Hazırda dünyada istismar olunan ən böyük karbohidrogen yataqlarından biri - "Şahdəniz" işlənməsinin hər iki mərhələsi çərçivəsində qaz və kondensat verir. Hələ neçə il əvvəl geoloqlar və digər neft-qaz mütəxəssisləri Xəzərin Azərbaycan sektorundakı bu zəngin yatağın ehtiyatlarının daha çox olduğunu demişdilər. Budur, indi "Şahdəniz" konsorsiumu daha bir layihəni gerçəkləşdirməkdədir.
2,9 milyard dollar dəyərində olan "Şahdəniz Kompressiya" (ŞDK) layihəsində məqsəd yataqdakı aşağıtəzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatına başlamaqdır. Beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olunacaq. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz, eləcə də 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
ŞDK çərçivəsində yeni bir kompressiya obyektinin - elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu) inşası nəzərdə tutulur. Layihə həmçinin "Şahdəniz" müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də "Şahdəniz Alfa" (ŞDA) və "Şahdəniz Bravo" (ŞDB) platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.
BP özünün yarımillik hesabatında "Şahdəniz Kompressiya" üzrə görülən işlər barədə ətraflı məlumat vermişdi. Əməliyyatçı şirkət bildirmişdi ki, cari ilin birinci yarısında ŞDK layihəsi təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq irəliləyib. Eyniadlı platformanın üst modullarının və dayaq blokunun tikintisi işləri müvafiq olaraq Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda plana uyğun davam edib.
Bir qədər əvvəl şirkətdən "Şahdəniz Kompressiya" layihəsi çərçivəsində avtomatlaşdırılmış əməliyyatlar üçün lazım olan sistemlərin təminatı üzrə iri müqavilə imzalandığı barədə məlumat da almışdıq.
"Şahdəniz Kompressiya"dan yeni xəbər də var. Belə ki, layihə üzrə mühüm bir mərhələ əldə olunub. BP dənizdə boru payaların quraşdırılması əməliyyatlarını uğurla başa çatdırıb və layihə üzrə dənizdə tikinti işlərinə başlayıb.
Son bir neçə həftə ərzində ŞDK platformasının dayaq blokunun əsasını təşkil edəcək 4 boru paya "Xankəndi" sualtı tikinti gəmisi vasitəsilə təhlükəsiz şəkildə dənizə daşınaraq öz yerinə quraşdırılıb.
Əməliyyatların əsas məqamları kimi qeyd olunur ki, hər birinin uzunluğu təxminən 70 metr, diametri 108 düym və çəkisi 292 ton olan bu payalar BP-nin Xəzərdə indiyədək quraşdırdığı ən böyük diametrli boru payalardır. Quraşdırma zamanı payaların sabitliyini və şaquli vəziyyətdə qalmağını təmin etmək üçün xüsusi hazırlanmış 188 tonluq sualtı dayaq tavasından istifadə olunub. Həmçinin kampaniya çərçivəsində BP-nin regiondakı əməliyyatlarında ilk dəfə olaraq paya tıxacı texnologiyası tətbiq edilib.
Bu əməliyyatlar ŞDK layihəsinin həyata keçirilməsində əhəmiyyətli bir addımdır və 2028-ci ilin birinci yarısına planlaşdırılan növbəti mühüm mərhələ - platformanın dayaq blokunun quraşdırılması üçün yol açır.
Bütün bunlar göstərir ki, hazırda layihə üzrə inşaat işləri rəvan davam edir. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin il "Şahdəniz Alfa"dan, 2030-cu ildə isə "Şahdəniz Bravo"dan çıxarılan qaz həcmlərini kompressiya etmək üçün hazır olacağı planlaşdırılır.
Flora SADIQLI,
"Azərbaycan"