07 Mart 2026 08:25
264
CƏMİYYƏT
A- A+
Qadın fəallığı - cəmiyyətin modernləşmə kodu

Qadın fəallığı - cəmiyyətin modernləşmə kodu


Hər il 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində bütün dünyada gender bərabərliyi, qadın fəallığı, xanımlara bərabər imkanlar mühitinin yaradılması məsələləri gündəmə gəlir. Bu məsələlər dünyanın bütün sivil ölkələri kimi, Azərbaycan üçün də aktualdır. 

Azərbaycan tarixində qadın fəallığı heç vaxt təsadüfi proses olmayıb, cəmiyyətimizin modernləşmə instinktinin, milli özünüdərkin və sosial dinamizmin ayrılmaz hissəsi kimi nəzərə çarpıb. Bizdə qadın fəallığı kənardan gələn ideya deyil, onun kökləri milli maarifçilik hərəkatına gedib çıxır.


Maarif və tərəqqinin daşıyıcısı


XIX əsrin sonlarına doğru Azərbaycan maarifçilərinin qadın haqları ilə bağlı aktuallaşdırdıqları məsələlər və bunun ən parlaq nəticələrindən biri olaraq Həsən bəy Zərdabinin təşəbbüsü, Hacı Zeynalabdin Tağıyevin himayə və dəstəyi ilə ilk qızlar məktəbinin açılması, sadəcə, xeyriyyəçilik deyildi. Bu, bir sivilizasiya qərarı idi və o göstərirdi ki, Azərbaycan cəmiyyəti qadını yalnız ailə institutunun elementi kimi yox, maarifin və tərəqqinin daşıyıcısı kimi görmək istəyir.

Bu xətt daha sonra Azərbaycan Xalq Cümhuriyyəti dövründə özünün siyasi zirvəsinə yüksəldi. Cümhuriyyət qurucularının qadınlara seçki hüququ vermələri bütün Şərqdə modern dövlət modelinin elan edilməsi idi. Belə bir qərarla Azərbaycan qadını siyasi subyekt statusu qazandı. Burada bir maraqlı faktı da vurğulamaq çox vacibdir: Azərbaycanda qadın fəallığı hər zaman qarşıdurma üzərində deyil, məhz dövlət quruculuğu zəminində formalaşıb.

Sovet dövründə qadınların əmək bazarına və elmə kütləvi inteqrasiyası baş verdi. Bu mərhələ daha çox inzibati təşviq modeli olub müstəqil təşəbbüslərin məhdudluğu fonunda formalaşsa da, həmin dövrdə qadınlarımızın peşəkar kimliyi gücləndi, Azərbaycan qadınının həkim, müəllim, mühəndis, əmək qəhrəmanı, hətta təyyarəçi, gəmi kapitanı obrazı formalaşdı.


Heydər Əliyev və Azərbaycanda qadın siyasəti 


Keçmiş ittifaqda gender bərabərliyi rəsmi ideologiyanın bir hissəsi idi. Lakin ideologiya ilə real idarəetmə arasında həmişə fərqlər nəzərə çarpırdı. Bunu müsbət məqam kimi vurğulayaq ki, xüsusilə  Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə bu fərq məhz xanımların xeyrinə dəyişməyə başladı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin illərdə qadınların ictimai-siyasi və peşəkar fəallığı real olaraq daha da genişləndi. Bu dövr kadr siyasətində qadınlara inkişaf imkanlarının yaradılmasından daha çox sosial strukturun modernləşdirilməsi mərhələsi idi. 

Ulu Öndərin diqqət və qayğısı sayəsində qadının əmək bazarında mövqeyi gücləndirildi. Məlumdur ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkədə sənayeləşmə, şəhərsalma və ali təhsilin genişləndirilməsi prioritet idi. Bu proseslər qızların ali məktəblərə qəbulunun artmasına, xüsusilə o dövrə qədər xanımlar üçün uyğunsuz sahə kimi qəbul edilən texniki və mühəndis ixtisaslarına daxil olmasına, səhiyyə və elm sahəsində rəhbər vəzifələrə irəliləməsinə real imkanlar yaratdı. Bu mərhələdə qadın artıq təkcə "əmək resursu" deyil, peşəkar kadr kimi qəbul olunmağa başladı. 

