Azərbaycan qadını sevgi, güc, səbir, mərhəmət, şəfqət nümunəsi və vətəninin bağrından doğan bir çiçəkdir. Azərbaycan anası gücün və zərifliyin birləşdiyi bir dəyər, həyatın hər çətinliyinə, hər sınağına sinə gərən, bütün zamanlarda qəlbindəki yumşaqlığı və sevgini qoruyan müqəddəs varlıqdır. O, ailəsinin qəhrəmanıdır, vətəninin övladıdır, dünyaya gələcək nəsillər üçün ümid işığıdır.
Bu xüsusiyyətlərin ən parlaq nümunəsini kənddə yaşayan qadınların zəhmət dolu həyatında görmək mümkündür. Kənd qadını səhər tezdən oyanan ilk adamdır. Dan üzü söküləndə, günəşin ilk işığında yavaşca ayağa qalxar və bütün bir kəndin həyatını canlandırar. Torpağın sükutunu pozar, çiçəklərin başını qaldırar, heyvanlara yem, toyuq-cücəyə dən verər. Hər gün eyni sükutda, amma hər zaman yeni bir başlanğıcda həyatını davam etdirər.
Kənd qadını torpağın əmanətini öz içində daşıyan qoruyucudur. Hər daşın altına baxar, hər ağacın gövdəsindəki izləri hiss edər, quşların cəh-cəhini, yağışın, küləyin nəğməsini dinləyər. Yorulub əldən düşsə belə heç vaxt geri çəkilməz. Mənəvi gücü, sevgisi və torpağa bağlılığı onu həyatın bütün çətinliklərinə sinə gərən bir qadın halına gətirər. Sahib olduğu güc, əslində, onun içindəki sonsuz sevgidən gəlir - ailəsinə, el-obasına, dünyasına duyduğu sevgidən. Bəzən sərt, bəzən yumşaq, bəzən də kövrək və duyğusal olar, amma hər zaman həyat doludur kənd qadıını.
Çəmən qoxulu, zəhmət ətirli qabarlı əlləri torpağın bərəkətini və qüdrətini eyni anda hiss edər. Çünki onun hər toxunuşunda, hər nəfəsində həyat ritmi var. Ailəsinə, kəndin hər insanına, ağacına, daşına duyduğu sevgi onun ən böyük gücüdür. Həyatın ən ağır anlarında belə kənd qadını çəkdiyi əziyyətləri unudar. Çünki hər günün sonunda gələcək ümidini görər. Gündəlik işlərin içində özünü bəzən kəşf edər, bəzən də itirər. Hər çətinlikdən sonra güclü bir qadın kimi yenidən doğar. Onun gücü həyət-bacanı səliqəyə salmaq, bağ-bağatı becərmək, əkin-biçini yerinə yetirmək deyil. O, gücü səbrindən, dözümündən, inamından və iradəsindən alır.
Kənd qadını torpaqla nəfəs alır, zəhmətlə yaşayır, ailəsinə, övladlarına canı-qanı ilə bağlı olur. Çünki o, hər zaman savaşan bir döyüşçüdür. Bu savaşı həyatda qalmaq, ailəsini qorumaq, özünü itirməmək, arzularını həyata keçirmək üçündür. Kəndli qadını bu savaşda qalib edən mənəvi gücü, sabaha inamı, səbri, zəhməti, fədakarlığı və hər çətinliyə sinə gərməyidir. Hərdən bu qələbənin fonunda tənhalıq hissinə də qapıla bilir. Lakin bunu kimsəyə bildirmir, həmin "yük"ü öz çiyinlərində təkbaşına daşıyır, ürəyinin ən dərin guşəsində gizlədir.
Bəzən gecələr ulduzlara baxar və düşünər: "Bu həyat arzuladığım qədər gözəl oldumu? Mən özümü tapdımmı?" Səhər isə gecəki düşüncələrin üstündən bir xətt çəkərək yeni bir ümidlə oyanar, həyatın çətinliklərinə sinə gərər və öz yoluna davam edər. Çünki bu zəhmətkeş qadın mübarizə aparmaqdan yorulmaz, ruhu nə qədər sərt olarsa-olsun, yenə də ümidlə doludur.
Ancaq kənd yalnız zəhmətkeş qadınlardan ibarət deyil. Burada öz biliyi və düşüncəsi ilə önə çıxan, fərqli bir parıltı ilə seçilən, ağlı və bilgisi ilə həm ailəsinə, həm də cəmiyyətə işıq saçan ziyalı qadınlar da var. Kənddəki ziyalı qadının içindəki işıq cəmiyyətə faydalı olmağı, öyrənməyi və öyrətməyi arzulayan bir qəlbin təzahürüdür. Kəndin ziyalı qadını həm torpağa toxunur, həm də kitab səhifələrini çevirərək, elmin gücünü, müdrikliyin işığını özündə birləşdirir. Kənddə o, hər kəsə müdrik bir ana, həkim, müəllim, bələdçi və bir yolgöstərəndir. Sadə görüntünün içindəki mənəvi zənginlik hər kəlməsindəki ağıllı düşüncələrindən qidalanır. Sözü torpağı əkib-biçən əlləri qədər güclüdür. Kəndin unudulmuş ənənələrinə bağlı olmasına baxmayaraq, müasir dünyanın tələblərini qəbul edən ziyalı qadın təhsilin və bilginin gücünü dərk etdiyi üçün daim öyrənir. Kəndə gətirdiyi yeniliklərlə yalnız öz həyatını deyil, həm də ətrafındakıların taleyini dəyişdirə bilir. Fəlsəfəsi sadəlikdəki dərinlikdən və kəndin sakitliyindəki müasirliyi tapmaqdan ibarətdir. Hər addımında bir dəyişiklik yaradır. Kəndin təbiətini qoruyaraq, müasir düşüncə ilə gələcəyin yollarını aydınlatmağa çalışır. Həyatında hər şey - həm keçmişin dərsləri, həm də gələcəyin ümidləri bir məna daşıyır. Onun gözlərində torpağın və müasir dünyanın harmoniyasını tapmaq mümkündür. Kəndin sükutunda böyüdükcə, dünyanı daha geniş görür və el-obanın qəhrəmanı olmaqla yanaşı, gələcəyə ümid və inam aparan bir körpü qurur. Ziyalı kənd qadını ənənələrlə müasirliyin, zəhmətlə ideyaların, torpaqla elmin vəhdətidir. O, hər addımında özünün və ətrafındakıların yaxşı günlərinə doğru irəliləyir.
Torpağın bağrından çıxan sadə, zəhmətkeş, çöldə-bayırda çalışan qadın da, müəllim, həkim, sahibkar olan ziyalı xanım da sabahın qurucusudur. Hər bir kənd qadını həyatı ilə dərs, zəhməti ilə bir əhvalat, sevgisi ilə nağıldır. Kənd qadını həyatın özüdür, bu torpağın ruhunu, bu dünyanın sadə, amma qüdrətli qanunlarını öz varlığında təcəssüm etdirən bir həyat hekayəsidir. Kənddə yaşayan qadın bəzən nəğmə kimi həzin, lirik və kədərli olsa da, hər zaman öz ritmini qoruyan melodiyadır. Onun varlığı kəndin varlığıdır, nəfəsi torpağın nəfəsidir. Kənd qadını, əslində, təbiətin ən sadiq və ən gözəl təsviri, kəndin ən maraqlı nağılıdır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"