07 Mart 2026 08:40
158
CƏMİYYƏT
A- A+
Qadın istərsə...

Qadın istərsə...

Qadınlar tarixboyu cəmiyyətin müxtəlif sahələrində mühüm rol oynayıblar. Onlar yalnız ailənin dayağı deyil, həm də elm, təhsil, mədəniyyət, siyasət və iqtisadiyyat kimi sahələrdə uğurları ilə seçilən güclü şəxsiyyətlər olublar. Müasir dövrdə isə qadınların fəaliyyəti daha da genişlənib. Bəzən kişilərin üstünlük təşkil etdiyi peşələrdə belə qadınların uğurla çalışdığını görürük. Bu gün qadınlar müəllimlikdən mühəndisliyə, pilotluqdan hərb sahəsinə qədər müxtəlif istiqamətlərdə fəaliyyət göstərir, məsuliyyətli və çətin peşələrdə öz sözlərini deyirlər. Bu dəyişikliklər cəmiyyətin inkişafının, qadınların öz gücünə inamının və stereotiplərin tədricən aradan qalxmasının nəticəsidir.

Son illərdə ictimai nəqliyyat sahəsində də qadınların fəaliyyətinə daha çox rast gəlinir. Bu gün bir qadını sükan arxasında görmək artıq təəccüb doğurmur. Lakin bu sahədə çalışan qadınların sayı hələ də çox deyil. Məhz buna görə də ictimai nəqliyyatda çalışan hər bir qadın sürücü müəyyən mənada stereotipləri qırır, cəmiyyətə yeni bir nümunə təqdim edir, həmcinslərinin yolunu açır.

Belə qadınlardan biri də uzun illərdir avtomobil idarə edən və hazırda ictimai nəqliyyat sahəsində çalışan Rəna Cəfərovadır. Onun həyat yolu, peşəyə olan sevgisi və qarşılaşdığı çətinliklər qadınların istənilən sahədə uğur qazana biləcəyinin parlaq nümunəsidir.


Uşaqlıq marağından peşə seçiminə gedən yol


1987-ci il təvəllüdlü Rəna Cəfərova Bakıda dünyaya göz açıb. Onun həyatında avtomobillərin həmişə xüsusi yeri olub. Həmsöhbətimin sözlərinə görə, avtomobillərə marağı hələ uşaqlıq illərindən başlayıb. Bu maraq zaman keçdikcə daha da güclənərək həyatının ayrılmaz hissəsinə çevrilib. O, artıq 25 ildən çoxdur ki, avtomobil idarə edir.

Yeniyetməlik yaşlarından sükan arxasına keçən Rəna illər keçdikcə bu sahədə təcrübəsini artırsa da, sürücülüyə gəlişi tədricən olub. Orta məktəbi bitirdikdən sonra pedaqoji sahədə təhsil alıb, Azərbaycan Dövlət Pedaqoji Kollecini bitirib və bir müddət informatika müəllimi kimi fəaliyyət göstərib. Müsahibim deyir ki, təhsil sahəsində çalışdığı illər onda insanlarla ünsiyyət qurmaq, məsuliyyət və nizam-intizam kimi vacib keyfiyyətləri daha da möhkəmləndirib.

Sonrakı illər Rəna xanım özünü müxtəlif sahələrdə sınasa da, avtomobil idarə etmək sevgisi azalmayıb. Və nəhayət, bir gün bu sevgi onu ictimai nəqliyyat sahəsinə gətirib çıxarıb. Hazırda Rəna Cəfərova sərnişindaşıma sahəsində fəaliyyət göstərir, avtobus idarə edir və hər gün yüzlərlə insanın təhlükəsiz şəkildə mənzilbaşına çatdırılmasının məsuliyyətini daşıyır. Onun sözlərinə görə, bu peşəni seçməsində əsas səbəb məhz sükan arxasında olmaq sevgisi və insanlara xidmət etmək istəyidir.


"Bu qadın işi deyil" dedilər


İctimai nəqliyyat sahəsində çalışan qadınların qarşılaşdığı ən böyük problemlərdən biri cəmiyyətdə mövcud olan stereotiplərdir. Sükan arxası daha çox kişilərlə əlaqələndirildiyi üçün qadın sürücülər bəzən təəccüb və ya şübhə ilə qarşılanır. Rəna Cəfərova da fəaliyyətə başladığı ilk vaxtlarda belə münasibətlə üzləşib. Onun sözlərinə görə, əvvəlcə bəzi insanlar bu peşənin qadınlar üçün uyğun olmadığını düşünür, bəziləri isə açıq şəkildə "bu qadın işi deyil" deyərək fikirlərini bildirir.

Belə yanaşmalar bu gənc qadını yolundan döndərməyib. Əksinə, o, öz işi ilə bu fikirlərin yanlış olduğunu sübut etməyə çalışıb. Bu yolda isə ən böyük dəstəyi ailəsindən alıb. Ailəsinin ona olan inamı Rəna xanıma motivasiya verib. Bir övlad anası olan müsahibim deyir ki, həmişə gücü, dözümü həyatın çətin sınaqlarından çıxmağa ona stimul verib. 

