19 Mart 2025 09:30
762
Mədəniyyət
A- A+
Sazlı, sözlü Novruz

Sazlı, sözlü Novruz


Novruz bayramı ilə bağlı şifahi və yazılı ədəbiyyatda tarixi adət-ənənələrimizi, milli sərvətimizi yaşadan minlərlə nümunələr var.  "Ergənəkon" dastanında türklərin Novruzu belə təsvir olunur: O gün bir parça dəmiri atəşə qoyub qızdırarlar. Öncə xaqan bunu başqa bir dəmirlə tutub oda qoyar, çəkiclə döyər. Ondan sonra bəylər də belə edərlər. 

Bir qədər dəyişiklik etməklə bu adəti Krım türkləri bu gün də   qoruyub saxlamaqdadırlar. Martın 21-də bütün ailə bir yerə yığılaraq ailə başçısının rəhbərliyi altında oda qoyulmuş dəmiri döyərlər.

XI əsr ərəb tarixçisi Əbu-Reyhan əl-Biruni öz əsərlərində Novruzu təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanğıcı kimi qavranılan dünyəvi bayram adlandırıb. Onun müasiri olan digər bir tarixçi Nizam-ül-Mülk isə özünün "Siyasətnamə" əsərində Novruzu yazın gəlişi ilə bağlı olan kütləvi xalq bayramı kimi təqdim edir. Ümumiyyətlə, bütün hallarda Novruz xalqları birliyə, həmrəyliyə, qarşılıqlı anlaşmaya və dostluğa səsləyən bayramdır. 

Novruz adətləri Azərbaycanın müxtəlif guşələrində, bölgələrində təntənəli şəkildə keçirilir. Milli etiqada dayanaraq səməni cücərtmək, yumurta boyamaq, tonqal qalamaq, torba atmaq, şirniyyat (şəkərbura, paxlava, qoğal, südlü çörək və s.) bişirmək, meyvə və çərəzlərdən xonça bağlamaq kimi adətlər bayramın hansı ərazidə keçirilməsindən asılı olmayaraq, dəyişilməzdir. Bütün bu adətlər folklorumuzda da öz əksini tapıb və zaman keçsə də, dəyişmir.

Azərbaycan aşıq sənəti çox dərin tarixi köklərə malikdir. Aşıq poeziyası və aşıq sənəti həm də Azərbaycan xalqının bədii təfəkkürünün parlaq və zəngin sahəsidir. Ədəbiyyat və incəsənət xəzinəmizin qiymətli incilərindən olan bu sənət mahiyyəti etibarilə həmişə xalqın həyatı, mübarizəsi və mənəviyyatı ilə bağlı olmuşdur. Ən qədim dövrlərdən indiyədək saz-söz sənəti daşıyıcıları ozan, uzan, varsaq, dədə, qam, ata və bir çox başqa adla tanınmışlar. Öz yaradıcılıq fəaliyyətlərində onlar tarixi hadisələri və gündəlik həyatı nəsil, tayfa və xalqın tarixi yaddaşına çevirməklə kifayətlənməyərək, müdrik məsləhətçi, el ağsaqqalı, əski inam biliciləri kimi çıxış etmişlər. 

Qədim zamanlardan başlayaraq bu gün də davam edən zəngin ozan-aşıq sənətində baharın tərənnümü mühüm rol oynayır. Aşıqlar ya bütövlükdə şeirlərini bahara həsr edir, ya da ayrı-ayrı şeirlərin bəndlərində, misralarında təbiəti canlandıran, yeniləşdirən fəsli xatırladırlar. Sırf baharın - Novruzun təsvir-tərənnümünə həsr olunan şeirlər "Novruznamə" adlanır. El şairlərimizin və aşıqlarımızın əsərlərində bu mövzu daha çox öz əksini tapıb.  XVI əsr aşıq sənətinin görkəmli nümayəndəsi  Qurbaninin, ustadnamələr və təcnislər müəllifi Xəstə Qasımın, "Qul", "Şikəstə", "Bikəs" təxəllüsü ilə daha çox tanınan Abbas Tufarqanlının, el şairi Yəhya bəy Dilqəmin əsərlərində yaz, bahar mövzusu xüsusi yer tutur. Dilqəmin əsərlərində dövrdən, zəmanədən, vəfasızlıqdan şikayət motivi üstünlük təşkil edir. "Dilqəmi" saz havası onun adına bağlıdır. Şairin nikbin ruhlu şeirləri də çoxdur. Bunu baharın tərənnümünə həsr olunmuş "Dağlar" rədifli qoşmasından da görmək olar:


Zinəti nərgizlərdən, tər bənövşədən,

Al yaşıl geyinib şad olan dağlar.

