19 Yanvar 2024 09:00
11281
MSK, SEÇKİ 2024
A- A+

Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları  və məsuliyyət növləri

 

Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsi ilə müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var. Mərkəzi Seçki Komissiyası vətəndaşların məhz bu konstitusion hüquqlarının - seçmək və seçilmək hüququnun təmin olunması, seçki qanunvericiliyinin düzgün tətbiq edilməsi, seçkilərin keçirilməsi zamanı aşkarlıq, şəffaflıq, ədalətlilik kimi mühüm prinsiplərin qorunması, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirir və mütəmadi olaraq maarifləndirmə tədbirləri təşkil edir. Reallaşdırılan bütün layihələrin başlıca məqsədi seçicilərin və digər seçki prosesi iştirakçılarının hüquqlarının azad və sərbəst şəkildə təmin olunması üçün hərtərəfli şərait və geniş imkanlar yaradılması, seçkilərin hazırlanması və keçirilməsi dövründə hüquqazidd hərəkətlərə yol verilməməsidir.
Seçki hüququnun pozulması dedikdə vətəndaşa konstitusiya ilə verilmiş azad seçki hüququnun, yəni seçkilərdə iştirak etmək, seçmək və seçilmək hüququnun pozulması başa düşülür. Seçki prosesinin iştirakçılarının tərkibi Seçki Məcəlləsi ilə müəyyən edilib. Bura seçicilər, seçki komissiyalarının üzvləri, namizədlər, qeydə alınmış namizədlər, namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, habelə müşahidəçilər və media mənsubları daxildirlər.
Seçki Məcəlləsi ilə göstərilən subyektlərin seçki prosesində hüquqları da müəyyən olunub. Məsələn, aktiv seçki hüququna malik olan vətəndaş (səsvermə günü də daxil olmaqla 18 yaşına çatmış vətəndaş) konstitusiya ilə ona verilmiş seçki hüququnu həyata keçirmək üçün seçicilər siyahısına daxil edilir. Vətəndaşın hər hansı bir səbəbdən müvafiq icra hakimiyyəti orqanı tərəfindən seçici siyahılarına daxil edilməsi üçün məlumatları təqdim etməməsi seçicilərin öz hüquqlarını həyata keçirmələrinə mane olur və bu hal vətəndaşın seçki hüququnun pozulması kimi qiymətləndirilir.
Vətəndaşın konstitusiya ilə nəzərdə tutulmuş seçki hüquqlarının pozulmasına görə Cinayət Məcəlləsi, Mülki Məcəllə və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət müəyyən edilib. Bundan əlavə, Seçki Məcəlləsinin 115-ci maddəsində də vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət yaradan hallar göstərilib. Hüquq pozuntularına yol vermiş aşağıda qeyd edilən şəxslər cinayət, mülki və ya inzibati məsuliyyətə cəlb edilə bilərlər:
- zor tətbiqi ilə, aldatma, hədə ilə vətəndaşın seçmək və seçilmək hüququna mane olanlar;
- seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər;
- namizədin lehinə imza atmağa vətəndaşları məcbur edən və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olan və ya bu imzaların saxtalaşdırılmasında iştirak edən şəxslər;
- seçiciləri ələ alanlar, yəni Seçki Məcəlləsinin 88.6-cı maddəsi ilə qadağan edilmiş hərəkətləri edənlər;
- qeydə alınmış seçicilər barəsində məlumatları vaxtında rəsmiləşdirməyənlər və dəqiqləşdirməyənlər;
- namizədlər barəsində bilərəkdən yalan məlumatlar yayanlar və ya namizədlərin şərəf və ləyaqətini təhqir edən digər hərəkətləri edənlər (bu müddəa Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);
- Seçki komissiyaları üzvlərinin, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, media mənsublarının hüquqlarını pozanlar, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin təsdiqi ilə bağlı hüquqlarını pozanlar;
- seçkiqabağı təşviqatın aparılması qaydalarını pozanlar, o cümlədən səsvermə gününə bir gün qalmış və ya səsvermə günü təşviqat aparan şəxslər;
- Seçki Məcəlləsinin müəyyən etdiyi qaydaların pozulmasına səbəb olan kommersiya və digər reklamları hazırlayanlar və yayanlar, yaxud xeyriyyə xidmətləri göstərənlər;
- seçki kampaniyasının maliyyələşdirilməsinin Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydalarını pozanlar;
- seçki bülletenlərinin qalıqlarını gizlədənlər və ya seçki komissiyasının qeydə almadığı seçki bülletenlərinin, səsvermə vəsiqələrinin əlavə tirajını hazırlayanlar;
- seçki komissiyasının işinə mane olanlar və ya seçki komissiyası üzvlərinin öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətlərinə qeyri-qanuni müdaxilə edənlər;