Sovet sistemi mərkəzləşmiş olsa da, respublika səviyyəsində kadr seçimi ciddi siyasi iradə tələb edirdi. Heydər Əliyevin dövründə qadınların partiya və icra strukturlarında irəli çəkilməsi, onlara yüksək etimad göstərilməsi müşahidə olunurdu. Burada əsas məqam isə simvolik deyil, funksional iştirak idi. Qadın rəhbərlər sosial sahələrdə - təhsil, səhiyyə, mədəniyyətdə qərarvermə mexanizmlərinin tərkib hissəsinə çevrilmişdilər və bu, qadın fəallığının inzibati müstəvidə sabitləşməsi demək idi.

Təhsil strategiyası və qadın kapitalı məsələsi də bu dövr üçün aktual istiqamətlərdən idi. 1969-1982-ci illər ümumilikdə Azərbaycanın intellektual potensialının yüksəliş dövrü kimi xarakterizə olunur. Minlərlə azərbaycanlı gənc Ulu Öndərin təşəbbüsü və dəstəyi ilə keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə respublikamızda tələb olunan nadir ixtisaslar üzrə təhsil almağa göndərilirdilər və bu proqramlardan qızlar da geniş yararlanırdılar. Nəticədə Azərbaycanda yeni qadın elitası formalaşır, çoxsaylı gənc qadın alimlərin, həkimlərin, mühəndislərin, mədəniyyət xadimlərinin yetişərək cəmiyyətdə nüfuz qazanmasını ehtiva edən bu proses uzunmüddətli sosial investisiyaya çevrilirdi.

Heydər Əliyevin idarəçilik fəlsəfəsində sosial balans hər zaman xüsusi yer tuturdu. Bu fəlsəfədə qadınların ictimai həyatda fəallığı sosial sabitliyin dayaqlarından biri kimi qəbul edilirdi. Çünki qadının iqtisadi müstəqilliyi ailə institutunu gücləndirir, peşəkar qadın təbəqəsi orta sinfi genişləndirir, sosial sektorun keyfiyyətini artırır. Ümummilli Lider üçün bu yanaşma ideoloji şüar deyil, idarəetmə mexanizmi idi.

Nəticədə sovet sistemi qadınlara formal hüquqlar versə də, yerli rəhbərliyin siyasi iradəsi, məsələlərə strateji baxışı həmin hüquqların real institutlara çevrilməsinə şərait yaratdı. Məhz Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda qadın fəallığı ideoloji şüardan praktik mexanizmə keçdi, cəmiyyətimizdə peşəkar qadın təbəqəsi formalaşdı və qadın fəallığı məsələlərinə aydın münasibət yarandı, idarəetmədə institusional iştirak sabitləşdi. Bu mərhələ həmçinin müstəqillik dövründə qadınların dövlət quruculuğunda aktiv rol alması üçün sosial baza yaratdı.


Vətəndaş cəmiyyəti mərhələsi


Azərbaycanın müstəqilliyi dövründə isə qadın fəallığı yeni mərhələyə - vətəndaş cəmiyyəti mərhələsinə transformasiya olundu. Qeyri-hökumət təşkilatları, sosial təşəbbüslər, sahibkarlıq layihələri, beynəlxalq platformalarda təmsilçilik - bütün bunlar qadın fəallığını hüquqi mərhələ çərçivəsindən çıxarıb inkişaf mərhələsinə transfer etdi. Bu da təsadüfi proses olmayıb müstəqil Azərbaycan dövlətinin artıq öz siyasi arxitekturasını qurmasından irəli gəlirdi. Həmin mərhələdə qadın fəallığı sosial siyasət elementi çərçivəsindən çıxaraq dövlət strategiyasının vacib tərkib hissəsinə çevrildi. Belə bir strateji transformasiyanın çox mühüm mərhələsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyi dövrünə təsadüf edir.