Ruhu təzələyir gülab suları,

Dəhanlarda şirin dad olan dağlar.

Qərənfil, şəqayiq, lalə təzə-tər.

Baharın gülləri onu al bəzər.

Qara gəlsin süsən, sünbül sərbəsər,

Bülbülü güllərdən yad olan dağlar.


Bundan başqa, Aşıq Alının gəraylı və qoşmalarında, şəmkirli Aşıq Hüseynin, Aşıq Musanın Novruza, baharın gəlişinə həsr olunmuş xeyli seçmə əsərləri vardır. Azərbaycan aşıq-şeir sənətinin zirvəsini fəth etmiş ustad sənətkar Aşıq Ələsgərin əsərləri arasında bu mövzu ilə bağlı örnəklər qədərincədir:


Könlüm qaranquş tək uçub qoynuna,

Gəzir hər yamacı, hər yanı, yaylaq!

Ruhum təzələnir, məst olur ürək,

Görəndə bu çağı, bu halı, yaylaq!

Kəkotu, qırxbuğum, qaymaqçiçəyi,

Bənövşə, qantəpər, qızlar örpəyi,

Qoyun mələşməsi, çoban tütəyi,

Çəkir uzaqlara xəyalı, yaylaq!


Aşıq Musanın "Kəklik" rədifli şeiri də el arasında xüsusilə sevilir:


Baharın gülşən çağında,

Nə oxursan, sona kəklik.

Oxudun, gəldin xoşuma,

Yaşayasan sən, a kəklik.

Kəklik məskən salıb daşa, 

Sürmə çəkib gözə, qaşa,

Bu dövranın getməz başa,

Ovçu gəldi, sin, a kəklik.


Təbiətin nadir ətirli çiçəyi bənövşə çox şairin ilham mənbəyi olmuşdur. Aşıq Şəmşir də bu boynubükük çiçəyi öz şeirinin mövzusuna çevirmişdir:


Bahar çatıb bəzəyirmi dağları,

Açılırmı sizin yerdə bənövşə?

Qımışırmı dodaqları nərgizin,

Təzə-tərmi güneylərdə bənövşə?

Aşıq Qurbanidən qalıb nişana,

Torpaqdı bizə də, ona da ana,

Boynunu pərişan əyməsin yana,

Salmasın qəlbini dərdə bənövşə.


Aşıq Şakir 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində anadan olmuşdur. Hələ məktəb illərində el sənətinə maraq göstərmişdir. Orta məktəbi bitirdikdən sonra iki il Göyçayda Aşıq Mürsələ şəyirdlik etmiş, özü ustad aşıq kimi formalaşmışdır. El şənliklərində məlahətli səsi ilə sevilən Aşıq Şakir həyatın nəbzini duyan, ona söz qoşan sənətkar olmuşdur. Onun şeirləri arasında bahar təravətli nümunələr daha çoxdur:


Bahar gülür, günəş gülür, el gülür,

Nazlı dilbər, dövran gülür, sən də gül.

Çəmən gülür, çiçək gülür, çöl gülür,

Lalə, nərgiz, reyhan gülür, sən də gül.

Ötür azadlığın xoş təranəsi;

Hər budaq üstündə bir quşun səsi

Baxdıqca insanın gəlir həvəsi

Cüyür, maral, ceyran gülür, sən də gül.

Gülşəndə şövq ilə ötür bülbüllər.

Çəməndə gül dərir türfə gözəllər,

Toy-bayram keçirir obalar, ellər.

Qoca gülür, cavan gülür, sən də gül. 


Novruz bayramı adət-ənənəmizdə, folklorumuzda da öz qədimliyini qoruyub saxlayır. Novruz günü bütün ev-eşik təmizlənir, əşyalar havaya verilmək üçün çölə çıxarılır. Bu bayramda küsülülər barışırlar. Bayram aşı bişəndə isə bütün qonşular bir-birinə qonaq gedir, o nemətdən bir yerdə dadırlar. Novruz günü bütün cavan qızlar qapıları pusmağa, yaxşı söz eşitməyə gedərlər. Tonqalların üstündən hoppanarlar. Novruz bayramında hər evdə səməni cücərdilməlidir və cücərdərkən niyyət etmək lazımdır. Əgər səməni göyərərsə, niyyətinin çin olacağı deməkdir. Bir sözlə, Novruzda həyat yenidən başlanır. Biz də arzu edək ki, arzularınız səmənilər kimi göyərsin, diləkləriniz çiçək açsın. Süfrəniz ruzili, bərəkətli, bayramınız mübarək olsun!


Elşən QƏNİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!