- seçki məntəqələrində səsverməyə mane olanlar;
- səsvermənin gizliliyini pozanlar;
- seçiciləri öz iradələrinə zidd səs verməyə məcbur edənlər;
- seçki sənədlərini saxtalaşdıranlar, saxta sənədlər tərtib və təqdim edənlər (seçki qutularına bir şəxs tərəfindən birdən çox seçki bülleteni salmaq halları da daxil olmaqla), səsləri bilərəkdən qeyri-düzgün hesablayanlar və ya seçkinin yekunlarını bilərəkdən təqdim və ya dərc etməyənlər;
- vətəndaşların seçici siyahıları ilə tanış olmaq hüququnu pozanlar;
- vətəndaşlara başqa şəxslərin əvəzinə səs vermək imkanı yaratmaq məqsədi ilə seçki bülletenləri verənlər, vətəndaşa doldurulmuş seçki bülleteni verənlər və ya birdən artıq seçki bülleteni alınmasına imkan yaradanlar;
- seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitin xərclənməsi hesabatlarını, namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının maliyyə hesabatlarını təqdim və dərc etməyənlər;
- Seçki Məcəlləsində nəzərdə tutulmuş hallarda seçkilərdə iştirak etmək üçün məzuniyyət verməyən işəgötürənlər;
- seçki komissiyalarının Seçki Məcəlləsinin pozulması ilə bağlı verdiyi məlumatları yoxlamayan dövlət orqanlarının vəzifəli şəxsləri;
- seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmayan dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizədlər;
- seçici imzalarının toplanmasında iştirak edən hüquqi şəxslər, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların vəzifəli şəxsləri.
Yuxarıda qeyd edilmiş pozuntulara yol vermiş şəxslər pozuntunun xarakterinə görə İnzibati Xətalar Məcəlləsi və ya Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə cəlb edilirlər.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 164 - 179-cu maddələrinə əsasən aşağıdakı pozuntulara görə məsuliyyət nəzərdə tutulur:
- seçkiqabağı və ya referendum ilə bağlı təşviqatın aparılması qaydalarının və müddətinin pozulmasına görə;
- təşviqat nəşr materiallarının qəsdən məhv etmə və ya namizədin seçicilərlə görüşünə mane olmağına görə;
- namizəd haqqında yalan məlumatlar yaymağa, yəni seçkinin nəticəsinə təsir göstərmək məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan məlumatlar dərc etməyə və ya onları başqa üsüllarla yaymağa görə;
- Seçki (referendum) komissiyası üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, media nümayəndələrinin Seçki Məcəlləsi ilə müəyyən  edilmiş hüquqlarını, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin təsdiqi ilə bağlı hüquqlarını pozmağa görə;
- seçicilər haqqında məlumatları təqdim edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin məlumatların düzgün, tam və vaxtında verilməməsinə görə;
- seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulmasına görə;
- dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə qaydasının pozulmasına, yəni səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə protokollar imzalananadək yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatın qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsinə görə;
- seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar edilməsi, yaxud belə materialların yayılmasına görə;
- seçicinin bilərəkdən birdən çox  seçici siyahısına daxil edilməsinə görə;
- seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququnun və digər hüquqların  pozulmasına görə;
- seçkilərdə (referendumda) iştirak etmək üçün məzuniyyət verilməsindən imtina etməyə, yəni dövlət və ya yerli özünüidarəetmə orqanlarına seçkilərin hazırlanmasında və ya keçirilməsində onun iştirakının təmin edilməsi məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) qeydə alınmış namizədə, namizədin vəkilinə və ya seçki (referendum) komissiyasının üzvünə məzuniyyət verilməsindən imtina etməyə görə;
- qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin  icrasını dayandırmamasına görə;
- seçici imzalarının toplanması qaydasının pozulmasına görə;
- seçkilərin (referendumun)  maliyyələşdirilməsi və ya maliyyə hesabatlarının təqdim edilməsi qaydalarının pozulmasına görə;
- təşviqat materillarının hazırlanması və yayılması qaydalarının pozulmasına görə;
- səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında məlumatın bilərəkdən təqdim edilməməsi və ya dərc olunmamasına görə.
