təyin etdilər. Artıq 41 ildir ki, burada çalışıram". 

Baş tibb bacısı kimi Elmira Xasmətova bu gün yalnız tibbi prosedurların idarə olunmasına deyil, həm də xəstəxana kollektivində nizam-intizam və pasiyent-tibb personalı mühitinin qorunmasına cavabdehdir. 1985-ci ildən etibarən  taleyini Mərkəzi Neftçilər Xəstəxanasına bağlayan tibb bacısı peşəkarlığını artırmağa ciddi yanaşıb.  Çalışdığı bu illər ərzində beynəlxalq və regional səviyyəli çoxsaylı kurs və konfranslarda, İstanbulda keçirilən 23-cü Ulusal Qastroenteroloji Konqresində təmsil olunub, "Qastrointesional Endoskopi Hemşireleri ve Teknisyenleri Derneği"nin, eləcə də "Qastroenteroloji Hemşireleri Derneği"nin ixtisasartırma kurslarını uğurla başa vurub. Bu davamlı inkişaf yolu onun yalnız təcrübəli tibb bacısı deyil, həm də yeniliyə açıq, daim öyrənən, peşəsinə məsuliyyətlə yanaşan mütəxəssis olduğunu təsdiqləyir.

İllər keçdi, nəsillər dəyişdi, çalışdığı tibb ocağında neçə-neçə gənc tibb bacısı onun rəhbərliyi altında püxtələşdi. "Xəstə əvvəl insan, sonra pasiyentdir". Bu fikir onun peşə fəlsəfəsinin əsası, fəaliyyətinin isə yolgöstərən ruhudur. Bəlkə də elə buna görə xəstələr onu əzizləri, doğmaları kimi qəbul edirlər.

Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov onun haqqında belə dedi: "Elmira xanım baş tibb bacısı kimi yalnız tibbi proseslərin düzgün təşkili ilə kifayətlənmir, həm də kollektivdə nizam-intizam, qarşılıqlı hörmət və mənəvi birlik mühiti yaranmasında əvəzsiz xidmət göstərir, gənc əməkdaşlara peşə sirlərinin öyrədilməsində qayğısını və biliyini əsirgəmir. Ən çətin anlarda belə təmkinini itirməməsi, fövqəladə hallarda çevik qərarlar verməsi, eyni zamanda xəstənin gözünə baxıb onu sakitləşdirə bilməsi onun peşəkarlığını tamamlayan ən mühüm keyfiyyətdir. Elmira xanımın peşəkarlığı və insanlığı o səviyyədədir ki, ağrının nə olduğunu bəlkə də xəstədən daha çox anlayır. Çünki insanı dinləməyi bacarır, dinləmək isə bəzən müalicənin yarısıdır".

Tibb bacısı işlədiyi bu 41 il ərzində minlərlə insan onun qayğısı ilə yenidən  sağlamlığına qovuşub. Elmira xanım danışdıqca insanın ağlına bir fikir hakim kəsilir: "Səhiyyə yalnız müalicə etmək deyil, həm də mərhəmətdir. O isə bu peşənin  ustadlarından biridir. Ağ xalatı ilə illərboyu insanlara ümid paylayan bu xanım sübut edib ki, şəfqət zamanla köhnəlmir, əksinə, dərinləşir, böyüyür. Onun həyatı təkcə bir tibb bacısının taleyi deyil, bütövlükdə şəfqət bacılarının görünməyən zəhmətinə, gecə-gündüz yorulmadan çalışan, insan sağlamlığını öz həyatlarının bir parçasına çevirən fədakar insanların hekayəsidir. Çünki elə peşələr var ki, onların dəyəri vicdanla ölçülür.

Elmira xanım deyir ki, 2020-ci ildə COVID-19 pandemiya elan olunanda insanlar təlaş içində idilər, nə edəcəklərini bilmirdilər. Bu qorxulu virusun insanlarla "davranış"ı hələ sirr idi: "Xəstəxanamızda COVID-lə mübarizəyə qoşulan üç tibb bacısından biri də mən idim. Gecəmizi gündüzümüzə qatıb çalışdıq..." 

Elmira Xasmətova 2020-ci il sentyabrın 27-sini göz yaşı ilə xatırlayır: "Sentyabrın 27-si bazar günü idi. Ali Baş Komandan İlham Əliyevin televiziya ilə xalqa müraciətini eşidən kimi xəstəxanaya yollandım. O qədər həyəcanlı idim ki... Birbaşa döyüş zonasına getmək istəyirdim. İllərdir torpaq həsrətinə son qoymaq üçün canını fəda edən gənclərimizlə, qəhrəman oğullarımızla bir yerdə olmaq istəyirdim. Xəstəxanaya çatanda gördüm ki, hətta məzuniyyətdə olan həkimlərimiz də xəbəri eşidib döyüş zonasına getmək üçün növbəyə dayanıblar".

Elmira xanımla söhbət zamanı birmənalı olaraq qəbul edirsən ki, 60 illik ömrünün 41 ilini eyni xəstəxanada insanlara xidmətə həsr edən bu xanım, sadəcə, baş tibb bacısı yox, şəfqətin, mərhəmətin və sədaqətin canlı ünvanıdır. Onun ömür yolu sübut edir ki, şəfqət bacısı yalnız ixtisas deyil, insan taleyinə cavabdeh müqəddəs bir missiyadır. O, illərboyu qazandığı fəxri fərman, "Tərəqqi" medalı və digər mükafatlarla yanaşı, ən ali dəyəri - insanların dualarında yaşamağı bacarıb. Ailədə iki övladına necə qayğıkeş və dayaqdırsa, xəstələr üçün də elə şəfqət bacısıdır.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:30
07 Mart

"Çovdar nekropolu" kitabı ictimaiyyətə təqdim edilib

09:25
07 Mart

Qusarda mərmər bağacığına qarşı mübarizə gücləndirilir

09:23
07 Mart

Enerji və texnologiyada irəliləyiş, dünya bazarında qiymət dəyişmələri

09:20
07 Mart

YAP Göygöl rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd edilib

09:15
07 Mart

Qazax rəsmən Azərbaycanın "İdman Paytaxtı" oldu

09:10
07 Mart

Komitə sədri Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb

09:05
07 Mart

Əlləri torpağa, ümidi gələcəyə bağlı kənd qadınının hekayəsi

09:00
07 Mart

Bizim Natalya

08:55
07 Mart

"Hər birinizi evimə qonaq dəvət edirəm"

08:50
07 Mart

Azərbaycan qadını müdrikliyin, fədakarlığın və gücün rəmzidir

08:45
07 Mart

Qadın istərsə...

08:40
07 Mart

Şəfqət bacımız

08:35
07 Mart

Zəriflərin Zəfəri

08:30
07 Mart

Qadın fəallığı - cəmiyyətin modernləşmə kodu

08:25
07 Mart

Azərbaycana verilən beynəlxalq dəstək və həmrəylik mesajları ölkəmizin nüfuzunu və haqlı olduğunu göstərir

08:20
07 Mart

Azərbaycan istənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır

08:15
07 Mart

Prinsipial mövqenin göstəricisi

08:10
07 Mart

"Dəmir yumruq" yerindədir: gücümüzü sınağa çəkməyin!

08:05
07 Mart

İlham Əliyevin mövqeyi qəti və prinsipialdır

08:00
07 Mart

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!