Regionlarda, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda kiçik və orta biznesin inkişafı fondun prioritet fəaliyyət istiqaməti olaraq qalır
Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi, o cümlədən kiçik və orta biznesin dəstəklənməsi istiqamətində fəaliyyət göstərən İqtisadiyyat Nazirliyi yanında publik hüquqi şəxs Sahibkarlığın İnkişafı Fondunun (SİF) maliyyə mexanizmləri ölkədə biznes mühitinin gücləndirilməsinə xidmət edən əsas vasitələrdəndir.
Xüsusən güzəştli kredit mexanizmi sahibkarların bizneslərini böyütmək üçün müraciət etdikləri əsas maliyyə mənbəyidir. Bunu təsdiq etmək üçün fondun ötənilki nəticələrinə nəzər salaq. Öncə onu qeyd edək ki, keçən il güzəştli kredit vəsaitlərindən istifadə edən sahibkarlıq subyektlərinin sayında xeyli artım olmuşdur. Yəni 2023-cü illə müqayisədə 74,7 faiz artaraq 5722- yə çatmışdır. SİF tərəfindən verilmiş kredit məbləği isə 28 faiz artaraq 248,1 milyon manat təşkil etmişdir. Bu vəsait sənaye (o cümlədən aqrar emal), kənd təsərrüfatı, logistika, anbar kompleksləri, turizm, balıqçılıq və akvakultura (o cümlədən akvaponika), "yaşıl layihə"lər, kütləvi informasiya vasitələri, tibb, təhsil və xidmət sahələrinin inkişafına yönəldilmişdir. İqtisadiyyat Nazirliyinin məlumatına görə, ümumi güzəştli kredit məbləğinin 53,3 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 38,1 faizi sənaye məhsullarının istehsalı və emalı (o cümlədən aqrar emal), 6,1 faizi xidmət, 2,1 faizi turizm və 0,4 faizi isə balıqçılıq və akvakultura sahələrini əhatə etmişdir. Fond tərəfindən maliyyələşdirilən layihələrin 99,8, ayrılan güzəştli kredit məbləğinin isə 93,4 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşmüşdür.
Məlumdur ki, güzəştli kreditlər regionlarda sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi dinamikanın artmasına ciddi təkan verir. 2024-cü ildə dövlətin güzəştli vəsaitlərinin əhəmiyyətli hissəsinin regionların inkişafına xidmət edən layihələrə yönəldilməsi də bununla bağlıdır. Konkret faktlara müraciət edək: ötən il fond tərəfindən güzəştli kredit ilə təmin edilmiş layihələrin 94,7, verilmiş güzəştli kredit məbləğinin isə 72 faizi regionların payına düşmüşdür.
Sirr deyil ki, Qarabağ və Şərqi Zəngəzura dönən soydaşlarımızın biznes fəaliyyəti ilə məşğul olmaları üçün lazımi şərait və maliyyə mənbəyi olmalıdır. Dövlət tərəfindən şərait yaradılıb. Məsələn, özəl sektorda çalışmaq istəyənlərin biznes üçün bir çox iqtisadi-vergi güzəştləri tətbiq edilir. Onlar 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad olunurlar. Əlavə olaraq məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır, yəni sığorta vergisini dövlət özü ödəyir. Bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı da ödənilir. Maliyyə mənbəyinə gəldikdə, sahibkarlara güzəştli kreditlər təklif olunur. Üstəlik, investisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizdək olan biznes kreditlərinin 90 faizlik hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10 faizi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.
Ötən il də Qarabağ və Şərqi Zəngəzurda iqtisadi aktivliyin bərpa olunması və bu ərazilərdə investisiya qoyuluşlarının sürətlənməsinə dəstək diqqət mərkəzində olmuşdur. SİF-in məlumatına görə, 2024-cü ildə bu ərazilərdə sahibkarların müraciətləri əsasında zəmanət-subsidiya mexanizminə 12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat dövlət zəmanəti verilmişdir. Həmçinin həmin kreditlər üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsi təsdiqlənmişdir. Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrini əhatə edir. Həmin layihələr Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda reallaşdırılır.
2025-ci ilə gəlincə, SİF tərəfindən ilin ilk iki ayı ərzində 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir ki, güzəştli kreditlər prioritet sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına yönəldilir. Belə ki, verilmiş kreditlərin 40,5 faizi kənd təsərrüfatının, 56 faizi sənayenin (o cümlədən aqrar emal), 3,5 faizi isə digər sahələr üzrə bölüşdürülüb.
Cari ilin yanvar-fevral aylarında güzəştli kreditlərdən yararlanmış sahibkarlıq subyektlərinin əhəmiyyətli hissəsi ötən illərdə olduğu kimi, yenə də regionlarda fəaliyyət göstərir. Bu dövr ərzində güzəştli kreditdən yararlanmış layihələrin 96,5 faizi, verilmiş güzəştli kreditlərin ümumi məbləğinin isə 75 faizə yaxını regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşür. Bununla yanaşı, mikro, kiçik və orta bizneslərin də dövlətin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsi davam edir. Yanvar-fevral aylarında maliyyələşdirilmiş layihələrin 99,6 faizi məhz bu cür sahibkarlıq subyektlərinə məxsusdur.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"