Göstərilən pozuntulara yol vermiş fiziki şəxslər pozuntunun xarakterindən asılı olaraq 50 manatdan 2000 manatadək, vəzifəli şəxslər 150 manatdan 2500 manatadək, hüquqi şəxslər 2000 manatdan 7000 manatadək cərimə edilirlər.
Seçki Məcəlləsinin 116-cı maddəsi ilə müəyyən edilib ki, vətəndaşların seçki hüquqlarının pozulmasına görə məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası namizəd, qeydə alınmış namizəd, habelə onların və siyasi partiya, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri barəsində bu Məcəllədə nəzərdə tutulmuş hallarda qanun pozuntularına görə İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta protokolu tərtib etmək və cərimənin tətbiqi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. 
Seçki Məcəlləsinin 115-ci maddəsi ilə müəyyən edilmiş bir sıra seçki hüquqlarının pozulmasına görə məsuliyyət isə Cinayət Məcəlləsinin "İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər" fəslinin müvafiq maddələrində nəzərdə tutulub.
Seçki hüququnun həyata keçirilməsində yuxarıda qeyd edilmiş bəzi pozuntulara yol vermiş şəxslər barəsində cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 159-cu, 159-1-ci, 160-cı və 161-ci maddələrində qeyd olunub.
Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına maneolma, vətəndaşı öz iradəsinə zidd səsverməyə məcburetmə və ya onun səs verməsinə mane olmağa görə cərimə cəzası ilə yanaşı, ictimai işlər və ya yol verilmiş cinayət əməlinin xarakterinə görə, altı aydan iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulub.
Yuxarıda qeyd edilən əməllər ələ alma, aldatma, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, yaxud vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə ağırlaşdırıcı hal kimi maddənin sanksiyasını daha ağır cəza növü əvəz edə bilər.
Cinayət Məcəlləsinin 159-1-ci maddəsi ilə seçkilərdə (referendumda) iştirak qaydalarını pozmağa, yəni namizədlərin, partiyaların, siyasi partiyalar bloklarının seçki (referendum) kampaniyalarına müdaxilə etmə və ya onu pozma, seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olma, seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma cinayət məsuliyyəti yaradan əməl olaraq göstərilməklə, həmin əməllərə görə cərimə cəzası ilə yanaşı, ictimai işlər, islah işləri və ya azadlıqdan məhrumetmə növündə cəza tətbiq edilə bilər.
Cinayət Məcəlləsinin 160-cı maddəsi ilə seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, həmçinin seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə də cinayət məsuliyyəti yaradan əməl kimi xarakterizə olunmaqla maddənin sanksiyasında müvafiq cəza növü nəzərdə tutulub.
Seçki Komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması Cinayət Məcəlləsinin 161-ci maddəsi ilə cinayət məsuliyyəti yaradan əməl kimi nəzərdə tutularaq cərimə və ya müəyyən müddətdə islah işləri növündə cəza tətbiq edilməsi ilə nəticələnir.
İnanırıq ki, seçicilər və digər seçki subyektləri qanunvericiliyin tələblərinə dəqiqliklə əməl etməklə, qarşıdan gələn seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə öz töhfələrini verəcəklər.

Ramiz İBRAHİMOV,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video