Zaman keçdikcə həm yaxın çevrəsi, həm də sərnişinlər onun işinə olan məsuliyyətini və peşəkarlığını dəyərləndirməyə başlayıblar. Bu gün isə ətrafındakı insanlar onunla qürur duyduqlarını bildirirlər. Rənanın sözlərinə görə, ictimai nəqliyyat sürücüsünün işi təkcə avtomobil idarə etməkdən ibarət deyil. Bu peşə səbir, diqqət və yüksək məsuliyyət tələb edir.

Hər gün yolda müxtəlif vəziyyətlərlə qarşılaşmaq mümkündür. Rənanı ən çox narahat edən məqamlardan biri yol hərəkəti qaydalarına əməl etməyən sürücülərdir. Buna baxmayaraq, o, belə situasiyalarda sakit qalmağa çalışdığını deyir. Həmsöhbətimin sözlərinə görə, stresli anlarda ən vacib məsələ diqqəti yalnız yola yönəltməkdir. Çünki sükan arxasında olan hər bir sürücü təkcə özünün deyil, sərnişinlərin də təhlükəsizliyinə cavabdehdir.


İstək, zəhmət, inam


Rəna Cəfərova ictimai nəqliyyat sahəsində işləmək üçün xüsusi təlimlərdən keçib. O hesab edir ki, yaxşı sürücü olmaq üçün yalnız təcrübə deyil, həm də davamlı öyrənmək və özünü inkişaf etdirmək vacibdir.

Sürücü xanımın iş günü səhər tezdən başlayır. O, marşrut üzrə sərnişinləri təhlükəsiz şəkildə mənzilbaşına çatdırmaq üçün diqqətlə və məsuliyyətlə çalışır. Gün ərzində müxtəlif insanlarla qarşılaşmaq isə onun işini daha maraqlı edir. İlk iş günündən danışan həmsöhbətim deyir ki, həmin gün olduqca həyəcanlı olub. Lakin zaman keçdikcə bu həyəcan yerini özünəinamla əvəz edib.

Hər bir peşədə olduğu kimi, avtobus sürücülüyündə də insanı motivasiya edən müxtəlif məqamlar var. Rəna xanım üçün isə ən böyük həvəsləndirmə sərnişinlərin göstərdiyi hörmət və minnətdarlıqdır. Ən çox eşitdiyi söz isə "çox səliqəli sürürsünüz" ifadəsidir. Bu cür sözlər onun üçün, sadəcə, kompliment deyil, həm də işinə verilən dəyərin göstəricisidir. Belə anlar bütün yorğunluğu unutdurur və insanın gördüyü işin nə qədər əhəmiyyətli olduğunu xatırladır.

Rəna xanım hesab edir ki, qadınlar da bu işi ən az kişilər qədər peşəkar şəkildə yerinə yetirə bilirlər. O arzulayır ki, gələcəkdə ictimai nəqliyyat sahəsində çalışan qadınların sayı daha da artsın. Çünki bu həm cəmiyyətin inkişafını, həm də qadınların öz gücünə inamını göstərən mühüm göstəricidir. Rəna Cəfərova qadınlara müraciət edərək deyir ki, zərif cinsin hər bir nümayəndəsi özünə inanmalı və məqsədinə doğru qətiyyətlə irəliləməlidir. Bu güclü xanımın həyat yolu göstərir ki, istək, zəhmət və inam olduqda insan qarşısına qoyduğu bütün məqsədlərə mütləq çatır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:30
07 Mart

"Çovdar nekropolu" kitabı ictimaiyyətə təqdim edilib

09:25
07 Mart

Qusarda mərmər bağacığına qarşı mübarizə gücləndirilir

09:23
07 Mart

Enerji və texnologiyada irəliləyiş, dünya bazarında qiymət dəyişmələri

09:20
07 Mart

YAP Göygöl rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd edilib

09:15
07 Mart

Qazax rəsmən Azərbaycanın "İdman Paytaxtı" oldu

09:10
07 Mart

Komitə sədri Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb

09:05
07 Mart

Əlləri torpağa, ümidi gələcəyə bağlı kənd qadınının hekayəsi

09:00
07 Mart

Bizim Natalya

08:55
07 Mart

"Hər birinizi evimə qonaq dəvət edirəm"

08:50
07 Mart

Azərbaycan qadını müdrikliyin, fədakarlığın və gücün rəmzidir

08:45
07 Mart

Qadın istərsə...

08:40
07 Mart

Şəfqət bacımız

08:35
07 Mart

Zəriflərin Zəfəri

08:30
07 Mart

Qadın fəallığı - cəmiyyətin modernləşmə kodu

08:25
07 Mart

Azərbaycana verilən beynəlxalq dəstək və həmrəylik mesajları ölkəmizin nüfuzunu və haqlı olduğunu göstərir

08:20
07 Mart

Azərbaycan istənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır

08:15
07 Mart

Prinsipial mövqenin göstəricisi

08:10
07 Mart

"Dəmir yumruq" yerindədir: gücümüzü sınağa çəkməyin!

08:05
07 Mart

İlham Əliyevin mövqeyi qəti və prinsipialdır

08:00
07 Mart

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!