Azərbaycan Prezidentinin siyasi iradəsi, bu sahəyə xüsusi diqqəti sayəsində ölkəmizdə gender siyasəti hüquqi və institusional mexanizmlərlə möhkəmləndirildi. Gender bərabərliyi ilə bağlı qanunvericilik təkmilləşdirildi, məişət zorakılığına qarşı hüquqi mexanizmlərin tətbiqi gücləndirildi, eləcə də maarifləndirmə işləri geniş miqyas aldı. Dövlət proqramları, müvafiq dövlət institutlarının fəaliyyəti çərçivəsində qadın və uşaq siyasəti sistemləşdirildi. Bu mərhələdə qadın məsələsi dövlət siyasətinin davamlı istiqamətinə çevrildi. İdarəetmədə, o cümlədən parlamentdə, icra hakimiyyəti strukturlarında, məhkəmə sistemində zərif təbəqənin təmsilçiliyi artdı və bu, kvota siyasəti ilə deyil, idarəetmənin modernləşdirilməsi xətti ilə baş verdi. Artıq Azərbaycan qadını yalnız sosial sahələrdə deyil, iqtisadiyyat, diplomatiya və strateji planlama sahələrində də fəaldır. Bu isə keyfiyyət mərhələsi, yəni sadəcə, iştirakdan real təsirə keçiddir.


Qadın fəallığının Mehriban xanım Əliyeva nümunəsi


Milli dövlətçilik tariximizdə qadın fəallığı ənənələrinin yeni və ən əhəmiyyətli mərhələsi məhz Mehriban xanım Əliyevanın adı ilə başlanır. Mehriban xanımın hələ ötən əsrin 90-cı illərinin ortalarından başlayan Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, sonrakı mərhələdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, nəhayət, 2017-ci ildən ölkəmizin Birinci vitse-prezidenti kimi çoxşaxəli fəaliyyəti, beynəlxalq aləmdə qazandığı böyük nüfuz qadınların ictimai-siyasi, mədəni və sosial sahədə daha fəal, nüfuzlu və rol modeli kimi görünməsinə əhəmiyyətli təsir göstərdi. 

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qısa müddətdə humanitar siyasətin vacib platformasına çevrildi. Onun təşəbbüsü və rəhbərliyi ilə qurumun həm Azərbaycanda, həm də dünyada həyata keçirdiyi təhsil, səhiyyə, mədəni irsin qorunması, sosial müdafiə layihələri və s. qadın liderliyinin idarəetmədə necə işlədiyini göstərən praktik nümunələrdir. Bu model empatiya və sosial həssaslıq, sistemli təşkilatlanma, uzunmüddətli strateji baxış kimi üç mühüm xüsusiyyəti özündə birləşdirir. Beləliklə, qadın fəallığı emosional təşəbbüsdən çıxaraq strukturlaşdırılmış sosial siyasətə çevrilir.

Bu da bir reallıqdır ki, istənilən cəmiyyətdə qadın fəallığının inkişafı yalnız qanunlarla ölçülmür, o həm də ictimai şüurda formalaşan obrazla bağlıdır. Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycan qadını üçün yeni model, yeni ictimai obraz formalaşdırdı. Milli dəyərlərə bağlılıq, müasirlik və qlobal ünsiyyət bacarığı, intellektual və mədəni kapital, sosial məsuliyyət bu obrazın xarakterik xüsusiyyətləridir. Belə bir model ənənə ilə modernliyin sintezi kimi qadın fəallığını radikal dəyişiklik kimi deyil, tarixi davamlılıq kimi ictimai şüura aşılayır. 


Etibarlı yol yoldaşı 


Mənəvi-insani dəyərlərə sədaqət, xalqın arzu və amallarının həyata keçirilməsinə diqqət  Prezident İlham Əliyevin işıqlı qayəsidir. Azərbaycan Prezidentinin qarşıya qoyduğu, reallaşdırdığı ali məqsədlər yüksək ideallardır. Dövlətimizin başçısı bu məqsədlərə doğru aparan haqq yolunda ona görə bu qədər uğurludur ki, ən çətin məqamın hər addımında xalqın dəstəyindən güc alır. Bu qətiyyətli, möhtəşəm fəaliyyətin daha bir məntiqli səbəbi də ölkənin birinci xanımı Mehriban Əliyeva kimi silahdaşının, məsləkdaşının, etibarlı yol yoldaşının olmasındadır.

Mehriban xanım Əliyeva xalqımızın qürur duyduğu şəxsiyyətdir, millətin tərəqqisi üçün yeniləşən ideyalar sahibidir. Azərbaycanın Birinci vitse-prezidentinin inkişafa doğru hər addımı sosial reallığı dəyişən, daha gözəl, daha sağlam, hər kəs tərəfindən məmnunluqla qarşılanan yaradıcılıq məzmunu təqdim edir. Cəmiyyətin firavanlığına bu proseslərin əsas məqsədi kimi yanaşır, insanı müasir həyatımızın ən qiymətli dəyəri kimi qəbul edir. Heydər Əliyev Fonduna rəhbərliklə yanaşı, Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Milli Məclisin deputatı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi fəaliyyəti, Avroviziya Beynəlxalq Mahnı Müsabiqəsi (2012), I Avropa Oyunları (2015), IV İslam Həmrəyliyi Oyunları (2017) kimi mötəbər beynəlxalq tədbirlərin təşkilat komitələrinə uğurla rəhbərliyi onun geniş idarəçilik bacarığını nümayiş etdirmiş, Mehriban xanıma həm ölkədə, həm də qlobal məkanda böyük rəğbət qazandırmışdır. 

Bütün bunlar Azərbaycanın Birinci vitse-prezidenti kimi böyük ümid və gözləntiləri, bir o qədər də məsuliyyət doğuran ali vəzifəyə məhz Mehriban xanım kimi təcrübəli, nüfuzlu ictimai xadimin təyin olunmasını şərtləndirirdi. Çünki söhbət təkcə yeni bir postdan deyil, dövlət idarəçiliyində yüksək məsuliyyət və sistemli fəaliyyət tələb edən strateji mövqedən gedirdi. Mehriban xanım Əliyeva şəxsiyyətinə uzun illər ərzində formalaşmış ictimai etimad, onun uğurlu təşkilati təcrübəsinə inam Azərbaycan Prezidentinin bu qərarının əsasını təşkil etdi.

Bu gün ölkəmizin Birinci vitse-prezidentinin milli iqtisadiyyatın rəqəmsal modelə keçidinə cavabdeh olan şuraya rəhbərlik etməsi işgüzar dairələr və qlobal texnologiya şirkətləri üçün yüksəksəviyyəli siyasi zəmanət və investisiya risklərinin minimuma endirilməsi deməkdir. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin əsasını humanizm və insanpərvərlik məfkurəsi təşkil edir. Çıxışlarında xüsusi vurğulayır: "Mən tam əminəm ki, mehribanlıq və səxavətlilik dünyamızı daha da yaxşılaşdıra bilər. Mən inanıram ki, humanizm, mərhəmət və sevgi bizim həyatımızı daha da xoşbəxt edir". 

Böyük və mərhəmətli qəlb sahibi Mehriban xanım hazırda dünyamızda baş verən çox sayda münaqişə, müharibə, pandemiya, dəhşətli təbii fəlakətlər fonunda sülh və əmin-amanlığın, xeyriyyəçiliyin təmini üçün çoxşaxəli və yorulmaz fəaliyyət göstərir. İnsanların xoşbəxt olmaları, firavan yaşamaları üçün onlara həyatın bütün sahələrində əlindən gələni edir. 


İnam və güvən, əməllər və həqiqətlər


Azərbaycana xidmətlərinə görə vətəndaşlarımızın, ümumən bütün dünya azərbaycanlılarının böyük sevgi və ehtiramını qazanan ölkəmizin Birinci vitse-prezidenti çətin sınaq günlərində cəmiyyətimizdə milli həmrəyliyin əldə olunmasında misilsiz xidmətlər göstərdi. Müzəffər ordumuzun hər şanlı qələbəsindən sonra Mehriban xanımın müxtəlif sosial şəbəkələr üzərindən xalqımıza ünvanladığı təbrik sözləri, sevinc, qürur və ümid dolu fikirləri insanlar arasında qələbə əzmini daha da gücləndirdi. Onları vahid amala, milli hədəflərə doğru səfərbər etdi.

Azərbaycanın informasiya müharibəsindəki qələbələrində də Mehriban xanım Əliyevanın rolu çox böyükdür. Məlumdur ki, müharibə təkcə səngərlərdə, döyüş meydanlarında aparılmır. Müasir dünyamızda öz həqiqətlərini beynəlxalq aləmə düzgün çatdıra bilməyin, düşmənin informasiya təxribatlarının qarşısını almağın və bu sahədə də işğalçılara qalib gələ bilməyin ciddi önəmi var.

Ali Baş Komandan İlham Əliyev mahir sərkərdə və diplomat kimi ordumuzu düşmən üzərinə səfərbər etməklə bərabər, eyni zamanda müsahibələri vasitəsilə Azərbaycanın mövqeyini dünyanın siyasi dairələrinə, güc mərkəzlərinə, beynəlxalq ictimaiyyətə çatdırdığı kimi, Mehriban xanım Əliyeva da öz çağırışları, bəyanatları, tövsiyələri ilə hər bir cəmiyyət üzvünü, hər bir vətəndaşı düşmənlə informasiya savaşına səfərbər etməyə, haqq davamızda insanlarımızın öz imkanlarını birləşdirməsinə çalışırdı.

Mehriban xanım dövlətimizi Azərbaycan insanına doğmalaşdıran bir şəxsiyyətdir. O, vətəndaşların sevgi ünvanı, inam və güvən mənbəyidir. Buna böyük Zəfərimizlə nəticələnən 44 günlük Vətən savaşında hər birimiz şahid olduq. 30 illik işğaldan sonra torpaqlarımızın addım-addım düşməndən təmizləndiyi o qürur dolu günlərdə Birinci vitse-prezident öz qəhrəman övladlarının igidliyi ilə öyünən, nisgilli yurdlarımızın azadlığına sevinib fərəhlənən, amma eyni zamanda həm də döyüş meydanındakı övladlarımızın taleyinə görə həssas ana qəlbi ilə həyəcan keçirən, onların bu haqq savaşını sağ-salamat başa çatdırıb Zəfərlə geri dönməsini arzulayan, şəhid məzarları önündə, yaralanmış oğullarımızın mətinliyi, iradəsi qarşısında göz yaşlarını boğa bilməyən Azərbaycan analarının ümumi obrazı idi.

Ana adı və missiyası Mehriban xanım üçün çox əzizdir. Onun bütün çıxışlarından ananın səsi-sorağı gəlir, fədakar, eyni zamanda zərif zümrəyə dərin hörmət və ehtiramı duyulur, başladığı hər yeni layihəyə ana qəlbinin hərarətini qatır. Müstəqil Azərbaycan dövlətinin ötən əsrin 90-cı illərinin ortalarından bəri qazandığı nailiyyətlərdə Mehriban xanım Əliyevanın imzası, misilsiz xidmətləri insanlarımızda böyük qürur doğurur. Qadınlarımızın ölkənin ictimai-siyasi həyatında ilbəil artan rolu və mövqeyi isə bizim milli dövlətçilik tariximizin ən böyük uğurlarındandır.

Mehriban xanım Əliyeva Azərbaycan qadınının adını beynəlxalq aləmdə layiq olduğu yüksək mərhələyə ucaldır, qadın liderliyinin humanitar diplomatiyada dövlətimizə nə qədər mühüm töhfələr verə biləcəyini göstərir. Bu isə qadın fəallığının daxili sosial məsələ olmaqdan çıxaraq ölkənin beynəlxalq imicinin tərkib hissəsinə çevrilməsi deməkdir. Bu baxımdan Mehriban xanım Əliyevanın öz ali obrazı ilə yaratdığı dəyərlər simvolik səviyyədə qadın liderliyinin legitimləşməsi, institusional səviyyədə onların dövlət idarəçiliyində və sosial layihələrdə sistemli iştirakı, mədəni səviyyədə isə lider qadın modelinin müasir milli identikliyin mühüm bir hissəsinə çevrilməsi kimi xarakterizə edilə bilər. 

Azərbaycan Prezidentinin tez-tez vurğuladığı və yürütdüyü siyasətin də möhkəm təməli kimi istinad etdiyi bir tezis var: güclü dövlət güclü cəmiyyət üzərində qurulur. Güclü cəmiyyət isə insan kapitalının maksimum səfərbərliyini tələb edir. Bu kontekstdə ölkəmizdə qadın fəallığı insan kapitalının yüksəlişi, sosial sabitliyin möhkəmləndirilməsi, uzunmüddətli inkişafın təmin edilməsi baxımından son dərəcə önəmlidir. 

Bu gün inkişafın Azərbaycan modeli qadın fəallığını milli modernləşmənin tərkib hissəsi, sosial sabitliyin dayağı, idarəetmənin keyfiyyət göstəricisi kimi təqdim edir. Azərbaycanın gələcək inkişaf mərhələsində, xüsusilə rəqəmsal transformasiya, "yaşıl iqtisadiyyat" və innovasiya dövründə qadın fəallığı daha möhtəşəm nailiyyətlər yaradacaqdır. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:30
07 Mart

"Çovdar nekropolu" kitabı ictimaiyyətə təqdim edilib

09:25
07 Mart

Qusarda mərmər bağacığına qarşı mübarizə gücləndirilir

09:23
07 Mart

Enerji və texnologiyada irəliləyiş, dünya bazarında qiymət dəyişmələri

09:20
07 Mart

YAP Göygöl rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd edilib

09:15
07 Mart

Qazax rəsmən Azərbaycanın "İdman Paytaxtı" oldu

09:10
07 Mart

Komitə sədri Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb

09:05
07 Mart

Əlləri torpağa, ümidi gələcəyə bağlı kənd qadınının hekayəsi

09:00
07 Mart

Bizim Natalya

08:55
07 Mart

"Hər birinizi evimə qonaq dəvət edirəm"

08:50
07 Mart

Azərbaycan qadını müdrikliyin, fədakarlığın və gücün rəmzidir

08:45
07 Mart

Qadın istərsə...

08:40
07 Mart

Şəfqət bacımız

08:35
07 Mart

Zəriflərin Zəfəri

08:30
07 Mart

Qadın fəallığı - cəmiyyətin modernləşmə kodu

08:25
07 Mart

Azərbaycana verilən beynəlxalq dəstək və həmrəylik mesajları ölkəmizin nüfuzunu və haqlı olduğunu göstərir

08:20
07 Mart

Azərbaycan istənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır

08:15
07 Mart

Prinsipial mövqenin göstəricisi

08:10
07 Mart

"Dəmir yumruq" yerindədir: gücümüzü sınağa çəkməyin!

08:05
07 Mart

İlham Əliyevin mövqeyi qəti və prinsipialdır

08:00
07 Mart

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!